ƏŞRƏF HÜSEYNLİ: K İ T A B
Mən həyatımı kitabsız təsəvvür edə bilmirəm. Kitab oxumayan cəmiyyət cəhalətdən yaxa qurtara bilməz! Bəşəriyyət tarixdə hansı xoşbəxtliyi əldə edə bilibsə, fəqət ona kitabların sayəsində nail ola bilib. Kitab zəka, ziya və elm mənbəyidir. Bu gün bəşəriyyət internet əsrində yaşayır. Lakin unutmaq olmaz ki, əski qaynaqlarsız, mənbəə və kitablarsız internet də ola bilməzdi. Çünki internetin də mənbəyi məhz qaynaqlar, mənbəələr və günümüzdə olan məlumatlardır. Kitab hər insanın barlı-bəhrəli bağçası, lilpar gözlü bulağı, dərin dəryalara şığıyan çayı, ulduzlu səması, günəşli kainatıdır. Kainatla müqayisədə nöqtədən də kiçik olan kitablar, elə kainatın özü kimi sirlə və sehrlə doludur. Kitablar elə kainatın özüdür. Kainat, onda olan varlıqlar məgər sözə, kitaba çevrilib bizimlə danışan varlıq deyilmi? Məhz sevə-sevə oxuduğumuz kitablar bizi kainatın ahəngi-nizamına düzənləyir, kainatla birgə vəhdəti-vücuda gətirir.
Bu gecə əlimdə oxuduğum "YARANIŞ" adlı kitabla bir vəhdəti-vücuddayam. Mən kainatam, mən kainatla qeyri-mütənasib olan nöqtə boyda bir kitabam. Fəqət İNSANAM:
Hər kitab, kainat-bir nöqtə boyda,
Hər kitab, bir qəlbin çırpıntıları...
Kitabsız ömürdən axı nə fayda?
Kitabdır dünyanın iftixarları!
Kitabdan doğulur, kitabdan köçür,
Bir üzük qaşı da, iynə ucu da.
Kitabdan dil açır, kitabdan keçir,
Fikrin, düşüncənin, əqlin gücü də.
Ondan nur süzülür, ondan nur saçır,
Hər səhifə, bir ömrün, bir anı qədər.
Hər kitab, zaman tək min bir sirr açır,
Hər sətri, bir əsrin zamanı qədər!
Mən də hər sözümü, hər söhbətimi,
Kitabdan öyrəndim - ağ, qara yazdım.
Qızıl tariximə itaətimi,
Əski dövrlərdən daşlara yazdım!
Daşlar bir xəzinə - ölməz bir kitab,
Kitabsız bəşərin taleyi zülmət!
Qurandan söylənib - Qurandan cavab,
Elmlə doğular GÜNƏŞ nəhayət!
ƏŞRƏF HÜSEYNLİ 05. 03. 2020.
- Yorum yapmak için giriş yapın