TÜRKIYƏDƏ KITAB YARMARKASINDA IŞTIRAK ETMIŞ YAZIÇI EYVAZ ZEYNALLININ TƏƏSSÜRATLARI
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən biri də yazıçı Eyvaz Zeynallıdır. O. 1950-ci ildə Ağdamda doğulmuşdur. Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsini bitirmiş, bir müddət məktəbdə müəllim işləmişdir. 1993-cü ildə Ağdam rayonu ermənilər tərəfindən işğal olunandan sonra məcburi köçkün kimi Bakının Lökbatan qəsəbəsində məskunlaşmışdır. Bir müddək Ukrayna və Rusiyada yaşamışdır.
Yaradıcılığa erkən yaşlarından başlayan E.Zeynallının ilk hekayəsi 9-cu sinifə oxuyarkən mətbuatda çap olunmuşdur. İlk kitabı 1990-cı ildə “ Yazıçı nəşriyyatında işıq üzü görmüşdür. Müəllifin əsərləri türk, rus, gürcü, macar, türkmən və s. dillərə tərcümə olunmuş, kitabları nəşr edilmişdir.
Eyvaz Zeynallı hekayələri ilə bir sıra müsabiqələrin qalibi olmuşdur. O, bu yaxınlarda Türkiyədə kitab yarmarkasında iştirak etmişdir. Onun qısa təəssüratını oxuculara təqdim edirik.
Sultan Mərzili
****
İstanbula səfərim, dəvətim Ferfir və Anatoli Yayınevinin, yəni nəşriyyatının müdiri Şeref Yılmaz tərəfindən olmuşdu. Keçən il Şərəf bəy mənim "Əski bisiklet" ( Köhnə velosiped) adlı hekayələr kitabımı çap etmişdi. Elə həmin bu vaxtlar mən həmin İstanbul kitab sərgisinə getmiş, kitabımı orda imzalamışdım. Eyni zamanda növbəti kitabımın müqaviləsini imzalamışdım. Bu dəfəki "Qisas" romanım idi, "İntiqam" adı ilə çap olundu. İstanbuldakı kitab sərgisi CNR adı ilə hər il keçirilir. Çox gur keçir. Fevralın 26-dan martın 5 i arasında. Martın 4 -də saat 16-dan 18-ə qədər sərgidə mən kitabımı imzaladım. Şeref beyin deməyinə görə "Eski bisiklet" kitabımdan lap az qalıb, payızda 2-ci dəfə nəşr ediləcək. O kitabdan Kültür Bakanlığı ( Mədəniyyət nazirliyi) bəyəndiyinə görə 200 ədəd alıb kitabxanalara paylayıblar. Məni hələ İstanbula getməmişdən Qəhrəman Maraşa dəvət etmişdilər. Şeref bəylə mən ora təyyarə ilə uçduq, 6-sı gecəsi,7-si və 8-də orda olduq. Südçü İmam adına Maraş universitetində müəllim və tələbə heyəti ilə görüşdük. Rektor müavininin (onlarda bu status xüsusidi, əlavə bir neçə prorektor var) məlumatına görə 28 min tələbə oxuyur. Böyük şəhərcikdi, müəllim və qulluqçularla birlkdə əhalisi 40 mindi. Sonra biz şəhər bələdiyyəsində, maarif şöbəsində olduq, şəhəri gəzdik. Universitetdə 2 azərbaycanlı qadın müəllim də vardı, biri zəngilanlıydılar.
Bu dəfəki kitab mənim Türkiyədə çap olunan 3-cü kitabım idi. İlk kitabım "Kara(b)ağlayan hikayeler" 2011-ci ildə Ankarada çap olunub. Keçən il İstanbulun başqa bir nəşriyyatında, "Çiviyayınlar"ı adında, "Bələdçi" romanımın çapı barədə müqavilə imzalamışdıq. Dolların qalxması ilə əlaqədar vəziyyər pisləşdiyinə görə romanın nəşri gecikir, amma dedilər, bir iki aya çap edəcəklər. Şərəf bəy payızda mənim daha bir kitabımı buraxmaq fikrindədi, uşaq hekayələrim artıq beş-altı aydır tərcümə olunmuş halda ondadı.
Məlumat üçün deyim, 2015-də mənim Almaniyada "Bələdçi" romanım çap olunub, oktyabr ayında Frankfurt beynəlxalq kitab sərgisində nümayiş olundu. Mən orda iştirak etdim. 2016-da elə həmin ayda eyni kitab sərgisində 2-ci romanım çap olunub göstərildi: "Alın yazısı". O vaxt sərgiyə gedə bilmədim. Almaniyada indi mənim uşaq hekayələrimdən ibarət kitabım hazırlanır, sərgiyə qədər çıxmalıdı.
Təəssüf ki öz ölkəmizdə isə kitaba fikir verən yoxdu.
Eyvaz Zeynallı
- Yorum yapmak için giriş yapın