Əşrəf Hüseynli: Sözün pərvanəsi
Yazı masamın üzərində "Səni düşünürəm..." adlı bir şeir toplusu vardır. Həmin toplunun müəllifi şairlər torpağında dünyaya göz açmış, varlığı, qəlbi və həyatı sözün və şeiriyyətin sehrindən güc almış şairə Afaq Şıxlıdır.
Bir qədər mübaliğəli olsa da, yüzlərlə, bəlkə də minlərlə şeir kitabları mütaliə etmişəm. Elə şeir kitablarına da rast gəlmişəm ki, iki-üç səhifə oxuyan kimi, kənara qoymuşam. Çünki hiss etmişəm ki, onlar savad gücünə, şeir yazmaq xatirinə yazılmış söz yığınıdır. İlham pərisinin gözlərindən od almayan, ürək yanğısından qanadlanmayan, qəlbin sehrinə bələnməyən şeirlər son səhifəyə çatmadan beləcə kənara qoyulur və tez də unudulur.
"Səni düşünürəm..." şeirlər kitabı, mübaliğəsiz və tərifsiz, mənalı və oxunaqlı bir poeziya toplusudur. Hiss edirsən ki, kitaba daxil edilən şeirlər, ürək nəhrindən gələn, qəlb yanğısından havalanan çılğın və dərin duyğularla dolu sevgi təranələridir. Sevgi və həsrətlə, nisgil və hicranla, bəzən də ümid və gümanlarla dolu ağ vərəqlərdə dil açan həmin misralar büllur dağ bulaqlarının mərcan damcıları kimi, Afaq Şıxlının qəlbindən təbiətən süzülür.
"Afaq xanım dünyaya şair olaraq doğulmuşdur" desəm, mənən yanılmaram.
Məndə bir ürək var - sevən bir ürək,
İçindəki sənsən, gəzdirən mənəm.
Sənin xatirinə qoruyam gərək
Könlümü özgəyə verə bilmərəm.
Məndə bir sevgi var - mənalı, təmiz
Qəlbimdə məşəltək hey yanacaqdır
Bir gün bu dünyadan yox olsaq da biz
Sevgimiz əbədi yaşayacaqdır.
Şair Elman Tovuzun Afaq xanım haqda dediyi həqiqət dolu sözlərlə ifadə etsək, məhz duyğuların bu kitabın baş qəhrəmanı olması oxucunu dərin hisslər və həyəcanlarla dolu bir aləmə aparır... O duyğular ki, Afaqın qəlbinin dərinliyində ehtirasa gəlir, onlar üçün bir yanğı ilə şeirə, sözə çevrilib qələmdə dil açır:
Qəlbimin səsini dinləyirəm mən,
Ağlımın səsini duya bilmirəm...
Bir qara köynəyə çökübdü ətrin
Mən də əlim gəlib yuya bilmirəm.
Son dərəcə ürəyə yatan, axıcı və yaddaqalan bir deyimlə yazılmış bu misraları oxuyarkən Afaq Şıxlının istedadı, professional bir qələm sahibi olduğunu düşünürsən. Afaq xanım abstrakt xəyallar şairi deyil. O, əsl təbiət, real həyat, yolu yerdən göyə - insandan Allaha keçən sevgi və məhəbbət şairidir.
Kitabdakı şeirləri oxuduqca hiss edirsən ki, hicran yanğısından, vüsal həsrətindən, qəlb hıçqırtılarından dünyaya göz açan misralar şairənin keçdiyi ömür yolunun, ətraf mühitdə gördüyü və rast gəldiyinin bir rəssam kimi yaratdığı tablolarıdır.
Yaşaram gümanla - "qayıdar, gələr..."
Ünvanı "sən" olan nələr var, nələr...
Sənsizəm! Qorxudur məni "bəlkə"lər
Uzat əllərini mənə bir daha!
Deyirlər ki, çox keçmiş zamanlarda Qəqənus adlı bir quş yaşarmış. Ölüm gününün yaxınlaşdığını duyan həmin quş çöllərdən yığdığı çöplərdən uzaq dağın başında bir çöp koması düzəldər, özü də həmin komanın üstünə qonaraq üç gün - üç gecə oxuyarmış. Quş nəhəng qanadlarını o qədər sürətlə çalarmış ki, alovlanar, Qəqənus quşu özü də həmin odlarda yanıb külə dönərmiş. Özündən sonra küldə tək yumurta qoyarmış ki, gələcək Qəqənus nəslinin davamı olsun. Sonralar həmin quşu xalq arasında Səməndər quşu adlandırmışlar.
Mən "Sevgilin olaram" rədifli şeiri oxuyanda kövrəldim, qəlbim həsrət və hicran yaşıyla islandı. Özümü unudub bir anlığa Afaqın məqamına düşdüm. Şairə Səməndər quşuna bənzəyir, o daxilən alovlanır, kövrəlir, əriyir, sonra isə yenidən cana gəlir və öz yazılarıyla qəlbləri təlatümə gətirir. Afaq Şıxlı sözün əsl mənasında sözün, şeirin pərvanəsidir.
Birdən od-alovum göylərə çatır,
Birdən də susuram, fırtınam yatır,
Dəyişik olmağım fikrimi qatır
Yenə də sevgilin oluram axı!
Sənsiz aydan ildən uzundur anım,
Bax, bu ayrılığa necə dayanım?!
Bilirəm, sevirsən, sevirsən, canım,
Mən də sənin üçün ölürəm axı!
Afaq xanım ixtisasca həkimdir. O, eyni zamanda yaxşı pianoçudur. Onun musiqiylə, incəsənətlə yaxınlığını, həmqəlb olduğunu "Pianom" adlı şeirindən öyrəndim, həyatda təmkinli, sakit və sadə görünən şairə öz həsrətini həmin şeirdə belə ifadə edir:
Pianom susubdur, inciyib məndən,
Bəlkə də qismətə boyun əyibdi
Məni qısqanırdı səni sevəndən
İndi o da sənsiz qəribsəyibdi.
Afaq Şıxlının qoşmalarında, sərbəst vəzndə qələmə aldığı şeirlərində hər bir oxucu sanki onunla tale və bəxt, həyat və məqam, zaman və məkan birliyinə düşür. Hisslərin, gerçək duyğuların uyumundan, sehrindən, nəvazişindən və səmimiyyətindən ayrıla bilmir. İnsan hisslərinin həkimi olan Afaq oxucusunu da özü ilə bərabər şeirin, sözün sehrinə məftun edir:
Əzəldən bu dünya ulu səhnədir,
Havası yenidir, dəmi köhnədir,
Soruşma, ay Afaq, bu həsrət nədir
Bu həsrət taledən sənə pay gəlib.
Afaq Şıxlı qoşma janrında yeni rədiflər, qafiyələr, deyimlər yaratmaqla bərabər, fikirlə formanın həmahəngliyini yarada bilən, poetik tutumuyla oxucunun qəlbini riqqətə gətirən, eşq atəşi ilə oda tutub yandıran, hisslərini muma döndərən gözəl şeirlərin müəllifidir.
Pak adı kaş çoxu daşıya bilsin,
İki can bir ruhu daşıya bilsin,
Sevənlər bəxtiyar yaşaya bilsin
Arzular, ümidlər tərac olmasın.
Afaq Şıxlının şeirlərində ruhumu tutan cəhətlərdən biri də onun nisgil və həsrətindən, sabahına bağlanan ümid işığıdır:
Həyatın mənası tox olmaq deyil,
Fərasət - dövləti çox olmaq deyil,
Ölmək - bu dünyadan yox olmaq deyil
Qəlbimdə qalacaq izlərin ki, var!
Şıxlılar nəslinin varisi olan Afaq xanım hazırda Moskva şəhərində yaşayır. Böyük Azərbaycan şairi M.Araz yazır ki, "Şair olmaq üçün harda yaşamağın fərqi yoxdur. Əsas odur ki, yaşadığın böyük aləmdə öz poetik "mühitin", bəlkə də "mikromühitin" olsun".
Afaq Şıxlı son dərəcə gərgin və burulğanlı bir şəhərdə yaşamasına baxmayaraq, öz ilham pərisi olan sevgili poeziyasından, əzəlki düşüncə və duyğularından, ürək və könül sirdaşlarından ayrılmamışdır. Afaq xanım qısa zaman kəsiyində cəmiyyət arenasına addımlamış, öncə Moskvada yaranmış "Şəhriyar" Ədəbi Mədəni cəmiyyətinə, daha sonra isə Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasına üzvlüyə qəbul edilmişdir.
Gözəl həkim və şairə olduğu kimi, gözəl insan və mehriban simaya malik olan şairə Afaq Şıxlı gəlimli-gedimli dünyada, qürbət eldə dərdlərini bölüşməyə, duyğularını açıqlamağa, həsrət və nisgilini etiraf etməyə çalışır. Onun qələmindən gələn "Yollar uzaq..." şeirində oxucu bu hissləri duyur:
Yollar uzaq...
Nə əl çatır, nə ün yetir.
Nə ayrılıq,
Nə qəlbimdə bu əbədi üsyan bitir...
Sovetlər İttifaqı dağılandan sonra, ədəbiyyatımız xarabazara döndüyü bir zəmanədə ucuz şeirlər yazan, sözün və poeziyanın kriteriyasını alçaldan "Tamada-şairlər" göbələk kimi çoxalsalar da, Afaq Şıxlı kimi coşğun təbli şairlər şeirin, sözün bayrağını daim ucaldacaq və onun qüdrətini hər zaman göstərəcəklər:
Tikanlar, alaqlar solub saralsın,
Yamanın başına dünya daralsın,
Qoy yarın könlünü elə yar alsın,
Baxışlar itməsin izlərdən! Amin!
Yaxud da:
Zaman qanadlıdır, dönsə də yelə,
Necə ki, var ümid, verək əl-ələ,
Sevgidir dünyanı yaşadan hələ
Kaş o da bezməsin bizlərdən, Amin!
Afaq Şıxlını qələmindən çıxan bütün şeirlər mahir bir zərgərin ustalıqla qranlara yonduğu zərə, lələ və cəvahirə bənzəyir. Sadə, qəlbəyatan, ruhu oynadan, könlü oxşayan hər misrada insan öz duyğularını, öz keçmişini, öz taleyini, öz həsrət və nisgilini tapır. Sevgi, eşq və məhəbbətlə yanaşı, şairə insanın ən qiymətli cəhəti olan vəfa və sədaqəti yaradıcılığında ön plana çəkir:
Sevgi dolu sözlərini
Sətir-sətir yazsan belə,
İnanmaram...
Axşamüstü qoy küləklər pıçıldasın
Sənin isti nəfəsinlə
Dəli sevdan
Avaz-avaz düşsə belə dildən-dilə,
İnanmaram...
Qulağıma özün söylə
O "Sevirəm" kəlməsini öz səsinlə.
Folklorumuzun, dilimizin zəngin qaynaqlarına yaxşı bələd olan şairə Afaq Şıxlı bugünkü ədəbiyyatımızda X.B.Natəvanın, Heyran xanımın ətrini bizə xatırladır. Bu sözlərlə onun yaradıcılığını çərçivədən çölə şişirtmək yox, haqqı, həqiqəti oxucuların mübarək nəzərinə çatdırmaqdır.
Afaq Şıxlının poeziyada bu gün öz yeri, öz dəsti-xətti, gələcək ədəbiyyatımızda isə böyük qüdrəti olan və dərsliklərə salınacaq şairələrdən olacağına şübhəm yoxdur.
135 səhifədən ibarət olan "Səni düşünürəm..." şeirlər toplusu Afaq xanımın oxucularına təqdim etdiyi 4-cü kitabdır. Şair Elman Tovuzun sözlərinə söykənərək, oxuculara xatırlatmaq istəyirəm ki, "Səni düşünürəm..." şeirlər kitabına toplanmış həssas və duyğulu poetik nümunələr barədə düşüncələrimi imkan daxilində onlarla bölüşməyə çalışdim. İndi isə söz oxucularındı. Mən gözəl şairə, dəyərli insan və yaxşı həkim olan Afaq xanıma yaradıcılıq uğurları və poetik zirvələr arzulayıram.
Əşrəf Hüseynli
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, tarix elmlər namizədi
Şərq qəzeti:
http://www.sherg.az
- Yorum yapmak için giriş yapın