Əliş Əvəz: Ənbiya oğlu
Ənbiya oğlu (Görkəmli yazıçı və tarixçi alim Əbdül Ənbiya oğlu Hüseynovun 85 illik yubileyinə töhfəmdir)
Mən bilirəm hardan gəlir:
Peyğəmbərlərdən – ənbiyalardan gəlir
üzünün nuru, Ənbiya oğlu!
Mən bilirəm
hardan gəlir:
Ulum-ulum
uzaqlardan gəlir...
Babək qılıncının, Nəsimi ruhunun
gücündən gəlir,
Səlaəddinin öcündən gəlir
qəlbinin qüruru,
Ənbiya oğlu!
Özün sən
bütöv tarixsən,
ulu adam!
Bugünkü Qorqud Atam!
Elə bir zirvəsən ki,
ömrüm boyu yol gedirəm
gələm sənə çatam...
Qaf dağından qopan
qartal xəyalın
qıy vurdu Ağrıdan keçdi,
Ürəyimin içindəki
ağrıdan keçdi.
Nizamidən, Xaqanidən üzübəri
körpü saldı,
Qarabağda, İrəvan qalasında
qılınc çaldı –
Nərə çəkdi, haray saldı:
Bağçada gül qalmadı,
Pətəkdə bal qalmadı.
Qalx igid balam, ərən qardaş,
“İrəvanda xal qalmadı!”.
Əsrlərin yollarıdır
alnının qırışları:
karvanlar köçər,
sarvanlar keçər,
Tanklar gedər,
təyyarələr uçar...
Ənbiya oğlu,
yolunu azıb
mən mindiyim qatar,
Gəl onu o sehrli
aləmlərə apar!
Gedər səninlə o qatar...
Gedər, gedər,
Dünyaları gəşt edər...
Ən nəhayət
həqiqət deyilən
incini tapar.
Qanlı cəbhələr qoxuyan
ordenlərin kişilik nişanəsi.
Bəsindir!
Yazdığın kitablar
əbədiyyətdə səsindir.
Nəyinə gərək dövlət mükafatı,
möhürlü ad-san,
Riyadan, yaltaqlıqdan
uzaqsan,
Tanrının da, tarixin də yanında
üzüağsan!
El məhəbbətində,
düşmən nifrətində,
Özünün özünə,
sözünün sözünə
sədaqətində
Yaşayacaqsan!
Tarix yazan əlinlə,
Qüdrətli qələminlə
əzəllərdən əzəl tariximi,
gözəllərdən gözəl tariximi
sabahlara
daşıyacaqsan.
Bu səbəbdən
üzünün nurunu öpürəm,
Ənbiya oğlu!
Qəlbinin qürurunu öpürəm,
Ənbiya oğlu!
25.10.2010, Moskva
- Yorum yapmak için giriş yapın