Baloğlan Cəlil: QÜRBƏTDƏN QÜRBƏTƏ (Oçerk)
Canım da adımın ögey vətəni.
Tükənən günləri bu gün, sabahda.
Mənəm içinizdə suçunuz. Məni
Unutmaq da çətin, xatırlamaq da…
.
Məmməd İsmayıl
Alverin baş alıb getdiyi bu qalmaqallı dünyada məni Moskvaya dartıb aparan və mənim kimi minlərlə oxucular üçun az qala əfsanəyə dönən yuxarıda, bəlkə də qəlbimin başında güllənən misraları haqqın qulağına pıçıldayan bir səs idi…
Azərbaycanda, Turkiyədə, Moskvada səslənən və səslənəcək, öz dişi və dırnağı ilə ölməzliyə qovuşan bir səs! Məmməd İsmayıl səsi! O səs gündən-günə böyüyür və ölkədən ölkəyə yayılır. Çunki o səs qeybdən gələn İlahi bir səsdir. Onu nə öldürmək olur, nə qeyb etmək, nə də unutmaq. Axı o səs adam deyil, adam səsdir! O qocalmır, ölmur daim yaşayır ruh kimi, can kimi. Nəsimi, Fuzuli, Almas İldırım və Məmməd İsmayıl kimi!
O, təpədən dırnağa səsdir; Sözun səsi, poeziyanın səsi, haqqın səsi!
Bu səsi ilk dәfә 25 il əvvəl eşitmişdim, “Natəvan” klubunda. O vaxt özü demişkən,” qızqaytaran vaxtları” idi. Tәkcә şairliyi ilә yox, bədəncə möhkəmliyi, idmançıya oxşar görünüşü və zahiri yaraşığı ilә dә adamı özunə cəlb edirdi. Onunla danışanda adam istər-istəməz bir qədər ehtiyat edirdi. Çunki hərəkətləri çox çevik və gözlənilməzdi. Bu ilk baxışda belәydi, amma ağzını açıb danışmağa başladımı dilinin şirinliyi və gözəlliyi, qıyıq türkmәn gözlərinin xəfif gülüşü adamı cəsarətləndirirdi… Şeir deməyi isə başqa aləm, özgə bir dunya idi.
Yadımdan çıxmır 1987 –ci il! ”Natəvan” klubunda ilk dəfə şeir deməyim. Mən ora Sumqayıtdan şair Xan Rəsuloğlu ilə getmişdim M.İsmayılın rәhbәrlik etdiyi Respublika әdәbi birliyinin növbәti mәşğәlәsinә. Orada bir neçə şeir oxudum. Sonra o şeirlərdən biri – ”Kollar” Azərbaycan gəncləri” qəzetində A.Səməd, Z.Qafarlı, S.Qaraçöp və U.Rəhimoğlunun şeirləri ilə bir səhifədə çiçəklənmişdi. Bu mənim ilk dəfə respublika mətbuatında gözə görunməyim idi. Hələ də o vaxtın sevinc şərbətinin dadını unuda bilmirəm… Deməli, o vaxtdan bu vaxta qәdәr bu gözəl insanın üzünü bir daha görməmişdim. Ara-sıra qəzet və jurnallarda şeirlərini və musahibələrini həyəcanla oxuyurdum….
Moskvada onunla görüşә getmәyә hazırlaşarkәn hey indi M.İsmayılın üzdәn necə göründüyünü fikirləşirdim. Yaşını hesablayırdım, yetmiş üç! Amma nədənsə qocaldığını təsəvvür edə bilmirdim. Düşünürdüm ki, yetmiş üç yaşında qürbətdə yaşayan bir şair Moskva kimi uzaq vә nəhəng bir şəhərə necə gələcək?
Məni Moskvaya oğlum ötürәcәkәdi, Ufada mənimlə yaşayan oğlum. Ayrılarkən M.İsmayıla ondan da salam deməyi unutmadı. Vә bunu elə inamla dedi ki, elə bil M.İsmayılı çoxdan tanıyırdı. Halbuki M.İsmayıl vәtәndәn qürbətə uz tutanda oğlumun cəmi üç yaşı vardı və ömrundə onu görməmişdi. Ancaq mənim söhbətlərimdən adını eşitmişdi, bir də əldə elədiyim Moskvada çıxmış “Məktub əvəzi” kitabını vərəqləyib bir çox şeirlərini oxumuşdu. Amma sevgi gözlә görülünb әllә tutulmağa baxmır ki? Belә olsaydı hansı birimiz üzünü görmәdiyimiz tarixә qovuşmuş ölümsüz sәnәtkarları sevәrdi ki?!
Gәlәcәyi zamanı bilirdim, Məmməd muəllim məndən beş-altı saat əvvəl uçmuşdu Moskvaya. Bir vaxtlar onun oxuduğu məşhur M.Qorki adına Dünya Ədəbiyyatı İnstitunun qonaq evində qalacağını da bilirdim. Orada qabaqcadan hazırlanmış ikinəfərlik xüsusi otaq bizi gözləyirdi. Bu M.İsmayıla bəslənən böyuk sayğı və hörmət idi. Sağ olsunlar…
Təyyarənin təkərləri Moskva torpağına sığal çəkən kimi sərnişinlərin alqış səsləri məni diksindirib düşüncələrimdən ayırdı. Onlara ürəyimdə bir qədər acığım tutdu. Həm məni diksindirib fikirlərimdən ayırmışdılar, həm də Allaha şükür etmək əvəzinə əl çalıb səs-küy qaldırmışdılar. Ürəyimin səsi bir qədər də çoxalmağa başladı…
Qar sevincdәn oynaya-oynaya yağırdı… Onun havaya qarışan soyuqluğu ürəyimin tappıltılarını bir qədər azaldıb qaydaya saldı. Məmməd muəllimlə ilk göruşumuzu yenə göz önünə gətirdim. Nədənsə onu saç-saqqalı ağarmış yaşlı bir adam kimi təsəvvur edə bilmirdim. Çunki onunla telefonda danışarkən səsinin zərrə qədər də dəyişilmədiyi hiss etmişdim.. Mənə elə gəlirdi ki, səsi qocalmayan özü də qocalmaz. Çünki səs insanın bel sütunu, mənliyi, əqidəsi və vicdanıdır. Bu səs sevimli şair səsi olanda isə, o nə xalqın yadından, nə də ruhundan çıxar, M.İsmayıl səsi kimi!
- Haralısan, eloğlu? – Taksi sürücüsünün səsi məni M.İsmayılın səsindən ayırdı… – Azərbaycanlıyam,- dedim.
- Niyə danışıb dinmirsən? Sən hara, M.Qorki adına Ədəbiyyat İnstitunun qonaq evi hara?
- Şairəm! –dedim.
- Hə, nə yaxşı, nə yaxşı! Nə yaxşı indi də şeir yazanlar var… Hansı mövzuda yazırsan?
Ürəyimdə fikirləşdim ki, nə axmaq sualdır. Dilimdә cavab verdim ki, həyatdan, sevgidən.
- Hə… Həyat çox çətinləşib, – dedi. – Mən əvvəllər mühəndis işləyirdim. İndi isə taksi sürücüsü. Ali savadlı taksi sürücüsü. Hayıf SSRİ-kimi bir dövlətdən, hayıf.
Mən Məmməd muəllimlə nə vaxt görüşəcəyimi fikirləşdiyimdәn könülsüz-könülsuz adamın suallarına cavab verirdim.
- Azərbaycan gözəl məmləkətdir, cənnətdir-dedi. Dünyada nə ürəyin istəyir orada var. Limon, mandarin, feyxua, çay, nə bilim nələr, nələr… Hələ nefti demirəm, gündən günə də gözəlləşir. Eşitdiyimə görə Parisdəki kimi ikiqat körpülər Bakı küçələrini daha da gözəlləşdirib.
“İçim içimi yandırır, çölüm özgəsini”- deyə düşündüm.
Sürücü bir az ayılan kimi oldu.
- Deyəsən çatmışıq, səhv eləmirəmsə, o binadır, – dedi və qarşıdakı hündür binanı əli ilə göstərdi. Mənim sual dolu baxışlarıma baxıb əlavə etdi:
- Sən narahat olma, qoy mən dəqiqləşdirim sonra…
O maşını saxlayıb qarşı binaya tərəf getdi. Qapıdakı yazını oxuyub tez geri qayıtdı və mənimlə xudahfizləşib uzaqlaşdı.
Mən içəri keçib Türkiyədən gələn azərbaycanlı şairin hansı otaqda qaldığını soruşdum.
Birinci qat, 12-ci otaq! Müqəddəs rəqəmlərdi,- düşündüm.
Qapını Məmməd muəllim açdı… Nurani üz, ağarmış saç-saqqal, sinəsində iplərdən asılmış eynək məni bir qədər çaşdırdı. Lakin mənim göz yaddaşımda həkk olunmuş və hələ də gənclik şuxluğunu və təmizliyini qoruyub saxlayan gülüşü, sevincdən parlayan türk gözləri böyük şairimizi uzun illərin arxasından bir göz qırpımında bu ana, bu dəqiqəyə gətirmәyә yetdi.
Sən demə gülüş də səs kimi qocalmırmış. Düzünü deyim ki, əvvəlcə ürəyimdə bir neçə tel qırılıb sinəmi göynətdi. Çünki ilk baxışda çox dəyişilmişdi, yəni qocalıb zəiflədiyi gözə görünürdü.
- Ay saqqalı ağarmış, səni xoş gördük, necə gəldin, nə təhər tapdın?
Bir anın içində sevinc yağdı üz-gözündən. Müsbət və xeyirxahlıq enerjisi otağı bürüdü. Otaq M.İsmayıl səsi ilə işıqlandı. Elə o andaca səsi özünü tanıtdı, uzaqlardan gələn şair səsi, Vətən səsi, el səsi, torpaq səsi, Azadlıq səsi… 25 yaş cavanlaşdı üz-gözü.
- Səsiniz heç dəyişilməyib, özünüz də yaxşısınız, maşallah, göz dəyməsin,- dedim.
-Sağ ol, bəyim! Allah razı olsun,- dedi.
O balaca yazı masasında sabahkı görüşlə bağlı nə isə qeydlər edirmiş. Əlindəki qələm, yazı masasının üstünə səpələnmiş varaqlar və gözündəki eynək ona bir qədər mane olduğumu büruzə verirdi. Amma mənım gəlişim onu o qədər sevindirdi ki, kağız-qələm və eynək cəsarət edib bir daha hisslərini bildirmədilər, susub durdular. Danışan isə ancaq M.İsmayılın gözəl səsi oldu…
Ağsaqqal M.İsmayıl danışdıqca, o vaxtlar gördüyüm Məmməd müəllim o günlərin dumanından gülə-gülə, danışa-danışa çıxıb gəlirdi. Və üzündə də o illərin M.İsmayıl portreti. Sanki buludların arsıyla Günəş boy göstərirdi. Sevindiyimdən dilim tutulmuşdu, heyrət içindəydim.Onunla bir otaqda təkbətək qaldığıma inana bilmirdim. Tilsimə düşmüş kimi idim. Sadə dillə desəm, bu görüşə dünyalar qədər sevinirdim.
Çay içirdik… Birdən o təzə yazdığı şeirlərini oxumağa başladı. Bütün varlığı ilə oxuyurdu. İlk dəfə idi mən belə bir böyük ədəbiyyat adamı ilə üzbəüz, göz-gözə dayanırdım. Kimsə yox idi. Səsi idi, o idi, bir də mən. Ona görə deyirəm ki, o idi, səsi idi, bir də mən, çünki, gözlərini yumub ona qulaq asmaq mümkün deyildi. Axı təkcə onun səsi oxumurdu eyni zamanda, əlləri, üz-gözü, qaşları, alın qırışları, bir sözlə, bütün bədəninin əzaları, mimikaları oxuyurdu. M.İsmayılı radioda dinləmək, mənə elə gəlir ki, bulaq suyunu şüşələrə doldurub uzaq yerlərə aparıb orada içmək kimi bir şey olardı… Dağın döşündən gurlayıb çıxan bulağın suyunu gözündən içmək necə gözəldisə, Məmməd müəllimin də şeirlərini öz dilindən eşitmək və görmək o qədər gözəl və unudulmazdır. Çünki o təbii və təbli şairdir. O şeirdəki hadisələri təkcə yazanda yox, elə oxuyanda da, yana-yana yaşayır. O oxuduğu şeirin içinə gömülür, orada nəfəs alib, nəfəs verir.
Bəzən mənə elə gəlirdi ki, o, təlatümlü dənizdir. İçindəki həyacana uyğun səs dalğaları gah qalxır, gah enir, gah da həlimləşib sakitləşırdi. Şeiri bitirəndə isə, gözlərində günəş doğulurdu- sevinc günəşi, azadlıq günəşi! Elə bil hansısa ağrıdan xilas olub azadlığa çıxırdı. Amma bu uzun sürmürdü. Yenidən dalğalı narahat dənizə dönürdü…
İlhama gәlmişdi sanki. Ya qürbәtdәn qürbәtә uçuşu, ya da onu onun dilindә anlayacaq birisini görmәyin oyandırdığı coşğu onu belә dilә gәtirmişdi (Ayrı vaxtlarda öz şeirlәrini yeri oldu, olmadı oxumaqda xәsis olduğu bilinәn bir gerçәklikdir). M.İsmayıl bir-birinin ardınca on-on beş şeir oxudu, təkcə oxumadı, həm də yaşadı, özü də ürəkdən yaşadı. O oxuduqca mən necə xoşbaxt bir insan olduğumu düşünürdüm. Və bu dəqiqələri alqışlayıb Allaha şükürlər edir, dua oxuyurdum. Çünki bu da bir qismət idi, qədər qismәt!
Tanrının imzaladığı qədər!
Gecənin yarısına kimi danışıb dərdləşdik. Xəyalən gah Türkiyəyə, gah Azərbaycana, gah da Ufaya gedirdik. M.İsmayılı Ufada, Başqırdıstanın paytaxtında da tanıyırdılar. Çünki onun rus dilindəki “Məktub əvəzi” kitabını oradakı ədəbiyyat adamları, şeirsevərlər oxumuşdular. Və M.İsmayıla bir neçə şərh və təşəkkür dolu məktublar da göndərmişdilər. Xüsusi ilə kitabdakı “Nar”, ”Ümüddən asılan qılınclar” və “Atamın şəkli” şeirləri onların dilindən düşmürdü. Görüşlərdə dönə-dönə onun haqqında danışmağı məndən xahiş edirdilər. Kitabda toplanan yazılar onları da yerindən tərpədib sehirləmişdi. Mənim Moskovaya sәfәrә hazırlaşdığımı eşidəndə Başqırdıstanın istedadlı xanım şairəsi Kandarova Filüzə Məmməd müəllimə çoxlu salamlar çatdırmağımı və kitabı haqqında yazdığı şərhi görüşlərin birində oxumağımı xahiş etmişdi.
Dəqiqələr, saatlar hiss olunmadan bir-birini əvəz edirdi. Vaxtı unutmuşdum, qətiyyən yuxum gəlmirdi, ya da cəsarət eləmirdi gəlməyə.
M.İsmayıl: – Sabah çox önəmli bir gündür,- dedi. – Yatmaq lazımdır. Əvvəlcə saat onbirdə Yuri Kuznetsova həsr olunmuş Konfransda iştirak etməliyik, sonra axşam onsәkkizdә isә Mariya Svetayevanın ev müzeyində kitabımın təqdimat mərasımı keçiriləcək…
Məni yuxu aparmırdı.Ürəyimin səsinə qulaq asırdım. Ürəyim elə döyünürdü ki, az qala səsini Məmməd müəllim eşitsin. Otağımız elә dә geniş olmadığından çarpayımız bir-birinə çox yaxın idi.
Yatmağa ehtiyat edirdim. İstəyirdim ki, əvvəlcə Məmməd müəllimi yuxu aparsın, sonra da məni. Çünki o, daha uzun yol gəlmişdi. Çanaqqaladan İstanbula, oradan da Moskvaya. Bir qürbətdən başqa bir qürbətə. Bir qədər obrazlı desək, dünya qürbətin bir ucundan o biri ucuna gəlib çıxmışdı. Yorulmuşdu. Həm də qorxurdum ki, ondan tez yataram, xorultum onun yatmağına mane olub yuxusunu poza. Ona görə də elə nəfəs alib verirdim ki, ”bu alverim” ona mane olmasın və qəlbimizdə özünə əbədi yuva quran bu incə ruhlu şairimiz rahatca uyusun, dincini alsın. Özü dediyi kimi sabahkı görüş çox önəmlidir. Və orada o, rus dilində böyük rus şairi və tənqidçisi, dahi tərcüməçi Y.Kuznetsova həsr olunmuş “Y.Kuznetsov və xristianliq” konfransında çıxış etməli idi. Konfransda şairin ailəsi ilə yanaşı Rusiyanın hər yerindən, Pribaltika ölkələrindən gələn çox tanınmış ədiblər iştirak edəcəkdilər. M.İsmayıl da elə çıxış etməli idi ki, həm şair dostunun ruhu sevinsin, həm də bir azərbaycanlı yazarı kimi bu çıxış xalqına, yurduna layiq olsun.
Deyəsən Məmməd müəllimi yuxu apardı. Nəfəsini aramla alıb-verməyindən bu hiss olunurdu. Mən dərindən və rahat nəfəs almağa başladım. Onun mışıltısının nəbzini tutub yavaş-yavaş uyumağa çalışdım. Amma uzun muddət məni yuxu aparmadı. Belə bir şairlə görüşməyimə görə çox məmnun idim. Axı sabah mən də Mariya Svetayevanin ev müzeyində çıxış etməli, Məmməd müəllim haqqında danışmalıydım. Ona üç il bundan əvvəl həsr elədiyim şeiri ürəyimdə təkrarlaya-təkrarlaya sabahkı görüşü düşünürdüm. Görkəmli ziyalımız və tәrcümәçimiz S.Məmmədzadənin ruscaya çevirdiyi bu şeiri də orada oxumalı olacaqdım.Bu kiçik çıxışım böyük rus şairləri qarşısında edəcəyim ilk çıxış olacaqdı.
BƏXTİNİN ARDINCA TƏLƏSƏN ADAM,
YAXUD ÖLMÜŞ QUŞUN HEKAYƏSİ…
İkimiz də eyni vaxtda oyandıq. Mәn hardasa yəqin iki saata qədər yatmışdım. M.İsmayılı isə yerinə uzanan kimi yuxu aparmışdı.
Biz tələm-tələsik yola düşdük. M.İsmayıl çevik hərəkətlərlə metronun pillələriylə üzü aşağı yeyin addımlarla irəliləyirdi… Buna nə qaçmaq, nə yerimək demək olardı. Adamlar bu yüyürən nurani kişini görüb özüyeriyən pillələrin sağ tərəfinə çəkilib ona yol verirdilər. O da hamını elə ötüb keçirdi ki, sanki düz yolla gedirdi, ya da qaçırdı. Xəyalımda ani olaraq, onun bir vaxtlar Mockvada oxuyan illəri canlandı. Yəqin ki, o hər gün bu pillələri eyni ilə bu cür keçib getmişdi. Çünki belә görünürdü ki, pillələr də, ayaqlar da biri-birilərini unutmamışdı…
Əvvəlcə mən bu səhnənin fərqinə varmadım. Sonra birdən ayılan kimi oldum. Fikirləşdim ki, Moskva kimi bir şəhərdə bu qədər insan dənizinin dalğaları arasında biz bir-birimizi itirə bilərik. Mən ömrümdə ilk dəfə olaraq metronun bu ucu-bucağı görünməyən özüyeriyən uzun pillələri ilə üzü aşağı- Məmməd müəllimin arxasınca qaçmağa başladım.Hәm dә yıxılacağımdan qorxa-qorxa qaçırdım. O məndən xeyli öndә gedirdi. Mən yüz faiz əmin oldum ki, o məni unutmuşdur. Çünki arxaya baxmadan lap cavan oğlanlarsayağı yeriyirdi, buna yerimәk dә demәk doğru olmazdı, qaçırdı desәm daha yerindә olacaqdır…
Artıq necә tәlaşlandığımı, tərlədiyimi hiss edirdim. Kürəyimin düz ortasından tər damcıları elə mənim kimi üzü aşağı diyirlənirdi. Ona çatmağa çalışsam da arada az qalırdı ki, gözümdən yayına. Ancaq mən buna imkan vermirdim. Özüyeriyən pillələrin düzəlib yola dönəndən sonra Məmməd müllimin sağa, yaxud sola gedəcəyini də bilmirdim. Onun üçün də gözümü ondan çəkmədən arxasıyca var-gücümlə gedirdim. Telefonunda pulu da bitmişdi. Zəng ona çatmırdı. Əslində burada faciəvi bir şey yox idi, sadəcə mən məsuliyyətin nə olduğunu bilirdim. Bir də ki onun kitab dolu əl çantası məndə idi. Rus dilində edəcəyi çıxış da o kitabların arasında qalmışdı…
Nəhayət özümü tər-su içində ona yetirdim.
- Məmməd müəllim, hara qaçırsınız? Məni tamam yordunuz, –dedim.- Yoxsa məni unutdunuz?Arxaya baxmadan qaçırsınız, axı mən də sizinləyəm. Qorxmursunuz bir-birimizi itirəcəyik? Telefonun da işləmir…
O mənə baxıb gülə-gülə cavab verdi:
-Ə, yekə oğlansan, səni unutmaqmı olar?
Və əlini çiynimə qoyub əlavə etdi:
- Sadəcə… çox önəmli bir görüşdür, oraya gecikmək olmaz, geciksək ayıb olar. Haydı, gedək, gedək, –deyib bir də götürüldü.
O bu dəfə daha əvvәlki kimi yox, bir qədər səngiyən kimi yeriməyə başladı. Metrodan çıxdıq. Yenə piyada… Ürəyimdə ani olaraq bir qədər deyindim, çünki Məmməd müəllim mənə taksi çağırmağa qoymurdu. Fikirləşdim ki, bu qədər zülüm nəyə gərəkdir, maşınla rahatca çıxıb gedərdik də…
O isә:
- Sәn Moskvanın tıxacını bilmirsәn, metro ilə getmək daha asan olur,- cavabını vermişdi.
Mən piyada yeriməyi xoşlasam da bu qәdәrinә adət eləməmişdim. Həm də qalın geyinmişdim. Moskva Ufaya nisbətən çox isti idi. Ufadakı iyrimibeş dərəcə şaxta Moskvada altı-yeddi dərəcəyə enmişdi…
Qar tənbəl-tənbəl yağırdı. Yollar palçıqlı idi. Palçıq qarışıq qar әrintisi tərtəmiz ayaqqabılarımın böyür-başını pis günə qoymuşdu. Papağımın altında alnımın necə tərlədiyini və başımın necə islandığını hiss edirdim. Düşünürdüm ki, soyuqlamasam yaxşıdır. Ürəyimdə Allaha yalvarırdım.
Biz artıq M.Qorki adına Ədəbiyyat İnstitutunun dəhlizində addımlayırdıq. Çantanı Məmməd müəllimə verib vanna otağına özümü yetirdim. Çünki Məmməd müəllim mənim tər içində üzdüyümü görüb demişdi:
-Sən xəstələnsən, özümü bağışlamaram… Ancaq sənə heç bir şey olmaz, çünki sən müqəddəs sözün, ilahi sözün işığına tələsmisən.Hər ehtimala görə ora çatan kimi vanna otağına girib alt köynəyini çıxarıb belini qəzetlə qurudarsan. Qəzet kimi suyu canına çəkən heç nə yoxdur.
Mən özümü qaydaya salandan sonra sakit addımlarla, səs çıxarmadan içəri konfrans salonuna keçib arxa cərgədəki oturacaqların birində yerimi rahatladım. Məmməd müəllim çıxış edirdi. Yəqin ki, ona yenicə söz verilmişdi.
O, “Y.Kuznetsovun şeirlərində İslam və Şərq motivləri” mövzüsunda çıxış edərək Y.Kuznetsovun 90-cı illərdə Qarabağ hadisәlәrindә xristian ermәnilәrin yanında yox, bizlәrin, müsәlman türklәrin yanında yer aldığını faktlarla salondakılara çatdırırdı. Daha doğrusu, Y.Kuznetsovun haqqın tərəfində olduğunu açıqlayırdı. Sən demə Y.Kuznetsov Azərbaycanda olmuş, Bakını gəzib sevmiş, Şamaxıdan, İsmayıllıdan, Oğuzdan, Şәkidәn keçib M.İsmayılın doğulduğu Tovuzun təbiət gözəlliyinə valeh olmuşdur. M.İsmayılın atasından yadigar həyəti, qəribsiyən evi müqəddəs bir ocağa oxşatmışdır.
M.İsmayıl çıxışında Y.Kuznetsovun böyük Nizamiyə həsr elədiyi ”Nizami kölgəsi” şeirini dahiyanə bir əsər kimi dәyәrlәndirirdi. M.İsmayılın çıxışından da görünürdü ki, Nizamini çox yüksək qiymətləndirən bu qüdrətli rus şairi Azərbaycan poeziyasına xüsusi məhəbbət bəsləmiş, hələ tələbə illərində Məmmədi-Azərbaycanın gələcək böyük şairini tanımış, onunla dostluq etmiş və poeziyasının vurğunu olmuşdur. Məmməd müəllim rus dilində gözəl və sərbəst danışırdı. O, Y.Kuznetsovun həyatı ilə bağlı maraqlı hadisələri və özünəməxsus qeyri-adi hərəkətlərini qeyd edir, onun simasında dahi bir şəxsiyəti, gözəl bir dostu itirdiyini kədərlə dilə gətirirdi. Həm Məmməd müəllimə, həm də zalda oturanlara diqqәtlә baxırdım. O inamla danışırdı Y.Kuznetsovun dahi rus şairi olduğunu, özünün ədəbi məktəbi və təkrarolunmaz yaradıcılıq yolu olduğunu göstərməklə yanaşı, həm də böyük insan, xeyirxah ürək sahibi kimi sevildiyini xatırladırdı. Çıxışından məlum olurdu ki, onlar yaxın dost olublar və sağlığında özü, ölümündәn sonra isә Y.Kuznetsovun müqəddəs ruhu dostluğunu davam etdir vә şübhә etmir ki, bu Müqәddәs ruh haradasa bu salondadır vә öz dostuna kömәk etmәyә gәlib. M.İsmayıl onu kəşf olunmamış bir ədəbi vә əbədi ada adlandırırdı. Çirkablar içində özünün təmizliyini, paklığını və əyilməzliyini qoruyub saxlayan tək–tənha ada! Bununla belә Mәmmәd müәllim mәruzәsindә rus auditoriyasında öz dostunu tәnqid etmәkdәn dә çәkinmәdi: Y.Kuznetsov “Cәhәnnәmә giriş” poemasında İsa peyğәmbәri dağlara qaldırır vә poemanın bir yerindә adını çәkmәdәn Mәhәmmәd peyğәmbәrә kölgә salacaq misralar işlәdir: Sağlığında üz-üzә gәlsәydik, mәnim dә ona deyәcәk sözlәrim olardı:
Встретили тень. Она билась в падучей, как бес.
То был пророк от небес, но от тусклых небес.
Тёмной гордыне его поклонились арабы,
И почернел от грехов белый камень Каабы.
Он из-под камня издаст им свой вопль боевой -
Тысячи в пропасть бросаются вниз головой.
Poemadakı Mәhәmmәd peyğәmbәri nәzәrdә tutan bu misralara etirazımı bildirәrdim. – Bir peyğәmbәri ucaltmaq üçün, o birinә dil uzatmağın yeridirmi,- deyәrdim. Amma bu sualın cavabı o dünyadadır. M.İsmayıl Y.Kuznetsova həsr etdiyi, ”O da getdi”şeirini əvvəlcə ana dilimizdə, sonra isə M.Smolnikovun tərcüməsində rus dilində kağıza baxmadan M.İsmayıl stilində oxudu. Əl çalanların heyrəti “bravo” səsləri ilə sığallandı:
“Ömürlәr yaman qısadı”,
Sözünü unudub getdi.
Tutmağa bir yeri yoxdu,
Ürәyini tutub getdi..
Çıxışının sonunda M.İsmayıl kağıza baxmadan şairin bir şeirini çox yüksək səviyyədə əzbərdən söylədi. Alqış səsləri zalı bürüdü. Qürurdan gözlərim yaşardı, sevincdən az qala qaçıb Məmməd müəllimi öpmək istədim.
Qürbətdə yabançı bir dildə danışmaq və o dildə ölməz əsərlər yaradan bir şair haqqında layiqli çıxış etməyin və tәnqidi qeydlәrini kimsәdәn çәkinmәdәn belә cәsarәtlә dilә gәtirmәyin nә demәk olduğunu qürbәtdә yaşayanlar bilәr. Bu yalnızca cәsarәt mәsәlәsi deyildi, hәm dә M.İsmayılın, vətəninə və dininə nə boyda məhəbbət bəslədiyindәn dә xəbər verirdi.
Keçmiş İttifaq dövlətlərindən gəlmiş görkəmli şairlərin qarşısında çıxış edən böyük Azərbaycan şairi özündən demədi, o, Y. Kuznetsovdan danışmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının unudulmaz sənətkarlarından söhbət açdı. Xüsusiylə də S.Vurğun, R.Rza və Ə.Kərim kimi dahiləri yada salıb, Azərbaycan –Rusiya mədəni əlaqələrinin daha da genişlənməsini arzuladı.
Məmməd müəllim çıxışını bitirdikdən sonra o, şair dostunun həyat yoldaşı Batimə xanım ilə və məclisi aparanlarla xudahafizləşib, oradan çıxdıq.
Dünyaya dahilər bəxş edən bu ədəbiyyat ocağını bir qədər gəzib ziyarət elədik. Mən bu ocağın ən şərəfli yerində divardan asılmış keçmiş məzunların-bu günün isə, ən tanınmış dünya şöhrətli ədiblərin arasında qarabuğdayı həmyerlimiz Məmməd müəllimin böyüdülmüş cavanlıq şəklini görәndә ürəyim dağa döndü, ora-bura var-gəl edənləri saxlayıb onlara bu şəkli göstərib sevincimi bölmək istədim…
Şəkillərin önündə durub maraqla baxırdım. Onların arasında başqa şair və yazıçılarımızı da axtarırdım… Təəssuflər olsun ki, Məmməd müəllimdən başqa kimsənin şәklini görə bilmədim. Halbuki bu institutda Azәrbaycandan mənim tanıdığim, tanımadığım yüzlәrlә yazıçı oxumuşdu.Üzdən sakit görünsəm də içimdə ümmanlar dalğalanırdı. Bəzən bu dalğalar etiraza dönürdü. Təəccüb, heyrət və anlaşılmazlıq içimdə bir-birinə qarışmışdı… Niyə, nə üçün, nədən?- sualları sinəmi döyəcləyirdi. Sonra o portretin önündə xatirə şəklimizi çəkdirdik.
Mən qürbətdə ilk dəfə olaraq, əsil bir şair kimi sevilən və unudulmayan eloğlumla fəxr etdim, böyüdüm, ucaldım, qol-qanad açdım. Və belə bir sual qəlbimi incitdi: Qəlbi Azərbaycana bağlı, təpədən dırnağa kimi azərbaycanlı olan, torpağını, millətini, ailəsini özündən də artıq sevən belə bir el şairi nə üçün qürbətdə yaşasın? Bunun günahını kimdә axtaraq, mücәrrәd zamandamı, dövrandamı?
Anacaq bütün bu olumsuzluqlara baxmayaraq, mən hədsiz dərəcədə sevinirdim. Çünki M.İsmayılın ziyarətinə gəlmişdim. İlahi sözün, səsin ziyarətinə!.
M.İsmayıl qeyri-adiliyi ilə kimsəyə bənzəməyən sirr dolu, sehr dolu bir sözün sahibidir. O insanları daxili enerjisi ilə sehirləyə bilir. Üzündəki nur, gözündəki işıq o enerjidən, o gücdən su içir, bəslənir. O gücün bir adı var- Eşq! Bax elə o eşq, o sevgi, o istəkdir şairә bu tәkәnmәz gücü verən. Bu cür eşqə ilahi eşq deyirlər. Məhz bu cür eşq dənizləri, okenları dalğalandırır və yeri hərəkətə gətirir, dünyanı işıqlandırır
Bəzilərinin düşündüyü kimi bu eşq bir qadına, ailəyə bəslənən eşq deyil. Bu, o ilahi, dünyəvi eşqin bir zərrəsidir, tərkib hissəsidir. Əsl eşq isə dediyimiz o gücün, o sehrin özüdür. O da ana südü ilə, qan ilə gəlir. Bu cür eşq isə M.İsmayılın gözündə, könlündә və ruhunda var. Elə o eşq idi onu metroda pillələri üzü aşağı qaçıran, elә o eşq idi rus auditoriyası önündə onu dimdik ayaqda saxlayan, adamları sehirləyən, sahibini yaşadan və cavan saxlayan…
Məmməd müəllim yenə də tələsirdi. Yolumuz bu dəfə Mariya Svetayevanın ev müzeyinə idi. Çünki Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə M.İsmayıla həsr olunmuş görüş, kitabının tәqdimat mәrasimi orada keçiriləcəkdi. Məmməd müəllimin dediyinə görə, M.Qorki adına Ədəbiyyat İnstitutundan oraya piyada yolu 15 dəqiqəyə getmək olardı.
Hələ bir saata qədər vaxtımız var idi.
Yenə Məmməd müəllimlə yanaşı gedirdik. Hər şeyin qaydasınca olmasına baxmayaraq o yenə də tәlәsirdi. Bir qədər getmişdik ki, qarlı Moskva küçәlәrinin birindә gözlərim tanış və doğma üzləri gördü…
Qar kimi ağarmış başı, ağ bığları və dağ kişilərini xatırladan gülümsər üzü görən kimi tanıdım. Bu, heç vaxt həyatda görmədiyim, yalnız internet saytlarında, qəzet-jurnal səhifələrində rast gəldiyim və şeirlərini oxuduğum, daim “Kəlbəcər, Kəlbəcər” -deyib kövrələn şair Nəsib Nəbioğlu idi. Və onunla yanaşı addımlayan şairə Afaq Şıxlı, bir də tanımadığım iki-üç azərbaycanlı yoldaş… Danışa-danışa gəlirdilər.
Mən Məmməd müəllimin qolundan tutub ayaq saxladım. Məmməd müəllimə də onları göstərib əlavə etdim:
- Deyəsən, gələn Nəsib Nəbioğludur.
Bir dəqiqə keçməmiş onlar da bizə yaxınlaşdılar və mən:
- Salam, Nəsib müəllim, sizi xoş gördük,- deyib görüşmək üçün ona əl uzatdım.
Onun tutulduğunu görüb, əvvəl Məmməd müəllimi, sonra da özümü təqdim etdim… Görüşmək, öpüşmək və isti ürək çırpıntıları bir-birini əvəz etdi. Afaq xanım Məmməd müəllimi sevgi dolu baxışlarla süzüb, ən əziz adamı kimi üzündən öpdü və çox sevindiyini bildirdi.
Onlar da piyada getməyə üstünlük vermişdilər, çünki metrodan M.Svetayevanın ev müzeyinə az bir yol qalırdı.
İki-üç dəqiqə keçməmiş azərbaycanlılar bizi araya aldılar. Çoxu tovuzlular idi. “Şəhriyar”və “Ocaq” cəmiyyətlərinin üzüvləri də onların arasında görünürdü. Məmməd müəllimi görənlər elə bil böyük bir xəzinə tapmışdılar. Əslində o elə doğrudan da qapısı açılmamış mənəvi xəzinəmiz idi…
O mənə bəzi tapşırılıqlar verib, tələm-tələsık gәlәnlәrә qoşulub getdi. Çünki onu əhatə edənlər cürbəcür suallarla onu dartıb aparırdılar. Mən də buna şərait yaradırdım. Düşünürdüm ki, onsuz da mənimlə bir otaqda qalır. Doyunca söhbət etmәyә vaxtımız olacaq.
Qoy onu yeni görənlər də ürək dolusu danışa bilsinlәr.
Yeni tanışlarımız Mәmmәd müәllimә elə bir qaynar məhəbbətlə yaxınlaşırdılar ki, adamın gözləri sevincdən dolurdu.
Mən bu mənzərəni seyir etdikcə, bir daha inanırdım ki, Azərbaycan xalqı kimi bir-birini istəyən, sevən ikinci bir xalq dünyada yoxdur. Bizim sevgimiz də böyükdür, nifrətimiz də. Ancaq Allah bizi ikincisindən qorusun.
Kitab dolu çanta məndə olduğundan, həm də ağır-ağır yeridiyimdən onlardan bir qədər arxada gedirdim. Elə oldu ki, öndә gedәnlәr məni büsbütün unutdular. Əslindә bu, bir az da mənim ürəyimcə oldu. Yavaş-yavaş, düşünə-düşünə özümçün yeriyirdim. Birdən qarşıma çıxan bir səhnə məni diksindirib, gərgin vəziyyətə saldı…
Avtobus dayanacağının yan tərəfində piyadaların getdiyi səki ilə maşın- asfalt yolunun arasında bir göyərçinin qanlı cəsədini gördüm. Başı yana əyilmiş, dimdiyi yerə dikilmişdi. Ağzından və bədənindən axan qan damcılarını lopa-lopa yağan qar gizlətməyə çalışırdı. Amma bәyaz qarın ağlığında qızıl qanı anındaca üzə çıxırdı… Ürəyim sıxılmağa başladı. Ölən dişi göyərçin idi. Çünki onun ətrafında çığır-bağır salan erkəyi idi. Ölmüş və qanadları yerə sərilmiş quş isə artıq ona əhəmiyyət verәcәk halda deyildi. Bunu görәn erkәk göyәrçin hirslənir, bir qədər də səsini yüksəldir, әtrafda fırlana-fırlana cürbəcür hərəkətlər edirdi.
Qol-qola girmiş heyran-heyran bir-birinə baxan qız və oğlanlar isə ayaqları altına fikir vermədən ölmüş quşun üstündәn adlayıb keçirdilәr. Adamların addım sәslәrini duyan erkәk göyәrçin azca aralnır, ara sakitlәşdikdәn sonra yenә sevgilisinin yanına qayıdırdı.
Bir qədər uzaqda isə qocalıb heydən düşmüş, keçə çəkmələrini yerə mıxlayıb bir-birinin qolundan yapışan ərlə-arvad da mәnim kimi bu mәşum sәhnәyә baxırdılar. Qoca kişinin sümükləri görünən heyrətdən əyilmiş arıq çənəsi bir az da aşağı enmişdi, az qalırdı ki, sinəsinə yapışsın.
Mən yavaş-yavaş yaxınlaşıb gəlib-gedənlərin ayaqları altında qalmasın deyә ölən quşun caynaqlarından tutub qaldırdım və ehtiyatla ərzaq mağazasının beton divarının dibinə qoydum. Erkək quş tələm-tələsik uçub yenidən sevgilisinin üstünü aldı və yenə əvvəlki hərəkətləri təkrarlayır, nə edəcəyini bilmir, sanki kimdənsə kömək istəyir, o yan, bu yana boylanır və imdad diləyirdi.
Sevgilisinin ölümünə inana bilmirdi, sanki quş deyirdi: “Nə uzanmısan burada, dur uçub gedək işimizin dalıyca. Hə, nə durmusan lal-dinməz? Oyan, oyan, eşitmirsən nə deyirəm? Zalım sarıbaş qadın bir əlində siqaret, o biri əlində mobil telefon rezin diyircəklər üzərində gələndə və şaqqanaq çəkib siqaret tüstüsünü püfləyib güləndə sümüyüm sızıldadı, hiss etdim ki, nə isə baş verәcәk. Onun sarı başını görəndə ürəyimə dammışdı, ürәyimә daman kimi dә oldu. Sənin o son günəbaxan tumunu dimdiyinə almaq istəyəndə səsim içimdə çilikləndi, qışqırığım ağzımda qaldı…”
Erkək quş bu sözləri onun qulağına pıçıltıyla deyirdi. Nə qədər yavaş desə də, amma mən eşidirdim, quş dilini bilməsəm də, başa düşürdüm dediklәrini. Başa düşmək üçün, ya da eşitmək üçün təkcə sözlər və səslər lazım olmur ki!? Burada, bu dəqiqələrdə ürək əsas rol oynayır, ürək!
Adamın gərək ürəyi ola! Elə ürəyi ki, həm eşidə, həm başa düşə, həm də görə. Yəni ürəyin həm gözü, həm qulağı, həm də qafası olmalıdır. Bir də ki, belə səhnəni görəndə adamın gözü də açılır, qulağı da. Ürək isə od tutub yanır. Hə.. onu deyirəm axı, mən həm görürdüm, həm də eşidirdim. Quş öz dilində elə yazıq-yazıq ona yalvarırdı ki, adamın ürəyi quşa dönürdü və quş dilində ağlayırdı.
Erkək göyərçin quş sevgilisinin ölümü ilə barışmasa da, elə bil soyuyan kimi oldu.
Bir qədər sakitləşdi, deyəsən yorulmuşdu. Hərəkətsiz yerə sərilmiş sevgilisindən azca aralanıb qeyri- ixtiyari yerə bir-iki dimdik ilişdirdi. Əslində yerdə dә bir şey yox idi, acığını çıxırdı…
Hardansa bir ana sərçə bu an uçub yerə yapışmış quşun yanına qondu və tez bir dimdik vurub onun qanadı altından yumşaq və isti tükdən qoparıb ağzına aldı. Bunu görən göyərçinin elə bil gözlərindən od çıxdı. Bir qırpımda sərçənin başının üstünü aldı və ona elə bir qanad-yumryq ilişdirdi ki, ağzındakı tük yerə düşdü. Sərçə uçub getdi. Göyərçin isə o tükü dimdiyinə alıb döyüşdən çıxan qəhrəman kimi sinəsini qabağa verib qur-qur quruldaya-quruldaya sevgilisinin yanına qayıtdı. Ağzındakı tükü buraxmadan yenə onun başına fırlanmağa davam etdi.
Mən bu səhnədən ayrılıb düşüncələr içində yuxarıda adıçəkilən muzeyə tərəf tələsdim. Və yol boyu bir fikir məni rahat buraxmadı: Bir quş ki, bir quş sevgilisini bu qədər sevir və ona bu qədər sadiqlik göstərirsə, görəsən, nə üçün biz insanlar bir-birimizi bəyənməyəndə “quşbeyin”sözundən təcili yardım kimi istifadə edirik.
Bu fikirlərin qanadında M.Svetayevanın ev müzeyinə daxil oldum. Zal adamlarla dolu idi. Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə təşkil olunmuş bu görüş M.İsmayılın “Məktub əvəzi” kitabının təqdimat mərasiminə həsr olunmuşdu. Kitabdakı şeirləri Rusiyanın dahi şairləri Y.Kuznetsov, A.Kuşner və M.Sinelnikov çevirmişdir. Bu gecəyə tanınmış rus şairləri, ictimai xadimlər və şeirsevərlər gəlmişdilər.
Milli Tədqiqatlar Universitetinin doktoru Moskva höküməti yanında milli məsələlər üzrə Şuranın üzvü Xurşuda xanım Xamrakulova həqiqi poeziyanın çətin tərcümə olunmasından danışaraq, hər bir gözəl şeirin bir dildən başqa bir dilə çevrilərkən, baş verәnlәri ölüb yenidən dirilməyә bәnzәtdi. Amma necə dirilməsındən çox şey aslıdır,- dedi. Yəni o şeir tərcümədə öz mənasını, gözəlliyini, poetikliyini və xəlqiliyini qoruyub saxlaya bilirmi- deyə çoxlarını düşündürən məqamları dilə gətirdi. Və sonra qeyd etdi ki, Məmməd İsmayılın bu sahadə bəxti gətirmişdir, çünki tәrcümәdә onun şeirlər orjinala daha çox oxşayır. Sanki bu şeirləri Məmməd İsmayıl birbaşa rus dilində yazmışdır. Burada həm də iki böyük sənətkarın ürək döyüntüləri hiss olunur. Və sonra o döyüntülər gəlib bir nöqtədə, bir canda birləşir. O can isə poeziyadır. Mənə elə gəlir ki, bu sənətkarların hər ikisinin bu sahədə bəxtləri gülmüşdür.
Çıxış edənlərdən Moskva Yazıçılar Birliyinin katibi Lola Zvanoriyeva, şair tərcüməçilər S.Karatov, İnquşetiyadan gəlmiş Mariyam Yandiyeva, Dərbəndli şairə-jurnalist Bikəxanum, Afaq Şıxlı və başqaları M.İsmayılın böyük və dahi sənətkar olduğunu qeyd edərək, onun şeirlərindən nümünələr söylədilər. Dərbəndli şairə Bikəxanum isə indiyə kimi nə üçün M.İsmayıla Nobel mükafatının verilmədiyini təəssüflə vurğuladı.
M.İsmayılın dostu və yerlisi Saratovdan gəlmiş texniki elmlər doktoru, pofessor Rafail Qəribov Məmməd müəllimin şeirlərinin çoxunu əzbər bildiyini və onun əvəzsiz, təkrarolunmaz bir şair olduğunu söylədi
Məclisi aparan şairin dostu M.Smelnikov sözü Məmməd İsmayıla verdi.
Məmməd müəllim hamiya minnətdarlığını bildirəndən sonra “U poeta net koryerı, u poeta est sudba” A.Blokun sözlərini yada salaraq ürək yanğısı ilə söz sərgisinə başladı.
Əvvəlcə ana dilində, sonra isə rus dilində şeirlərini biri-birinin ardıyca əzbərdən alışa-alışa oxudu, yaşadı, yaşatdı və yandırdı. Zaldakılar məftunluqla ona baxırdılar. Onların gözlərindəki işıq şairə olan hədsiz məhəbbətin, sevginin göz yaşları idi.
Söz mənə verildi. Mən Məmməd İsmayılın poeziyasının onun həyatına, taleyinə güzgü tutduğunu və özünü, sözünü yazdığını dilə gətirdim. Onun canlı bir roman, yazılmamış böyük bir əsər olduğunu yada saldım. Sonra ona həsr elədiyim şeiri S.Məmmədzadənin tərcüməsində oxudum. Eyni zamanda onun Başqırdıstanda,Ufada sevildiyini, hətta şairə xanım F.Kantratovanın ona yazdığı məktubu onun xahişi ilə oxudum.
Məclisin sonunda yenə Məmməd müəllim çıxış edərək Y.Kuznetsova həsr elədiyi “O da getdi” şeirini oxudu, alqış səsləri müzeyin divarlarında asılmış portretləri diksindirib həyəcana gətirdi. ”Məktub əvəzi” kitabını əllərində tutanlardan ibarәt uzun bir sıra düzəlmişdi. Hamı əlindəki kitabda sevimli Azərbaycan şairinin avtoqrafını görmək arzusunda idi. Bir çoxları isə onunla şəkil çəkmək üçün növbə gözləyirdi. Hamının gözlərindən təəssüf dolu sevinc yağırdı.
Sonralar hər iki dildə yazan tanınmış alim yazıçımız Çingiz Hüseynov” Məktub əvəzi” kitabını oxuyub bəyənəcək və çox dahiyanə tərcümə olunmuşdur deyəcək. Və belə bir kitabın təqdimat gecəsində iştirak edə bilmədiyi üçün təəssüfləndiyini bildirəcəkdi…
Görüşdən sonra isə Moskvada yaşayan azərbaycanlılar Məmməd müəllimi qonaq çağırmaq üçün az qala bir-biriləri ilə dalaşacaqdılar. Bir qonaqlıqdan başqa qonaqlıqa çağıracaqdılar. Hər kəs onunla danışmaq üçün mənə zəng edəcək və mənim vasitəmlə onunla görüşməkdən ötrü vaxt təyin edəcəkdilər.
Azərbaycanlılar onun söhbətlərindən doya bilməyəcəkdilər.
Biz isə, gecənin yarısında yorğun-ağrın öz kiçik qonaq evimizə tələsəcəkdik. Bir qədər dincəldikdən sonra isə sabah yenə Y.Kuznetsova həsr olunmuş konfransın növbəti iclasına, axşam saat 18- də isə yeni bir görüşə hazırlaşacaqdıq.
ÖZÜ “MƏN ŞAİR DEYİLƏM” DEYİRDİ,
BƏS BAŞQALARI…
Moskva millətlər evinin zalında oturacaqlarda artıq yer yox idi. Bir neçə adam ayaq üstə durmuşdu. Bu görüşü “Ocaq” ictimai- ədəbi cəmiyyəti Rusiya Yazıçılar Birliyi Moskva şöbəsinin təşəbbüsü ilə təşkil eləmişdi. Burada həm Rusiya ziyalıları, həm də Moskvada və ətraf şəhərlərdə yaşayan azərbaycanlı şairləri və iş adamları iştirak edirdilər. Bu məclis o birilərinə bənzəmirdi, burada daha çox istilik, məhəbbət və doğmalıq gözə çarpırdı. Çünki azərbaycanlılar burada daha çox və aktiv idi.
Məmməd bayramına, poeziya gecəsinə dönüşәn bu tədbiri “Ocaq”cəmiyyətinin sədri, Moskvada yazıb yaradan professor Tofik Məlikli açdı. O əvvəlcə rus dilində məclis iştirakçılarına və Millətlər evinin rəhbərliyinə öz təşəkkürünü bildirərək qeyd etdi ki, çıxış edənlər fikirlərini qısa və yığcam söyləsinlər. Sonra o, Azərbaycanın tanınmış və dahi şairlərinin adlarını xatırlayaraq sözü Moskvada yaşayan şairə Afaq Şıxlıya verdi. Afaq xanım Məmməd müəllimin həsrətində olduğunu, yolunu aylarla gözlədiyini və bu günkü görüşü üçün necə həyəcanlı dəqiqələr keçirdiyini ürək çırpıntıları ilə danışdı. O, M.İsmayılın bir şeirini böyük məhəbbət və istəklə əzbərdən söylədi.
Söz istedadlı şair Nəsib Nəbioğluya catdı. Nəsib müəllim M.İsmayılı çoxdan tanıdığını deyəndən sonra, “imkanım olsaydı belə bir şairə gözəl bir maşın hədiyyə edərdim”,- deyib zarafata keçdi.Və hamıya gülüş hədiyyə elədi. Sonra isә M.İsmayıla hәsr etdiyi işğal olunmuş gözəl Kəlbəcərin göz yaşında batan bulaqlarının harayından, qayaların yollarda qalan gözlərindən qaynaqlanan şerini oxudu…
N.Nәbioğlu sözünü bitirәn kimi Məmməd İsmayıl sinə dağlayan “Mən şair deyiləm atam, qardaşım” şeirilə tüfəngin lüləsindən çıxan güllə kimi cavabını sonraya qoymadı:
MӘN ŞAİR DEYİLӘM..
Bu xalq yeddi yerdәn zavala gәldi,
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bәla gәldi,
Mәn ki, dözüb durdum, dәli olmadım,-
Mәn şair deyilәm, atam-qardaşım.
Nә günә qoydular torpağı, daşı,
Mәliyi düşmәndi Beyrәk әrinә.
Neçә ki, verilib bu xalqın başı
Bu xalqın ağıldan seyrәklәrinә,
Mәn şair deyilәm, atam-qardaşım.
…Dilimdәn çıxanlar tәzә-tәr deyil,
Kim aşiq olası qara qaşıma?!
Hәr adı Mәhәmmәd- peyğәmbәr deyil,
Adıma aldanıb dönmә başıma,
Dönmә, pir deyilәm, atam-qardaşım,
Mәn şair deyilәm, atam-qardaşım.
Vәtәn tikә-tikә, parça-parçasa,
Ömür deyilәnin sonu borcasa.
Yuxuya gedibsә içimdә qiyam,
Dәrәnin axmağı, çölün dәlisi,
Elin iflәmәsi vә nәsi, nәsi,
Bir dә lap inciyim, nә desәn, oyam, -
Mәn şair deyilәm, atam-qardaşım.
…Halından çıxarıb insanı hәdә,
Boş qalan yurdlarda ulaşır itlәr.
Şair Qarabağda, şair Göyçәdә,
Canını el üçün verәn şәhidlәr,-
Mәn şair deyilәm, atam-qardaşım.
Kim açıb, açılan bu nә bazardı,
Kim qaldı, kim aldı, satdı, nә bilim?
Hamının canına düşәn azardı,
Addı, mükafatdı, zaddı, nә bilim?
Mәn şair deyilәm, atam-qardaşım.
Qısmәtim ilahi nurdan demәdi,
Nәfsim qayğıların tәlәb meydanı.
El mәni özünә qurban demәdi,
Yolumu gözlәmәz Hәlәb meydanı,-
Mәn şair deyilәm, atam-qardaşım.
Ucuz qayğılara qarışdı başım,
Kәmfürsәt baxtımın qulağı karmı?
Mәn şair deyilәm,atam-qardaşım,
Mәn şair deyilәm, atam-qardaşımm.
Və… bu misralar hamını yerindəcə dondurdu. Sanki qaysaq bağlamış yaraları qanatmışdı. Qəlbi sinəsindən çıxmaq istəyirdi. Elə bil əlində Şah İsmayıl qılıncı haqq deyib hayqırırdı. Heç kəsin gözləmədiyi möcüzə baş vermişdi. Səhnədə oturanlar arasında Tofik müəllim göz yaşlarını saxlaya bilmədi. Buna çox çalışdı, amma ürəyini göynədib kövrəldən Məmməd sözü və o sözün sehri kirpiklərini qarsıyıb üzünü yandırdı. Qəhər boğazını tutdu. Özündən asılı olmayaraq ayağa durub hönkürən kimi oldu. Titrədi, nə isə dedi, amma başa düşülmədi. Yəqin ki, məni yaman kövrəltdin-demәk istәdi. Üz-gözünü silib özünü bir qədər ələ alandan sonra yerində oturdu. Yadına düşdü ki, həm kişidi (Axı kişilər ağlamır), həm də məclisi aparan. Ona ağlamaq olmaz. Amma qəhər gələndə göz yaşlarıyla gəlir. Göz yaşları isə kimsə ilə hesablaşmır, gəlməyə başladımı qarşısını almaq mümkün olmur, bəla kimi, dərd kimi, ya da baharda gül-çiçək bitirən şıdırğı bir yağış kimi.
Zaldakılar Tofik müəllimi də ötüb keçmişdilər. Mən isə heç bir tərəfə baxmırdım. Çünki istəmirdim kimsə göz yaşlarımı görsün. Ətrafımda oturanlar da mənim günümdə idilər.
Məmməd İsmayıl isə bir şeirdən başqa bir şeirə keçirdi və biri-birinin ardıyca yorulmadan oxuyurdu. O elə bil on, on beş yaş cavanlaşmışdı.Dirçəlmişdi Məmməd müəllim, qırışığı açılmlşdı. Müsbət güc və enerji üz-gözündən, əllərindən aşıb daşırdı. Nitqi gözəl və səlis idi. Baxmayaraq ki, uzun müddət Türkiyədə yaşayır, Çanaqqala universitetinin professoru kimi fəaliyyət göstərir, bircə kəlmə də qardaş türk sözlərini işlətmirdi…
Məmməd İsmayıl “Atamın şəkli” şeirinə keçdi…
O qatar gedirdi qәm çәkә-çәkә,
Yatan körpәnin dә yuxusu qardı.
Açsaydı kor olmuş gözünü bәlkә
İçindә bir ata şәkli qalardı…
Alqış səsləri ona imkan vermirdi. O isə əlini qaldırıb, yəni əl çalmayın- deyirdi. Sonra “Ümüddən asılan qılınc “şeiri və b. şeirlər… Hamısını da əzbərdən bütün varlığı, hissi və həyəcanı ilə sәslәndirirdi:
…Ağlımız yenicә kәsirdi onda,
Bir həsrәt didirdi ürәyimizi
Bir ad dolaşırdı söz arasında.
Umuddan asılan qılınc kimiydik-
Analar qınından sıyırıb bizi
Qoymuşdu baxtıyla öz arasında.
Bu yerlә,
bu göylә,
bu dünya ilә
Eşqiylə, әhdiylә öz arasında!..
Heç kəs özündə deyildi. Bir sözlə, Məmməd İsmayıl zaldakıları tilsiminə salmışdı.Sözün, səsin tilsiminə! Tərslikdən cib dəsmalımı unutduğumdan gözümdən axan duyğuları, ağrıları əlimlə silirdim. Elə fikirləşirdim ki, kimsə məni görmür. Lakin məndən bir cərgə qabaqda sağ tərəfimdə oturan qadın kağız dəsmallardan bir neçəsini çıxarıb mənə uzatdı. Alıb başımla təşəkkür etdim. Bu xanım Dağıstandan gəlmiş şairə Bikəxanum idi.
Məmməd müəllimin səhnədə get-gedə cavanlaşdığını görüb fərəhimdən uçurdum. Sən demə o, səhnədə yaşayan əsl söz ustası imiş. O, şeirdən-şeirə keçdikcə dəyişib başqalaşırdı, tanınmaz olurdu. O anlar mənə elə gəlirdi ki, o yalnız şeir demək üçün və sözə sığal çəkmək üçün dünyaya gəlib. Elə bil möcüzə baş vermişdi. Göz dəyməsin, elə cavanlaşmışdı ki, Məmməd müəllim, kimsə onun yetmiş üç yaşında olduğuna inanmırdı. Çiçəklənmişdi Məmməd müəllim, nəhəng bir dastan qəhrəmana, əyilməz şairə dönmüşdü. Kədərə, dərdə, zülmə qələbə çalan şairə!.
O xoşbəxt dəqiqələrini yaşayırdı. Bütün dərdlərini unutmuşdu, qəribliyini, yaddan çıxmışlığını yaddan çıxarmışdı. Məmməd müəllim, özündə deyildi. İlham pərisinin qucağında idi. Nə ilham pərisi onu buraxmaq istəyirdi, nə də o ilham pәrisindәn əl çəkirdi. Bəli, insan o vaxt xoşbəxt olur ki, öz dərdini, sevgisini mərdi-mərdanə daşıya bilir, Məmməd İsmayıl kimi!
“Barmağıma tikan batanda” şeirinə sığal çəkəndə isə, məndə artıq can qalmadı. Əridim, şam kimi əridim! Ürəyim elə titrədi ki, sinəm göynədi, hönkürtümü güclə saxladım, amma göz yaşlarımı saxlaya bilmədim. Və mən Məmməd İsmayılın dahi bir sənətkar, ölməz bir şair olduğuna bir daha inandım:
Çöldə barmağıma tikan batanda
Üstünə qaçardım əlləri qanlı.
Bir çarpan ürəkdik biz iki canda
Sən oğulcanlıydın, mən anacanlı…
Yaş olub axardı yetim qürurum
Atam da yox idi fərqinə varsın.
Deyərdin, ağlama, gözümün nuru,
Gətir barmağını öpüm qurtarsın.
İndi o ilahi sevgilər hanı
Bir candan keçəydi başqa bir cana.
Öpərdin, kəsərdi əlimin qanı,
Sənin nəfəsində nə varmış, ana?
Yerlərin göylərə diləyi səndin
Baxtına vaxtımın günəşi doğdu.
Dünyaya gəldiyim ana vətəndin
Sən yoxsan, bəlkə heç vətən də yoxdu…
Bəs niyə üstümdən kölgəni çəkdin
Döndərib könlümü neylərə, getdin.
Bəlkə də göylərdən enən mələkdin,
Qayıdıb yenidən göylərə getdin.
İnsanın mənzili ağrılarcadı
Uzanar vtəndən qürbətə acım.
Qan olan ürəyim param parçadı
Sən yoxsan, mən kimin üstünə qaçım?
O insan psixologiyasını, düşüncəsini necə gözəl bilirmiş. Cocuqla cocuq dilində,boyüklə onun dilində danışmağı və onları heyrətləndirməyi ustalıqla bacarırmış. Əmin oldum ki, o, Azərbaycanın unudulmaz, təkrarolunmaz qəhrəman şairi- kişi şairidir.
Səhnədə Məmməd müəllimlə bir sırada oturan gözəl rus şairi və tərcüməçisi M.Smelnikov heyrət içində gah Məmməd müəllimə, gah da zalda göz yaşlarında üzən insanlara baxıb nə baş verdiyini bilmirdi. Şok vəziyətinə düşmüşdü. Başa düşə bilmirdi ki, Tofiq Məlikli kimi görkəmli bir ziyalı, professor və zaldakılar niyə ağlayır, onlara nə olmuşdur?! Bəlkə də o ömründə belə bir mənzərənin şahidi olmamışdı. Buna görә dә nə edəcəyini və nə deyəcəyini bilmirdi. Tez-tez qarşısındakı su şüşәsindәn bardağına su süzüb içir və yan yörəsinə çaşqın-çaşqın baxırdı.
Mən özüm də həyatımda birinci dəfə idi belə bir şairin sehrinə düşürdüm. İlk dəfə idi ki, insanların gözündə şairə qarşı dünya boyda hərarət, istilik və məhəbbət görürdüm.
Ağlayanlardan nə Tofiq müəllim, nə zaldakılar Məmməd İsmayıla yazığı gəlib göz yaşı tökmürdülər və yaxud kədərə, dərdə köklənib kövrəlməmişdilər. Sadəcə hamımızın qəlbində insanlıq, vətənpərvərlik, əyilməzlik və barışmazlıq kimi incə hisslər, kövrək duyğlar təlatümə gəlmişdi. Ali və ülvi duyğular hücuma keçmişdi. Vətənin böyüklüyünü, doğmalığını, unudulmazlığını dərk edir və onun ana kimi fəryadını eşidirdik. Xocalı harayını, Qarabağ şikəstəsini, şəhid qanların şırıltısını və Qədirin hıçqırığını, üsyan qarışıq əvəzsiz səsini eşidirdik. Xarı bülbülü, Sona bülbülü görürdük… Mürgüləyən qeyrətimiz qəlbimizi ovcuna alıb güleyşə nar kimi sıxırdı. Və elə o sıxılan narın qan-qırmızı suyu idi gözlərimizdən aşıb daşan.
Məmməd İsmayıl eşqi, qeyrəti bizi silkələyib oyatmışdı. Bax, ona görə də biz o göz yaşlarımızı tutub saxlaya bilmirdik. Bizdən aslı olmayaraq süzülüb gedirdi. Unudulan eşq kimi, sevgi kimi, qeyrət kimi! Bəlkə də elə torpaq kimi, Vətən kimi.
Nədənsə, bu yerdə bayaq yolda gördüyüm göyərçinlərlə bağlı o dəhşətli səhnə gözlərimdə canlandı. Bir quşun öz quş sevgilisinə hədsiz məhəbbəti və düşüb qaldığı torpağa sədaqəti məni yenidən heyrətə saldı. Və mən bir daha ilahi eşqin gözəgörünməz gücünə, izaholunmaz sirrinə səcdə etdim. İnandım ki, məhz elə o eşqdir o quşu fırladan, mübariz və qorxmaz edən! O sevgidir Məmməd İsmayılın sözü ilə bizi lərzəyə salan və göz yaşlarında boğub birləşdirən. Kaş ki biz də o quş qədər sevgimizə sadiq olaydıq, torpağımızı Məkkə, Mədinə bilib başına dönə-dönə and içəydik…
Axı bizdə o güc, o eşq, o sevgi var! Bunu bu gün burada Məmməd İsmayıl üsyanı, qeyrəti, müqəddəs kədəri, tükənməz eşqi və insanların sevgi dolu göz yaşları bir daha sübut elədi…
Məmməd müəllim demişkən: ”Məmməd İsmayılın qürbət taleyi Vətənin dərdi ilə müqayisədə nə idi ki?- Heç nə”. Bir də ki, bu yol mübarək yoldur, pak yoldur. Hər kəsə bu yol qismət olmur. Bəlkə çoxu bu yola gedir, bu yola düşür. Amma bu yol hər kəsə düşmür, hər kəs o yolu gedə bilmir Məmməd İsmayıl kimi! Bu yol da hər kəsi götürüb aparmır axıra qədər. Axı bu yol Nəsimi yolu, Almas İldırım yolu və Məmməd İsmayıl yoludur.
Yolun mübarək, axırın xeyirli olsun– deyirəm, qardaşım, şairim, ustadım!
Tofiq müəllim Məmməd İsmayılın redaktoru olduğu 1988-ci ildə iki dildə oxucuları sevindirən ”Gənclik” jurnalında gedәn cəsarətli yazılarından söz açdı. Onun fəaliyətini yüksək qiymətləndirdi.
Şair jurnalist İlham Bədəlbəyli o vaxt Moskovadan Məmməd İsmayıla göndərdiyi bir dialoqdan danışdı. Və bu dialoqun sәtirlәrindәn qan iyi gəldiyini və buna görə Məmməd İsmayıl üçün o vaxtlar narahat olduğunu söylədi, amma o dialoqun nədən ibarət olduğunu açıqlamadı.
Tofiq müəllim isə, onun danışığına aydınlıq gətirmək üçün qeyd etdi ki, o vaxtlar Qarboçov höküməti Bakı neftinin heç bir gəlir gətirmədiyini sayıqlayırdı. Biz isə ona cavab olaraq hazırladığımız dialoqda vurğuladıq ki, əgər bu neft sizə heç bir xeyir gətirmirsə, onda onun istismarını dayandırın. Gələcəkdə bizim balalarımıza lazım olar. Bu cür yazılar o vaxtlar çap olunmurdu. Amma Məmməd İsmayıl cəsarət edib o dialoqu Azərbaycanda ilk dəfə olaraq özü- özünü mualiyələşdirən müstəqil “Gənclik” jurnalında həm rus, həm də azərbaycan dilində verib qəlbimizdən tikan çıxartdı. Bu cür xüsusiyətlərinə görə mən deyərdim ki, Məmməd İsmayıl çoxumuzdan fərqlənir. Çünki onun ictimai mövqeyi özünəməxsus, qorxmaz və barışmazdır.
Söz Saratovdan gəlmiş texniki elmlər doktoru və fenomenal yaddaşa malik olan şair Rəfail Qəribova verildi. O, Füzulinin qəzəlini əzbərdən deyərək, onun ruhunun Məmməd İsmayıl yaradıcılığında yeni üslubda sərgiləndiyini açıqladı. Rəfail qardaşımız Məmməd müəllimi dahi Azərbaycan şairi adlandırdı. M.İsmayılın bütün yaradıcılığını əzbər bildiyini vurğuladı. Və əlavə etdi ki, əgər o danışmağa başlasa, sabaha qədər ona qulaq asmalı olarıq.
Mən isə, Məmməd İsmayılın ovsunundan çıxa bilmirdim. Boğazım tutulmuşdu, bütün duyğularım oyanmışdı. Nə söyləyəcəyimi bilmirdim. Sözlər dilimdən perik düşmüşdü. Amma özüm üçün bir onu dəqiqləşdirdim ki, fikrimi çox qısa söyləyim.
Söz məni səhnəyə çəkdi. Mən Məmməd İsmayılın şeirlərini onun övladlarına oxşatdım. Dedim ki, o övladlar bu gün qürbətdə özgə paltarında olsalar da, sinələrində Azərbaycan boyda bir ürək gəzdirirlər. O övladlara uzun və uğurlu yol arzuladım. Sonra ona həsr elədiyim şeiri oxudum.
Məmməd İsmayıl əlavə etdi ki, mən “Qara çəkmələr”i də oxuyum. O qədər həyacanlaşmışdım ki, bu beş bəndlik şeirin bir bəndini unutdum, deyə bilmədim.
Amma çox razı idim taleyimdən, çünki ən boyük arzularımdan biri çin olmuşdu. Üç il bundan əvvəl Məmməd İsmayıla hәsr etdiyim şeirimi onun üzünə baxa-baxa demişdim. Özü də yüksək bir kürsüdə, tanınmış ədiblərin qarşısında. Elə bil çiynlərimdən ağır yük götürüldü, rahat nəfəs aldım. Bu qismətin gözündən öpdüm.
Görüş sona yaxınlaşırdı. Mən isə istəmirdim bu sonluğu. Çünki sevimli şair səhnədə tamam başqa insan olurdu, qeyri-adi, müdrük və olduqca yaddaqalan!
M.İsmayıl yenə məclisi işıqlandırdı. O inamla danışırdı:
-Bu yaşda olmağıma baxmayaraq, yenə ana həsrəti ürəyimi dağlayır, məni uzaqlara aparır.
Mənim anam müqəddəs qadındır. Bütün analar müqəddəsdir, qadınlar yox, analar! Anam məni şair doğub…
Bir qədər fikrə getdikdən sonra ana haqqında şeirini oxudu.
Sonra Məmməd İsmayıl sevimli şairimiz Ə.Kərimin “Ata”şeirini bizə hədiyyə etdi. M.Arazdan, X.Rzadan nümunələr dilə gətirdi. Elə eyni coşqunluqla “Bu qan yerdə qalan deyil” şeirinin alovuna bürünüb hamını odlandırdı. Zaldakılar Məmməd alovunda alışdıqca onun səmimiliyinə, torpaqa bağlılığına, Vətənə sadiqliyinə bir daha inanır, onun böyüklüyü qarşısında baş əyirdilər. Hamı inanırdı ki, bu qan yerdə qalan deyil. Bu qan qanı yuyacaq, bu qan qanlar tökəcək və düşmən tapdağında olan torpaqların qanını mütləq alacaq.
Bu qan Koroğlu qanı, Babək qanı və Şah smayıl qanıdır!…
Azadlıq umurdun bu sәn, bu meydan,
İlahi dilindә inlәyir kaman.
Nә deyir qolları bağlanan imkan,-
qan, qan, qan!
Nә әvәz edәcәk ölәn kәslәri,
Dәymәmiş biçdilәr tәr hәvәslәri.
Layla әvәzimi güllә sәslәri?
Nә deyir daş әlin yazdığı fәrman,
Torpağa gömülәn neçә qәhrəman,
Ölüm sabahına o sökülәn dan,-
qan, qan, qan!
Bir sirrin yolunda yüz xәyal eylәr
Verdiyin daş deyil, ürәkdi, Tanrım.
Bu nakam istәklәr, nakm talelәr,
Nalәlәr nәyinә gәrәkdi, Tanrım?
Torpağın bağrı da od tutub yanır,
Var edә bildikmi biz o yoxları.
Bakının üstündә ruhlar dolanır,
Nakam şәhidlәrin nakam ruhları.
Sәbәbi nә oldu tökülәn qanın,
Neçin yurdun adı Qarabağ oldu?
Qarabağ… Qarabağ… Azәrbaycanın
Yaralı köksündә qara bağ oldu…
Demә varlığını illәt әyibdir,
Dәrdlә öcә düşüb, millәt әyibdir.
Xalqımın köksünә güllә dәyibdir,-
Qan axır şeirimin misralarından,-
qan, qan, qan!
…
Bir Ay adı, bir gün adı
Tapındığım görkün adı.
Yerdә qalmaz Türkün adı,
Yerdә qalmaz yurdun adı,
Yerdә qalmaz qurdun adı,-
Bu qan yerdә qalan deyil.
Bu qan yerdә qalan deyil!
Görüşün sonunda Məmməd İsmayıl hamıya, hər kəsə minnətdarlığını bildirdi. Və dönə-dönə təkrar edib tapşırdı ki, anamızı, balamızı və sevgilimizi sevən kimi torpağımızı da sevsək, düşmənlər o sevgidən qorxub qaçacaqlar. Çünki sevgidən güclü dünyada başqa bir güc yoxdur. Çox yox, bir gün, tәk bircә gün var-dövlәt, ev-eşik, oğul-uşaq qayğısından sıyrılıb könüldәn-candan Qarabağın bizim olduğunu düşünüb onun dәrdini çәksәk, nәinki Dağlıq Qarabağda, heç Yerevanda da bu enerjini hiss edәn bir ermәni qalmaz! Buna inanın!
ƏBƏDİ SEVGİ QAYNAĞI
YAXUD
DÜNYA QƏDƏR SEVGİ…
Bu gün heç bir rəsmi görüş yox idi. Hələ dünənki görüşün havası başımdan getməmişdi. Elə havalı-havalı otaqda var-gəl edirdım. Məmməd İsmayıl bu gün hansısa jurnalın baş redaktoru ilə görüşüb, müsahibə verməli idi. Həm də Məmməd müəllimi o jurnalin redaksiya heyyətinə üzv seçməli idilər. Məmməd muəllim vanna otağında idi. Onunla keçirdiyim günlərin üçü ötüb keçmişdi. Qalmışdı bircə gün-24 saat. Çünki sabah elə bu vaxt biz yola düşməli idik.
Ayrılmalııydıq, istəsək, istəməsək də. O Türkiyəyə, mən isə Başqırdıstana getməli idik, daha doğrusu, uçmalıydıq. Bir qürbətdən başqa bir qürbətə… Saatlar, dəqiqələr çox sürətlə, insafsızcasına ötüb keçirdi. Ayrılıq anımız qəddarcasına yaxınlaşırdı, mən artıq geyinib hazırlaşmışdım. Çarpayımın kənarında oturub ayaqlarıma baxırdım. Əslində onları görmürdüm. Sabahkı günün ayrılıq anını fikirləşirdim. Elə bu an qapı döyüldü. Biz kimsəni gözləmirdik. Gələn kimi idi görəsən.? Mən fikirdən ayrılıb qapını açdım.
Qarşımda 60 yaşlarında, hətta qaşları da ağarmış bir azərbaycanlı durmuşdu. Bu dünənki görüşdə bizimlə tanış olan Moskvada yaşayan rus dilli ziyalı idi. Üzündəki cizgilərdən görünürdü ki, çox əzablar görüb və çox çətinliklərdən keçib. Geyimindən isə o qədər də yaxşı yaşamadığı hiss olunurdu. Amma hərtərəfli məlumatlı bir adam təsiri bağışlayırdı. Salamlaşdıq. Onu içəri dəvət etdim. Ünvanımızı haradan öyrəndiyi mənim üçün aydın deyildi. Lakin üstünü vurmadım. Məmməd müəllim də vanna otağından çıxıb onunla salamlaşdı. O Məmməd müəllimi çox sevdiyini söylədikdən sonra bir ” lazımlı adamın” onunla görüşmək istədiyini qeyd etdi. Deyəsən onun gəlişi Məmməd müəllimi açmamışdı, qanı qaralan kimi idi. Bәlkә adamın qəfil gəlişindən məmnun deyildi, ya başqa bir sәbәb vardı, bilmәdim. Gələn adamın hərəkətləri, danışığı və üzünün ifadəsi xoşuna gəlməmişdi bәlkә dә. Amma heç üzə vurmadı.
M.İsmayıl dedi ki, bizim qabaqcadan təyin olunmuş bir görüşümüz var, ora tələsirik. Bəlkə axşama yaxın sizinlə görüşə bildik, amma söz verə bilmərəm. Çünki vaxtımız çox az qalır. Sabah səhər-səhər çıxıb getməliyik. O isə yekə bir kitabı M.İsmayıla güclə sırıyıb onu oxumasını istəyirdi. Təkid edib deyirdi ki, hökman oxusun, çünki burada çox yanlış fikirlər var.
Az qala kitabın hər cümləsinin üstündən xətt çəkilmiş, karandaşla düzəlişlər qeyd olunmuş və sual işarələri qoyulmuşdu. Bir sözlə kitaba divan tutulmuşdu. Bu kitabın müəllifi çox hörmətli və görkəmli bir yazıçı idi. Məmməd müəllimin bu yazıçıya böyük sayğısı olduğunu bilirdim və ona nə cavab verəcəyini də zənn edirdim. Elə də oldu.
O birdən telefonu Məmməd müəllimə uzatdı ki, o,”lazımlı adamla” danışsın. Sən demə o bizimlə danışa-danışa”o lazımlı adamın” nömrəsini yığıbmış. Məmməd müəllimin telefonda onunla sərt və qısa danışığından aydın oldu ki, ”lazımlı adam” göylə gedənlərdən imiş. Sonra mənə baxıb qaş-gözlə başa saldı ki, onu bayıra çıxarım.
Mən paltomu götürüb geyinmək istəyirdim ki, birdən bu rus dilli ziyalı paltomu əlimdən tutub güclə almaq istədi. Əvvəlcə bir şey anlamadım. Düşündüm ki, yəqin məni geyindirmək üçün belə edir. Etiraz edib dedim ki, a kişi ayibdir, siz məndən yaşlısınız, olmaz! O isə, sanki məni eşitmir, tutduğunu buraxmaq istəmirdi.
Dili topuq çala-çala deyirdi:
- Qoy mən geyindirim Məmməd müəllimi, qoy belə bir xoşbəxtlik mənə də nəsib olsun.
Mən yalnız indi başa düşdüm ki, onun fikri nədir. Sən demə Məmməd müəllimə palto tutmaq istəyirmiş. Düzü,bu mənim heç ağlıma gəlməmişdi. Dedim:
- A kişi, bu palto mənimdi, Məmməd müəllimin deyil.
Sonra əlavə etdim ki, biz çıxaq çölə, qoy Məmməd müəllim əynini dəyişsin, orada onu gözləyək.
Biz qonaq evindən çölə çıxdıq.
Onun ağarmış saçlarına, bir qədər aşağı sallanmış alt dodağının titrəyişinə baxdım, düzünü deyim ki, ürəyim sinəmdə əsən kimi oldu.
Ancaq o sözünə davam edirdi. Elə hey o kitabın müəllifini və kitabın içindəkilərini tənqid edirdi. Hər sözün axırında isə ”Tı ponyal menya, net?, Tı ponyal menya, net?” sözlərini təkrarlayaraq, sinirdən tez-tez gözlərini döyürdü.
Danışığından və üz-gözündən duyulurdu ki, çox zəhmətkeş olan bu adam doğma yurd-yuvasından qürbətə köçüb gedən və orada uğur qazana bilməyən, arzuları tapdanan və öz yerini bulmayan minlərlə el oğlularımızdan biridir. Mənə elə gəlirdi ki, bu adam öz hisslərini, fikirlərini daha düzgün desək, əsil sifətini gizlədə bilmir. Bu cür adamlardan başqaları öz xeyri üçün çox istifadə edirlər. Belələrindən heç vaxt nə ciddi casus olur, nə də sadiq dost. Çünki onların düşüncələri dilinin ucundadı… Məni tanımaya-tanımaya hər şeyi açıb deyirdi, sandığı açıb pambığı tökürdü.
Məmməd müəllim gəlib çıxdı və yeyin addımlarla yola düzəldi. Biz də onun arxasınca götürüldük. Qonağımız onunla çiyin-çiyinə getməyə cəhd etsə də, bir addım geri qalırdı. Yeriyə-yeriyə elə tapşırırdı ki, hökmən o kitabı oxusun və öz fikirlərini bildirsin. Məmməd müəllim bir qədər ləngiyib ayaq saxladı və ona tərəf dönüb xudahfisləşmək üçün əl uzadıb dedi:
- Qusura baxmayın, biz tələsirik, həm də başqa səmtə gedirik. Axşam tərəfi zəngləşib görüşərik.
O bizdən ayrılıb dönəndə yenə tapşırdı:
-Hökmən oxuyun, Məmməd müəllim, orada çox haqsızlıqlar var…
Biz ondan xeyli aralanandan sonra hər ikimiz geri dönüb ona tərəf baxdıq və bir az dərindən nəfəs alıb rahatlandıq.
Biz Rusiya Yazıçılar Birliyinin binasının birinci qatındakı restorana girən kimi ofisiant oğlan bizi gözləyənlərin stoluna tərəf ötürdü. Onlar iki nəfər idilər. Biri topa saqqallı kişi, o biri isə bizim tanıdığımız Lola xanım. Olduqca mehriban, üz-gözündən səliqə-səhman yağan bir xanımdı! Danışanda həmişə üz-gözü gülürdü. Yaşından bir qədər cavan görünürdü. Cavan qızlara uyğun saç formasında və gözlərində hələ qadınlıq təravəti özünü göstərmәkdә idi.
Lola xanım çay içə-içə Məmməd müəllimin həyatı və yaradıcılığı ilə bağlı suallar verirdi. M.İsmayıl verilən suallara cavab verdikcə mənim gözlərimdə o daha da böyüyürdü. Sən demə, Məmməd müəllim bir şair kimi yetişənə qədər çox əzablı və işgəncəli yollar keçibmiş. Dörd yaşında ikən həddindən artıq çox sevdiyi doğma əmisi ölüm ayağında Məmmədi yanına çağırıb qəm ləpələnən gözlərini ona zilləyib deyibmiş:.
-Nəslimizi sənə tapşırıb gedirəm, bilirəm ki, sən bizim başımızı ucaldacaqcan.
M.İsmayıl anası ilə bağlı xatirələri danışanda isə, körpəcə uşağa donürdü. Gözləri saflıqdan və təmizlikdən parlayırdı. Və bu anlar mənə elə gəlirdi ki, o hələ də atasının arxasıyca yollara boylanan balaca Məmməddir.
Atasız, ya da anasız böyüyən uşaqlar nə qədər ağır həyat yolu keçsələr də, nə qədər yaşa dolsalar da onların qəlbində böyüməyən körpəcə bir uşaq boy göstərir. Və ömrünün sonuna qədər o böyüməyən uşaq onun qəlbinin saflığını qoruyub saxlayır. Mən bunları Məmməd müəllimin üzündən oxudum.
Məmməd İsmayıl ilk sevgisinin ilk görüşünə doğma Əsrik kəndindən Tovuza getməyə və orada sevgilisinə dondurma almağa və yoxud onu kinoya dəvət etməyə pulu olmur… Anası bunu biləndə, yeganə çil toyuğu qoltuğuna vurub satmaq üçün sübhdən payi-piyadə rayon mərkəzinə gedir. Qarın, yağışın altında qalıb axşama kimi toyuğu sata bilməyib, yenə kəndə qayıdır. Anası Gülzar xanım da, qoltuğundakı o çil toyuq da tamam islanmışdı.
Anası oğlunun ilk görüşünə pul verə bilmədiyi üçün dərd çəkir, toyuq isə satılmadığına, bir kino puluna getmәdiyinә görə utandığından başını qanadına soxmuşdu. Bu səhnə, əlbəttə, Məmmədə çox təsir etmişdi. Anasının bazara getməsindən xəbəri olmamışdı. Çünki anası sübh çağı çıxıb gedəndə o hələ yatırdı.
Sonra o atasının son məktubundan danışdı. Anası o məktubu ən əziz, müqəddəs dua kimi, sehirli göz muncuğu kimi oğlunun yaxasına tikibmiş ki, ona göz dəyməsin və şərdən-xətadan qorusun, atasız oğluna arxa, dayaq olsun! Çox sonralar Məmməd, yalnız məktəbә gedәndәn, oxumağı, yazmağı bilәndәn sonra tay-tuşları ona “sәn xәstәsәn, bizimlә gülәşә bilmәzsәn, xәstә olmasaydın anan yaxana dua yazdırıb tikmәzdi” deyә sataşandan vә oğlunun tәkidindәn sonra anası göz yaşları içindә o duanın qara örtüyünü qayçıyla kәsib, yağışdan, qardan sәtirlәri qarışan kağızı oğluna uzadıb “Al oxu” deyәndәn sonra bilәcәkdi gәlәcәk şair o duanın içindә nәlәrin olduğunu!
Məmməd İsmayıl suallara cavab verdikcə və həyatından bu cür epizodları danışdıqca gözlərimdə onun şəxsiyyəti daha da böyüyür və yeni bir Məmməd dünyası öz əyilməzliyi ilə göylərə ucalırdı… Onun romanlara sığmayan bir ömür yolu varmış sәn demә…
Mən inanıram ki, bir vaxt gələcək M.İsmayıl haqqında poemalar, romanlar yazılacaq və onun hər bir şerindən doktorluq disertasiyası üzə çıxacaq. Elə adamlar da tapılacaq ki, onun haqqında yazı yazmaq üçün bir ölkədən başqa bir ölkəyə gedəcək. Mən buna inanıram. Bunu mənə qaynayan qanım, narahat ruhum, yad vә uzaq Moskvada gördüklәrim diktə edir.
Bizim burada olduğumuzu bilən Moskvada yaşayan Azərbaycan ziyalılları, iş adamları, Saratovdan və başqa yerlərdən gələn həmyerlilərimiz dəstə-dəstə tez-tez içəri girib Məmməd İsmayılın vaxtı ilə maraqlanırdılar.
Mən arada stoldan qalxıb aralanırdım ki, gәlәnlәrә məlumat verim…Çox hörmətli ziyalılar və iş adamları M.İsmayılı restoranlara yeməyə dəvət edirdilər. Əslində yemək bir bəhanə, vasitə idi. Onlar Məmməd müəllimə olan mənəvi ehtiyacın yerini doyurmaq istəyirdilər. Bəziləri deyirdi ki, heç olmasa, simvolik olaraq oturub 10-15 dəqiqəlik çay içə-içə söhbət edək.
Hamı onunla görüşmək arzusunda idi. Moskovada yaşayan azərbaycanlılar arasında bir canlanma baş vermişdi. Az qalırdı ki bu dəstələr Məmməd müəllimə görə öz aralarında dava-dalaş salsınlar. Çoxları narazı-narazı çıxıb gedirdi. Amma həddindən artıq çox istəyənlər, ürəkdən bu işə qoşulanlar dözüb gözləyir, səbr edirdilər.
Mən qayıdıb M.İsmayıla qısa da olsa, bu canlanmadan məlumat verirdim.
Lola xanım dəftərçəsinə nə lazım idisə, hamısını yazıb qurtarmışdı…
Topa saqqallı şair-jurnalist dostumuz M.Smelnikovla qədəhləri cingildədirdilər. Mişa bir az gec gəlmişdi. M.İsmayıl və Lola xanım yemək yeyə-yeyə şirin-şirin danışırdılar…
Sonra biz onlardan ayrılıb azərbaycanlılara qoşulduq. Məmməd müəllimin arzusunda olanlar, sözünə-söhbətinə böyük maraq göstərənlər onu dilə tutub “Bakı” restoranına yalnız çay içməyə dəvət etdilər… ”Yalnız çay içmək” söhbəti uzun çəkdi, çooox uzun.
Biz gecə yarısına qədər orada söhbət edib dərdləşdik. Sabah yola düşəcəyimizi eşidənlər təəssüfləndiklərini bildirdilər. Və hamı sabah bizi, daha doğrusu Məmməd İsmayılı ötürmək üçün aeroporta gələcəyini deyirdi. Məmməd müəllim isə hamiya ciddiliklə etiraz edirdi ki, narahat olmasınlar.
19.02.12
Biz çamadan- çantalarımızı yığışdırıb ortaya qoymuşduq. Ikimiz də düşüncələr aləmində idik. Gözəl təəsüratla Moskovadan ayrılacaqdıq. Lakin hələ otaqda idik, geyinib hazır durmuşduq.
M.İsmayıl yenə bir-iki şeirini mənə hədiyyə etdi. Və nə üçün mənim danışmadığımı soruşdu.Dedim ki, mən vaxta qənaət edirəm, Məmməd müəllim, danışsam sizin üçün vaxt az qalar, onsuz da zamanımız tükənir… Ona görə susuram. Istəyirəm elə siz danışasınız, mən isə qulaq asım. Ancaq bir bayatı çağıracam,-dedim:
Səlyandan gəmi gəldi,
Kür daşdı, gəmi gəldi.
Ağla, gözlərim ağla
Ayrılıq dəmi gəldi.
-Ə,saqqalın ağarsın sənin, nə ayrılıq, ayrılıq deyirsən? Biz ayrılıb eləmirik, sadəcə başqa-başqa səmtlərə gedirik, ruhumuz isə birdir. Hələ biz çox görüşlər keçirəcəyik, İnşallah, qəm eləmə…
Əl telefonuma zəng gəldi. Bu Ş.İ.Xətainin vəziri Miskin Abdal nəslindən Dədə Şəmşirin atası olan Ağdabanlı şair Qurbanın nəticəsi Abbas idi.Uzun müddət hərbidə çalışan Kəlbəcərli Abbas. Üst-başından Kəlbəcər dağlarının ətri gələn Abbas! Şəxsi maşını ilə gəlmişdi ki, bizi aeroporta qədər ötürsün.Çox mərifətli və təmkinli bir insan idi.
M.İsmayıl dünən ona etiraz edib deyəndə ki, ehtiyac yoxdur, bəyim ,gəlmiyəsən.O isə cavabında demişdi:
-Nə danışırsınız, Məmməd müəllim?! Bu nədir ki, mən sizin kimi şairin yolunda hər şeyə hazıram.Vallah, elə canımdan da keçərəm. Siz xlqımızın əvəzsiz, böyük şairisiniz. Mən sizi ötürməsəm, babamın ruhu məni bağışlamaz.
O bu sözləri elə ürəkdən demişdi ki ,ikimiz də susmuşduq.
Biz Abbas qardaşla Məmməd müəllimi uğurlayandan sonra, içimizdə bir boşluğun yarandığını hiss elədik…Xeyli danışmadıq. Sanki ikimizin də ürəyi,dili və düşüncəsi teyyarədə uçurdu…
Baloğlan Cəlil
Ufa, 14.04.2012-ci il.
- Yorum yapmak için giriş yapın