CƏNUBI AZƏRBAYCAN ƏDƏBIYYATINA IŞIQ SALAN DOLĞUN BIR ƏSƏR...
Azərbaycan ədəbiyyatı bəlkə də tarixi keçmişi, milli məfkurə yaddaşı baxımından dünyanın nadir mədəniyyət nümunələrindəndir ki, bu ədəbiyyatı bitib – tükənmək bilməyən bir bulağa bənzətsək, düşünürəm ki, yanılmarıq. Bu bulağın kökləri o qədər dərindədir ki, gözü əsla və əsla qurumur. Onun gözünü nə qədər kor etməyə çalışsalar da, onun qabağında nə qədər süni maneələr yaratmaq istəsələr də yenə də özünə bir yol tapıb sədləri, bəndləri, bərələri aşır, rəvan bir biçimdə axmaqda davam edir.
Azərbaycan ədəbiyyatı, ələlxüsus da böyük bir tarixə keçmişə və adət - ənənəyə malik olan poeziyamız hər bir dövrdə nadir söz inciləri yaradan qələm adamları, sözə könül verən insanlar yetirir, onun bağrından qopub gələn həmin qələm adamları, sözə könül bağlamış insanlar isə Söz mülkündə özlərinə bab bir xanə inşa edir, o xanənin ətrafına ən gözəl naxışlar vuraraq özlərindən geriyə yadigar qoyub gedirlər. Həmin Söz mülkünü və tayı – bərabəri olmayan həmin xanəni daha sonra ziyarət edən insanlar isə bu xanənin dəyərini dərindən duyur, dərk edir və bu xanənin sahibinə vurduğu zərif və incə, amma eyni zamanda əbədiyaşar naxışlar üçün təşəkkür edir, ruhuna rəhmət oxuyurlar.
Söz mülkümüzün necə sənətkarları, necə ustadları olublar ki, onlar haqqında nə qədər yazılsa da, onlar haqqında nə qədər söz deyilsə də, yenə də azdır. Onlar haqqında deyilən bütün sözləri bir araya yığsan sadəcə bütün deyilən sözlər onların bir şah beytinə dəyməz. Amma bu heç də o mənaya gəlməməlidir ki, biz həmin qüdrətli söz aşiqlərinin söz bağındakı gülləri dərməməli, onların qoxusunu, ətrini ciyərlərimizə çəkməməliyik. Elə o söz bağının güllərinin bəlkə də gözəlliyi ondadır ki, həmin gözəllikləri iylədikcə, qoxuladıqca, məst edən ətrini ciyərlərinə çəkdikcə o güllər ətirlərindən, gözəlliklərindən heç nə itirmir, bəlkə də gözəllik üstünə gözəllik, ətir üstünə ətir gəlir, nur üstünə nur yağır.
Biz hər dəfə o ətri qoxuladıqca, ciyərlərimizə çəkdikcə daha bir dəyişik haləti – ruhiyyə düşürük. Şərqin könül Sultanlarından İmam Qəzali bu anı necə də gözəl təsvir edir:
“Bu elə bir əhvaldır ki, qaal ilə(yəni dil ilə! – red.) yox, hal ilə yaşanır”. Bəli, hal ilə yaşanan bu gözəlliklərimizin bir axar bulağı da, - bulaq bir az səthi alındı – qıjhaqıj axan dəli dağ çayı da məhz bizim həmin Söz mülkümüzün Sultanlarının bizə ərməğan, yadigar qoyub getdikləri sözlər, fikirlər, düşüncələr, dadından doyum olmayan “gül”, “bülbül”, “saqi”, “mey” kodlu şeirimizdir, ədəbiyyatımızdır.
Kod dedim, bəli, məhz kod! Şərqin ədəbiyyatı, xüsusən klassik ədəbiyyatı məhz kodlar üzərində bina edilib. Onun kodlarını isə maddiləşən, fərdiləşən, özünə qapanıb dünyaya aludə olan dünyalı çözə bilməz. O, baxsa və görsə ki, Şərqin böyük mütəfəkkirləri “saqi, mənə mey ver” – deyirlər, heç şübhəsiz, düşünəcək ki, bu şeir, təbiri – caizsə, hansısa barmenə müraciət formasında yazılıb. O, bunu belə anlayacaq, çünki beyninin inkişaf gücü bundan o tərəfi qəbul etmir. Şəms Təbrizi ilə Mövlanə Cəlaləddin Rumi arasındakı mənəvi bağlılığı bu günkü mənəviyyatdan, Şərqin düşüncə arealından bixəbərlər necə qəbul edirlər? Bu da həmçinin! Çünki Qərb fərdiyyətçidir və hər şeyə öz fərdiyyətçi prizmasından baxır. Şərqdə isə bir “toplum” anlayışı hakimi – mütləq olub. Və o hakimi – mütləq olan “toplum” anlayışı mütəfəkkirlərin əsərləri, şairlərin qələmə aldıqları divan ədəbiyyatının klassik şeir nümunələri ilə Şərq insanının canına, qanına hopub. Ona görə də Şərq insanı qonşusuna, qohumuna, əqrəbasına bağlı olub, bir – biri ilə sıx əlaqəsi olan, bir – birinə kəmənd kimi bağlı olan qoca Şərqin hər bir fərdi ayrı – ayrılıqda həm filosof, həm astronom, həm həkim, həm mühəndis, həm üləma və bəlkə də bütün bunların başında Haqqın səsini insanlara çatdırmaq üçün bir vasitə, bir vəsilə sayıla biləcək bir Şair olub. Şeirin, istər əruz olsun, istərsə də heca, heç fərq etməz, amma gerçək şeirin yazıldığı bir məmləkətdə, bir yerdə, bir qitədə heç şübhəsiz şeirin, qələmin, informatorluğun hesabına cəmiyyət də inkişaf edirdi(etməli idi də!), insanlar mənəvi təmizliyin ən pik nöqtəsinə də çatırdılar(çatmalı idi də!), daim tor qurub onları öz ağuşuna almaq üçün çarpışan dünyanın məkri, fitnəsi, böhtanı, qısır düşüncəsi o informator cəmiyyətinin hesabına o qədər gülünc və cılız görünürdü ki, insanlar ona gülürdülər. Həm də şeir vasitəsi ilə:
Yeri, yeri, yalan dünya,
Yalan dünya deyilmisən?!
Yeddi yol boşalıb, yenə
Dolan dünya deyilmisən?!
Şərq ucalığını, Şərqin böyüklüyünü öz çiynində daşıyanların və bu müqəddəs yükün, bu qutsal əmanətin ağırlığını, sanbalını dərk edərək ona etina ilə yanaşanların başında heç şübhəsiz ki, Türklər gəlib və bizlərin də Azərbaycan türkləri olaraq bu qutsal qövmə aid olduğumuzdan daim çiynimizi bu yükün ağırlığı altına vermişik, daim bu millətin, bu davanın, bu təfəkkürün böyüməsi, ucalması, inkişaf etməsi, qolunun bükülməməsi, belinin əyilməməsi üçün çapalamışıq, Söz mülkümüzdə ətir qoxuyan güllər yetişdirən, həmin güllərdən sevgi çələngləri toxuyan Ərlər, Ərənlər yetişdirmişik. Sizlərə elə gəlməsin ki, bu Ərlərin, Ərənlərin işləri – gücləri elə Söz mülkümüzdə ətir qoxuyan güllər yetişdirmək, yetişdirdikləri həmin güllərdən, çiçəklərdən sevgi çələngləri toxumaq olub. Qətiyyən! Onlar at belində doğulub, at belində də ölüblər. Elə qəhrəmanlıqları, ərlikləri, ərənlikləri də onda olub ki, at belində olanda, qılınc qurşananda, əmud, qalxan tutanda da o gözəl hisslərdən, o ülvi duyğulardan sapmayıblar. Belə baxanda onların qılınc tutub, at belinə minib qəzavata getmələrinin səbəbi nə olub? Bircə səbəb! Dünyada haqqı - ədaləti, İlahi, mütləq nizamı, düzəni bərpa etmək!
Azərbaycan Söz mülkünün bağbanlarının, güldərənlərinin kanı və məkanı haqqında bir kitab var indi qarşınızda. Kan və məkan, bəli! Bir az da iddialı səslənəcək, amma bütövlükdə Türk dünyasında nə qədər sözünü demiş, möhrünü vurmuş mütəfəkkir varsa axtarsaq, araşdırsaq bir rişəsi gedib o torpaqlara çıxacaq, ordan qidalandığı məlum olacaq.
Filologiya elmləri doktoru, professor, istedadlı və görkəmli şair – publisist Vüqar Əhməd bizlər üçün dəyərli məxəzləri, qiymətli mənbələri, araşdırıb bu unikal əsəri ortaya çıxarıb. Bu əsərin kökündə əslində 1950 – 1980, 1990 və 2000 – ci illər Cənubi Azərbaycan şeiri, poeziyası, ümumilikdə isə ədəbiyyatı incələnməyib, bu kitab geniş oxucu auditoriyasına “Biz kimik?”, “Özümüzü necə tanımalı və təsdiq etməliyik?” – sualları verilib və bu suallara birgə cavab axtarılmağa çalışılıb. Çünki bu sualların cavabı indiyə kimi bizlərə o qədər dərin qatlarda gizlənibmiş kimi təqdim edilib ki, biz heç həmin suallara cavabı düşünməmişik belə. Sadəcə, bir xilaskar qəhrəman obrazı uydurmuşuq beynimizdə və həmin xilaskar qəhrəman obrazının gəlib bütün bu bilinməyən sualların cavabını tapacağını gözləmişik. Əslində, həmin sualların cavabı bizim poeziyamızda, klassik heca və əruz vəznlərində qələmə alınmasından asılı olmayaraq, üzünü Şərqə tutan poeziyamızda gizlənib, çox da dərində belə deyil, sadəcə üstünü kül örtüb və oğul gərəkdir ki, bu külü kənara çəkib o korun – korun ocağı yenidən alışdırsın. Şəhriyarı, Səhəndi, Sahiri, Behrəngisi,Tudəsi,Tərlanı,Azəroğlusu,Əli Daşqını,Hadi Qaraçayı, Məlihə Əzizpuru olan (bu sadəcə Cənubi Azərbaycan poeziyasına aid olan imzalardır!) bir poeziya isə qətiyyən yox ola bilməz. O ocağın üstünü nə qədər kül bassa da, yenidən alovlanacaq, yenidən ortaya bir – birindən dəyərli poeziya nümunələri çıxaracaqdır.
Tədqiqat əsərində təkcə Cənubi Azərbaycan poeziyasının ən müxtəlif dövrlərinə işıq salınmır, həm də bir millətin gen yaddaşının səhifələri vərəqlənir, həmin şanlı səhifələrdə mövcud olan tarixi dəyərlər oxucuların nəzərinə, diqqətinə çatdırılır. Onu deyə bilərik ki, bu kitab Cənubi Azərbaycan poeziyası ilə bağlı məxəz rolunu oynamaqla yanaşı, eyni zamanda XX əsrdə bu ərazidə baş verən tarixi, siyasi – ictimai hadisələrə işıq tutmaq baxımından qiymətli bir mənbədir. İnanırıq ki, sizlər də bu kitabı məhz bu aspektdə dəyərləndirəcək və oxuduğunuz kitabdan ayrı bir zövq alacaqsınız.
Oktay Hacımusalı
- Yorum yapmak için giriş yapın