Vasif Məmmədov: QARABAĞSIZ QARABAĞLI
Sultan haqqında söz açmaq istədiyim şair Sultan Mərzil, həyatını misralara çevirərək sevincini, nisgilini, ağrı-acısını yazdığı şeirlərinin məzmununa vermiş, illəri arxada qoyaraq zaman-zaman açdığı sənət cığırı ilə yorulmadan addımlayaraq, bu gün də inamla yazıb-yaradır. Əsl şair üçün həyatını misralara vermək də azdır, bu misraların canına bərəkət qatıb onları ürəyinin odu ilə qızdıraraq, ömrünü uzatmaq, mənəvi dəyərlərimizi saflaşdırıb dərdə öz dərdini qatmaq, şairin poetik amalıdır.
İşindən, poeziya gərdişindən yorulmayan, şeirlər dünyasını müxtəlif çalarlarla zənginləşdirən, az yazıb həmişə sanbalını saxlayan, təbii istedada malik olan şair Sultan Mərzili həm də bizim müasirimizdir.
Bir gün getməlidir, bir gün gələn çağ,
Qoy bu xəyalları başımdan atım.
Demirəm, boş keçib həyatım ancaq,
Misralara dönüb mənim həyatım.
Məktəb illərindən şeir yazmağa başlayan, universitetin fizika fakültəsində təhsil aldığı zamanlar sənətdə kövrək addımlarını atan şair hələ sovet dövründə öz imzasını təsdiq etmişdir. Özünün yazdığı kimi poeziya onun həyatının mənasına çevrilmişdir:
Bəzən ürək açmaq olmur heç kəsə,
Deyirəm, onsuz da batdım, qoy batım.
Arabir baxdıqca şeirlərimə,
Görürəm, ordadır mənim həyatım.
Dövri mətbuat səhifələrində dəyərli yazıları ilə elə ilk vaxtlardan oxucuların diqqətini cəlb etmiş, poeziya nümunələrindəki səmimiyyət, təbii deyimlər, ülvi duyğular, Vətənə sonsuz məhəbbət, torpağına bağlılıq şairin sənət aləmindəki ən qabarıq məziyyətlərindəndir.
"Dünya bir pəncərədir" adlı ilk şeirlər kitabı 1984-cü ildə çap olunan Sultan Mərziliyə xeyir-dua verən, uğurlu yol yazan xalq şairi B.Vahabzadə olmuşdur.
***
Ürəyinin səsi ilə yazıb yaradan, təkrarçılıqdan, müvəqqəti parıltıdan uzaq olan Sultan Mərzili milli ruhlu, orjinal təfəkkür tərzinə malik bir şairdir. Şairin həyat yolu haçalanıb qürbətə düşsə də, o necə deyərlər, tarixin toz basmış səhifələrində qalmadı. Bir müddətdən sonra "Bir addımlıq ömür" adlı şeirlər kitabı işıq üzü gördü. (Bakı, "UniPrint" 2006). Bu kitabı oxuduqca, şairin poeziya dünyasının sehrinə düşürsən, daha doğrusu, poetik aləminin təsir gücü oxucunu bu poeziyanın hikmətinə tapındırır. Şeirin bütün janrlarında yazmaqla yanaşı, şairin folklor ədəbiyyatını, klassik azərbaycan və dünya ədəbiyyatını yaxşı bildiyini görürük. Lakin o öz şeirlərində milli ruhunu, türk ruhunu da qoruyub saxlaya bilir, dəyərləndirir. Şeirlərində çox az işlənən, bəzən deyərdim ki, tamamilə unudulmuş sözlərimizə də yeni poetik məzmun verir.
***
Sultan Mərzili gözlərini Azərbaycanın dilbər məkanında, Qarabağında dünyaya açmışdır. Xatırladıram ki, Mərzili eli dünyaya böyük alim, istedadlı Azərbaycan ziyalısı, qeyrətli vətənpərvər, mərhum Xudu Məmmədov kimi alimi də bəxş etmişdir. Təbii ki, bu çeşmələrdən bəhrələnən Sultan Mərzili belə fenomen şəxsiyyətlərin də adını doğrulda biləcək bir şairdir. Elini-obasını itirmiş, Vətənindən ayrılıb qürbətə düşən şair dünyada analoqu olmayan bir dərdə düçar olmuşdur - Vətəni olduğu halda vətənsiz qalmaq dərdinə. Dərdi çəkilməyən Qarabağ dərdi. Şair sanki artıq Qarabağsız Qarabağlı statusunu qəbul etməyə məcbur olmuşdur. Qarabağ itkisi onun saçlarının hələ cavanlıqdan ağarmasına sirayiət etmişdir.
***
Doğmaların ziyarətinə gedə bilməmək daha dözülməzdir. Artıq Qarabağ atları kişnəmir, igidlər at belində cövlan eləmir, qədim keçmişimizdən bu günədək süzülüb gələn muğamlarımızın şaqraq zəngulələri Qarabağ torpağında səslənmir, nər biləkli igidlərimizin güləş yarışları keçirilmir, haylı-küylü dirədöymə oyunu çoxdan unudulub, bulaqlarımızın həzin musiqili zümzümələri əvəzinə şairin harayı eşidilir...
Qara torpaqlıyam, Qarabağlıyam,
Doğulduğum gündən, ölənə qədər.
Mənim bayrağıma qara bağlayın,
Qara torpaqlarım dönənə qədər.
S.Mərzilinin bir çox şeirləri elə Qarabağ nisgilindən, vətən həsrətindən yaranıb:
Gül yox çəməndən ayrı,
El yox Vətəndən ayrı.
Bir quruca səsəm mən,
Düşmüşəm səndən ayrı.
Şair uşaqlıqda gördüklərini, gənclikdə dərk etdiklərini ustalıqla nəzmə çəkib poeziya dili ilə yazır, bu ovqatından mənəvi zövq alır və öz təbinin təbii axarından heç vaxt ayrılmır. Bəşəri duyğuları yaşayaraq özünün poeziya dünyasını yaradır. Hər şeydən artıq şairi Vətən torpaqlarının itkisi, onun parçalanması sarsıdır, bu əzablardan doğulan misralar saralıb solan ümidlərlə itirilmiş torpaqların yoluna göz dikir, əlac axtarır:
Babaların ruhu qalxsa qəbirdən,
Dəyanətli ellər bezsə səbrdən,
Ellərə sərkərdə tapılsa birdən,
Torpaq alaylanar, torpaq qayıdar.
Bu necə taledi, bu necə baxtdı,
O taylı-bu taylı yandırdı yaxdı.
Qalx ey Azərbaycan ayağa, vaxtdı,
Torpaq haraylana, torpaq qayıda! ("Torpaq qayıda")
Beləcə, illər ötüb keşir, yaş və zaman öz işini görür, qürbətdə yeni-yeni həsrət şeirləri yaranır, kitablar çap olunur... Lakin Qarabağsız qalan Sultan Mərzilinin misralarında Vətən həsrətli bitib tükənmir. Qarabağ yarasının göynəyi sözə, misralara sığmır. Qarabağın qara taleyini, haqlı ola-ola haqsız sayılmağın ağır dərdini ürəyinə dərd bilən şair Tanrıya üz tutub belə yazır:
Şükür sənə ulu Tanrı,
Yenə vedin dərdi mənə!
Neyləyər dövləti, varı,
Dərdi versən dərd bilənə. ("Şükür")
Şairin gənclik, xüsusən məhəbbət şeirləri kövrək hisslərin, ülvi duyğuların məhsuludur:
Kövrələr ayrılan doğma adamla,
Sanma acizliyin o da biridir.
Gözümdən süzülən o iki damla
Yarımçıq eşqimin nöqtələridir. ("İki damla")
"Məktub" şeirində təbiətin fəlsəfi qanunlarını kövrək hisslərinə qatan şair, son dərəcə güclü təzad yaradır:
Duyur zərrə-zərrə həsrəti ürək,
Bu od yandıracaq başatan bizi.
Qovuşsa məhv olan iki zərrətək,
Bəlkə ayrılıqdr yaşadan bizi.
Bərəkətli torpaqlarımıza bağlılıq şairi torpaq mövzusunda dəyərli şeirlər yazmağa məcbur etmişdir.Vətən torpağının acı tüstüsü də şair üçün şirindir, doğmadır. ("Bu axşam", "Gözlərimin yaşı" şeirləri) özünü vətən torpağının bir "köklü palıdına", ulu "xan çinarına" bənzətmək istəyən şairin doğma torpağa bağlılığını bu misralar təsdiq edir:
Torpaqdır beşiyi yazın, baharın,
Əzəldən könlümü ona vermişəm.
ürəyi torpağa bağlananların
Başını dağlardan uca görmüşəm.
Baxdım göz dolusu payız şumuna,
Torpaq sətir-sətir çevrilib gedir.
Babamın ruhu da qovuşub ona
Onuçün bu qədər bərəkətlidir.
("Ana torpaq")
Cəsarətlə demək olar ki, Azərbaycan ədəbiyyatında Vətən mövzusu, doğma torpağa bağlılıq hissləri ta qədimlərdən bu günə kimi heç bir şairin yaradıcılığında S. Mərzili kimi yüksək poetik səviyyədə ifadə və tərənnüm edilməmişdir. Bu da ədəbiyyatımızda gözlə görünən, ancaq hələ dərk edilməmiş bir həqiqətdir.
Şairin təkcə mövzü dairəsinə nəzər saldıqda görürük ki, "Sokratın ölümü", "Çaplin gülən dünya", "Düşünən insanın heykəli", "Hadinin son şeiri", "Məmmədin nağılı", "Azərbaycan ucalığı", "Sünbüllər", "Qarabağ atı" və s. kimi yazıları lirik şeir formasında işlənmiş epik-fəlsəfi poeziya nümunəlridir..
***
Qısa bir yazıda qırx ildən artıq bir yaradıcılıq dövrünü əhatə edən kitab haqqında bitkin fikir söyləmək mümkün deyil. Yalnız onu qeyd edirəm ki, Nizami Gəncəvi ilə dünya poeziyasının zirvəsini fəth edən Azərbaycan ədəbiyyatının bu gün də layiqli şairləri var. Şübhəsiz ki, S.Mərzili də belə bir şərəfi ucalda bilib.
Əsl poeziya həvəskarları və söz bilicilərini bu kitabda maraqlı yazılar gözləyir. Çünki Sultan Mərzili həm də novator şairdir, cəsarətli yenilikçidir. Onun heyratıları, bayatıları, yapon motivləri, eləcə də bir çox bəyaz şeirləri uğurlu yenilik sayıla bilər.
Şair artıq 60 yaşını yenicə adlamışdır. 60 yaş nədir ki! İnanıram ki, Sultan müəllim daha gözəl, yeni ovqatlı şeirlərini cavanlıq eşqiylə yaradacaqdır. İstedadlı şairimizə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!
Vasif Məmmədov,
“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin
Sədri
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Sultan MƏRZİLİ
OYAN
Bu necə yuxudur batıb yatmısan,
Oyan ey insafım, mürvətim oyan.
Halalı harama qatıb satmısan,
Oyan ey namusum, qeyrətim, oyan!
Qapımda köpəyim dartına qaldı,...
Öldü gözlərimdə fırtına qaldı.
Ana yurdum getdi, vartana qaldı,
Oyan ey daş qafam, heyrətim, oyan!
Qazanca torpaqdan goru çəkmisən,
Quru çörək üstə şoru çəkmisən,
Bakıdan Ceyhana boru çəkmisən,
Oyan ey dağılan sərvətim, oyan!
Sərkərdə sərini qoyar meydana,
Naxırı güdaza verər səy dana,
Kərbala bilməyən seyyidin danar,
Millətim, ümmətim, hümmətim, oyan!
İllər əsrə dönür, necə dözürsən,
Bu torpağın üstə necə gəzirsən?!
Sən tilsimə düşmüş devə bənzərsən,
İnsaf et, mürvət et, dövlətim oyan!
SINDIM
Mən bir yanar çırağ idim,
Nazildim şüşəmdə sındım.
Qayadan uçdum sınmadım,
Gözündən düşəndə sındım!
Qanadları sınıq quşam,
Hər atılan daşa tuşam,
İstədim dağlardan aşam,
Özümdən düşəndə sındım.
Sən baş alıb hara getdin,
Niyə geydin qara, getdin?!.
Hey gözəlim, niyə itdin,
İzindən düşəndə sındım!
Çiçəkli dağlarım mənim,
Ürəkli çağlarım mənim.
A Qara bağlarım mənim,
Ağdamda, Şuşamda sındım!..
YAŞADIR MƏNİ
Öpdüm bu payızın yağışlarını,
Xatırlatdı sənin göz yaşlarını.
Hər dəfə yenidən dünyaya gəldim,
Üzümdə duyduqca baxışlarını.
Öp məni, öp məni yağış damlası,
Bu ömür deyilən, bircə damla su.
Mənim məhəbbətim ürəkdən gəlir,
Sil bu yaşlarımı, gözdə qalmasın...
Al bu ürəyimi, bir yarpağa bük,
Adın çəkiləsi bir sorağa bük.
Mən səni eşqimə vətən bilmişəm,
Bir ovuc bildiyim o torpağa bük.
Yuyur üz-gözümü payız yağışı,
Mələk nəvazişli bir qız baxışı...
Payızdan al məni, apar bahara,
Unudum həsrəti, unudum qışı.
19 Dekabr 2008, “Təzadlar” qəzeti
- Yorum yapmak için giriş yapın