Həmyerlimiz Rusiya Federasiyası Yazıçılar Birliyinin "Çexov" medalı ilə təltif olunub
Azərbaycanlı şairə, hazırda Moskvada yaşayan həmyerlimiz Könül Ordubadi yaradıcılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Rusiya Federasiyası Yazıçılar Birliyinin təsis etdiyi Anton Pavloviç Çexov medalı ilə təltif olunub. Medal şairəyə Rusiyanın Lipetsk şəhərində keçirilən Beynəlxalq Şairlər Festivalında təqdim olunub.
Bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, Könül Ordubadi yaradıcılığı ilə Rusiyada formalaşan ümumi ədəbi mühitə öz töhfəsini verir, Azərbaycanın yüksək mədəniyyətinin təmsilçilərindən biri kimi, ümumrusiya mədəniyyətinin zənginləşməsində səylərini əsirgəmir. İştirakçılar şairənin Azərbaycan dilində səslənən şeirlərini alqışlarla qarşılayıblar. Sonda Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının prezidenti Marat Kalandarov Rusiya Federasiyası Yazıçılar Birliyinin təsis etdiyi "Çexov" medalını Könül Ordubadiyə təqdim edib. Bu barədə ətraflı məlumat Latviyanın paytaxtı Riqa şəhərində işıq üzü görən "Nostoyaşiye Vremya" jurnalında dərc olunan məqalə ilə geniş oxucu kütləsinə çatdırılıb.
Qeyd edək ki, yaradıcılıqla bağlı olan digər təşkilatlarla da sıx əlaqə saxlayan Könül xanım Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Federasiyası Yazıçılar Birliyinin və Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının üzvüdür. Keçən il "Buta Plaza"da keçirilən tədbirdə şairə xanım Azərbaycan ədəbiyyatının Rusiyada təbliğinə görə ilin mükafatına layiq görülmüşdü.
- Yorum yapmak için giriş yapın