Moskvada QADIN ŞAİRLƏRİN yaradıcılıq gecəsi
“Qadın böyük qüvvədir!” - dediklərində, heç də səhv etmirlər. Çünki, qadın - əsil qadın – həqiqətən də ali və müqəddəs bir varlıqdır. Qadın – Anadır! Onun dünyaya gətirdiyi insan – bəşəriyyətin şahıdır.
Müasir dövrümüzdə qadın kəlməsi daha böyük anlamlar kəsb edib. O yalnız ana, həyat yoldaşı və ev xanımı deyil, həm də cəmiyyətin həyatında əvəzolunmaz rol oynayan, ictimai baxımdan əvəzsiz bir insandır. Qadın –müəllim, qadın – həkim, qadın – yaradıcıdır: yazardır, bəstəkardır, rəssamdır...
Öz vətənində yaşayan xoşbəxt Azərbaycan qadınından fərqli olaraq, qürbətdə yaşayanların çiynində daha bir neçə böyük məsuliyyət vardır. Vətəndən uzaqlarda öz milli mentalitetini yaşatmaqla, övladlarına doğma ana dilini öyrədib sevdirməklə, vətən torpağına məhəbbət aşılamaqla, tarixinin ağrılı-acılı səhifələrini tanıtmaqla yanaşı, o, həm də öz milli qürurunu qorumalı və öz Azərbaycan qadını obrazı ilə ömür sürdüyü yad torpaqda hörmət və rəğbət qazanmalıdır.
Bu günlərdə, Moskvada yaşayan ziyalı qadınlardan ibarət Moskva Qadınlar liqasının təşəbbüsü və azərbaycan dilli 157 saylı Moskva orta təhsil məktəbinin müəllim kollektivinin köməyilə Moskvada yaşayan şairə xanımların yaradıcılıq gecəsi keçirildi.
Gecədə şairə Afaq Şıxlının, Mehparə Hümbətovanın və gənc şairə Nilufər A.Şıxlının şeirləri, şairələrin öz ifasında və məktəbin müxtəlif millətdən olan şagirdlərinin ifasında səsləndi.
Tədbiri qadınlar liqasının sədri Mehparə Hümtova açdı. O toplaşan hər kəsi, bütün ədəbiyyatsevərləri salamladı. Bu günkü günün Azərbaycan ədəbiyyatının inkişafına və onun Moskvada tanınmasına bir qatqı olduğunu bildirərək sevincini gizlətmədi.
Gecənin təşkil olunmasında böyük əməyi olan müəllimə və metodist Sevil İsmayılova da öz gələn qonaqlara salam və təşəkkürlərini bildirdi.
Musiqili-ədəbi gecə məşhur tarzən Qorxmaz Axundovun urəkləri riqqətə gətirən tarının gözəl notlarıyla başladı.
Müəllimə Xalidə Əliyeva öz gözəl səsilə hər kəsi kövrəldərək payız nəfəsli bir şeir oxudu.
Sonra söz şairə Afaq ŞIXLIya verildi. Afaq xanım qonaqlara sözə və sənətə olan sevgilərindən dolayı 157 nömrəli məktəbim müəllim və şagird kollektivinə, eləcə də Mehparə xanıma öz dərin minnətdarlığını bildirdi. Şairə iştirakçıların təkidilə “Yağış yağır” və “Mənə mələyim de!” şeirlərini ifa etdi.
Şagirdləri və müəllimləri, o cümlədən Aybəniz Tağıyeva, Xalidə Əliyeva Afaq xanımın bir neçə lirik, eləcə də vətənpərvər şeirlərini oxudular və şairənin sözlərinə bəstələnmiş “Bir gün” mahnısı ifa olundu.
Bundan sonra gənc şairə Nilufərə söz verildi. Nilufər, bu gün onun ilk yaradıcılıq gecəsi olduğunu və bundan çox xoşbəxt olduğunu bildirdi. İlk öncə özü, sonra isə milli geyimdə olan azərbaycanlı və rus balaları onun şeirlərini oxudular. İştirakçıların xaişi ilə, gənc şairənin Moskva ədəbi mühitində artıq bəyənilmiş və çox sevilmiş “MASKİ” şeiri də səsləndi. Şeirlər böyük rəğbətlə qarşılandı.
Gecədə Afaq xanımın anası Şixlinskaya Mirvari xanım iştirak edirdi. Səhnəyə dəvət olunan Mirvari xanım bir ağbirçək kimi qürbətdə yaşayan oğul və qızlara öz xeyir-duasını verdi və bu gün sevincindən gözlərinin dolduğunu, öz dilini və millətini sevən soydaşları ilə fəxr etdiyini, həm də öz qızının yaradıcılığı ilə qürur duyduğunu bildirdi.
Tədbirin rəsmi hissəsinin sonunda tarzən Qorxmaz Axundovun və afaq ŞIXLInın birgə çıxışı oldu. Tarın müşayətilə şairənin “Səni gözləmişəm” şeiri qərib ürəkləri duyğulandırdı və kövrəltdi.
Tədbirin ikinci hissəsi, Qorxmaz bəyin sarı siminin və Afaq xanımın piano dillərinin səsləri altında, şairənin öz mahnılarının və xalq mahnılarının notları altında, gözəl bir çay süfrəsi bə səmimi söhbətlərlə tamamlandı.
Bu gözəl yaradıcılıq gecəsinə görə, 157 saylı məktəbin rəhbəri Elmira İsmayılovaya öz təşəkkürlərini bildirdilər.
“RİA Xəbərlər”in Azərbaycan versiyasının müxbiri və redaktoru
Nilufər.
Moskva
- Yorum yapmak için giriş yapın