"ŞAIR NƏ QƏDƏR ÇƏTINLIYƏ DÜŞSƏ DƏ ÖZ SAF MƏHƏBBƏTINDƏN GERI ÇƏKILMIR" DÜŞÜNCƏLƏR
Filologiya elimləri doktoru, professor, istedadlı şair-yazıçı Vüqar Əhmədin şeirləri haqqında poetik düşüncələr
Mənə elə gəlir ki, şair Vüqar Əhmədi çoxdan tanıyıram, lap çoxdan. Harada, nə vaxt tanış olduğumu deyə bilmərəm. Bəlkə pedoqoji universiteti bitirib, Şamaxının ucqar kəndlərindən biri olan Dərəkənd orta məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunduğu vaxtlardan?
Ya da Nərmankənd yaxınlığındakı Dərəkəndin ala qapısında dayanıb kəndə getmək üçün maşın gözlədiyi zaman? Ya bəlkə Şamaxı rayon təhsil şöbəsinin iclaslarının birində? Yenə də bilmirəm. Bəlkə Elimlər Akademiyasının dəhlizində tanış olmuşuq? "Novruz" qəzetinin baş redaktoru olduğu vaxt, ya da televiziyada işlədiyi zaman görüşmüşük? Bu da ola bilər ki, həm onun üçün, həm də mənim üçün doğma, əziz olan Şamaxı şəhərindəki ulu məhəllə olan "Sarıtorpaq"da rastlaşmışıq? Qədim şamaxılıların əli ilə neçə əsr bundan əvvəl ucaldılmış "İçəri şəhər"də də ola bilər...
Qərəz mən Vüqar Əhmədi yaxından tanıyıram... O mənə çox doğmadır. Biz onunla qədim Təbriz şəhərində də görüşə bilərdik. Bu gün düşmən tapdağında inləyən gözəl qarabağda, Şuşada, "Cıdır düzü"ndə bəlkə görüşmüşük...
İnsanlar həyatda haçan yaxın olur? Yəqin ki, talelərdə mənəvi bir doğmalıq olanda... Bəs insanlar həytda haçan dost olurlar? Yəqin ki, ürəklərin əks-sədasını bir-birində tapanda...
Mən Vüqar Əhmədin şeirlərini oxuduqca onu yaxından tanımışam. Onu yaxından tanıya-tanıya da şeirlərinin həsrətində olmuşam. Onun kimliyini, nəçiliyini, hansı xarakterə malik olduğunu da onun şeirlərindən, öyrənmişəm.
Filologiya elmləri doktoru, professor, Yazıçılar və Jurnalistlər birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, müəllim, istedadlı şair-jurnalist, yazıçı Vüqar Əhmədin yazılarını oxuya-oxuya Tehrana getdim, Təbrizi gördüm, Pişəvərinin həyatıyla tanış oldum. İstanbulu dolaşdım, şairin ulu babası olan Sultan Əhmədin adıyla bağlanan "Sultan Əhməd" məscidini ziyarət etdim, nəhayət Binəqədiyə, Pirşağıya döndüm, "İçəri şəhəri" gəzib dolaşdım, Şamaxının ulu məhəlləsi olan "Sarıtorpağı" ziyarət etdim, Bakıya döndüm Nizami adına ədəbiyyat institutunda oldum, şairin Tehranda kütləvi tirajla dövlət nəşriyyatında çap olunmuş "Anam mənim" kitabını əlimə alıb oxudum...
Belə tanıdım Vüqar Əhmədi, görkəmli alimimizi, istedadlı şairimizi.
Qartal qanadında gəzdim Vüqar Əhməd gəzən yerləri... Qoyduğu izləri əlimə dolayıb onun sorağında oldum. Vətən haqqında yazdığı şeirlərlə həmdərd oldum, yağmurlu qışımızı, yazımızı onun qəmli sazından qopan musiqi notlarında dinlədim. Bayrağımızı canamaza çevirib namaz qılan şairi Azərbaycanımızla gülüb ağlayan gördüm.
Məcnun kimi çöllərə düşüb Qarabağ həsrətiylə çarpışan gördüm. Cənublu Şimallı vətənimizin sərhədlərində saatlarla fikrə dalan gördüm. Şah dağın uca zirvəsinə qalxıb Savalanı seyr edən, Azərbaycanımızın qəti qələbə çaldığı günü səbrsizliklə gözləyən gördüm, şairimiz Vüqar Əhmədi...
Kədərimi bir kimsəyə bölmədim,
Çətin gündə sınmaq nədir, bilmədim.
Tab gətirdim ağlasam da, sevgilim,
Görən niyə bir ürəkdən gülmədim?!
("Gülmədim" şeirindən)
Şair sevgilisinə xitabən deyir: Qəlbimdə yuva salmış qəm-kədərimi bir kimsə ilə bölmədim, ən çətin günümdə belə dözdüm, durdum, sınmadım, ağlasam da tab gətirdim, mən də insan kimi ürəkdən gülmək istəsəm də dərdim məni şadlanmağa qoymadı...
Haqqım taptalandı, saf, vicdanlı adamlar nə qədər mənim üçün əziz də olsalar, yenə də riyakarlar arasında qaldım, amma alçalmadım, məkirdən, kin-küdurətdən özümü qoruya bildim...
Şair nə qədər çətinliyə düşsə də öz saf məhəbbətindən geri çəkilmir. Saf, təmiz adamları həmişə öz arxasında görür, onları özünə əziz hesab edir. Mavi Xəzəri aydınlıq bilib özünə həmsöhbət edir. Ürəkdən ağlasa da göy Xəzərə danışır dərdini...
...Gözlədiyim səadətgi görmürəm,
Bəlkə elə evimdədir, bilmirəm.
Axıb gedir göz yaşımı siklmirəm,
Mən ürəkdən ağlasam da sevgilim,
Görən niyə bir ürəkdən gülmədim?!
("Gülmədim" şeirindən)
Səadətə qovuşmaq hər bir insan oğlunun haqqıdır. Eləcə də şair Vüqar Əhməd də bir vətəndaş olaraq öz səadətinə qovuşmağa səy edir. Burada şair ailə səadətindən deyil, çox güman ki, ictimai səadətdən söhbət açır. Onun göz yaşlarını axıdan da ictimai dərdlərdir. Ürəkdən gülə bilmədiyini təəssüflə öz sevgilisinə etiraf edir. Çox güman ki, şair "sevgilim" deyərək xitab etdiyi də elə Vətən özüdür, Azərbaycandır...
Bu günə qədər otuz kitabı çap olunmuş əlli bir yaşlı şairin "Vətən", "Ana Vətənim", "Gəl qüoruyaq Vətəni", "Türk oğluyam", "Vətənimdir" "Azərbaycan, Azərbaycasn" kimi ş.eirləri şair fəhmi, qan yaddaşı və böyük vətəndaşlıq qüruru ilə ucalmışdır.
Azərbaycan dilinin böyüklüyünü, yurdumuzun ululuğunu təsvir edən şairin usta qələm sahibi olduğunun şahidi oluruq. Günümüzün tələbinə cavab verən müasir şeir, bizim yalnız hisslərimizi deyil, ağlımızı da tərpətməli, bizi düşünməyə vadar etməlidir. Vüqar bəyin Vətən haqqında yazdığı lirik-psixoloji, lirik-fəlsəfi şeirlərində, onun hər bir misrasında şairin ürək döyüsntülərini eşidirik.
İstedadlı alim-şair Vüqar Əhmədin yaradıcılığı haqqında bir kiçik məqalədə onun şeirlərini təhlil edib dolğun fikir söyləmək müsmkünsüzdür. Mən bu yazımı Vüqar Əhməd haqqında tənqidi məqalə kimi deyil, sadəcə onun pərəstişkarı kimi yazıram.
Beləliklə könlü Vətən dağlarından qüvvət alan, Vətən çiçəklərindən-pgüllərindən ilhamlanan şairin demək olar ki, bütün yaradıcılığını başdan-başa Vətən haqqında mahnılar toplusu adlandfırmaq olar.
Söz yox ki, bu kiçik yazıda dediklərim mənim şəxsi mülahizələrimdir. Əsl fikri isə şairin bütün yaradıcılığını anba-an izləyən dəyərli oxucular deyəcəklər.
Heybət Hörmət,
Şair, ədəbi tənqidçi, "Qızıl qələm" mükafatı laureatı
"Ümid press" qəzetinin baş redaktoru.
- Yorum yapmak için giriş yapın