ŞAİR ƏKBƏR QOŞALI İLƏ GÖRÜŞ - FOTO
Yanvarın 25-də “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin yaradıcı kollektivi, Azərbaycandan gəlmiş şair, publisist, DGTYB-nin sədri Əkbər Qoşalı ilə görüş keçirmişdir. Azərbaycan mədəniyyətinin inkişafı və intibahı fondunun ofisində baş tutan bu görüşü tarix elmləri doktoru, şair, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin ədəbi-bədii şurasının rəhbəri Əşrəf Hüseynli aşdı. O, Əkbər Qoşalını şəhriyarçılarla görüşə gəlməsi münasibətilə səmimi qəlbdən salamladı və onun Azərbaycan ədəbi mühitindəki rolundan, o cümlədən Dünya Gənc Yazarlar Birliyinin inkişafındakı fəaliyyətindən söhbət açdı. Əşrəf müəllim Əkbər Qoşalının yaradıcılığı, çağdaş Azərbaycan poeziyasındakı mövqeyi və uğurları barədə görüş iştirakçılarına ətraflı məlumat verərək, qeyd etdi ki, şair Əkbər Qoşalı elinə - obasına, milli mədəniyyətinə mənən bağlı bir ziyalıdır.
Giriş sözündən sonra Əşrəf hüseynli çıxış üçün sözü dəyirmi masanın qonağı Əkbər Qoşalıya verdi. Əkbər Qoşalı öz çıxışında Moskva ədəbi mühitində 15 ildən yuxarı fəaliyyət göstərən, şəhər içtimayyəti arasında yüksək mövqeyə malik olan “Şəhriyar” ədəbi –mədəni cəmiyyətinin kollektivinə təşəkkürünü bildirdi və eyni zamanda bu maraqlı görüşdən məmnun olduğunu vurğuladi. Əkbər müəllim türkdilli xalqların müasir dövrümüzdəki ədəbi əlaqələrinin inkişafından ətraflı məlumat verərək göstərdi ki, türkdilli ölkələrdə yaşayan yazarların yaradıcılıq əlaqələrinin möhkəmlənməsi və inkişafı sahəsində xeyli işlər görülmüş və ümidverici addımlar atılmışdır. O, sözarası onu da qeyd etdi ki, bununla əlaqədar olaraq şəxsən özü vaxtaşırı olaraq həmin ölkələrdə yazarlarla görüşlərdə iştirak edir və onların ümumi əlaqələrinin bağlantısı üçün var qüvvəsini sərf edir. Əkbər müəllim eyni zamanda Dünya Gənc Türk Yazarlar Birliyinin inkişafında və əsərlərinin çap edilib işıq üzü görməsində Prezident yanında Gənclər fondunun maliyyə dəstəyindən də razılığını bildirdi. O, 2016 cı ildə həmin fondun maliyyə köməkliyi ilə çapdan buraxılımış Dünya Gənc Türk Yazarlarının əsərlərindən ibarət ilk toplumu - “Qəlbdəki və Qələmdəki Qarabağ” kitabını “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinə hədiyyə etdi. Bununla yanaşı Əkbər Qoşalı “Şəhriyar” cəmiyyətinin 2016 cı ildə çap etdirdiyi “Məhəmmədhseyn Şəhriyarın şərəfinə almanax”ın çapdan çıxması və oxucuların mütaliəsinə təqdim edilməsi münasibəti ilə cəmiyyətin yaradıcı kollektivini səmimi qəlbdən təbrik etdi və onlara yaradıcılıq uğurları arzuladı. Şair Əkbər Qoşalı çıxışının sonunda son günlərdə qələmə aldığı şerlərindən bir neçəsini görüş iştirakçılarına əzbərdən söylədi. Sonra cəmiyyətin üzvülərinin yeni çapdan buraxılmış kitablarını Əkbər müəllimə hədiyyə verdilər.
Görüşdə iştirak edən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri, publisist Vasif Məmmədov Əkbər Qoşalını öz adından və “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin kollektivi adından salamlayaraq, onun tərcümeyihalı, doğulub boya- başa çatdığı Azərbaycanın sazlı-sözlü, dilbər güşəsi olan Tovuz rayonunun Qoşa kəndinin füsünkar təbiəti haqqında maraqlı məlumat verdi. O, həmin bölgədən Dünya poeziyasına pərvazlanan, güclü poetik ilhama malik olan Məmməd İsmayılın sənət qüdrətindən, ustad aşıqlardan Azaflı Mikayıl, Aşıq Əkbər, Aşıq İmran və başqalarından danışdı. Vasif Müəllim qeyd etdi ki, təbii ki, belə gur çeşmələrdən bəhrələnən Əkbər Qoşalı sağlam düşüncələrlə yazdığı şeirlərində və o cümlədən publisistik əsərlərində poetik nümunələr yarada bilmiş və oxucularının rəğbətini qazana bilmişdir. Elə buna görə də dostumuz və həmvətənimiz şair Əkbər Qoşalı maraqlı, məzmunlu əsərlərinə və türk yazarlar birliyinin həyatındakı geniş fəaliyyətinə görə, Rəsul Rza, Şahmar Əkbərzadə adına mükafatlara və Tərəqqi medalına layiq görülmüşdür.
Görüşdə maraqlı və yadda qalan cəhətlərdən biri də Qırğızıstan Respublikası Yazarlar Birliyinin Moskva şəhər bölməsinin rəhbəri, şairə və publisist Nursulu xanımın çıxışı və qırğız dilində oxuduğu şeirlər oldu.
Sonra cecənin aparıcısı Əşrəf Hüseynli cəmiyyətin təsisçisi, hüquqşünas, Miskin Abdal nəslinin Moskva şəhərində tanınmış nümayəndəsi, sazlı- sözlü nəğməkar, şair Abbas Ağdabanlıya söz verdi. Abbas Ağdabanlı çaldığı sazın müşayəti ilə yazdışı milli ruhlu şeirlərini və klassik şair Qurban Ağdabanlının, Aşıq Şəmşirin və eləcə də el arasında çox sevilən Bəhmən Vətənoğlunun şeirlərini yüksək intonosiya ilə ifa etdi.. Abbas Ağdabanlı eyni zamanda saz havaları ilə şairlərimizin səsləndirdiyi şerləri də müşaiyyət edirdi.
Cəmiyyətin üzvü, tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sultan Mərzili Azərbaycan ədəbi mühitində tanınmış şair Əkbər Qoşalının yaradıcılığı haqqında danışaraq, onun ədəbi fəaliyyətini neçə illərlə izlədiyini bildirdi. Sultan Mərzili qonağın gəlişi münasibəti ilə bir neçə məzmunlu, diqqəti cəlb edən şerlərini oxudu və onun maraqlı şeirləri görüş iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
“Şəhriyar” cəmiyyətin, eləcə də Azərbaycan və Rusiya yazıçılar birliyinin üzvü, şair- jurnalist Əliş Əvəz milli ruha, türk ruhuna qəlbən bağlandığını və bu ruhdan doğulub yaranan poeziyanı ürəkdən sevdiyini bildirdi. O, görüşünə toplaşdığımız Əkbər Qoşalının da bu ruhda yazıb- yaratdığına və Dünya türk yazarları fonunda olan fəaliyyətinə görə, onun şəxsiyyətinə rəğbət bəslədiyini söylədi. Əliş Əvəz son illərdə yadığı şeirlərini oxudu. Şeirlər masa arxasına toplaşan yaradıcı adamlarda yüksək əhval-ruhiyyə doğurdu.
Sonra Azərbaycan və Rusiya yazıçılar birliyinin üzvü, çoxlu şeir kitablarının və publisistik əsərlərin müəllifi, görüşün əsas təşkilatçılarından biri olan şairə Afaq xanım çıxış üçün söz aldı. Afaq xanım öz çıxışında şair Əkbər Qoşalı ilə uzun müddət dostluq əlaqəsində olduğunu vurşuladı və onun istedadlı şair, gözəl ailə başçısı olmaqla bərabər, yüksək insani keyfiyyətlərə malik olmasından danışdı. O, Əkbər Qoşalının müxtəlif vaxtlarda qələmə aldığı maraqlı və məzmunlu şeirlərinə və ümumilikdə dünya türk ədəbi həyatında olan xidmətlərinə yüksək qiymət verdi. Həmişə olduğu kimi, Afaq xanım özünün qəlbləri oxşayan, çox təsirli şeirləindən bir neçəsini görüş iştirakşılarının diqqətinə çatdırdı və alqışlarla qarşılandı. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, Afaq Şıxlı bu gün Azərbaycanda yaşayan qələm sahibləri ilə Moskvada fəaliyyət göstərən “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin yaradıcı kollektivi arasında səmimi bir körpü yaratmış və ikitərəfli görüşlərin təşəbbüsçüsü kimi daim fəaliyyət göstərmişdir.
Afaq Şıxlının çıxışından sonra, görüşün aparıcısı Əşrəf Hüseynli də özünün 2016 cı ildə Moskvada çap olunmuş “Uzaq Ulduzlar” kitabından bir neçə şeir nümunələrini görüş iştirakçıları üçün söylədi.
Görüşdə iştirak edən Toğrul Allahverdili və İsmayıl Tovuzlu çıxış edərək şair Əkbər Qoşalı haqqında xoş sözlər söylədilər.
Tədbirin sonunda “Şəhriyar” ədəbi- mədəni cəmiyyətinin sədri Vasif Məmmədov çıxış edərək, təşkil olunan görüşün təşkilatçıları Afaq Şıxlıya, Əşrəf Hüseynliyə, Abbas Alıyevə və masa arxasına dəvət olunmuş bütün yaradıcı adamlara öz minnətdarlığını bilgirdi və onlara yaradıcılıq uğurları arzuladı.
“ŞƏHRİYAR” ədəbi-mədəni cəmiyyətinin
mətbuat katibliyi
- Yorum yapmak için giriş yapın