Afaq ŞIXLI: 30 IL ÖNCƏYƏ... - Sevimli müəllimim professor Məmmədov Yaqub Cavad oğluna həsr edirəm
Mən, gözümü açandan, böyük bacımın həkim olacağını eşidirdim. Orta məktəbdə əlaçı oxuyan bacım kimyanı, fizikanı, biologiyanı daha böyük əzmlə öyrənir, bir gün həkim olacağı arzusuyla yaşayırdı. Onun ATİ-yə (N. Nərimanov adına Azərbaycan Dövlət Tibb institutu) çətinliksiz-filansız daxil ola biləcəyinə şəkk-şübhə etmirdim.
Uşaq idim, nağıllarla böyümüş, sosializmin qanun və ədalət ideologiyasıyla tərbiyə olunmuşdum. “Biliyi olan hər kəs instituta qəbul olunmalıdır!” kimi adi həqiqəti elə həqiqət kimi də anlayırdım. Lakin, sən demə, qəribə qanunlar da mövcud imiş – “rüşvət” və “tanışlıq” adlı. Bunları isə bizə orta məktəbdə öyrətmir, evdə başa salmırdılar. Çünki evdəkilər də, düzün düz, əyrinin əyri olacağına inanan sadə, təmiz, pak ziyalı insanlar idilər. Halal əməyi, dərin düşüncəsi və istedadı ilə irəli çıxan ata-analarımız, bizi də özləri kimi böyütmüşdülər.
Həyatda ilk xəyal qırıqlığım tibb universitetinin açıq bir pul makinası olduğunu eşitdiyim, inanmadığım, lakin acı faktlarla təsdiqlədiyim il olmuşdu. Orta məktəbi neçə-neçə komissiyanın qarşısında əla qiymətlərlə bitirən, gecə yarısı belə ayıltsan üzvü kimyadakı ən çətin reaksiyaları həll edə bilən bacım kimyada kəsilmişdi. O, arzusunda olduğu bu universitetə ikinci il daxil oldu. Mənimsə yaddaşıma bir ad həkk olundu - Zəhra Quliyeva. O zaman uşaq idim və bu ad mənium üçün Hitlerin adı kimi qorxunc səslənirdi. İnstitutda imtahanlara pul verməyən, tanışsız-filansız oxuyan bacımın başı necə müsibətlər çəkirdisə, bunu biz özü, bir də biz bilirdik. Oxuyan, savadlı bütün tələbələr onun günüdə idilər.
Yaşımın azlığına baxmayaraq qalaq-qalaq şeir dəftərlərim, hekayələrim vardı. Mən isə həkim olmaq istəyirdim. Təbabət məni elə sehirləmişdi ki, yatıb yuxumda da ATİ-nin qapılarından necə qürurla içəri daxil olacağımı təkrar-təkrar görürdüm. Amma hərdən bir, yuxularıma üzünü belə görmədiyim həmin rektor xanım girirdi.
Kişi təbli, ürəkli və qorxmaz bacımdan fərqli olaraq, mən çox mülayim və el arasında deyilən kimi bir az “ürəksiz” idim. Məni hər zaman ayaqda saxlayan biliyim və savadım olurdu. Məktəbə beş yaşımdan getdiyimdən sinifdə ən kiçik mən idim. Elə bu da bir qədər öz təsirini göstərirdi; yoldaşlarım məni uşaq bildiklərindən nazımla oynayırdılar. Və belə bir şəraitdə böyümüş mən, zəhmi indidən bağrımı yaran imtahanları necə verəcəyimi, cibəgirən müəllimlərlə necə üzbəüz gələcəyimi düşünürdüm...
***
1983-cü il idi. Doqquzuncu sinifdə oxuyurdum. Böyük bacım artıq institutu bitirmişdi, həkim işləyirdi. (Hazırda tibb elmləri namizədi, 1-nömrəli Vərəm dispanserində baş həkim müavini Məhin Şıxlinskaya). Mənim isə əziyyətlərim hələ qarşıda idi. ...Və elə bu ərəfədə, Ami-nin rektorunun dəyişilməsi barədə şad xəbər eşitdik. Rektor olaraq Məmmədov Yaqub Cavad oğlu təyin olunmuşdu. Məndən daha çox sevinən olmuşdumu o zaman, bilmirəm?! Kabuslarıma son qoyulmuşdu. Həkim olacağım ümidimə daha kölgə salacaq bir şey yoxdu düşünürdüm. Çünki, yeni rektor yeni qaydalar yaradacaq, haqq-ədaləti bərpa edəcəkdi. Şükülər olsun ki, belə də oldu. Həmin ildə ATİ-yə sənədlərini verən yüzlərlə “tanışsız”, lakin savadlı gənc, eləcə də mənim rəfiqəm - qonşu qızı Səidə (32 saylı rus məktəbini əla qiymətlərlə bitirmişdi) üç imtahandan əla, bir imtahandan isə dörd alaraq müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Daha həqiqətə zaval olmadığına şübhəm qalmamışdı.
Bir il sonra (1984) orta məktəbi qızıl medalla bitirdim. İlk imtahandan əla alarsam, instituta digər imtahanlardan azad daxil olacaqdım. Ilk imtahanın hansı olacağını isə öncədən demirdilər. Onsuz da mənimçün fərqi yoxdu...
Nəhayət ki, fizikadan yazılı imtahan verəcəyimiz bəlli oldu. İmtahan günü gəldi. Yaşım çatmadığı üçün mən pasport almamışdım, əlimdə şəxsiyyətimi bəlirləyən bir parça kağız vardı. Qapının ağzında duran və abiturientləri bir-bir içəri ötürən kişi (sonradan onun bizim dekanımız Səlim müəllim olduğunu öyrənəcəkdik) mənə və əlimdəki kağıza baxıb güldü, “Medalist, beş alacaqsanmı?” - dedi? (Sənədlərin qəbulu zamanından, nədənsə mənə bir təxəllüs vermişdilər - “medalist”). İmtahanın zəhmi məni vurduğundan cavab verə bilmədim, üzüm pul kimi qızardı.
Yazdıq, çıxdıq, cavab gözləməyə başladıq.
Rəhmətlik atam (riyaziyyatı və həndəsəni özü yazmış kimi bilirdi) cavabları necə yazdığımı soruşmuşdu. Mən də sətir-sətir hamısını əzbərə danışmiş, məsələləri yazıb həllini göstərmişdim. “Afərin! “Beş”ini almış kimi bil” – demişdi atam.
Cavabı öyrəndiyimiz gün məyus olduq. “Dörd” almışdım. Yazını pelyasiyaya verdik. Yazımı gətirdilər. Otaqda, imtahan zamanı gördüyüm bir əli şikəst olan müəllim, atam və mən oturmuşduq. Yazım tər-təmiz idi, səhvimi göstərə bilən bir dənə işarə yox idi. Atam bir də göz gəzdirərək:
- Bu yazıda səhv yoxdur! - dedi.
Müəllim heç nə olmamış kimi:
- Bəli, yoxdur! – deyə təsdiqlədi.
- Bəs nədən “dörd”?
Müəllim üzünü mənə sarı tutub soruşdu?
- Medalist, digər imtahanlara hazırsanmı?
Mən ürəklə:
- Bəli! – dedim.
- O zaman get, o birilərini də ver, sentyabrın biri görüşərik.
Atamla bir-birimizə baxdıq. Müəllim ürəyimizdən keçənləri duymuş kimi başını buladı:
- Yaqub müəllimin qəbuluna düşə bilməyəcəksiniz. Cəhd etməyin. Əgər uşağın burada rahat oxumağını istəyirsinizsə, gedin o biri imtahanları da verin.
Atam ayağa durdu. Elə bircə dəfə bunu dedi:
- Heç olmasa bir rəqəmin altını yalan da olsa qırmızılayardınız... Bu uşaq bu günü unutmayacaq.
Biz otağı tərk etdik. Mən atama ürək-dirək verməyə çalışırdım ki, fikir etməsin - mən hazıram imtahanlara. Ürəyimdə isə, kabusun izlərinin hələ də davam etdiyini düşünürdüm. Kaş, bunları Yaqub müəllim biləydi, deyirdim. O buna yol verməzdi!
***
...Qalan imtahanlardan ikisini vermişdim. Sonuncu imtahanı günü idi. Səlim müəllim qapıda məni görər-görməz: əlimdəki kağıza baxıb yenə güldü və “Balaca, sən hələ pasport almadın?” - deyə zarafat etdi. Bu dəfə nədənsə ürəkli idim və onun gülüşünə zəif təbəssümlə cavab verə bildim.
Bu gün kimyadan şifahi imtahan verirdik. Bu isə mənimçün bayram sayılırdı, çünki verdiyim fənlərin içində ən gözəl bildiyim və ən çox sevdiyim elə kimya idi. Orta məktəbdəki sevimli müəlliməmiz Fəridə xanım bu fənni bizə elə sevdirmişdi ki, evdə darıxanda dərsliyi açıb bir neçə misal, bir neçə reaksiya həll edib başımızı qatırdıq, roman oxuyan kimi.
Kimyadan imtahan götürən müəllim, ( Gülbala müəllim deyə çağırırdılar) görünür ki, ötən illərdəki rüşvətlərdən məhrum olduğu üçün, qanıqara idi. Ondan başqa bir müəllim daha vardı, o, bir qədər mülayimdi. Mən Gülbala müəllimin qarşısında əyləşməli oldum. Biletimi kinayə ilə alıb baxdı. “Danış görək!”- dedi.
İki suala cavab vermişdim ki, məni saxladı:
- Üçüncü lazım deyil, sənə başqa sual verəcəm.
Fikirlərimi cəmləyib hazır gözləməyə başladım. Deyəsən gülbala müəllim mənim üçün dünyanın ən çətin sualını seçə bilmirdi deyə, dodaqlarını büzüb-açırdı. Nəhayət gözlərinə işıq gəldi, biletlərdə olmayan bir sual verərək qarşısındakı vərəqə onun reaksiyasını yazdı və vərəqi təntənəylə mənə sarı fırlatdı. Ürəyimdə bizi hərtərəfli hazırlayan, “Uşaqlar, bu suaılar biletdə yoxdu, amma verə bilərlər”, - deyən Fəridə xanıma təşəkkür edərək, cavabı yazdım. Gülbala müəllim vərəqə zillənmiş gözlərini qaldırıb üzümə baxdı. Əlacı olsaydı yəqin ki, məni bir qaşıq suda boğardı. Bir sual daha verdi. Ona da cavab aldı. Elə bu anda koridordan “Yaqub müəllim gəlir! Rektor gəlir!” - deyə səs eşitdik. Müəllimlər özlərini yığışdırıb fərəqət dayandılar. Abiturientlərin əvəzinə onların rəngi avazıdı. Mənimsə içimə, bir rahatlıq, bir hüzur çökdü. Nəhayət ki, məni kabuslardan xilas edən insanın üzünü görəcəkdim.
Hündür boylu, gülər üzlü, işıqlı bir insan auditoriyaya daxil oldu. Məktəb tərbiyəsinə uyğun olaraq ayağa qalxdıq. Müəllimlər də durdular. Yeni rektor:
- Vəziyyət necədir, uşaqlar? - deyə şən və gümrah səslə soruşdu.
Sonra üzünü müəllimlərə tutdu:
- Necədirlər, yaxşı hazırlaşıblarmı?
Müəllimlər dodaqlarının altında nəsə dedilər, amma Yaqub müəllim onlara bənd olmadı.
- İçinizdə azyaşlı abiturient kimdir? Anası eşikdə yaman narahatdır.
Mən hörmət dolu baxışlarla onun üzünə baxdım.
- Sənsən? – deyə gülümsündü. - 15 yaşlı medalist sənsən?
- Bəli, - dedim.
- Gülbala müəllim, qızımız necə cavab verir?
Gülbala müəllim könülsüz-könülsüz:
- Biletini danışıb, əlavə bir-iki sual da vermişəm. Hamısına əla cavab verib. “Dörd” yazmaq olar, - dedi.
- Anlamadım? - Yaqub müəllimin səsi göy gurultusunu andırdı, – Əla bilənə nə zamandan “dörd” yazırlar?
Gülbala müəllim karıxdı:
- Suallar elə də çətin deyildi.
- O zaman çətin sual versəydiniz? Demək belə, mən də bir sual verəcəm, cavab versə “əla”, yox verə bilməsə...
Gülbala müəllim mənim cavab verə bilməyəcəyim ümidilə həvəslə razılaşdı.
- Amfoter maddələr barədə nə bilirsənsə bütün reaksiyalarıyla birlikdə yaz və danış.
Mən qarşıma təmiz bir vərəq çəkdim. Bütün bildiklərimi yaza-yaza danışıb bitirdim. Yaqub müəllimin üzü gülürdü.
- Əla, qızım. Dur, get və ananı təbrik elə. De ki, sən artıq tələbəsən.
Mən sevincimi gizlətməyə çalışaraq, sakit səslə, amma böyük məhəbbət və minnətdarlıqla “Çox sağ olun, Yaqub müəllim!” dedim.
İkinci müalicə-profilaktika fakültəsinin tələbəsi oldum, universiteti əla qiymətlərlə bitirdim, Bakıda yaşadığım illər ərzində 15-N-li TSH-ndə həkim-terapevt işlədim. Aradan otuz ilə yaxın zaman ötdü. Lakin həqiqətə və ədalətə qələbə qazandıra biləcək insanı - Yaqub Cavad oğlu Məmmədovu heç zaman unutmadım. Onun abiturientlər və tələbələr üçün – oxumağa can atan Azərbaycan övladları üçün etdiklərini hər zaman rəğbət və hörmətlə yada salacağam.
Moskva.
30.07.13.
- Yorum yapmak için giriş yapın