“ÖMRÜMÜN BEŞİNCİ FƏSLİ”
Noyabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Moskvada yaşayan tanınmış şairə Afaq Şıxlının “Ömrümün beşinci fəsli” adlı şeir kitabının təqdimat mərasimi keçirildi.
Bu, Afaq Şıxlının azərbaycan dilində beşinci, sayca isə altıncı kitabıdır.
Əvvəlcə, tədbirin aparıcısı, AYB-nin mətbuat xidmətinin katibi Xəyal Rza şairənin yaradıcılığı haqqında danışdı.
Sonra çıxış edən Xalq şairi Fikrət Qoca Afaq Şıxlının şeirlərinin azad ruhlu olduğunu vurğuladı: “Onun şeirləri forma baxımdan müəyyən qəlibə malik olsa belə, məzmun baxımından, ruhən bu şeirlər sərbəstdir, azaddır. Onun düşüncə tərzi, deyim tərzi özünəməxsusdur”.
Ulduz jurnalının baş redaktor müavini şair Qulu Ağsəs Afaq Şıxlının Azərbaycana yeni kitabla gəlməsinin sevindirici hal olduğunu bildirdi: “Afaq xanımın şeirlərini ilk dəfə bizim jurnala göndərəndə oxudum. Daha sonra bizim əməkdaşlığımız davam etdi. O, “Variasiya” layihəsi üçün sonluqlar yazmağa başladı və Çingiz Abdullayevin hekayə sonluğunda qalib oldu. Arzu edirəm, Afaq xanımın Azərbaycana hər gəlişi yeni kitabla müşayiət olunsun!”
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə də tədbirdə fikirlərini bölüşdü: “Afaq Azərbaycana çox gəlib. Və hər gəlişi sənətkar gəlişidir. O, ədəbiyyata, şeirə ciddi yanaşan bir şairədir. Birinci dəfə Məmməd İsmayıl onun şeirlərini “Azərbaycan” jurnalına göndərdi. Bizdə növbədə olan şairlər çox idi, lakin Afaqın şeirləri xoşuma gəldiyindən növbə prinsipini pozduq. Onun kitabının adı da maraqlıdır: “Ömrümün beşinci fəsli”. Beşinci fəsil şairlərə məxsusdur, bu - sevgi fəslidir!”
Şair İbrahim İlyaslı A.Şıxlı haqqında xoş söz deməyin çox asan olduğunu, onun bu xoş sözlərə yetərincə layiq olduğunu bildirdi.
Tədbirdə digər qələm adamları: Əkbər Qoşalı, Mehdi Şıxlı, Reyhan yusifqızı, Nəcibə İlkin, Cavahir Qaraqızı çıxış etdilər, şairənin şeirlərini səsləndirdilər.
Sonda çıxış edən Afaq xanım, Vətənə gəlişinin onsuz da bir bayram olduğunu, bu günün isə onun qəlbində xüsusi iz buraxdığını söylədi. O, “Ömrümün beşinci fəsli”nin təqdimatında iştirak edən hər kəsə təşəkkürlərini bildirdi və bir neçə şeir ifa etdi.
RAMİL
525-ci qəzet
Afaq Şıxlının “Ömrümün beşinci fəsli” - kitabı - (pdf - 1 mb)
- Yorum yapmak için giriş yapın