Vasif Məmmədov: SADIQCANIN VARİSİ
Zəngin musiqi irsinə malik olan Azərbaycan xalqı haqlı olaraq öz musiqisi ilə öyünə bilər. Musiqi mənəvi qidadır, könül rahatlığıdır. Milli musiqi alətlərimizin tacı olan ürəkləri ecazkar səsi ilə riqqətə gətirən Azərbaycan tarı musiqi alətləri xəzinəmizə daxil olan nadir alətlərdən biridir.
Tar əsasən şərq ölkələrində yayılmışdır. İki oktava yarım səsə malik olan bu alətin texniki imkanları daha genişdir. İnsan səsinə yaxın olan tar səsi melodik baxımdan bütün musiqi alətlərindən yüksəkdə durur. Ona görə də tarda muğamları, xalq və bəstəkar mahnılarını, rəqsləri, istər klassik, istərəsə də müasir rus və avropa bəstəkarlarının əsərlərini ifa etmək imkanları daha üstündür.
Azərbaycanın ən görkəmli xanəndələri əsrlərdən bəri tarın müşayəti ilə oxumuş və bu günümüzə gəlib çatan muğamların formalaşmasında tarzənlərin xidmətindən istifadə etmişlər.
Tarın yaranma tarixi XI əsrdən qabaqlara təsadüf edir. Hələ XII əsrdə Nizami Gəncəvi "İsgəndərnamə" əsərində musiqi aləti kimi tarın adını çəkir.
Müğənni tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm bu daşlıqdan asudə olum.
Tar XIX əsrə qədər diz üstündə çalınış, az simli və pərdəli olduğu üçün bu alətin texniki imkanları da zəif olmuşdur. Azərbaycan tarı XIX əsrin ikinci yarısında Şuşalı tarzən Sadıqcan ( Mİrzə Sadıq Əsəd oğlu) tərəfindən ilk dəfə sinə üstünə qaldırılıb çalınmış, bir neçə simlər və pərdələr də əlavə edilərək artırılmış, tarın formasında da dəyişiklik edilmişdir. Bununla da Azərbaycan tarı təkmilləşərək yeni quruluşda yeni nəfəs qazanmışdır. Buna görə də Sadıqcan haqlı olaraq tarın atası sayılır.
Bundan sonra Sadıqcan məktəbindən bəhrlənən neçə-neçə tarzənlər yetişmiş, adlı-sanlı muğam ifaçılarımızı bu gözəl alətin imkanlarından istifadə edərək müşayət etmişlər.
Məşədi Cəmil Əmirov, Malıbəyli Həmid, Qurban Primov, Zərif Qayıbov, Mənsur Mənsurov, Əhsən Dadaşov, Bəhram Mənsurov, Həbib Bayramov, Baba Salahov, Hacı Məmmədov, Ramiz Quliyev, Sərvər İbrahimov, Möhlət Müslümov, və başqaları Sadıcanın layiqli varisləri kimi Azərbaycan tarında ifaçılıq mədəniyyətini daha da yüksəltmişlər.
Haşiyə: Yaxın Şərqdə ən güclü səsi, gözəl şaqraq zəngulələri ilə seçilən bənzərsiz virtuoz xanəndə Cabbar Qaryağdı oğlunu dörd saat tarda müşayət edən məhz şir biləkli tarzən Qurban Primov olmuşdur. Uzaq səfərə gedəndə belə Qurban Primov tarını heç kimə etibar etməyib öz əlində saxlayırmış.
Bu gün belə varislərdən biri də vətəndən çox uzaqda, Moskva şəhərində yaşayan milli musiqi alətimiz olan tarı sevib bağrına basan və minlərlə insanlara gözəl təranələr bəxş edən Qorxmaz Axundovdur.
Uşaqlıqdan tara olan həvəsi Qorxmazı Naxçıvan şəhər musiqi məktəbinə gətirir. Buranı bitirdikdən sonra 1972-1976-cı illərdə Bakı şəhərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinifində təhsil alır və oranı fərqlənmə diplomu ilə bitirir. Elə həmin ili Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına, professor Oktay Quliyevin tar sinfinı daxil olur. 1982-ci ildə müvəffəqiyyətlə təhsilini başa vurur. Bundan sonra sevimli tarından bir an da olsa heç vaxt ayrılmır.
Q.Axundov 1992-ci ildən Moskva şəhərində yaşayır. 1996-cı ildən 157 saylı Azərbaycan komponentli orta məktəbin nəzdində yaradılmış azərbaycan mədəniyyət mərkəzinin rəhbəri kimi çalışır.
On il bundan qabaq bir dəfə həmin mərkəzdə biz Qorxmaz Axundovla ilk dəfə tanış olduq. O, həmişəki kimi şagirdlərlə müsiqi təlmi keçir, tarın sirlərini onlara öyrədirdi. Uşaqlarla məşğələsini qurtarandan sonra mən ondan tarda "Segah" muğamını ifa etməsini xahiş etdim. O, ustalıqla tarı sinəsinə basıb yüksək həvəslə çalmağa başladı. Mizrabın ehtizaza gətirdiyi simlərin yanıqlı ahəngi məni o dəqiqə tutdu. Bu ifada yanğı da vardı, nalə də, haray da, ulu keçmişimizlə indimizin vəhdəti də. "Segah"ın yanğılı sədaları altında düşüncələr burulğanına düşdüm. Mənə belə gəlirdi ki, tarzənin barmaqlarından süzülən hər bir səsdə, yanğıda milli muğam ifaçılarımızıa ruhu yaşayır. Qorxmaz müəllim onların ruhunu yaşadaraq varislik borcunu ləyaqətlə yerinə yetirir. Özü də yaşayır, dinləyiciləri də bu doğma musiqi ilə yaşadır. Qorxmaz müəllimin özünəməxsus çalğısı ilə "Segah" muğamının bütün şöbələrini elə ustalıqla və həssaslıqla ifa etdi ki, qürbət eldə bu çalğının sədalarından ancaq vətənin ətrini almaq olardı. Belə doğmalıqdan sonra ixtiyarsız olaraq M.Müşfiqin:
Oxu tar, oxu tar...
Səni kim unudar
misraları qəlbimə axdı. Beləliklə Qrxmaz müəllimin sənətinə vurğunluğu bizim həmişəlik dostluğumuza səbəb oldu.
Qorxmaz müəllim tarda olan hikməti belə qiymətləndirir. Tarın ağ simlərində musiqi şəffaf su kimi axır, sarı simlərində od kimi yanıqlı çıxır, kök simi səslənəndə yerin - torpağın səsisni verir, cəng simlərin səsi küləyin səsinə bənzəyir. Demək bu aləmin yaranışında olan hər şeyi (od, su, torpaq, hava) özündə birləşdirir. Tarın çanağı ürək şəklində olduğundan insan ürəyinə daha yaxındır.
Çalışdığı mədəniyyət mərkəzində Q.Axundov şagirdlərdən ibarət xalq çalğı alətləri ansanblı və rəqs qrupu yaratmış, onlarla festivallarda, solo konsertlərində çıxış etmiş, musiqimizin təbliği naminə öz zəhmətini əsirgəməmişdir. Hər dəfə müsabiqə konsertlərindən uğurla geri dönmüşdür. Moskva çoxmillətli şəhər olduğu üçün tarın texniki imkanlarından istifadə edərək klassik və xalq musiqimizi ifa etdikcə başqa millətlərin nümayəndələri də heyrətə gəlirlər, hətta tarın belə geniş imkanları olduğuna heyrət edirlər.
Qorxmaz müəllim solo konsertlərində geniş repertuarla çıxış edib milli musiqimizlə yanaşı xarici ölkə bəstəkarlarının əsərlərini də nümayiş etdirir və hər dəfə dinləyicilərin alqışıları ilə qarşılanır.
Azərbaycan cəmiyyətlərinin Moskvada təşkil etdiyi bütün tədbirrlərdə Q.Axundov bir qayda olaraq iştirak edir, sevimli tarını sinəsinə sıxaraq məclislərə Azərbaycan ruhu gətirir. Hər dəfə onun ifasını dinlədikcə qürbətdə adamın ruhu təzələnir.
Təsadüfi deyildir ki, gözəl ifaçılıq qabiliyyətinə görə Q.Axundov xalq çalğı alətləri üzrə M.Maqomayev adına və "Krasota spaset mir" festivallarının laureatı adına layiq görülmüşdür. 2006-cı ildə isə daha geniş miqyasda tədbirlərin təşkilatçısı olmuş, Azərbaycanın xalq artisti Arif Babayevin köməkliyi və iştirakı ilə Moskvada yaşayan azərbaycanlı musiqi ifaçılarının müsabiqəsini təşkil etmiş, istedadların üzə çıxarılmasına kömək etmişdir.
İstedadlı tarzən 40 ildən çoxdur ki milli musiqi alətimizin tacı olan tardan ayrılmadan çalır, öyrənir və başqalarına da öyrədir. Gördüyü işindən zövq alır, mənəviyyatın milli özülünü qoruyur. Mənə belə gəlir ki. Q.Axundovu xidmətlərinə görə ona respublikanın əməkdar incəsənət xadimi adı verilməsi çoxdan lazımdır. Bu həm də milli irsimizə hörmət, qürbətdə yaşayan musiqisevərlərin arzularına layiqli dəstək olardı.
İstedadlı tarzən Qorxmaz Axundova yaradıclıq uğurları arzulartı ilə
Vasif Məmmədov,
“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin Sədri
- Yorum yapmak için giriş yapın