ƏŞRƏF HÜSEYNLI
GÖYLƏRIN GÖZ YAŞI TÖKÜLÜR DƏN - DƏN...
Rəhmətlik atam deyərdi: “İnsanın nəfsindən təhlükəli heç nə yoxdur. Kainatı udar, yenə doymaz.” Doğrudan da insan kainatın ən dilbər, ən dilli, ən zəkalı və ən əşrəfi varlığı olmasına baxmayaraq, həm də bütün canlıların ən acgözü, ən hiyləgəri, ən qatili və ən qəddarıdır. Bu, həyatda hər kəsə sübut olunmuş ibrətdir:
Təbiət payız, qış, bahar, yay verir,
Boz qurd ulayanda, qurdlar hay verir,
Şir də öz payından şirə pay verir,
Bəşərin gözü ac, gözü dar imiş,
İnsan nə zülmkar, zülmkar imiş!
Quşlar da oxuyur haqqın nəğməsin,
Dağlara lal durub heç kəs deməsin.
Bulud da qavrayır şimşəyin səsin,
Bəşərin qulağı necə kar imiş,
İnsan nə zülmkar, nə zülmkar imiş!
Ağaclar ucalır - əl açır göyə,
Ya Rəbbim, Sən varsan, Sən varsan deyə,
Danışqan, zəkalı insansa niyə,
Gözü görə - görə nədən kor imiş?
İnsan nə zülmkar, zülmkar imiş!
Ulduza, aya bax səmalarda sən,
Günəş bir hikmətdir bilmək istəsən.
Göylərin göz yaşı tökülür dən-dən,
Torpağa – yer üzü boran, qar imiş,
İnsan nə zülmkar, zülmkar imiş!
İblisdən dərs alır dikələn hər kəs,
Ədalət təhr edib, tutulub nəfəs.
Yerin altı, üstü qəfəsdir, qəfəs,
Zindanlar büsbütün ahu-zar imiş,
İnsan nə zülmkar, zülmkar imiş!
Hakimin əmridir – odda yanasan,
Allahı, haqq sözü gərək danasan.
Düşüb köz içində qorsalanasan,
Soydaşın deyəcək – iftixar imiş,
İnsan nə zülmkar, zülmkar imiş!
Həqiqət taxtında əyləşib yalan,
Haqqa hökm verir – get göydə dolan!
Rüşvətxor, ədəbaz, cibdən “can” alan,
İndi yer üzündə xilaskar imiş,
İnsan nə zülmkar, zülmkar imiş!
Hiylə ürəkləri sorub zəli tək,
Beyinlər əyilib, başlar dəli tək.
Qumlu səhraların mənhus yeli tək,
Pul da bir ilğımlı səhralar imiş,
Bəşər ac canavar, canavar imiş!
Çaylar, dəryalar da satılıb pula,
Gözəllər əllərdə çevrilib qula,
Əşrəf, dön geri bax keçdiyin yola,
Demə, o yollar da xətakar imiş,
İnsan nə zülmkar, zülmkar imiş!
Əşrəf Hüseynli
Moskva şəhəri.
ALLAHIN İNSANA NƏSİHƏTİ
Bəzən həyatımızda baş verən uğursuzluqları və talesizliyi biz bəşər övladı nədənsə tale yazan fələyin, əlçatmaz, ünyetməz göylərin günahına yazırıq. Daha başa düşmürük ki, yerləri və göyləri öz zatı elmilə yaradan Allah tale seç- məkdə və uğur qazanmaqda bizləri azad yaratmışdır. Bizlərə heyvanat aləmindən fərq- li olaraq təfəkkür, idrak, təyin və müəyyən et mək qüdrəti əta etmişdir. Və bu barədə bizlərə göndərilən müqəddəs səmavi kitabların cəmində bəşər övladına Tanrımız tövsüvflər vermişdir, Peyğəmbərlər vasitəsi ilə bizlərə təlqin və təbliğ edilmişdir.
ALLAH İNSANA DEDİ :
Demirəm itil get bu yer üzündən,
Deyirəm, İnsan ol, insan tək yaşa.
Məkr göyərirsə əgər izindən,
Qoy arzun, istəyin çırpılsın daşa.
Demirəm, müti ol, kölə ol, sürün,
Nə də ki, görünmə bəxti qara sən.
Mən səni yaratdım əqldən dərin,
Deyirəm, züy tutma zülmkara sən.
Demirəm ucalma, ucal, pöhrələn,
Hər açan dikələr, yıxılar bir gün.
Ətəkdən zirvəyə şöhrətçün gələn,
Təkəbbür bardağı dağılar bir gün.
Demirəm Şah olma, Şahı qaldıran,
Deyirəm, haqqa dön, haqqa tac ol sən.
Dünyanı şər ilə, qanla dolduran,
İblis kimilərdən təki bac al sən.
Dedim ki, namərdə arxa söykəmə,
Namərdin yüz üzü, yüz xisləti var.
Yaltaq bir dünyanı batırar qəmə,
Onda da alçaqlıq təbiəti var.
Demədim var-dövlət sahibi olma,
Dedim ki, o vardan kasıba pay ver.
İnsan taleyinə biganə qalma,
Bircə yıxılanın səsinə hay ver.
Demədim eşitmə, dedim ol nədim,
Yalana, qeybətə qulaq vermə gəl.
Adəm babanıza min il söylədim,
Günah ağacından alma dərmə gəl.
İblis insanlığa bir məzar qazdı,
Güldü yer üzündə ölüm qatarı.
Babil əhalisi yolunu azdı,
Nərdivan qoydular göylərə sarı.
Əqlin tərəzisi əyildi bir dəm,
Ayağın altında yeri görmədin.
Can verdim, yaşatdı səni dəmadəm,
Bircə yol lütfümə cavab vermədin.
Mən torpaq yaratdım, mən yer yaratdım,
Qalmasın qədəmin göyün üzündə.
Sən ki, ayaq açdın, sən ki, boy atdın,
Boğdun özgəsini qan dənizində.
Hardandır bu qədər səndə həsəd, kin ?
Sən ki, yaranışdan belə deyildin.
Səni Şeytan saldı çölə didərgin,
Əvvəl sən Şeytana kölə deyildin.
Üstündən min belə qərinə keçdi,
Haqqa, ədalətə gəlmədin İnsan.
Yarandın, yaşadın, həyatdan köçdün,
Fəqət, yaradanı bimədin, İnsan.
Deyirəm, qəlbinin gözüylə baxan,
Peyğəmbər olun siz, məni sayın siz.
Bir arvad sözüylə cənnətdən çıxan,
Adəm babanıza oxşamayın siz !
15 iyul 2014 cü il, KUZMA.
DAĞILIB GEDƏRDİ, YOXSA BU DÜNYA
Bəşər doğulmasa, bəşər ölməsə,
Gecənin dalınca gündüz gəlməsə,
Həsrətin yerinə vüsal gülməsə,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Qartalın olmasa zirvə aləmi,
Dağları yıxardı tənhalıq qəmi,
Yanmasa gözlərdə məhəbbət dəmi,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Göylərin sirrinə baş yorma əbəs,
O, sirri Tanrının qüdrətində gəz !
Günəşsiz kainat yaşaya bilməz,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Həyatda həqiqət, haqq olmasaydı,
Yaxşılar dünyaya doğulmasaydı,
Zülmət işıq ilə boğulmasaydı,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Bəlkə, bölünərdi yer para-para,
Qara köynəkdən də olardı qara,
Əgər ki, qalsaydı zalım şahlara,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Fələklər hikmətə sarınmasaydı,
Ulduzlar göylərdə daranmasaydı,
Bu dünya bir sözdən yaranmasaydı,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Ədalət ürfanla dayanmazdı səf,
Gündüzün gözündə gülməzdi sədəf,
Nə qələm olardı, nə söz, nə Əşrəf,
Dağılıb gedərdi, yoxsa bu dünya !
Moskva, 22 iyun 2013-cü il.
Ə H S Ə N !
Bir şeyin əvvəli, ya sonu varsa,
Ondan sonra gələn əvvələ əhsən !
Xaliq kainatda bir ixtiyarsa,
O Qüdrətə əhsən, o Ələ əhsən !
Hər insan varlıqdan alır iltimas,
Qəlbini tac eylə səmalardan as,
Dəryadan mirvari alırsa qəvvas,
O, Qəvvasa əhsən, o lələ əhsən !
Nadan bu hikmətdən nə duyar, qanar?
Sahibsiz Günəşmi de, alovlanar?
Havasız dağlar da od tutub yanar,
O, küləyə əhsən, o yelə əhsən !
Buludlar coşanda hönkürər göylər,
Çəmən ləçəkləri şehdən tutar tər,
Çaylar zirvələrə vurğunsa əgər,
O çaylara əhsən, o selə əhsən !
Sevda yollarında min dərd, min dözüm,
Ocaq kül altında saxlayar közün,
Bülbül öldürürsə bir gülçün özün,
O bülbülə əhsən, o gülə əhsən !
Eşq odu olmasa bir ürək yanmaz,
Lələ bu yollardan dönməz, usanmaz,
Kərəmi üstündə ağlayırsa saz,
O mizraba əhsən o saza əhsən !
Söz mülkü tükənməz bir dəryadırsa,
Hər dəmi ya şəkər, ya bal dadırsa,
Bir qələm bir əldən zər yaradırsa,
O qələmə əhsən, o ələ əhsən !
Əşrəf Hüseynli,
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, tarix elmləri namizədi
22 mart, 2013-cü il.
- Yorum yapmak için giriş yapın