Əliş Əvəz
Qürbət notları
Vətən
Vətən!
Qədrini bilsinlər deyə
Dara çəkilməyə hazıram.
Çiçəklərinin dərdindən
Ölsünlər deyə
Dərdlərinə dözürəm.
Ürəyim əlimdə silahım,
Müsəlləh əsgərinəm mən.
Yəqin şəhidin olacam
Ona dəyən güllələrdən.
Anamın toxuduğu xalının
Naxışlarısan, Vətən!
Atamın gordan boylanan
Baxışlarıan, Vətən!
Dağlarımda sazım, qoşmam,
Aranımda muğamım, bayatımsan,
Acısı da şirin həyatımsan!
Uşaq vaxtı
Arx qırağına əkdiyim
Pərişan söyüdümsən.
Əsrlər boyu
Karvanın çəkdiyim
Nənə öyüdümsən,
Baba nəsihətimsən –
Nəvəmə, nəticəmə
Vəsiyyətimsən!
Vətən!
Dünyaya
Əl-ayağımı qanadan kollarını,
Anamın qolları tək
Boynuna dolanan yollarını
Sevməyə gəlmişəm.
Həsrətimlə,
Ürəyimlə
Torpağını öpüb
Ölmüşəm.
Buynuzlanmaq dərdi
Buynuzlu qoç vurdu məni uşaqkən,
Buynuzlanmaq düşdü körpə vaxtıma.
O gündən Tanrının qəzəbi kimi
Buynuzlanmaq gəlib mənim baxtıma.
O zamandan ötüb illər, əsrlər,
Ömrümə gör neçə buynuzlar dəyir!
Buynuzlular şahı buynuzlu fələk
Buynuzlayıb məni günahsız döyür
Buynuzlara ayaq topu olmuşam,
Vurub salırlar gah ora, gah bura.
Qəlbimə, başıma dəyən buynuzdan
Necə xilas olum, qaçım bəs hara?
Qanlı çaylar axıb gedir bağrımdan,
Buynuzlar qəlbimi min yerdən deşdi.
Buynuzlanıb uzaq düşdüm Vətəndən,
Qürbətin buynuzu daha da şişdi.
Heyvanın buynuzu ağrısız imiş,
Nadanın buynuzu zəhərli oxdu.
Adam buynuzundan saxlasın Allah,
Heyvan buynuzunun qorxusu yoxdu
Zamanın buynuzu yaman uzundu,
Haraya qaçıram, oraya çatır.
Təkcə ürəyimə, canıma deyil,
Gəlib ümidimin köksünə batır.
Dedilər alınır haqqın qisası.
Bu yalan da mənə bir buynuz çaldı,
Yedi ürəyimi buynuzlu dünya,
Buynuzsuz yaranan qisassız qaldı.
Kökü kəsilmiş kötük
Kökü kəsilmiş kötük,
Bir zaman budaqların olub,
Yaşıl-yaşıl yarpaqların olub...
Kökü kəsilmiş kötük,
Meşəndən ayrılıb itə-itə
Gəldin düşdün bü qürbətə.
Gözəl pöhrələrin olub,
Onlar indi harda qalıb?
Xəbərin varmı yarıdımı?
Yarıdımı, qurudumu?
Kökü kəsilmiş kötük,
Qürbət səni ya çürüdüb yeyəcək,
Ya da yandırıb kül eləyəcək.
Qürbət Vətən olmaz
Keçib zaman, ötüb dövran,
Daha qarğı çətən olmaz.
O yollar ki, mən keçmişəm,
Bir də ordan ötən olmaz.
Ana yurdun boyu gözəl,
Dağı gözəl, çayı gözəl.
Tanrı vtrib payı gözəl,
Vallah, ona yetən olmaz!
Qərib oldum bu yığvalla,
Davam çoxdur o cığalla.
Ha əzizlə,ha sığalla,
Qürbət dönüb Vətən olmaz!
- Yorum yapmak için giriş yapın