“Rafiq Qurbanov qəribə taleli alimlərimizdəndir. Böyük alim, istedadlı şair tərcüməçi, xalq dilinin zərgəri Osman Sarıvəllinin oğlu olsa da, qohumları, dostları və sevənləri çox olsa da özü xoşbəxt adam deyildi. Ona işi gətirməyən, bədbəxt adam da demək olmazdı. Belə fikir daha yanlış olardı. O, daxilən tək idi”.
Bu fikirlər Rafiq Qurbanovun yaşıdı olan Fikrət Qocaya məxsusdur.
Taleyinə imperiya paytaxtında yaşamaq düşən, ədəbiyyatı yox, fizikanı seçən, həyatını-yaradıcılığını fəlsəfəyə həsr eləyən, üstəlik, yad millətdən olan xanımla ailə quran bu qəribə adam haqda Moskvada yaşayan azərbaycanlıların isti xatirələri var. Təmiz insan idi deyirlər. Müdrik idi, yumor hissi vardı - belə xatırlayırlar.
Rafiq müəllim haqda mən ilk dəfə xalq yazıçısı Elçinin 80-ci illərdə yazdığı bir məqalədə oxumuşdum. Rafiq müəllimi yazıçı istedadlı bir filosof kimi təqdim eləyirdi. Ondan sitat gətirmişdi.
Rafiq Qurbanov ədəbiyyatla,ciddi-peşəkar ədəbi yaradıcılıqla məşğul olmasa da, hərdən şeirlər yazar, bədii tərcümələr edərmiş.
Sovet şairinin filosof oğlunun qısa tərcümeyi-halını və şeirlərindən bir neçəsini təqdim edirik. Bu şeirlərin əldə olunmasında bizə yardım göstərmiş dəyərli dostumuz Tariyel Süleymana ayrıca təşəkkür düşür.
Qurban Yaquboğlu
Rafiq Osman oğlu Qurbanov (Rafiq Sarıvəlli) 1937-ci il iyunun 11-də Bakı şəhərində anadan olub. 1953-cü ildə Bakı şəhər 199 saylı orta məktəbini qızıl medalla bitirib, Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub və 1960-cı ildə əla qiymətlərlə ali təhsili başa vurub.
1960 -1961- ci illərdə Azərbaycan EA-nın Kimya İnstitunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1961-1964-cü illərdə SSRİ EA- nın təbiət elmləri şöbəsinin fəlsəfə bölməsinin aspiranturasında təhsilini davam etdirib.1964-1969-cu illərdə Azərbaycan EA- nın Fəlsəfə və Hüquq İnstitutunda, 1970-1999 - cu illərdə Rusiya EA-nın Fəlsəfə İnstitutunda işləyib.1969-cu ildə namizədlik, 1989-cu ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.
1994-1996-cı illərdə Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində mühazirələr oxuyub. M.Lomonosov adına Moskva Dövlət Universitetində, Moskva Fizika və Texnika institutlarında dərs deyib. Moskva Dövlət Pedaqoji Universitetində doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvü olub.
200-dən artıq elmi işin, habelə “Fizikada fəlsəfi əlaqələr kateqoriyası” monoqrafiyasının müəllifidir.
2004-cü il dekabrın 7-də Moskvada vəfat edib, Azərbaycanın Qazax rayonunda dəfn olunub.
Ürək yanılmayır
Haraya baxıram güldür, çiçəkdir,
Ürəksə inləyir - yad torpağıdır.
Ağbəniz qayınlar necə göyçəkdir!
Ürəksə inləyir - yad torpağıdır.
Yenə gəl-gəl deyir ana təbiət,
O nə hüdud bilir, nə də ki sərhəd.
Könlümü çulğayır yenə məhəbbət,
Ürəksə inləyir - yad torpağıdır.
Nədən yad olsun ki, mənə bu yerlər,
Yarpızlı çəmənlər, yemlikli çöllər,
Vələsli, palıdlı geniş meşələr?!
Ürəksə inləyir - yad torpağıdır.
Rafiqim, nədəndir qaynamır qanın?
Burda səsi gəlmir sazın, kamanın.
Harda ruhu yoxsa Azərbaycanın,
Ürək yanılmayır - yad torpağıdır.
Krım körpüsü
(Moskva çayının üstündəki asma körpü nəzərdə tutulur)
Göylərdən asılmış polad sinəndən
Ora-bura keçir gündə min sənəm.
Bilmirəm bu dərdə necə dözürsən,
Sən Krım körpüsü, Krım körpüsü?!
Sənin daşıdığın o müqəddəs ad,
Bizlərə doğmadır, özgələrə yad.
Səni gördüm, yenə açdım qol-qanad,
Mən Krım körpüsü, Krım körpüsü!
Körpüyə bənzəyir ömürün yolu,
Olumdan ölümə gərilib qolu.
Gedirəm, qalginan gözləri dolu
Sən Krım körpüsü, Krım körpüsü!
Desin
“Mən-mən” deyib mənliyini unutma,
Qoy sənə tərifi özgələr desin.
Havalanıb qartal kimi uçmanı
Göylər desin, külək desin, yel desin!
Adam tərif etməz özü-özünü,
Əyrini əyri de, düzə düzünü.
Bağlamaq olarmı elin gözünü?
Qoy sənə qiyməti doğma el desin.
Rafiqin yenə də qaynadı qanı,
Alçaltmaz, ucaldar insan insanı.
Şairim, sinəndə coşan ilhamı