VÜQAR ƏHMƏD: ŞƏHRIYARIN FARS POEZIYASINDA YERI VƏ MÖVQEYI
XX yüzillik fars poeziyasını, bütövlükdə İran ədəbiyyatını yeni mərhələyə, uca zirvəyə qaldırmış Şəhriyar yaradıcılığı Türkiyə, Ön və Orta Asiya, Pakistan, Əfqanıstan, Hindistan, Qafqaz və b. ölkələrdə ədəbi prosesə, onun inkişafına, həmin ölkələrin milli ədəbiyyatlarına ciddi təsir edib, milyonlarla insan, şeir həvəskarları, oxucular onun şeir bulağından su içiblər, ruhən, mənən qidalanıblar, zövq alıblar, bədii təfəkkürlərini zənginləşdiriblər. Şəhriyar poeziyası onlara şeiri daha da sevdirib, bu oxucular onun poetik peykinin orbitinə düşərək ədəbi bir şeir günəşinə bağlanıblar.
“Məhəmmədhüseyn Şəhriyar poeziyası XX əsr İran ədəbiyyatının inkişaf xüsusiyyətləri ilə sıx surətdə bağlı olmuş, klassik irsin yaradıcı şəkildə mənimsənilməsi ilə yanaşı, çağdaş ədəbi proseslə qarşılıqlı əlaqə və təsir zəminində formalaşdırılır. Həyatının bütün mərhələlərində tərki-dünyalıq və guşənişinlik illəri yaşamasına, əski təbirlə desək “sufiməşrəb və dərvişməab” olmasına baxmayaraq, Şəhriyar İran ədəbiyyatında, xüsusən poeziyada baş verən hadisə və dəyişikləri yaxından izlənmiş, zəruri məqamlarda və ən mühüm məsələlər barədə səmimi şəkildə mövqeyini bildirmiş, sözünü söyləmişdir. Odur ki, şairin yaradıcılığının ədəbi-tarixi əhəmiyyəti və müəyyən mənada müstəsna əhəmiyyəti məhz bu kontekstdə anlaşıla və qiymətləndirilə bilər” (1,5).
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbrizin Bağmeşə bölgəsində, dövrünün tanınmış hüquqşünası Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya göz açıb. Hacı Mirağa şeiri, musiqini çox sevirmiş. Məhəmmədhüseynin anası Kövkəb xanım folklordan, klassik poeziyamızdan, xüsusilə Seyid Əzimdən bəzi nümunələri oğlu üçün mütəmadi qiraət edərmiş.
Şəhriyar Təbrizdə orta təhsil alıb Tehran Universitetinin tibb fakültəsini bitirir. Elə o vaxtlar da artıq istedadı özünü göstərir, tez bir zamanda şair kimi tanınır və sevilməyə başlayır.
Dünya ədəbiyyatının klassikləri, poeziya korifeyləri Hafiz və Füzuli ilə müqayisə oluna bilən sevgi şeirləri, fəlsəfi-hikmətamiz qəsidələr, lirik poemalar yazmaqla İran ədəbiyyatının ən yüksək zirvəsinə ucalır. Şəhriyar klassik şeirin bütün janr, növ və şəkillərində qələmini sınamış, fars və Azərbaycan ədəbiyyatını yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, dübeyti, qitə və rübailərlə zənginləşdirmişdir.
“Şəhriyarın İran ədəbiyyatında, İran mühitində, o cümlədən ətraf ölkələrdə geniş mənada qəbul olunması bilavasitə şairin dilə yaradıcı yanaşması və Azərbaycan “Laylay” dilinin işlənmə imkanlarını genişlənməsində göstərdiyi xidmətlərdən irəli gəlirdi:
Nə tək İranda mənim qülqülə salmış qələmim,
Bax ki, Türkiyədə, Qafqazda nə qovğa elədim.
Yeni yaradıcı nəslin yaranmasında Şəhriyarın yuxarıda söylənilən xidmətlərinin, fəaliyyətinin az rolu olmamışdır. Yəni ədəbiyyatşünasların “Türkün Hafizi” adlandırdıqları M.Şəhriyar elə öz yaşadığı dövrdə neçə-neçə sənət fədailərinin yetişməsində misilsiz rol oynadı” (2,95)
Akademik İsa Həbibbəylinin sözlərilə desək, “qüdrətli söz ustadı M.Şəhriyarın ölməz irsi ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir”.(3) İranın, Şərqin alimləri, Azərbaycan şərqşünasları sübut edirlər ki, Şəhriyar müasir farsdilli şeirin kuliminasiya zirvəsini fəth etmiş nəhəng söz ustadıdır. Onun şeirləri dünyanın bir çox dillərinə tərcümə edilib, insanların ruhunu oxşayıb. Bu gün yer üzündə az insan tapılar ki, Şəhriyar poeziyasından xəbərsiz olsun, onun şeirlərini sevməsin. Şəhriyar İran və Azərbaycan poeziyasının ən nəhəng simalarından biri, qüdrətli söz ustadı, dünya ədəbiyyatının korifeylərindən biridir.
“Şəhriyarın həm fars, həm də Türk dilində yazdığı əsərlər, şairin bütövlükdə yaradıcılığı sanki əsrarəngiz bir dəryadı, bu dəryaya baş vuranda isə çıxmaq mümkünsüz olur, çünki çox dərindi, intəhasızdı... Mən bu dəryadan kiçicik damlalar götürməyə cəhd elədim, farsca yazdığı əsərlərinin sənətkarlıq xüsusiyyətlərinə, qismən də olsa nəzər saldım. Açığı, şairin farsca yazdığı əsərlər sənətkarlıq məziyyətləri baxımından daha mükəmməl, kamil və rəngarəngdir... Onlardakı poetik simmetriya, dil və üslub gözəlliyi, məna dərinliyi, məzmun dolğunluğu heyrət doğurur. Buna görə də Şəhriyarın sənət dünyası hələ neçə-neçə kitabın, tədqiqatın, neçə-neçə bədii əsərin işığına bərq vuracaqdır”.(4,291)
Şəhriyarın Türkcə yazdığı əsərlər barədə gətirdiyim sitatlardan da göründüyü kimi geniş və ətraflı tədqiq olunsa da, farsca yazdığı poetik nümunələr Quzeydə fundamental araşdırılmamışdır. Mərhum ədəbiyyatşünas Sabir Əhmədov “Şəhriyar fars ədəbiyyatşünaslığında” adlı monoqrafiyasında bu məsələyə yüksək toxunmuşdu. Çox təqdirəlayiqdir ki, Şəhriyarın fars şeirində sənətkarlığı, İran ədəbi mühiti ilə bağlı mövqeyinə dair ədəbiyyatşünas Məsiağa Məhəmmədinin xüsusi araşdırmaları var.
Əslində Şəhriyarın farsca yazdığı əsərləri təhlil-tədqiq etməklə bizim tarixi mövqeyimiz, milli etnoqrafik tarixi, fikir dünyamız haqqında bilgilər əldə etmək olar. Bu bizim birbaşa filoloq-şərqşünas alimlərimizin öhdəsinə düşən vəzifələrdən biridir. Yəni kiçik məqalələr şəklində yox, monoqrafik səpkidə bu mövzuların incələnməsinə ehtiyac var. Bu aspektdə tədqiqatlar aparılsa Şəhriyar fenomeninin yeni qatları üzrə çıxa bilər. “Şəhriyarın dərin ruhi qatları daha çox farsca yazdığı şeirlərilə bağlıdır. Bunun iki səbəbi var. Birincisi Şəhriyarın düşüncə və nəsr dili farsca idi, ikincisi farsca yazdığı şeirlərinin həcminin müqayisədə daha çox olmasıdır”.(5)
Bütün farsca yazdığı qəzəlləri və ümumiyyətlə bütün əsərləri irfani özəllik, bədii-poetik gözəllik daşıyan Şəhriyar milli mənsubiyyətindən asılı olmayaraq İranın milli şairi, İran Azərbaycanında – Təbrizdə dünyaya göz açmış böyük Türk şairidir.
* * *
Şəhriyar bir görücüymüş deyərdik. Onun bioqrafiyası öz şeirlərində həkk olunub. Onun memuarları da yaradıcılığında poetik şəkildə əks olunub.
O, uşaq vaxtı iki yuxu görür; birinci yuxusunda görür ki, 13 yaşında Təbrizdən Tehrana gedir, yolun ortasında – dağın zirvəsində böyük bir təbil çalır. Elə gur çalır ki, ildırım səsinə bənzəyir. Özü bu təbilin səsindən dəhşətə gəlir və bu səsə oyanır. Bu yuxunu onun gələcək şöhrəti kimi yazmaq olar. Dağ başına çıxan şair sənətdə ən uca nöqtəni fəth edir və sənətinin şöhrəti ildırım kimi dünyaya yayılır, cahana səs salır.
İkinci yuxunu 19 yaşında görür. Yuxuda görür ki, Behcətabadın hovuzunda öz məşuqəsi ilə üzür, birdən sevgilisi suyun dibinə gedir. Məhəmmədhüseyn onun ardınca suyun dibinə baş vurur, nə qədər axtarır onu tapa bilmir. O, suyun dibində bir ləl-gövhər daşı götürür. Bu daş günəş kimi işıq saçır. Ətrafdan ona deyirlər ki, o – gecə çırağının gövhərini tapıb. Yəni farsca “qouhəri-şəbi-çerağ”. Bu yuxu da onun məşhurluğuna aid yozula bilər. (6)
Şəhriyar çox məharətlə, bədii qiraətlə şeir söylərmiş. Çox həssas, hissiyyatlı, səxavətli insan imiş. Özünə aid olan əşyaları həvəslə kimin xoşu gəlsə hədiyyə edərmiş. Çox kinsiz, ürəyi təmiz, saf adammış. Onu sevməyənlərə də kini yox imiş. O qədər xəyala dalarmış ki, nahar və şam yeməyini unudarmış.
Tək qalmağı da sevərmiş Şəhriyar. Bəzi vaxtlar heç kəslə təmasda olmaq istəməzmiş, qapını bağlayıb heç kəsi içəri buraxmazmış. Öz xəyalları ilə təkbətək qalarmış. O qədər hissiyyata qapılarmış ki, özünü dərk etməzmiş. O, müqəddəs ruhlara etiqad göstərərmiş.
Ustad şair nə yazsa təbi gələndə yazarmış. Bəzən aylarla bir beyt yaza bilməyən şair, bəzən bir gecədə böyük bir əsər qələmə alarmış. Onun farsca yazdığı ən böyük əsəri 400 beytdən ibarət olan “Təxti-Cəmşid”dir (Cəmşidin taxtı). Bu böyük əsəri 2-3 günə yazıbmış.
(Gecə günəşi yola saldıqdan sonra yenidən Təxti-Cəmşidə qayıtdı. Daranın qəsri günəşin ocağıdır, Təxti-Cəmşid adı ilə şöhrət tapmışdır)
* * *
Şəhriyar vətənpərvər, Allaha bağlı, dindar bir şəxsiyyət olub. Onun “Minacat”, “Məhəbbət dərsi”, “Əbədiyyət, himmət və eşq qanadı”, “Tovhid”, “Əli” və s. şeir və qəzəlləri dini mövzuda yazılmış yüksək bədii-poetik nümunələrdir.
(Əli, ey hümayi-rəhmət, ələm eyləyən Xudanı,
O hüma ki, sayəsində edər hifz masəvanı.
Könül, istəsən Xudanı biləsən, Əlini yad et,
Tanıdım Əlini, vallah, tanıdım o dəm Xudanı.
İki dünyada fənadan bir əsər belə tapılmaz,
Əgər öz əlinə alsa Əli çeşmeyi-bəqanı.
Su çilə doyunca rəhmət buludu ki, bu cəhənnəm,
Qəzəb atəşində yoxsa külə döndərər cahanı.
Gedib, ey yazıq dilənçi, qapısını döy Əlinin
Ki, üzük verib şah eylər kərəmilə hər gədanı.
Əlidən savayı kimdən hələ bir uşaq doğulmuş
Ki, tanıtdıra cahanda şühədayi-Kərbəlanı.
Edər əhdi dosta qurban verə var-yoxunu dostlar,
Fəqət hansı dost Əli tək edər əhdinə vəfanı.
Deyə bilmərəm Xudadır, bəşər ad verəm xətadır,
Çağırım nə adla bilməm, şəhi-mülki-“lafəta”nı.
Qan axır iki gözümdən, tələs, ey nəsimi-rəhmət,
Onun astanından al, gəl mənə xaki-tutiyanı.
O ümidlə ki, ayağın tozunu ziyarət etsin,
Qapına ürək sözümlə yola salmışam səbanı.
Sən Əli, qəzasovansan, bizi dinlə, binəvayıq,
Uzaq eylə canımızdan kərəminlə hər qəzanı.
Onun eşqi ilə ney tək necə mən gəlim fəğanə
Ki, lisani-qeybi xoşdur edə vird bu nəvanı:
“Gecə sübhətək ümidim bunadır səhər nəsimi,
Verə aşina həyamı, edə şad aşinanı”.
Qulaq as gecə o “Ya Həqq” quşuna ki, Şəhriyara,
Biləsən nə xoşdur açmaq gecə dosta macəranı)
Şəhriyarın həyatında ən acı xatirə anasının ölümü idisə, ən şirin xatirəsi qızı Şəhrizadla bağlı olub. Şəhrizadın 5 yaşı olanda Şəhriyarın Şimali Azərbaycanda Fikrət Sadığın tərcüməsində məşhur olan Azərbaycan şeirini farsca Təbriz ləhcəsində atası üçün əzbərdən söyləyir. Şəhriyar sevincdən göz yaşlarını saxlaya bilmir, onun sevincinin həddi hüdudu olmur.
* * *
Şəhriyarın əsl adı Seyid Məhəmməd Hüseyn Behcət Təbrizidir. O, əvvəllər şeirlərini “Behcət”-təxəllıüsü ilə yazarmış, sonralar “Şəhriyar” ədəbi təxəllüsü ilə yaradıcılığı davam etdirmişdir. O bu təxəllüsü Hafizin “Divan”ına taleyi üçün fala baxarkən oradan götürmüşdür. Hafizin “ona verdiyi təxəllüs” Şəhriyara düşərli oldu və böyük şöhrət tapdı.
Şəhriyarın poeziyasını təhlil süzgəcindən keçirərkən onun farsca divanının “Müqəddimə”sindəki bir elmi-nəzəri, ədəbi fikri Azərbaycan oxucularının da nəzərinə çatdırmaq istərdim.
Bu günə qədər İran poeziyasında, yəni mənzum ədəbiyyatda bir çox şeir nümunələri, üslublar olmuşdur və bu gün də var. Türk, fars, hind, İraq şeir üslub və nümunələri, əruz, heca, sərbəst şeirləri əxz edən və yaradıcılığında ustalıqla bədii cəhətdən təcəssüm etdirən yeganə şair Şəhriyar olmuşdur. Fikrimizi əsaslandırmaq üçün adlarını çəkdiyimiz üslub və nümunələr haqqında lakonik, qısa terminlərin izahı xarakterli məlumatları nəzərinizə yetirək:
1. Türküstan üslubu: Dastan şeirləri üçün münasibdir. Məsələn: saraylar, əmirlər və ordular üçün ruh yüksəkliyi, cəngavərlərin qəhrəmanlıq tərzi.
Şübhəsiz, bir sıra sözlər, istilahlar və cümlələrin bağlılığının orijinal yeri var və onları anlamaq üçün Xorasan şairlərinin əsərlərini mütaliə etməklə əmələ gəlmir və eyni zamanda şeirlərdə zəriflik, lətafətli sözləri bu üslubda ifadə etmək olmur.
2. Əraq – yəni İraq üslubu. Elmə və eşqə aid olan şeirlərdir. İsti və yumşaq, arifanə və gizli, müəmmalı ruhdur. Bu əsərlərdə sözləri seçmək – yəni gərək lətif və ənənəvi alınma sözləri istifadə etmək lazımdır. İsfahan, İraq, Şiraz və Azərbaycan sözlərindən istifadə etmək.
3. Çağdaş üslub – Avropalılar bu üsluba yeni klassik, yəni “neoklassik üslub” deyirlər. Bu isə həmin haqqında danışdığımız o iki – Türküstan və İraq üslublarıdır ki, zamanın rəngini özünə götürmüş və dövrana, zamana uyğun olaraq dəyişir, adaptasiya olunur.
Bu üslub milli ədəbiyyatımızda XIX əsrdə Seyid Əzimlə, XX yüzilliyin əvvəllərində “Molla Nəsrəddin” jurnalında - Molla Nəsrəddinçi şairlərdə, xüsusilə Sabirdə öz əksini tapmışdır.
İran ədəbiyyatşünaslarının fikrincə, “Yeni İraq” üslubu mərhum Dehxodanın qitələrində, mərhum Vəhid Dəstgirdinin əsərlərində, Şeydanın təsnif və qəzəllərində bədii təcəssümünü tapmışdır. İranın ədəbiyyat nəzəriyyəçiləri “Yeni türküstan” üslubu barədə yazırlar ki, bu üslub Məlikəşşüəra Baharın qəsidələrində, eləcə də görkəmli ədib M.C.Pişəvərinin bəzi əsərlərində öz əksini tapıb.
Bu üslub bu günə qədər müasir şairlərin klassik mahiyyət daşıyan poetik nümunələrinin əskəriyyətində istifadə olunub.
Sadə üslub. İranlı alimlərin fikrincə bu üslubda yazanlar çalışırlar ki, sadə xalqın, əhalinin işlətdiyi adi ümumişlək sözlərdən istifadə etsinlər. Bu üslub – bəzən yeni üslubda çox yaxınlaşır. Bəzən bu üslubları fərqləndirmək çətinlik yaradır. Bu üslubda nəzm əsərləri yazmaq İrəc Cəlalülməmalikə qismət olub. Onun iki şah əsəri – “Arifanə” və “Zöhrə və Mənuçöhr” hələ də misilsiz sənət nümunələri hesab olunur.
İran ədəbiyyatşünasları dörd mükəmməl poetik məktəbi qeyd edirlər. Birincisi Nizami və ya Azərbaycan məktəbi. Qeyd edirlər ki, bu üslub məcundur (məcun-yəni bal qarışığı ilə düzələn dərman- V.Ə). Daha sonra iranlı alimlər qeyd edirlər ki, fars şeiri üç böyük leytmotiv istiqamətdə - Türküstan, Azərbaycan və İraq üslublarında inkişaf etmişdir.
Fars dilində yazıb yaratmış dahi Azərbaycan şairi Nizami Türk-Azərbaycan ruhu, üslubu, Azərbaycan şeirinin mənəvi ənənələri ilə yaratdığı “Xəmsə”silə Azərbaycanın adını, farsların şeir dilini zənginləşdirərək uca zirvələrə qaldırmışdır. Bu fikri öz poeziyasında bütün üslublardan məharətlə istifadə edən, bütün klassik və çağdaş şeir mənbələrindən bəhrələnən ustad Şəhriyara da şamil etmək olar. Şəhriyar XX yüzilliyin Nizamisidir – deyərdim.
Hind məktəbi. Şəhriyar “Divan”ının(6) müqəddimələrindəki iranlı Azərbaycan alimlərinə istinad edərək qeyd edir ki, hinddilli fars şairləri və ya İran şairləri Hindistan sakinləridir. Ehtimala görə hind məktəbi öz kökünü Azərbaycan şeir məktəbindən götürmüşdü. Saib Təbrizi və başqaları bu qəbildəndir. Son əsrdə ustad Şadrəvan öz dövrünün ədəbi və ictimai şəxsiyyətlərindən olmuşdur.
Yerli məktəblər. İranın yerli ləhcələri – Xorasan, Gilan, Azərbaycan, Kürdüstan, Loristan, fars, Kirman və s. Bu xalqların, bölgələrin hər birinin öz ədəbiyyatları var. Hər bir İran xalqının öz folkloru, musiqisi, poeziyası onların layiqli ədəbi-mədəni xəzinələridir. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, bu xalqların ədəbiyyatı ədəbi istiqlal qazana bilmiş İran ədəbiyyatında farsdilli çox qüdrətli Azərbaycan şairləri olmuşdur: Mirzə Əbdülhüseyn Xazin, Hacı Rza Sərraf, Raci, Həkim Ləli, Abbasəli Məzhər, Bahar Şirvani və b.
Bu məktəbdə istifadə olunan terminlər, ifadələr, beynəlxalq terminlər fars ədəbiyyatına da keçmişdir. Qismən də olsa Şəhriyar poeziyasında da Qərb ifadələrinə rast gəlmək mümkündür.
Vaxtilə Şəhriyarın əsərləri pərakəndə çap olunmuşdu. Son dövrlər 50-ci dəfə təkrar nəşr olunan, əvvəllər 3 cilddə, indi isə 2 cilddə “Divan”ında qəzəllər, qəsidələr, rübailər onu əbədi olaraq uca zirvəyə yüksəltmişdir.
Şəhriyarın ilk kitabı hicri-şəmsi tarixi ilə 1309-cu ildə çap olunub. Məlikəşşüəra Bahar bu kitabın müqəddiməsində yazırdı: “Şəhriyar böyük və füsünkar bir şairdir. Şəhriyar böyük şeir ustadlarından biridir. Şəhriyar İranın ən hünərli və ən böyük müasir şairidir və yeganə həssas şairdir. Şəhriyar təkcə İranın fəxri deyil, bəlkə Şərqin fəxridir.
Bəzilərinə bu təriflər mübaliğəli görünürdü. Həqiqətən etiraf etmək lazımdır ki, 24 yaşlı cavan bir şairi bu qədər tərifləmək mübaliğə görünə bilərdi. Lakin Şəhriyarın heyrətamiz poeziyası bu tərifi öz ünvanına çatdırdı.
“Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biri, qüdrətli söz ustadı, XX əsr Azərbaycan və fars ədəbiyyatının iftixarıdır. Şairin poeziyası dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır. Onun ölməz irsi əbədidir, nəinki Şərq, dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş, kütlələrin sonsuz məhəbbətini qazanmışdır. Onun şeirləri dildən-dilə düşmüş, bir çox dillərə tərcümə olunmuş, insanların ruhunu oxşamışdır. Bu gün ölkəmizdə çətin elə bir insan tapıla ki, Şəhriyar poeziyasının vurğunu olmasın, onun şeir nümunələrini bilməsin”(7,3)
Ulu Şəhriyarın yaradıcılığı istər İranda, istərsə də Azərbaycanda daim tədqiqatçıların diqqət mərkəzində olub. Ə.Atəş, Q.Beqdeli, H.Billuri, Böyük Nikəndiş, Əliməmməd Əbülfəzl, Cəmşid Əlizadə, Həmid Məmmədzadə, Kərim Məşrutəçi Sönməz, İsa Həbibbəyli, Teymur Əhmədov, Həsənəli Məhəmmədi, Əhməd Kaviyanpur, Gövhər Baxşəliyeva, İslam Qəribli, E. Quliyev, Məsiağa Məhəmmədi, N.Əlizadə, Mühəyyin Məhəmmədhüseyn, Zilli Mənuçöhr, Hüseyn Münzəvi, B.Nəbiyev, Fəthi Nüsrətullah, Nazim Rizvan, Sabir Əmirov, Y.Şeyda, Ə.Bije, S.Bayramzadə, Aybəniz Həsənova və b. Şəhriyarın həyat və yaradıcılığı barədə araşdırmalar aparmış, monoqrafiya, kitab və məqalələr yazmışdır.
Çox yaxşı haldır ki, artıq Azərbaycanda milli şəhriyarşünaslıq məktəbi formalaşmaqdadır.
Şəhriyarın farsca yazdığı əsərlərin bir hissəsi Azərbaycanın istedadlı şair və alimləri tərəfindən ana dilinə tərcümə olunub. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu bu ənənəni davam etdirir. Əməkdaşı olduğum “Cənubi Azərbaycan ədəbiyyatı” şöbəsi ustadın iki cildliyi üzərində çalışır. II cildə ancaq farsca yazdığı əsərlərin tərcüməsi daxil ediləcək. Bu işin məsul şəxs kimi mənə həvalə olunmasını özüm üçün şərəf sayıram. Şəhriyarşünas alim Esmira Fuadla cildin üzərində çalışırıq. Bir ildir ki, ustad şairin qəzəl, qəsidə, məsnəvi, dübeyti, rübai eləcə də dini şeirlərinin sətri tərcüməsi ilə məşğulam. Ömür vəfa qılsa bunları poetik tərcümə ilə oxuculara təqdim edəcəyəm. Böyük şairin 50-yə yaxın əsəri üzərində çalışıram. Şair, professor Şahin Fazilin, təbrizli Pur Azərin də yeni tərcümələri də inşallah topluya daxil ediləcək.
“Məlum olduğu kimi hansısa bir dilə tərcümə üçün seçilən əsərlər yüksək mənəvi tələblərə cavab verməli, bəşəri duyğular, cəlbedici məzmun və məzmuna uyğun formada olmalıdır. Bizcə, Şəhriyar yaradıcılığı bütövlükdə bu tələblərə cavab verdiyindən, tam məsuliyyətlə deyə bilərik ki, şairin bütün yaradıcılığı ana dilimizə tərcümə olunsa, oxucuların zövqünü oxşar, qəlbinə, ruhuna mənəvi qida olar.” (8,21)
* * *
Şəhriyar İran ədəbiyyatında, fars şeirində özünün son dərəcə gözəl, orijinal, qəribə istedadı ilə fərqlənmişdi. Özünün yüksək təhsili, ədəbi biliyi ilə hamını heyrətləndirmişdi. Bir neçə dili mükəmməl bilirdi. Ona görə də neçə xalqın ədəbiyyatının açarı əlində idi.
Bütün bunlara baxmayaraq qoca, nurani vücudu, vətən eşqi ilə döyünən qəlbi, poeziyasının irfani, sirri, müəmması ilə Hafiz vurgunu idi. yaradıcılığı boyu, yaradıcılığının bütün mərhələlərində “Lisanül-ğeybe-Şirazi” (məxfi, gizli sözlü dil. Hafiz Şiraziyə verilən ləqəbdir) – onun nəzər nöqtəsində idi.
Şəhriyarın sənət idealı Hafiz idi. Arzusu Hafizin yüksək ədəbi-əbədi məqamına çatmaq idi. Şəhriyar nitqlərində Hafizdən misallar çəkərdi, əsərlərində Hafizdən poetik aforizm kimi nümunələrdən istifadə edərdi. Nə vaxt Şəhriyarın sələfi Hafiz yad edilirmiş, ustad deyirmiş:
Bəli, əgər bütün şairləri məndən soruşsan,
Söylərəm bir kəs xarəyə, kamalına çatmadı.
(tərcümə-V.Ə)
Şəhriyar klassik ənənələri düvrünün yenilikləri ilə uğurlu birləşdirməyi bacarmış, ənənə və novatorluq arasında düzgün nisbəti, “etidalı”, “qızıl ortanı” tapmağa və yaradıcılığında gerçəkləşdirməyə nail olmuşdur. Bu, XX əsr İran poeziyasında olan əlahiddəliyini şərtləndirən birinci səbəbdir. Təsadüfi deyil ki, Nima Yuşic Şəhriyarı “İranda gördüyüm yeganə şair” adlandırmışdı”. (9,27)
Şəhriyar Məlikəşşüəra Bahar, Haşim Mirzə Əfşar, İrəc Mirzə, Vəhid Dəstgirdi, Məftun, Səhənd, Məhzun, Həriri Nadirpur, Simin, Bəhbəhani, Sepidə Kaşani, Peyman Bəxtiyari və b. müasir şairlərlə, Kəmalülmülk, Səba, Əbülhüseyn xan İqbal, Azər kimi sənətkarlarla dostluq etmiş və onlara şeirlər ithaf etmişdir.
Onun dahiliyi hansı məqamlarda hiss olunur? Ən incə hisslərin tərənnümündə, ən yüksək bəşəri istək və arzuların təcəssümündə, doğma xalqının keçmişinin, etnoqrafiyasının, uşaqlıq həyatının, anasının xatırlanmasında, İlahi eşqdə - bütün poetik təsvir və tərənnümlərdə.
Saf, ülvi təbiəti, xarakteri, Qurani-Kərimi mükəmməl bilməsi və məqamında dini sitatları poetik yönümdə işlətməsi, sözünün əxlaqi, didaktik təsiredici qüvvəyə malik olması Şəhriyarı sənətdə ən uca məqama çatdırmışdır.
Şəhriyar İrana və Azərbaycana aid vətənpərvər şeirləri ilə də təqdirəlayiq bir mövqe tutur. Vətəninə məhəbbət, düşmənə nifrət aşılanır, onun Vətən mövzusunda yazdığı şeirlərdə. Məsələn; “Şivəne-Şəhriyar”, “Mehmane-Şəhriyar”, “Səbe-xun” və başqa əsərləri onun vətənpərvərliyinə misaldır və İranın düşmənlərinə şairin nifrətinin poetik təcəssümüdür.
İslam inqilabının qələbəsindən sonra şah rejimində zülm görmüş, qəddarlıqdan bezmiş insanların ruhunu oxşamaq üçün qüvvəsini ikiqat artırmış yeni mənzumələr yaratmağa müvəffəq olmuşdur.
Bu gün müasir İranın elə bir guşəsi yoxdur ki, Şəhriyarın adını, qəzəllərini, “Heydərbabaya salam” dastanını, qəsidələrini, rübailərini əzbər bilməmiş olsun.
Etiraf etmək lazımdır ki, Şəhriyar da hər bir insan kimi həyatın enişli-yoxuşlu, dolanbac, əyri-üyrü yollarından, dar dalanlarından keçmiş, öz ölməz əsərləri ilə özünə əbədi bir yol qazanmışdır.
O həm də dini etiqadı yüksək, ruhi saflığı ilə həssas bir insan idi. Onun dini mövzuda yazdığı “Haqqın səsi”, “Qiyame-Mohəmməd”, “Kərbəla karvanı”, “Minacat”, “Qədr bayramının hədiyyəsi” (Hədiyyeye-eyde-qədr), “Əli” və “Loğman” kimi şeirləri buna misaldır:
Ərşi-Xuda sütunu ucadır Məhəmmədin sütunundan,
Bax gör haracan ucalmışdır məqamı Məhəmmədin.
Allahın vəhy evinə onun bir mələyindən başqa,
Heç bir quş qanad çala bilməz damına Məhəmmədin.
(“Qiyame Məhəmməd” (6,68) tərcümə- V.Ə)
* * *
İran və Azərbaycan mədəniyyətlərinin, ədəbiyyatlarının, hər iki ölkənin fars və türkdilli məşhur, görkəmli, dahi şairi Şəhriyar elə bir yüksək sənət məqamına yüksəlib ki, onun heç bir tərifə ehtiyacı yoxdur əslində.
Bu gün Azərbaycan muğam ifaçılığında ən çox oxunan şairlərdən biri böyük qəzəlxanımız Əlağa Vahiddirsə, digəri böyük Şəhriyardır. Güneyli-Qüzeyli xalqımız daim iki qəzəlxan şairini əziz tutur.
Şəhriyar iki dildə - Azərbaycan Türkcəsi və fars dilində yazdığı şeirlərdə əbədi şöhrət qazanmışdır. Onun bu misilsiz şöhrəti İranın coğrafi sərhədlərini aşaraq kürreyi-ərzi bürümüşdür.
Məhz buna görə də Şəhriyar öz dövrünün, öz əsrinin və İran ədəbi mühitində, İranın müasir şairləri arasında, fars ədəbiyyatında görkəmli bir yer tutur.
Vüqar Əhməd
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
baş elmi işçisi, filologiya üzrə elmlər doktoru,
professor
Ədəbiyyat
1. Məsiağa Məhəmmədi. “Şəhriyar və zəmanəmiz”. Bakı -2015 ADMİU-nun nəşriyyatı.
2. Elman Quliyev. “Şəhriyar poeziyası və milli təkamül”. Baki-2004, Elm nəşriyyatı.
3. İsa Həbibbəyli. AMEA “Şəhriyar şeir ənənələri və müasirlik” mövzusunda elmi-praktik konfrans. 21.09.2015.www.science.gov.az
4. Esmira Fuad. Söz sərrafı Şəhriyar. Bakı; Avrasiya – press, 2010.
5. Güntay Gəncalp. Şəhriyar yaradıcılıq türk dilinin aşağılanmasına qarşı dirəniş idi. Teleqraf com/news/53378
6. Şəhriyar. Şeirlər məcmuəsi – divan. I və II cildlər. Redaktor Kərim Məşrutəçi “Negah” nəşriyyatı 1352.
7. Gövhər Baxşəliyeva. Milli ruhun təntənəsi. “Azərbaycan şərqşünaslığı” №2(6) Elmi-kütləvi jurnal.
8. Nüşabə Əlizadə. Azərbaycan şərqşünaslıq məktəbi. “Azərbaycan şərqşünaslığı”. Elmi-kütləvi jurnal. №2(6) 2011.
VUGAR MIKAYIL AHMAD SUMMARY SHAHRIYAR'S PLACE AND POSITION IN PERSIAN POETRY
Shahriyar is one of the most prominent representatives of the Azerbaijan and Iranian poetry, great master of the word, the pride of the Aze rbaijan and Persian literature. Most of Shahriyar's works are in the Persian language. He is the most outstanding and huge representative of Iranian poetry of XX century. Having been called "Hafiz of the century" , Shahriyar brought novelty to Persian poetry, established a new school. In the mentioned article Shahriyar's place and position have been investigated from the literary point of view .
РЕЗЮМЕ Вюгар Микаил оглы Ахмед МЕСТО И ПОЛОЖЕНИЕ ШАХРИЯРА В ПЕРСИДСКОЙ ПОЭЗИИ
Шахрияр является одним из великих представителей Азербайджанской и Иранской поэзий,могущественным мастером слова,гордостью Азербайджанской и Персидской литератур ХХ века.Большая часть произведений Шахрияра написана на персидском языке.Он является самым великим и могущественным представителем Иранской поэзии ХХ века. Шахрияр неспроста называют "Хафизом века",ведь он внес новизну в персидскую поэзию создавая при этом школу.В упомянутой статье место и положение Шахрияра было исследовано с литературной точки зрения.
Xülasə
Vüqar Mikayıl oğlu Əhməd
Şəhriyarın fars poeziyasında yeri və mövqeyi.
Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biri, qüdrətli söz ustadı, XX əsr Azərbaycan və fars ədəbiyyatının fəxridir. Şəhriyarın yaradıcılığının çox hissəsi fars dilindədir. “Əsrin Hafizi” adlanan Şəhriyar müasir fars şeirinə yenilik gətirmiş, məktəb yaratmışdır. Adı çəkilən məqalədə Şəhriyarın fars şeirində yeri və mövqeyi ədəbi cəhətdən araşdırılıb.
- Yorum yapmak için giriş yapın