ЕВГЕНИЙ ЧИГРИН: NAMƏ
Açırsan naməni, xəyallanırsan
Sənə doğma olan duyğular seli...
Belə yaxınlıqdan susub qalırsan>
Isidir əlini kiminsə əli.
Beləcə durursan, səssiz, səmirsiz...
Tale yazısının uzaqdır səsi.
Bəzən zəhər kimi, bəzən zəhərsiz
Qəmli kitabların qəddar nəfəsi.
Yadına gəncliyin düşür bu anda...
Şərab dumanına bürünür həyat.
Vüsalı sonadək içən zamanda
Nə var unudardıq hər şeyə inad!
Bir beşik yeri də boş qalıb yenə...
Dalğalar ardınca yeni dalğalar...
Dəniz quşları da durub qəsdimə
Qara günlərimə şahid qarğalar...
Saçımız tökülür, çən çökür başa!
O gur tellerdən də qalmır əlamət.
Əlimiz boşalır dolduqca yaşa
Qılıncmı zamanın əlində fürsət.
Naməni bir daha, bir daha oxu!
Nələr unudulmuş... itmişdir nələr...
Tanrının səninlə bir oyunumu –
Əlində qalanlar... əldən gedənlər?!
SÜRƏT QATARINDA
Canlı həyatdır keçən pəncərə arxasından,
Bir tənhalıq bürüyüb , hasarları, evləri.
Burulan yollar kimi yapışır yaxasından
Yuxulu söhbətlərin qırıq-sökük xəbəri.
Dünənki günümüzün musiqisi, qüssəsi,
Mənə şeir oxuyan o dərdli həmsöhbətim.
Necə sadə, necə xoş... doğma idi nəfəsi
Qəlbimdə yer almışdı bir ata məhəbbəti.
Hayandasa musiqi susmayırdı bir an da,
Başqa kupedən isə qədəh səsi gəlirdi.
Ulduzlar sayrışırdı zərif sarı dumanda
Tanrı işığı kimi səmaları dəlirdi.
Həm yuxulu, həm oyaq, bu səslərin içində...
Layla kimi, söz kimi hisslərimə hopurdu.
Bilmirəm heç hansında... bir vaqonun küncündə
Bir-birinə qarışan qərib səslər qopurdu.
Qaşıq-çəngəl... qədəhlər... Şərab, ya da hər nəsə...
Lətifələr, söyüşlər... adi ara sözləri...
Rəngsiz qatar çayları verib nəfəs-nəfəsə
Elə bil yollar kimi yol çəkirdi gözləri.
İçmədim, yox, içmədim... dumanlandı fikirlər,
Xəbəri gətirən kim, ey xəbərdən xəbərdar.
Məni məndən aparan bu təzadlı şeirlər...
Mənə dar olan kimi onlara da dünya dar.
Taqqıltısı sarsıdır yerin-göyün bağrını
Şütüyür, qaranlığı yarır sürət qatarı.
Bəlkə də bu dünyanın söyür bütün varını...
Yürüyür dayanmadan şənbə gününə sarı.
İndi nəylə bitirək, tənha insan, tək insan,
Xəyalını geriyə nəydi çəkən görəsən?!
Bir dördbucaq içində üzə-üzə qalmısan
Niyə, nəyin xətrinə? Bəlkə cavab verəsən?
RUS DİLİNDƏN TƏRÇÜMƏ: Afaq ŞIXLI
- Yorum yapmak için giriş yapın