ŞAIR ÖMRÜ – TANRI ƏMRI...
Allahın bizlərə bəxş etdiyi mənalı və məzmunlu günlərdən biri də haqqında çox eşitdiyim, əsərlərini oxuduğum, nurlu bir ziyalı ilə tanış olduğumuz gün oldu. Heç bir mübaliğəsiz demək olar ki, görüşdüyümüz, poeziyasının işığına toplaşdığımız həmin müdrik və ziyalı insan daxilən ürfanla zəngin olduğu üçün onun qəlbindəki nur, işıq mənalı cizgilərlə dolu üzündə əks olunmuşdu.
Ona görə də onun hər sözü, hər kəlməsi ilk baxışdan adamın ürəyinə ilıq bir mehribanlıq, səmimiyyət və doğmalıq gətirirdi. Bu hisslərlə qaynaqlandıqca adama elə gəlir ki, bu insanı neçə illərdir tanıyırsan və onunla dostluq əlaqəsində olmusan. Bir görüş ərzində onun səmimi danışıqları görüş işirakçılarını qəlbən elə məftun etdi və ürəklər arasında elə mənəvi körpü yaratdı ki, onun sənətkar ruhunun sehrinə düşən şeirsevərlər bu sehrdən ayrılmaq belə istəmirdilər.
Yuxarıda haqqında söz açdığım həmin poetik insan, elm, ürfan və yüksək sənət sahibi, texnika və filalogiya elmiləri doktoru, professor, ədəbi mühitdə tanınmış şair, özünün dediyi kimi ömrünün əlli faizini elmə və əlli faizini ədəbiyyata sərf etmiş, Elçin İskəndərzadədir. O, qısa bir görüşdə poeziya ilə nəfəs alan insanların qəlbinə elə bir könül rahatlığı gətirmişdi ki, kimsə həmin görüşün tezliklə sona çatmasını və ürəyi sənət işığı ilə dolu olan bu müqərrəm insandan ayrılmaq belə istəmirdilər.
Bu günlərdə dünyanın ən böyük meqapolislərindən biri olan Moskva şəhərində fəaliyyət göstərən, qədim mədəniyyətimizin, tariximizin, ölməz poeziyamızın, ədəbiyyatımızın və eyni zamanda milli- mənəvi dəyərlərimizin rusiya ədəbi mühitində geniş təbliğini həyata keçirən, “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin yaradıcı kollektivi ilə filoloq alim, şair Elçin İskəndərzadənin görüşü təşkil olunmuşdu. Görüş sözün əsl mənasında yüksək əhval ruhiyyə ilə qarşılandı və o cümlədən qürbətdə yaşayıb yaradan yazarlarımızın qəlbində silinməz xatirə izləri qoydu. Bu görüş sənətsevərlərə ən azı yeni nəfəs və yeni Azərbaycan ruhu gətirdi.
Mən bu hisslərlə də şair Elçin İskəndərzadənin əlimdə rus dilində nəşr edilmiş “Букет харыбюльбюль», «Крылатый этюд», Azərbaycan dilində çapdan çıxan “Sevənlərə” və “Qürbət hücrəsində” adlı şeir kitablarını nəzərdən keçirirəm. Şeirləri mütaliə etdikcə tanınmış alim, gözəl sənətkar Elçin İskəndərzadənin zəkasının qüdrətinə, onun poetik mühitə gətirdiyi yeni deyimlərin və həssas duyğuların sehrinə düşməyə bilmirsən.
Əməl insan şəxsiyyətinin güzgüsüdür deyənlər yanılmayıblar. Elçin müəllim özü sözə dirilik verir, yenilik gətirir, onun düşüncələri və deyimləri oxucuların qəlbini işıqlı duyğularla doldurmaqla yanaşı, onda olduqca inamlı bir ovqat yaradır, qəlbi isidən səmimiyyət gətirir. Elçin müəllim alim olduğu üçün onun sətirlərindəki bədii ifadələr oxucunun daxili dünyasını riqqətə gətirir və həqiqətlə möhkəmləndirir. Cəmiyyət həyatında baş verən həqiqətləri nəzmə çəkdikcə şair özü mənən yaşadığı kimi, onu mütaliə edən və dərkə qapılan oxucunu da dərindən düşündürür və mənən yaşadır. Elçin müəllim filoloq olduğu üçün əsərlərində milli ruhu saxlamaqla, Azərbaycan şerinin klassik ənənələrinə söykənərək, maraqlı, yadda qalan, yeni deyimli, yeni ruhlu poeziya nümunələri yarada bilmişdir.
Elçin İskəndərzadə həsrət şairidir. Onun uğurlarının mayasında torpaq həsrəti, yurd həsrəti çox boyük rol oynayır. Şair gənc yaşlarında, dünyanı dərk etdiyi bir zamanda, doğulub boya- başa çatdığı, yıxılıb-durduğu, müqəddəs varlığı ilə nəfəs aldığı, neşə-neçə dahilərin vətəni sayılan və hazırda xalqımızın qəlbində Qarabağ boyda yaraya çevrilmiş Şuşa həsrətinin amansız acısını dadmışdır. Şairin ürəyində kök salmış yurd həsrətinin ağrısı, onun qəmli notlarla qələmə aldığı şeirlərində açıq – aydın görünməkdədir:
Sənsiz dərdimizin ölçüsü yoxdur,
Qarabağ qırmızı duman içində.
Dərdimizə sarı boylanırıq biz
Hər səhər, hər axşam güman içində.
Bir şəhid xəyalı qalxır, dikəlir,
Qırmızı dumanda al qan içində.
Şairin qarabağ torpağının yetirməsi, hərtərəfli biliyə malik olan Böyük alim, şəxsiyyəti və elmi tapıntıları ilə qürur duyduğumuz Xudu Məmmədovun ölməzliyinə həsr etdiyi dərin məzmunlu şeiri güclü poetik düşüncələrin nəticəsidir. Aşağıdakı sətirlər həmin yüksək düşüncələrin ifadəsidir:
Yuxuda Xudu Məmmədov
Çapıb getdi bu gecə
Ağzından od püskürən
Yel qanadlı atında.
Çapıb getdi, sonsuzluğa qovuşdu,
Şükür olsun səsi qaldı
Silinməyən izi qaldı
Göy qübbəsi altında...
İndi sənin qərib ruhun
Göy qübbəsi altında
Qarababağda dolaşır.
İndi səninqərib ruhun
yel qanadlı atında
keçilməz yollardan keçir,
aşılmaz dağlar aşır...
Yüksək bədii fikirləri və dərin fəlsəfi düşüncələri ilə bütün türk dünyasının taleyini poetik dillə ifadə edən şair, müqəddəs türk ruhunu ucaltmaqla yanaşı, həmin kövrək hisslərini oxucuları ilə belə bölüşür :
Gecələr səslər gəlir
Yovşan qoxulu çöldən,
Savaş meydanı kimi
Qanlı, qoxulu çöldən...
Yer üzü türkün torpağı,
Göy üzü türkün dayağı...
Bəlaya saldıq vətəni,
Vətən- baçımın bəlası,
İndi mən dərd oğluyam,
Balam dərdin bəlası
Yuxarıda qeyd etdiyimiz bu ibrətamiz misraların müəllifi Elçin İskəndərzadə hər bir azərbaycanlını harada yaşamasından asılı olmayaraq vətənin müqəddəsliyini dərindən duymaq, ruhən onunla yaşamasını istəyir və onu vətən torpağlarının ağrılarının və onun bəlalarının sağalmasına səsləyir:
Yer üzü Türkün torpağı,
Göy üzü türkün bayrağı...
Diz çöküb önündə dua edək biz..
Üç rəngli bayrağa-Ulduza, aya,
Yəhərlə atını çapıb gedək biz
Xocalıdan keçib gedək Şuşaya.
Bu misralar həsrət ağrılarından doğan, ürək yanğısının poetik ifadəsidir. Elçin müəllim Qarabağın əsrarəngiz gözəlliyini, qəm-qüssə dumanına bürünmüş, öz doğmalarının könüllərinə həsrət qalan Xarı bülbülü, əsrlərdən bəri süzülüb bu günümüzə qədər gəlib çatmış zəngin muğamlarımızın mahir ifaçılarını, qəhrəmanlıq simvolu saydığımız Şuşa qalasını və bütövlükdə işğal altında inləyən torpağlarımızı unuda bilmir;
Xarıbülbül hanı, hanı qarbağım,
Aşıq Qurbaninin tər bənövşəsi?
Daş basdım bağrıma, dondu göz yaşım
Bayquşlara qalıb Laçın meşəsi.
Vətən dedik, hanı küllü – Qarabağ,
Hər ötənə dərd söyləmə, amandı.
“Haqqa pəncərə”aç, bu dünyaya bax,
Əkbəroğlu, dağlar başı dumandı...
İllərlə sinəsinin altında Qarabağın acı taleyini gəzdirən və bu dərdlə həzin – həzin yaşıyıb yaradan şair, qəlb yanğısını aşağıdakı misralarda belə qələmə alır:
Ürəyimdə hələ dərddir gül açan,
Novruzgülün mənim kimi bağrı qan.
Xarıbülbül, qovuşarıq bəs haçan,
Qarabağa bizsiz gəlir bu yaz da...
Mən şairin yaradıcılığında onu ən çox narahat edən, xalqın ruhu ilə səsləşən Qarabağ mövzusuna toxundum. Ancaq Elçin müəllim təkcə dərd şairi deyil, o həm də gözəllik aşiqi, təbiət vurğunu və tarixi keşmişimizə bağlılığı ilə seçilən ürfani bir şairdir
Elçin İskəndərzadə dərin filoloq olduğu kimi, dərin də fəlsəfi bir şairdir. Onun ətraf aləmlərə, səmalardakı varlıqlara və kainat quruculuğuna olan maraq və düşüncələri oxucunu özünə məftun edir. O, öz oxucusunu kainatda Tanrının yaratdığı təkrarı olmayan gözlliklərə, bakirəlik və rəngarəngliyə cəzb etməklə, onun böyük qüdrəti qarşısında valeh olmağa da cəlb edə bilir :
Bir sadiq yar yoxdu həmən
O bir Allahdan vəfalı.
Elçin müəllim öz yaradıcılığında Cənabi Həqqin yaratdığı rənglər silsiləsi ilə söz çalarlarının, söz rənglərinin imkan vəhdətini yaratmağa çalışır. O, oxucusuna aşılayır ki, Tanrı yaratdığı kainatın ən Böyük və Təkrarsız Rəssamıdırsa, şair də söz rənglərinin tanrısıdır. Elçin müəllim bu fəlsəfi hisslərini “Ayrılıq ebrüsü”, “Naxışlı ebrü”, “Qırmızı ebrü”, “Qürbət ebrüsü”, “Ömür ebrüsü” və “Cənnət ebrüsü” kimi şeirlər silsiləsində yüksək bədii çalarla verə bilmişdir:
Qürbətdə gördüm özümü
Yayındırdım gözümü.
O baxdı maddım-maddım,
Guya heç tanımadım.
Guya bir yabançıyam,
Var get, dili acıyam.
Şuşam əlınıb bu gün
Zaman dönüb mənimçün.
Mənim qibləm Şuşadı,
Sınıq qəlbim şüşədi. . .
Və yaxud;
“Ayrılıq ebrüsü” şeirində yazır:
Yeddi Lalə çəkib rəssam,
Bir ebrüdə - yeddi lalə.
Lalələrin ləçəyində
Şeh qurumayıb hələ.
Mən sənin yanağında
Şeh damlaları gördüm.
Ayrılıq günlərində
Sənə bir şeir hördüm.
Ayrılıqda doludu
Lalələrin gözləri.
Yadımdan çıxıb indi
O şeirin sözləri.
Əvvəlki səhifədə qeyd etmişdim ki, Elçin müəllim təkcə dərd şairi deyil, o həm də məhəbbət mövzusunda yazan gözəl şeirlər müəllifidir. Mən aşağıda oxucuların diqqətini onun 1999 cu ildə qələmə aldığı “Bulud içində ay” şeirinə çəkmək istəyirəm;
Üstümdən gecələr ötüşür elə,
Mənim səhərlərim açılmır hələ,
Bu dünyada könül verdim bir gülə,
Pətək kimi şan-şan oldum, neyləyim.
İçimdə qövr edən sənin yarandı,
Dünənki bəm-bəyaz bu gecə qandı,
Mələk gözləyirdim, gələn ilandı,
Könül verdim, düşmən oldum, neyləyim.
Və yaxud da “Gizlənpaç” şeirinə nəzər salaq;
Qeybə çıxmışam səsimdə,
Qəm köklənən sarı simdə,
İtib-batıb öz içimdə,
Gizlənmişəm, gəl tap görüm.
Düşmə dağa, düşmə düzə,
Görünmərəm mən hər gözə,
Dayanmışıq üzbəüzə,
Gizlənmişəm, gəl tap görüm.
Məhəbbət mövzusunda yazılan şelər içərisində “Sev məni” rədifli şeiri maraqlı qələm nümunələrindən biridir;
Yüz il sonra
Torpağın iliyini sora-sora
Qəbrim üstə bitəcək bənövşənin
Boynu bükülməsin deyə -
Səni and verirəm gözlərinə,
Səni and verirəm yerə, göyə
Bu gün sev məni, sev məni. . .
Elçin İskəndərzadənin rus dilinə tərcümə edilən şeirləri arasında «Крылатый этюд» kitabında çap olunan və Salvador Daliyə həsr etdiyi poema daha çox diqqətəşayandır. Ona görə də həmin poemadan kiçik bir parçanı oxuculara təqdim etməyi özümə börc bildim:
Есть общее и у меня с тобой:
Ты, со своей мятущейся душой.
Которая то к поиску звала,
То от любви сгорала, то от зла.
И я, тебе подобно,
Всю жизнь сражаюсь сам с собой.
Ну почему такими мы рождаемся-
С душою собственной сражаемся,
Мы что – враги ей, душегубы?
Сами мы себя не любим.
Elçin İskəndərzadə Azərbaycan şeirinin müxtəlif janrlarında poetik nümunələr yarada bilən və zaman – zaman yaddaşlarda çiçək açacaq qələm sahiblərimizdən biridir. O, Azərbaycan yazıçılar birliyinin, o cümlədən də Türkiyənin, Qırğızstanın, İranın, Rumunıyanın, Bolqarıstanın, Şimali Kiprin, İrakın və Kosovanın yazıçılar birliklərinin üzvüdür. Elçin müəllim 100 dən yuxarı elmi işin, 36 tədqiqatın, 8 monoqrafiyanın və dərs vəsaitinin, 64 bədii və elmi kitabların müəllifidir. O, 120 - dən yuxarı elmi və bədii kitabların elmi redaktoru olmuşdur. Onun yazıları və elmi əsərləri SNQ xalqlarının dillərinə təcümə olunmaqla yanaşı, eyni zamanda ingilis, alman, fransız, fars, rumın, bolqar, makedoniya, alban və ərəb dillərinə də ərcümə edilmiş və çap olunmuşdur. Ensiklopedik biliyə, nadir hafizəyə, yüksək şəxsiyyətə malik olan Elçin İskəndərzadə sözün həqiqi mənasında Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük simalardan biri və əvəzsiz fəxridir.
Elçin İskəndərzadə haqqında, onun əsərləri barədə yüz səhifələrlə resenziya yazmaq, uzun – uzadı fikirlər söyləmək mümkündür. Lakin, oxucular üçün ən gözəl və ən maraqlı olan isə onun əllərdən düşməyən kitabları olacaq. Ona görə də mən Elçin müəllimə elm, sənət yollarında tükənməz ilham və bir də təbiətdə heç nə ilə əvəzolunmaz cansağlığı arzu edirəm. Arzum odur ki, onun əlindəki qələm daim çağlasın, gülsün, öz saçları ağarsa da şeirləri dağ çayları təki hər zaman kükrək olsun!
Vasif Məmmədov
“Şəhriyar” ədəbi – mədəni cəmiyyətinin sədri, Beynəlxalq Yazıçılar və Publisistlər Assosiyasının üzvü.
- Yorum yapmak için giriş yapın