“BIZDƏ ƏDƏBI TƏNQID SIFARIŞLI YAZILARDIR”- MÜSAHİBƏ Sultan Mərzili: “Yaşlı adamların xətası daha pisdir”
-Sultan Mərzili ədəbiyyata illərini xərcləmiş adamdır. Ancaq bu gün Azərbaycan ədəbiyyatında şairliyin ciddi görkəmini dağıdan amillər var. Bu, sizi bir şair kimi nə dərəcədə narahat edir?
- Ədəbiyyatla ciddi marağım yarım əsrdən artıq bir dövrdür. Müasir dövrdə kürələşmə, qloballaşma nəinki ədəbiyyatı, demək olar ki hər sahəni öz klassik çərçivəsindən çıxarıb yeni axına salır. Kağız kitabdan elektron kitaba, qəzet və jurnallardan saytlara və sosial şəbəkələrədək geniş əlaqə imkanları var. Əlbbəttə, bu bizi vərdiş etdiyimiz cığırdan çıxarır, amma zamanın tələbi ilə uyğunlaşmaqdan başqa yol qalmır.
-“Siyasətə qarışmıram” deyib, kənara çəkilmək şairin subyektiv fikridir, yoxsa, təcrid olunmaq qorxusu?
- Əslində ideal halda sənət siyasətdən kənar olmalıdır, sənətin siyasətə qarışması heç vaxt yaxşı nəticə verməyib. Bu ta qədimlərdən belədir. Nəsimidən Nazim Hikmətə qədər. Elə indiki şairlərimizdən Saday Şəkərli və Tofiq Həsənli də siyasi görüşlərinə görə həbs olunduğu sirr deyil. Amma insanda vicdan deyilən bir daxili hakim də var ki, onu kənara çəkilməyə qoymur. Bu mənada ideal olaraq, “sənət sənət üçündür” prinsipi əlbəttə, daha yaxşı olardı. Lakin siyasətçilər də sənətin təsir gücünü bilməmiş deyillər, ona görə onu öz məqsədləri üçün yönəltməyə çalışırlar. Mükafatlar, təltiflər, fəxri adlar və s. Sənət yalnız azad, demokratik cəmiyyətə siyasətdən uzaq ola bilər, qalan halda istər-istəməz bir mövqe tutmalıdır.
-Oxuduqca poeziyanızda sərtlik duyulur. Bunun səbəbi nədir?
- Mən deməzdim ki, bütün şeirlərimdə bir sərtlik var. Yazılarım forma və məzmunca kifayət qədər rəngarəngdir. Təbiət şeirləri, sevgi və qürbət hissləri, itirilmiş torpaqlarımızın ağrısı, sentimenttal lirikadan tutmuş, fəlsəfi didaktik məzmuna, ironik və yumoristik formaya qədər müxtəlif üslublarda var. Dövlətçiyimizə və millətimizə qarşı olan hər şeyə qarşı sərtəm, qalanına güzəşt olar.
14/09/2016 - 12:33 - Oxunub: 2,188 |
|