AFAQ ŞIXLI
ƏN YENI ŞEIRLƏR
BƏXTİN QÜRBƏT ADLI SÜRGÜNLƏRİNDƏ...
Başını dik tutub elə yaşa ki,
Hər kəs səndəkini dəfinə bilsin!
Nə dostlar üzülsün çətinliyindən,
Nə də ki, düşmənlər sevinə bilsin.
Ağrıyan belini əymədən yeri
Nə qədər gəlsə də üstünə həyat,
Yorğunluq sıxsa da çiyinlərini,
Ağrı-acıları misralara at.
Qam-qalaq edərək arzularını
Yolunda od çatsa xəbis adamlar,
Yansa da ayağın, şux tut özünü
Elə düşünsünlər, qanadların var.
***
Həsrətin əliylə qapa gözünü
Məhəbbət zamansız qismət olanda.
Şaxtaya, borana şeirlər oxu,
Bir günəş nuruna həsrət olanda.
İsti yaşlarını görən olmasın
Qəmli günlərində, dar günlərində.
Desinlər, necə də xoşbəxt yaşayır
Bəxtin qürbət adlı sürgünlərində.
MƏNƏ GÜNƏŞ BAGIŞLA!
Mən sənə üz tuturam,
Sən də eşit səsimi,
Tanrı səni duyantək!
Oyandır həvəsimi...
yazda yer oyanantək.!
Qoy alovlu şəfəqlər
yandırsın həsrətimi.
Mənə Günəş bağışla!
Dəyişdir qismətimi!
Kim yazmış bu nağılı
asılıyam saçımdan.
Divlərin əsiriyəm,
Nə zamandı uzağam qardaşımdan, bacımdan.
Qıyma ki, bu cəfanı ömür boyu daşıyım.
Mənə Həyat bağışla,
Ürək dolu yaşayım!
Mən də çəkim içimə
Sabahların mehini.
Gül-çiçəyə paylayım
gözlərimin sevincdən selə dönən şehini.
Eşitdiyim, duyduğum şeir adlı səs olsun!
Mənə Ümid bağışla,
Qalan ömrə bəs olsun!
Ayaqları yalıncaq mən qaçım.
Sən dayan de.
Al qolların üstünə,
Ayazlardan oyan de!
İztirab da nə demək – sevilmək olan yerdə?!
Mənə Dəniz bağışla -
Günəş doğulan yerdə!
BIR GÜN AZDIRIN MƏNI!
Bir gün azdırın məni!
Itirin ilim-ilim!
Azadlıq dillərində çalınan nəgmələri
mən də dinləyə bilim!
Məni elə azdırın
bilinməsin ünvanım.
Bəzi xoşbəxtlər kimi gecə rahat uyuyub,
sabah sakit oyanım!
Yer tapmıram özümə!
Yolumda min bir çığır...
Haraya üz tuturam
Ümidlərim sarsılır, duyğularım ağrıyır.
Etibarım çat verib, -
yaxşı bildiklərimin gör neçə üzü varmış!
Mənə məni tanıdan şəffaf aynaların da
əyrisi, düzü varmış...
Nolar azdırın məni,
ay bəxtəvər xəyallar!
Ağ atlı səadətim
bəlkə itdiyim yerdə gəlib mənə rast ola!
Ruhum üsyanlarına bəlkə son qoya bilə!
Bəlkə qəlbimin gözü sevincdən doya bilə?!
Neçə ki, itməmişəm
tapmayacam özümü,
Yaşaya bilməyəcəm
ürəyim istəyəntək ürəyimdən keçəni.
Qaygısız xəyallarım,
Qorxusuz xəyallarım,
Getdiyiniz yerlərdə bir gün azdırın məni!
HƏYAT SONATASI
Kainata sığal çəkən gecə ilə üzbəüzəm...
Bu nəvaziş qarşısında söz tapmıram bir anlığa.
Qəlbim elə doluxsunub
çilçıraqlı ulduzlar da
yol açammır içimdəki qaranlığa.
Ay soyunur qabağımda,
Necə parlaq, necə gözəl!
Elə bil ki, dünənkitək
kürəyimi qucaqlayıb doğma bir əl...
Hələ dünən qulağıma pıçıltıyla söylənilən
şeirlərin tamı qalıb dodağımda...
Ayrılıqdan xəbərsizcə nur çiləyir könüllərə
səadətin gecə adlı görüntüsü.
Nə yazıq ki, bitib artıq
bir qoşmanın ahəngində iki həyat sonatası,
iki ürək döyüntüsü!
05.05.13.
KAŞ Kİ, GÜN DOĞA BİR GECƏ!
“Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr...” R. Rövşən.
Kaş doğaydı bir gecə gün!
Əski sirlər,
əksi dərdlər
içimizdə düyün-düyün!
Amma bir də düşünürəm,
bu dünyanı görmək üçün
işıqlara nə gərək var?
Azdımı ki, görə-görə kor olanlar,
kölgədəcə qor olanlar.
Azdımı ki, öz xoşuyla qaranlıqda yaşayanlar?
Bir Günəşin həsrətimi həsrətimiz?
Əzablarla,
nisgillərlə doluyuq biz.
Gözümüzün nuru ilə azadlığa yol salırıq,
Kərpic-kərpic sökülürük,
Çınqıl-çınqıl ucalırıq.
Ucalırıq... başımızın üstündəki buludlar da dərinləşir.
Beynimizdə ala-toran düşüncələr qaynadıqca
ürəyimiz sərinləşir.
Nə zamanki yanmaq gərək.
buz oluruq.
Milyon-milyon birləşmirik,
əksilirik... yüz oluruq...
Zəfər üçün bircə dəfə ölməkdənsə,
ümidlərlə yaşayırıq.
Çiynimizdə vicdan yükü daşımaqdan,
şəhidləri daşıyırıq.
Səbr edirik... - çoxdu bizdə səbr daşı.
Hər nəyimiz olmasa da,
zöhr edəcək ədalətə inamımız aşıb-daşır...
Bu ağılla,
bu niyyətlə gələcəyi gözləyirik,
bax beləcə:
“Kaş ki,... gün doğa... bir gecə!
Kaş ki,... gün doğa... bir gecə!”
DÜNYALAR...
Bizə bağlı,
gör nə qədər dünyalar var...
Hamısı da qəribədi bir-birindən.
Onlar bizi fırlandırır öz oxuna,
Biz də həmin dünyaları
oynadırıq məhvərindən.
Sıra ilə ömrümüzə gün verirlər,
gün alırlar.
Bizim kimi, dünyalar da...
qocalırlar.
Nağıl dünyam - nə zamandı
gerçəkliklər dəryasında
itib batıb...
O itəndən,
dadlı-duzlu yuxular da
sona çatıb.
Xəyal dünyam - uzaqdadır...
durnaların qanadında,
buludların üzərində...
Mənim olur - ay doğanda,
yoxa çıxır - al şəfəqlər közərəndə.
Sevgi dünyam – hardadısa,
nə yolu var, nə çığırı.
Amma elə hey sövq edir ilğım kimi,
hey çağırır...
Ümid dünyam - yavaş-yavaş bom-boz olub,
yalınlaşıb.
O zamandan sonsuzlarım,
ölməzlərim
yalanlaşıb.
Eh...
Nə qədər dünyalar var ömrümüzdə...
Hamısı da bir-birindən qəribədi,
cəfalıdı...
Bir söz dünyam - şeir dünyam fani deyil,
yalan deyil!
Vəfalıdır!
BUNU SƏNƏ YAZMIRAM!
Gecələr öz səsimə ayılıb otururam...
Adını çəkməməkçün
sübhədək dan atıram...
Dəlilərə dönürəm bircə tanış qoxudan,
Olmazlar arasından
mən sənə can atıram...
"Sən" dediyim – sevdiyim, məni sevən insandı!
Sən isə o deyilsən, ayrısan nə zamandı!
Mənim üçün yuxusan...
Bu şeir sənin deyil!
Qürrələnmə oxusan!
...Sənin hissin kül imiş!
Mənsə ocaq çatırdım məhəbbətin odundan.
İstəyirdim, ilahi eşqə
salam göndərək ikimizin adından.
İstəyirdim,
yazılsın əfsanələr, nağıllar,
qəhrəmanlara dönək.
Desinlər ki,
“Belə də, sevmək olarmış demək!”
İnanmışdım,
mənə də bəxtəvər olmaq olar.
Mənim də öz sevdiyim,
mənim də sevənim var.
Mən də gözləri yaşsız çıxacam sabahlara,
Mən də son qoyacağam sinəmdəki ahlara.
Gecələr dırnaqlarım ovcumu kəsməyəcək...
Daha mənim də ruhum
gecədən küsməyəcək.
Sənə əmanət etdim
bunca illər uzunu qoruduğum nə varsa -
Sənədlərsiz, filansız...
Dedin ki, aramızda bir ülfət yaranacaq
xəyanətsiz, yalansız.
Nədən
xəyanətkarın əllərindən su içdin?
Əmanət etdiklərim nə vardısa,
üstündən tapdaladın da... keçdin...
Haqqımı kimdən alım?
Bəxt, qismət bölüşəndən?
Gözümə kölgə düşdü könlümə sən düşəndən?!
Daha sənə deməyə
ikicə söz qıymaram.
Dərdindən ölsəm belə həyatıma qoymaram!
Mən sevdiyim – pak, təmiz, məni sevən insandı!
Sən isə, o deyilsən, ayrısan nə zamandı!
İnanmaram sözünə,
əhdlərdən, vədələrdən mənə çələng toxusan!
Bu şeir sənin deyil!
Bunu sənə yazmıram,
Qürrələnmə, oxusan!
YADINA MƏN DÜŞƏCƏM...
Yenə sakitlik çöküb üfüqlər qaralanda,
Əl-ayaq çəkiləndə, öz-özünlə qalanda,
Kağız-qələm əlində xəyallara dalanda
Yadına mən düşəcəm.
Sahil boyu... sevənlər hey əl-ələ verəndə,
Kimsə sevgilisinin saçlarını hörəndə,
Yenə başının üstdə göyqurşağı görəndə
Yadına mən düşəcəm.
Hər il meydan bəzənib bayraqlar salınanda,
Xonçalar bəzənəndə, bayramlıq alınanda,
Gözləmədiyin anda qapınız çalınanda
Yadına mən düşəcəm.
Kimsə öz eyvanında aynasını siləndə,
Kimsə divar dalında bəxtəvərcə güləndə,
Kiminsə zümzüməsi qulağına gələndə
Yadına mən düşəcəm.
Səmtini azan külək pəncərəni vuranda,
Yüklü xatirələrin düşüncəni yoranda,
Məhəbbətsiz yaşamaq gözlərinə duranda
Yadına mən düşəcəm.
Evinin hər bucağı həsrətimlə baxanda,
Təklik səni mənimtək sinəsinə sıxanda,
Kitabın arasından bir cüt yonca çıxanda
Yadına mən düşəcəm.
Məhəbbət uman zaman
gündən, aydan, hər ildən,
Nəzir verib bir dua gözləyərkən səfildən,
İtən yadigarlarım tapılanda, qəfildən
Yadına mən düşəcəm.
Xatirinə salanda ömrün xoş anlarını,
Cavanlığın, şöhrətin xoşbəxt zamanlarını,
Sevgi umduqlarını, sevgi umanlarını -
Mən düşəcəm yadına...
Yadına mən düşəcəm...
ÖZ ARAMIZDA
Bizə yük olmasın dünyanın qəmi,
Hər şeyi paylaşaq öz aramızda.
Nə sən məni üzmə, nə də mən səni,
Qoymayaq böyüyə söz aramızda.
Ümid tərk etməsə bircə an bizi
Ayıra bilməz ki, bu dövran bizi!
Nə şaxta dondurar, nə hicran bizi,
Bu sevgi olacaq köz aramızda.
Gəl, ömür taxtını nurla süsləyək,
Odlu duyğuları yenə səsləyək.
Bu eşqi körpətək elə bəsləyək...
Ovudub yatıraq düz aramızda.
GÜN BITDI...
Gün bitdi...
Dünya bitdi bu günün arxasınca...
Xəyanətdən bir eşqin yerə dəydi kürəyi.
Kimsə bəyaz hisslərin ayağını basınca,
Kimsə qırıb bitirdi bayaq sevən ürəyi.
Kimsə, sinəsi dağlı, bir gəmiyə oturdu,
Selə dönüb qarışdı göz yaşları sulara.
Kimsə məhəbbətilə öz başını qatırdı,
Kimsə də dəfn elədi məhəbbəti bu ara.
Gün bitdi...
Bir ürəyim ağrıları bitmədi...
Yox olmadı nisgili o günün arxasınca.
İtən yadıgar kimi yaddaşı da itmədi,
Daldı ümidsizliyə yeri qara basınca...
DƏLI OLAQ YENƏ DƏ!
Gəl, ötən ilki kimi
dəli olaq yenə də.
Dəlilik çox yaraşır mənim kimi sənə də.
Gəl, nə olar! Ömür-gün
elə tez ötüb gedib... qalmayıbdı gümanım.
Bir az da gözləməyə
nə sənin amanın var,
nə də mənim zamanım.
Yenə dəlilər kimi dünənimizdən qaçaq,
On ili, on beş ili ataq qollarımızdan!
Gələcəyin bağrına yeni bir çığır açaq,
Sapaq yollarımızdan!
Bizdən borc götürdüyü sevinci də, şövqü də.
geri versin təbiət.
Möcüzə gözləməyək!
Elə bizik möcüzə,
bir də bu son məhəbbət.
Necə yox oldu getdi illər bir kölgə kimi...
Bizə düşəcək payı aramaqdan yorulduq!
Gəl, ötən ilki kimi
Dəli olaq yenə də...
Bəsdi ağıllı olduq!
QƏRIB BIR AXŞAM
Yenə axşam düşüb, qərib bir axşam...
Qərib ürəklərin dolduğu vaxtdı.
Uzaqdan baxana bu - adi yaşam,
İçindən çəkənə - bir qara baxtdı.
Ulduzsuz səmanı bürüyübdü sis,
Dolmuş gözlərimə görünmür ay da.
İllərdi gümana aldanırıq biz:
“Bəlkə bu baharda..., bəlkə bu yayda...”
Əcəl də qürbətə yol açılb bu il,
Seyrəlib dostların səfi, sırası.
Vallah, qorxduğumuz ölümdən deyil...
Onsuz da öldürüb Vətən yarası.
Qorxuruq yad eldə tapşıraq canı...
Elə qərib kimi bükülək ağa.
Bir də görəmməyək Azərbaycanı...
Gömülək bu ögey, soyuq torpağa.
Bizləri qorxudan bu acı həsrət
Qışın buzundan da soyuqdu, sərtdi.
Qərib həyatımız özümüzə dərd,
Qərib məzarımız dostlara dərddi.
...BIR DƏ, SƏNIN DÖNÜKLÜYÜN
Ruhu itmiş bədən kimi küçələri dolaşıram...
Sənsizlikdə
boş yerini doldurmağa alışıram;
Yeni zinət əşyaları...
Təzə paltar...
Evimə də yeni-yeni şeylər alıb
hər tərəfi süsləyirəm, yanır par-par.
Gör bir nəylə ürəyimi soyuduram!
Fərqi nədir?
Nə alsam da, nə tapsam da
Otağıma yenə sənsiz qayıdıram.
O axşamdan
məni tamam dəyişiblər...
Həsrət,
yalan,
...bir də sənin dönüklüyün -
əlbir olub ürəyimlə döyüşüblər.
Məhəbbətin yoxdu daha!
Uduzmuşam!
Və o axşam
gözümüzə baxa-baxa
arzumuzu yox eləyib
arxamızca gülüşüblər...
Sənə - dinclik, mənə - zülüm
bölüşüblər...
Budur yenə...
ruhu itmiş bədən kimi küçələri dolaşıram.
Ölü olub,
diri kimi görünməyə çalışıram.
01.03.13.
QƏRİB TÜRKÜM
Qərib türküm! Boş ömürdən nə fayda?
Duyan olmaz, min yol çəksən haray da.
Məna yoxdur qürbətdəki sarayda,
O müqəddəs torpağa sürt üzünü.
Qismət uzaq, uçurum var arada,
Könlün hələ ağ axtarır qarada.
Ümid yoxsa, sağalmayır yara da,
Ümid eylə, aç qəlbinin gözünü!
Öz yurdunu özgəsinə tay etmə!
Cürətli ol, qəmdə ahu-vay etmə!
Torpağından bir zərrə də pay etmə,
Hər qarışa qurban elə özünü!
Afaq Şıxlı, dostlara yad deyilsən,
Min göz ağlar qəribliyə yenilsən!
Bayrağının qarşısında əyil sən,
Qürur ilə yerə endir dizini!
SƏNİN DİLİN – ANA DİLİM
Ürəyimiz oyuq-oyuq...
Sən də mənim kədər dostum.
Vətən isti, qürbət soyuq -
Bu nə tale, qədər, dostum?
Uyduq şirin avazlara,
Dözdük şaxta-ayazlara.
Bu yazlardan o yazlara
Ömür keçir hədər, dostum.
Sənin dilin – ana dilim!
Susma, bitsin bu nisgilim.
Sən bilmişdin, mən də bilim:
Dünya gəldi-gedər, dostum!
- Yorum yapmak için giriş yapın