Sultan MƏRZİLİ: RAMAZAN DUASI
Gəldi aylar ayı, Ramazan ayı,
Möminlər sevinclə çəkdi harayı.
Acın harayına toxlar gülsə də,
Allahdan qismətdir hər kəsin payı.
Bir üzüm gilətək sıxar gözümü,
Bircə Ay küpədə saxlar özünü,
Dərdə dərman kimi içilən zaman,
Ya ağ, ya da qara eylər üzümü.
Ey dünyalar quran rəhmli Rəhman,
Dualar eylərəm, keç günahımdan!
Məni bağışla ki, möminlər yatsın,
Hər gecə dincəlib dərdli ahımdan.
Nə üzü qarayam, nə üzü ağam,
Yolunda yolçuyam nə qədər sağam.
Bəzən yol azsam da dumanda, çəndə,
Məhəmməd nuryna qayıdacağam.
Mənə tuş gəlsə də gələn hər bəla,
Düşməz gözlərimdən Məkkə, Kərbəla.
Sevərəm, öpərəm buyruqlarını,
İstər Qara torpaq, istər Daş ola!
Bu məkan deyilən, zaman deyilən,
Din üçün sərmayə, iman deyilən,
Adının sirrinin bir damlasıdır,
Elm, əqil, inam, güman deyilən!
Aç o qapıları, pakların üçün,
Milyonlar içində təklərin üçün!
Zərrələr hökmünlə günəşə dönər,
Anlarsa, Allahu-Əkbərin üçün!
- Yorum yapmak için giriş yapın