Yaşar Süleymanlı: Şeirlər
AZƏRBAYCAN!!!
Odlar Yurdu! Nə çox səni bölən belə?
Od üstündə yağlı tikə bilən belə,
Əsrlərdir tarixin qan, çilən belə,
Yüz yerindən parçalanmış, yaralı can,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Təbrizinin gözləri yaş, qəlbi talan,
Baxar sənə həsrət ilə Dərbənd qalan,
Borçalı tək, səndən ayrı düşən balan,
Zəngəzurun, Gözəl Göyçən, Xan İrəvan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Qarabağın yağmalandı, talan oldu,
Laçın, Şuşa, Ağdam dərdən solan oldu,
Xocalıda ən dəhşətlər olan oldu,
Dağların qan, düzlərin qan, ağladın qan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Qalx məzardan Şah İsmayıl, yetiş dada,
Odlar yurdu səndən sonra düşüb oda,
Yüz illərdir öz elində kölə yada,
Yetər, yetər, yetər artıq, oyan, oyan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN ...
Odlar Yurdu! Nə çox səni bölən belə?
Od üstündə yağlı tikə bilən belə,
Əsrlərdir tarixin qan, çilən belə,
Yüz yerindən parçalanmış, yaralı can,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
SƏN DƏ…
Canım, gözüm, sevgili yar,
Söylə səndə nə xəbər var,
Mən çəkirəm, dərdi-qübar,
Sən də həsrət çəkirsənmi?
Göz yaşların tökürsənmi?
Mən anıram ötənləri,
Olanları, bitənləri,
Xatırlayıb keçənləri,
Sən də həsrət çəkirsənmi?
Göz yaşların tökürsənmi ?
Hicran vurub od -közünü,
Yaxıb qəlbimin özünü,
Sıxıb balışa gözünü,
Sən də həsrət çəkirsənmi ?
Göz yaşların tökürsənmi ?
Sənsiz keçən ömrüm hədər,
Yediyim qəm, suyum kədər,
Gecələri sübhə qədər,
Sən də həsrət çəkirsənmi ?
Göz yaşların tökürsənmi ?
Gəl bitirək, intizarı,
Qəm – kədəri, ahu-zarı,
Yada salıb de Yaşarı,
Sən də həsrət çəkirsənmi ?
Göz yaşların tökürsənmi ?
YETƏR MƏNƏ…
Gəl məni al, məndən elə,
Qulun, kölən, bəndən elə,
Aydan elə, gündə elə,
Sənin nurun yetər mənə…
Baş qoyum mən dizin üstə,
Al canimi, durub qəstə,
Kor et məni, gözüm istə,
Sənin nurun yetər mənə…
Yandir məni, yax icimdə,
Şimşək olub, çax icimdə,
Coşub-çağla, ax icimde,
Sənin nurun yetər mənə…
Bu dünyanın sonu çata,
Ay qarala, günəş bata,
Ey gül üzlüm, zərif buta,
Sənin nurun yetər mənə…
Yaşar solar sənsiz gülüm,
Odum sönər, qalmaz külüm,
Aparsın qoy məni ölüm,
Sənin nurun yetər mənə…
Bu da belə bir sevdadır…
Ürəyimi aldı getdi,
Məni dərdə saldı getdi,
Xəyallara daldı getdi,
Buda belə bir sevdadır.
Heç üzümü güldürmədi,
Oda saldı, söndürmədi,
Nədə məni öldürmədi,
Buda belə bir sevdadır.
Sevinc dedim, kədər verdi,
Mey istədim, zəhər verdi,
Nə bar verdi, bəhər verdi,
Buda belə bir sevdadır.
Bacarmadım, yenik düşdüm,
Hər gün qocaldım, bürüşdüm,
Gah ayrıldım, gah görüşdüm,
Buda belə bir sevdadır.
Mən Yaşaram, gülməz eynim,
Kədər dolu, qəlbim, beynim,
Soranlara dedim neynim,
Buda belə bir sevdadır.
AĞLARAM
Atammadım həsrətinin daşını,
Hey yandırdı ürəyimin başını,
Kimsə görməz gözlərimin yaşını,
Gizli- gizli, xısın- xısın ağlaram,
Sevgimizin tutub yasın ağlaram.
Qəlbim baxmır neyləyirəm sözümə,
Manqal olub içimdəki közümə,
Əllərimi çətir edib gözümə,
Gizli- gizli, xısın- xısın ağlaram,
Sevgimizin tutub yasın ağlaram.
Dilim yalan deyib, gülüb, danışar,
Dost- düşməni yanıltmağa çalışar,
Tənha qalsam, yenə yanıb alışar,
Gizli- gizli, xısın- xısın ağlaram,
Sevgimizin tutub yasın ağlaram.
Gecələri qallam yanıb tutuşa,
Bir həmdərd də olmur adam danışa,
Sübhə kimi üz qoyaraq balışa,
Gizli- gizli, xısın- xısın ağlaram,
Sevgimizin tutub yasın ağlaram.
Mən unuda bilmədim, sən unutdun,
Ürəyimdə ölməyən bir umutdun,
Gözləyə – gözləyə bəlkə qayıtdın,
Gizli- gizli, xısın- xısın ağlaram,
Sevgimizin tutub yasın ağlaram.
AY BƏRƏKALLAH…
Qoşub xalqı öküz kimi kotana,
Ay Bərəkallah Ölkəni şumladır.
Məhsulu bol etmək üçün xırmana,
Rüşvət ilə dörd bir yanı tumladır.
Yaman girişibdi dərib, yığmağa,
Gen cibinə yığdığını tığmağa,
Haqq deyənin haqq səsini boğmağa,
Məhkəmələr var, ağzını mumladır.
Ölkə bazar, alıb – satan hay düşüb,
Bölən – bölənə kimə nə pay düşüb,
Yazıq xalqa hər nə düşüb, zay düşüb,
Yerdə qalan dəryadan bir damladır.
Qəbul etdik axırı bərbadlığı,
Özümüzə özgəliyi, yadlığı,
Öldürüblər bizdəki “Azadlığı”,
Fatəsini verib, üstün qumladır.
Qoşub xalqı öküz kimi kotana,
Ay Bərəkallah Ölkəni şumladır.
Məhsulu bol etmək üçün xırmana,
Rüşvət ilə dörd bir yanı tumladır.
CƏMİLƏM
Sənsən mənim həyat bağım,
Həyata bağlayan tağım,
Ayım, Günüm, ömrüm, çağım,
Canım, gözümsən Cəmiləm.
Sənlə xoşbəxt, sənlə şadam,
Qəm – kədərə, dərdə yadam,
Eşqindən əbədi odam,
Sönməz közümsən Cəmiləm.
Sevdim səni an içində,
Oldun canım, can içində,
Arım, balım, şan içində,
Şirin sözümsən Cəmiləm.
Mən deyiləm, sənsiz mən də,
Sən olmayan ömür – gündə,
Yaşar tapıb özün səndə,
Ruhum, özümsən Cəmiləm.
Özünü Qəlbimdə Öldürdün Bu Gün
Etdiyin əməllə, vurduğun közlə,
Qəlbimdə açdığın, qoyduğun izlə,
Bir yersiz kəlməylə, bir acı sözlə,
Özünü qəlbimdə öldürdün bu gün.
Yalvarıb – yaxırmaq, boş və nafilə,
Ovladın özünü bil ki, qafilə,
Çevrilib bir qəddar, zalım qatilə,
Özünü qəlbimdə öldürdün bu gün.
İllərin eşqinə qıydın əlinlə,
Mənlə yox, oynadın öz əcəlinlə,
Silahla, zəhərlə yox, o dilinlə,
Özünü qəlbimdə öldürdün bu gün.
Bir anda hislərim öldü ürəkdə,
Od deyil, indi bir küldü ürəkdə,
Bunu dərk elədi, bildi ürəkdə,
Özünü qəlbimdə öldürdün bu gün.
Yaşa, indən belə yüz ildə yaşa,
Çevrildin içimdə bir qara daşa,
Mənimlə ömrünü sən vurub başa,
Özünü qəlbimdə öldürdün bu gün.
Özünü qəlbimdə öldürdün bu gün.
YOXDUSA
Dünya fani, demək puçdur həyat da,
Bəxtəvərsən, sevənlərin çoxdusa.
Yaşamaqda məncə suçdur həyatda,
Bu dünyada bir sevənin yoxdusa.
Pərvanəsi vardır yanan közün də,
Öz aşiqi, əyrinin də, düzün də,
Günah sənin özündədir, özündə,
Bu dünyada bir sevənin yoxdusa.
Cüt yaradıb axı ALLAH insanı,
İnsana o, edib pənah insanı,
Yaşamaqda yorur vallah insanı,
Bu dünyada bir sevənin yoxdusa.
Ömrün bitib son mənzilə varanda,
Dön geriyə, nəzər eylə bir anda,
Qara daşla nə fərq olub aranda,
Bu dünyada bir sevənin yoxdusa.
Hədər yanıb, demə oldum kül daha,
Gedən getdi, gələn ilə gül daha,
Yaşar, uzat əl – ayağı öl daha,
Bu dünyada bir sevənin yoxdusa.
Sənin üçün
Ömrüm oldu sənə fəda,
Düşəndən eşq adlı oda,
Acı, qəhər uda – uda,
Mən yaşadım, səni üçün,
Sən yaşadın, özün üçün.
Ömrüm ötdü, keçdi belə,
Günlərimi biçdi belə,
Tale yolu seçdi belə,
Mən yaşadım, sənin üçün,
Sən yaşadın, özün üçün.
Olmasan da heç yanımda,
Hey varıydın, hər anımda,
Qürubumda , həm danımda,
Mən yaşadım, sənin üçün,
Sən yaşadın özün üçün.
Göyəmi Çıxım Allah
Önümə baxdım ki, önümdə məzar,
Birisi arxamdan quyumu qazar,
Sağımda, solumda min mərdiməzar,
Göyəmi çıxım mən, indi bəs Allah ?
Tükənib taqətim, halım qalmayıb,
Dəymişim tökülüb, kalım qalmayıb,
Yerdə gedəsidə yolum qalmayıb,
Göyəmi çıxım mən, indi bəs Allah ?
Dedim ki, qələbə şərin deyildir,
Haqsızlıq, haqdan ki, dərin deyildir,
Dedilər, bu dünya yerin deyildir,
Göyəmi çıxım mən, indi bəs Allah ?
Dünya korlanıbdır, korlar içində,
Hamı çabalayır, torlar içində,
Bezdim dolaşmaqdan, karlar içində,
Göyəmi çıxım mən, indi bəs Allah ?
Bu dərdi, kədəri bitirmək üçün,
Dünyaya sevinci gətirmək üçün,
De, sənə səsimi yetirmək üçün,
Göyəmi çıxım mən, indi bəs Allah ?
Göyəmi çıxım mən, indi bəs Allah ?
Göyəmi çıxım mən, indi bəs Allah ?
Mənbə: http://cetinbayramoglubaku.wordpress.com
- Yorum yapmak için giriş yapın