“ŞƏHRİYAR”IN QONAQLARI: Qabil ƏDALƏT
Qabil Ədalət 1 fevral 1990 cı ildə Ağcəbədi rayonu Boyat kəndində anadan olub. Bakı şəhəri, Binəqədi rayonu 205 saylı orta məktəbi bitirib. 2011-ci ildə “Vətənə gedən yolda” 2012-ci ildə “Həqiqəti gözlərində görürəm” adlı kitabları işıq üzü görüb. Şeirləri dövrü mətbuatda, o cümlədən «Bayat» Ədəbi Birliyinin 2012, Türk Dünyası Şairlər Antolojisinin 2013-cü il almanaxlarında çap olunub.
Üçüncü kitabını çapa hazırlayır.
Ukrayna Respublikası, Kirovaqrad Milli Texniki Universietinin tələbəsidir.
Azan vaxtına qədər
Artıq dövran dəyişib,
dünya faniliyindən
adamlar xainliyindən əl çəkib,
Dostluq, barış içində
bir yaşam qurulubdur.
Rüşvətə yox deyilib,
“tapşırıq” son bulubdur.
Xəyanət yalan olub,
yalansa talan olub.
Dillər “həsrət qalıb”
söyüşə, qeybətə…
Həsəd, nifrət, paxıllıq
iki üzlülük, üzsülük qeyb olub.
Oğurluq bitib tamam,
Yerdə pul, qızıl görən,
əl vurmadan ötmədə…
İnsanlıq qayıdıb imana-dinə.
Yalançı mollalar, falçılar belə…
daha insanlar Həccə
adçün, sançün getmirlər,
daha bəzi qadınlar öz çirkin işlərini
hicab ilə gizlətmir.
Bəndələr Allahdan qorxur.
Və
mən bu gözəl dünyadaykən müəzzin azan çəkdi
ayıldım
gördüm, əşi, nə gerçək?..
Yuxu imiş, sən demə.
Bu dünya heç düzəlməz.
Düzəlməzmi?!.
Buz dağı
Tərk etdin
isti bir yay gecəsində,
Qəlbimdə
buz bağladı, don vurdu,
qəfil gedişin.
Səhər açılar, günəş çıxar,
Qəlbimin
buzu əriyər deyə,
fikirləşdim…
Dan yeri söküldü, günəş çıxdı,
Qızmar günəş daş-kəsəyi əritdi,
Asfalt əridi, torpağı yandırdı,
Amma
Günəş məni isitdikcə,
mən don atdım,
Qəlbim döndü buz dağına,
Qəlbimin buzu
ərimədi ki, ərimədi…
Çünki…
Sənlə yoğrulmuşam, Azərbaycanım
Qürbətdə olsa da qızıldan taxtım,
Lələ, cəvahirə bürünsə baxtım,
Bəxtəvər olsam da hər an, hər vaxtım,
Neynirəm o ömrü, qəribsə canım,
Sənlə yoğrulmuşam, Azərbaycanım.
Dərdimi bacımtək anan yoxdursa,
Anamtək halıma yanan yoxdursa,
Yadların rişğəndi nizə, oxdursa,
Necə dövr eyləsin damarda qanım,
Sənlə yoğrulmuşam, Azərbaycanım.
Gülüşü də könül açmaz yadların,
Ha nə qədər dost qoysalar adların,
Darda Qabil görməyəssən dadların,
Öz elimdə doğmalardı gümanım,
Sənlə yoğrulmuşam Azərbaycanım.
30.09.2012. Ukrayna
Deyiləm
Elə bil, qərq oldum bahara, yaza,
Qəlbim dilə gəldi, çevrildi saza.
Səbr edib dözəcəm işvəyə, naza,
Bu işvə, bu nazdan bezən deyiləm.
Vuruldum gözlərə, dilə, dodağa,
Çatma qaşlarına, alma yanağa.
Olsa da bu yazıq sənə sadağa,
Səndən uzaqlarda gəzən deyiləm.
Yandırıb odlara yaxmısan, gülüm,
Nur olub qəlbimə axmısan, gülüm.
Qabil Ədalətin, baxtısan gülüm,
Səndən əllərimi üzən deyiləm.
VƏTƏNSİZ YAŞAMAQ MÜMKÜN DEYİL
Qürət elin baharı da qar imiş,
Naz-neməti çinar verən bar imiş.
Bircə Allah əhdə-vəfadar imiş,
Yadlar ilə keçən ömür gün deyil,
Vətənsiz yaşamaq, bu mümkün deyil.
Daima möhtacsan isti qucağa,
Ana nəfəsitək yanan ocağa.
Qələm yazmır bircə anda varağa,
Bu zülüm, işgəncə bu sürgün deyil,
Vətənsiz yaşamaq, bu mümkün deyil.
Tikan üstündəsən hər an elə bil,
Sabaha etmirsən güman elə bil.
Ha dedim, ha güldüm amma ki, Qabil,
Görənlər söylədi, bu küskün deyil?
Vətənsiz yaşamaq, bu mümkün deyil.
04.10.2012 Ukrayna
- Yorum yapmak için giriş yapın