Sultan Mərzili. Xəstəliyin sonu (hekayə)
Maral xanım bərk xəstələnmişdi. Oğlanları, qızları başına pərvanə kimi dolanır, həyat yoldaşı əldən-ayaqdan düşüb az tapılan bahalı dərmanları yerin deşiyindən, yəni apteklərin piştaxtasının ən gizlintili yerlərindən tapıb alır, gətirib xanımına çatdırırdı.
Hər yeni dərmandan bir-iki həb atdıqdan sonra: “Tay bundan atmeyjam, köməy eləmir!”- deyən Maral xanımın ürəkyandıran kədər dolu səsi hamını əl-ayağa salır, vurnuxdurub qaçdı-qovdu oynadırdı. Dərmanlar topa-topa yığılır, evi-eşiyi bürüyürü. Evdən də aptek qoxuzsu gəlirdi. Qohumlar qohumluq və nəzakət xatirinə, tanışlar isə qonşuluq və tanışlıq xatirinə gəlib ona baş çəkir, bir az ordan-burdan söhbət edib, çay içib, yastığına yüngüllük arzulayıb gedirdilər. “Vallah, səndə heş zad yoxdur, özünü bijdiyə vurma!”- deyənlər də olurdu. Belə hallarda Maral xanım inciyib: “Yox aaz, vallah ölürəm, arsızlığıma salıb deyib-gülürəm, neyliyim? Siz gəlmisiniz deyin, eynim açılıb!”- deyə cavab verir, xəstəliyinin tarixçəsindən, hər dərmanın necə tapılmasından, neçəyə olmasından ətraflı söhbət açır, tibb elmindən xeyli biliklərini nümayiş etdirirdi. Maral xanıma qulaq asanda onun heç bir həkimə ehtiyacı olmadığını, elə həkimlərdən də az bilmədiyinə inanırdın. Xəstəliyinə baxmayaraq şux bir qadın idi. Məzəli söhbətlər edir, gəncliyinin, xatirələrindən, ərə getmək macərlarından şirin-şirin danışırdı. Yazan olsa, hekayə-roman olardı. Gənclyində gözəl-göyçək, həmişə diqqət məkəzində, məclislər bəzəyi olmuş bir xanım imiş. Heç özü də bilmədi ki, qəfildən necə ağbirçəkləşdi. Oğul evləndirdi, qız köçürdü, nənə oldu. “Qocaldım ay bala, mənnən nənə olar?! Hamma, nəvə də şirin şeydi, haaa…”- deyə öz-özünə təskinlik də verirdi.
Maral xanımı xəstə edib yatağa salan bəlkə də kiçik qızı Leyla idi. Ali təhsilli, gözəl-göyçək, gül parçası kimi qız. Di gəl ki, vur boynumu, ərə getmərəm deyirdi. Anasının təkidlərinə: “Ay mama, səni belə qoyum hara gedim, aaz gəlin saa qulluq eliyəndi?! Bir dəfə eliyəjək, iki dəfə eliyəjək, sora deyəjək ki, mən sizə hambal dəyiləm ha!” Maral xanım qızının sözlərində həqiqət görür, bunu da özünə bir dərd edib qapalı çevrə boyunca hərəkət kimi çıxılmaz hala düşürdü. “Maral xala, niyə xəstəxanada yatmırsınız?”- soruşan olanda da cavab verirdi: “Ay bala, vallah qoymuşdular, lap bahalı xəstəxanıya. Ev kimi, hər şey də var idi.Uşaqlar da gündə yanımda idilər, evdən-eşikdən olurdular, onçün. Həm də, irgənirəm xəstəxanadan, lap nə qədər təmiz olsa da. Uşaqlara da qıymıram.” Beləcə, dövrə yenidən qapanır, hər şey xəstə bir aləmə düşürdü.
İnsan ağır xəstə olduqca onun şanı-şöhrəti də artmağa başlayır. Əbəs yerə müdriklər elə şan-şöhrətin də xəstəlik olduğunu deməyiblər. Ya deyiblər?! Məsələn, eşidirsən ki, qulaqlara qurğuşun, filan yerdə ağır bir xəstə var, Almaniyaya, yaxud da Amerikaya aparacaqlar.Ya da ki, Yaponiyaya. Sahibinin imkanından asılı olaraq. Bu, hətta Həccə getməkdən üstün olmasa da, elə o cürə bir yüksək mərtəbə sayılır. Xalq buna yaxşı qiymət verir. Başı ağrıyan bir ətək pul verib başını yapon tomoqrafının içinə salanda, müalicə bir yana, ağıl da çox şeyi başa düşür. Robot kimi ağıllı olursan. Həə, köpəyoğlunun Yapon robotları yaman ağıllı olurlar. Onlarca ağlımız olsaydı, nə dərdimiz vardı ki. Məsələn, Qarbağ dərdi.
– Ağdam niyə xaraba qaldı? Yəə-vay dərdindən!- Maral xanım özü deyib, özü də cavab verirdi.- Bazarın o tərəfində, Şahbulağın ağappaq kub daşlarından tikilmiş evlərimiz vardı… O evin balkonu elə Bakının üçotaqlı evi boyda olardı! Böyük şəhərin böyük də dərdləri var, bala. Qrad nə təhər düşdüsə, evin yarısı getdi! Kişini qəlpə yaraladı, uşaqları Allah saxladı. Güclən qaşdıq canımızı qurtaqdıq. Evlərimiz dolu qaldı, qızdarın ceri-gehizdəri, oğlannarımın toy xırım-xırdaları. Balalarımın qadası-balası olsun! – deyib bir az susur, sonra əlavə edidi. - Danışmıram bala, danışanda lap pis oluram! - deyib iri ala gözləri doluxsunub susardı. Ağlamazdı, hökmlü, zabitəli bir arvad idi. Amma, Maral xalanın da maral kimi gözəlliyini, qürurunu zaman sındırmaqda idi. Kim bilir, bəlkə də arvadı xəstə edib yorğan-döşəyə salan elə torpaq dərdi idi. Heç nə özü, nə də həkimlər açıb tökə bilmirdi. Dünyada hansı alim, professor, torpaq dərdi adlı bir xəstəlik tapıb? Bu quş qripi, donuz qripi deyil ki?! Torpaq xəstəliyinə əlacı nədir? Ya torpağın üstü, ya da altı. Hə, kim inanar ki, torpaq dərdindən adam xəstə düşər?! Adamlar hamısı işində-kefində, qaçqın pulu alanlar, yardım alanlar, uşağını pulsuz instituta qoyanlar… “Hayıf deyil qaçqınçılıq!” - Bakının mərkəzində erməni evlərinə doluşmuş ucqar kənd adamları arasımda belə düşünənlər də az deyildi. Restoranlar, şadlıq evləri, bağ evləri… Hələ heç toy evlərində, bu qədər saylarına baxmayaraq, maşallah, növbə də tuta bilmirsən. Camaat elə bil şənliyini keçirməyə darıxırmış. Üzdən söysələr də, ürəyində erməniyə rəhmət oxuyanlar da var idi. Hələ hər gecə erməni qancıqlarına mələk deyib qucaqlayıb yatanları demirəm. Maral xala belə düşüncələrdən azaylanıb deyirdi:
- Ay bala, görmürsən nə deyirlər?! Ağrım o televizorun içinə! Torpaqlarımız qayıtsın!
Torpaqlarımız qayıtsın! Urus qoymur, Amerika qoymur. Olların nə vejinədi?!
– Bəs nə deməlidirlər ay ay arvad? Desinlər, qayıtmasın?!- bu sualları yüz dəfə eşitmiş qızı Leyla anasını sakitləşdirməyə çalışırdı. Maral xanım sözünü israr edirdi:
- Yox ey, ay bala, torpaq heyvan deyil ha, azanda qayıtsın gəlsin! Torpağı qeyrəti olan arvad-kşi silah götürüb qaytarmasa, erməni adama torpaq verər? Onda, tay nəyə tutmuşdular?
- Tutmuşdular ki, evimizi-eşiyimizi qarət etsinlər. Ay mama, internetdə baxmışam, Ağdamda bir çöp də qalmıyıb, hamısını söküb aparıblar. Özü də İrannılardır ey söküb aparanlar. Kamazdarınan daşıyırlar. Hələ bir özdərin musurman da sayılar, boylarını yerə soxduqlarım. Bircə məscidin minarələri qalıb. Ona da əlləri çatmayıb yəqin. Tay erməni neynəyəcək, gözünə soxmacaq ha torpaqları?!
- Gözünə də soxacaq, bəbəyinə də! Bax, mən mən olum, siz də siz! Onda görərsiniz! - deyə hikkələnib əsəbiləşirdi. Evdə sanki Qarabağ parlamentinin iclası keçirilirdi. Amma bu iclasın qərar-qətnamələrindən dünyanın xəbəri yox idi. Belə hallarda Leyla anasının könlünü alıb fikrinini dağıtmaq üçün aralığa söz qatardı:
- Mama! O “Qarabağın maralı” mahnısını saa yazıflar, düzünü de!
- Nə bilim, ay bala, balaja qızıdım. Novruzlu İsgəndər deyirlər, bizə gəlmişdi. Atamın dostu idi. Bəkə də, maa yazıf. Yalannan dəə bilmərəm! - deyib gülümsünür, kefi açılardı. Sakitləşib düşüncələrə dalar, xəyal aləmində götür-qoy edərdi. Şükür Allaha, uşaqlarını yönbəyön eləmişdi. Pis-yaxşı, hamısının ev-eşiyi də var idi. Bakıda olanı Bakıda, olmayanı da Quzannı tərəfdə, təzə qəsəbələrdə ev almışdılar. “Allah Heydər Əliyevə rəhmət eləsin, oğlu İlhama da! Diriyə də rəhmət düşür!” – deyirdi. Bircə Leylanı da köçürə bilsəydi. Bir də elə bir quş kimi Ağdamın üstündən uçub həyətdəki şax tutun budağına qonub bircə dəfə öz həyətlərinə baxa bilsəydi, uf da deməzdi. Ölməkdən qorxmurdu, torpağını görmədən ölməkdən qorxurdu.
Yayın istisində-bürküsündə Ağdamın “Qarabağ” komandasının oyunu Maral xalanı da maraqlandırmışdı. Oğlanları, həyat yodaşı ilə birlikdə Aqil Abbasın çağrıçına qoşulub oyuna stadionda baxmağa getmişdilər. Evdə özü ilə qızı Leyladan başqa heç kim yox idi. Üzünü qızına tutub dedi:
- Bala, o televizoru bir az bu yana çək, mən də baxım, görüm kim udajax! Allah eləsin, bizimkilər udsun. Seyid Lazım Ağanın cəddinə nəzir deyirəm!
- Allah qəbul eləsin, ay mama!
Leyla televizorun yerini rahatladı. Azərbaycanı bürümüş futbol gərginliyi sanki ekrandan axıb evlərə, tamaşaçıların ürəklərinə də dolmaqda idi. Oyunun başlanmağına hələ bir neçə dəqiqə qalırdı. Leyla kanalları çevirib hansında ekranın təmiz göstərəcəyini yoxlamağa çalışırdı. Hövsələsi daralan Maral xala:
- Ay qız, tay qoy bir yerdə qalsın dayna, indijə başdeyjax! – dedi. Ekranda 23 iyul, Ağdamın işğalından 16 il ötdüyü haqqında dünyaya səpələnmiş ağdamlıların yanğılarından hazırlanmış xəbərlərin sonu bitməkdə idi. “Lider.az”-ın Moskva müxbirinin hazırladığı xəbərdə ağ saçlı bir şairin sözləri sanki bütün qarabağlıların harayı idi, ekrandan səslənirdi: “Oyadaq torpağı, oyadaq daşı, Oğullar yığılıb bu dərdə gəlsin. Başlasın müqəddəs Vətən savaşı, Pənahxan qeyrətli sərkərdə gəlsin!” Haray bitdi. Maral xalanın “hə, bu saat yüyürüf gələjəklər!”- atmacası sözü tamamladı. Oyun başlandı.
Ağzınacan dolmuş stadion əvəlcə səsini içinə çəkib həyacanla susurdu. Oyunçuların inamlı oyunu üzə çıxdıqca uğultu artır, güclənir, fırtınalı dənizin səzinə bənzəyirdi. Dolu stadionda azarkeşlərin, bəlkə də bütün Azərbaycanlıların dünyanın hər yerindən ona baxdıqlarını duyan, hiss edən oyunçular, sanki göy çəməndə adi top qovmurdular, Qarabağ uğrunda döyüşə atılmışdılar. Bu gün uduzmaq olmazdı, bu gün bəlkə də ruhlar aləmində də Qarabağın taleyi həll olunurdu. Ürəklər dolmuş, gözlər yaşarmışdı. Sanki Aqil Abbasın çağırış sözləri gözəgörünməz qələmlə yazılıb göylərdən, lap ucalıqlardan, Allahın ətəyindən asılmışdı: “O uşaqları ağlatmayın, onların sizdən başqa heç kimi, heç nəyi yoxdur!”.
Maral xala dikəlib yastığa söykəndi, bütün diqqətini mavi ekrana, oradan ötüb yamyaşıl meydançaya keçirdi. Elə bil meydanda ora-bura qovulan top deyildi, onun ürəyi idi. Elə bil, o top, o rəqib qapısından keçsə idi, onun da azarı-bezarı bitəcəkdi… Dəqiqələr işğal illəri kimi ötüb getməkdə idi. Çox güclü rəqibə qələbə çalmaq zor görünürdü. O hündür, at kimi zorba, gözünə qaraların da qatıldığı urus kimi sarışın rəqiblərin qarşısında yazıq “Qarabağ”lıların nəyi vardı? Adam ürək-göbəyini yeməsin, neyləsin?! Yox, “Qarabağ”lıların Qarabağı var idi, əgər unutmayıblarsa. Həyəcanlanmış Maral xala arabir: “Vur! Vur! Əyaxlarına qurban olum ay bala, vur dayna!”- deyib oyunçulara kömək diləyirdi. Arvad sanki yumurulanıb top kimi olmuşdu, özü uçub topla birgə rəqib qapısına girmək istəyirdi. “Nahaq qoymadıq Dəmir futbol oynaya”, deyə kiçik oğlunun yaxşı futbol oynaması yadına düşdü. Sonra da, öz özünə cavab verdi, “qorxduq dayna, uşaqdı, ayağı-başı qırılar. Hamma, indi oynasa, bəlkə də vurmuşdu”:
- Qool! - diktorun səsi, Leylanın səsinə qarışdı. Stadion nəhəng bir əydaha kimi uğuldadı! – ”Qoool!”- dünyanın hər yerindən oyunu izləyən azərbaycanlıların səsi yer kürrəsini dolanıb Qarabağın ağrılı yaralarını sakitləşdirmiş kimi oldu.
- Əyaxlarına canım qurban, ay bala! - Maral xala qiyyə çəkdi, əlini ürəyinin üstünə qoyub bir
də yavaşdan təkrar etdi. - Canım qurban…- Başını arxaya, divara söykəyib susdu. Qapıya vurulmuş qol iri ala gözlərində donub qaldı. Gözləri dolmuşdu. Onun işıqlı və gözəl cizgiərini saxlamış üzündə xoşbəxt bir ifadə vardı. Daha heç yeri ağrımırdı. Sonbeşiyi Lelanın “Ay mama, ay mama! Aaz, saa nooldu?!” harayları uzaqalardan, ulduzların yanı qədər dərinliklərdən gəlirdi. Geniş açılmış ala gözlərində əks olunan ekranda “Qarabağ”lıların qələbəyə çevriləcək mübarizəsi davam edirdi.
İiyul – avqust, 2009. Moskva “ Kult az” saytı
- Yorum yapmak için giriş yapın