Afaq ŞIXLI: 20 YANVAR ŞEIRLƏRI
ÖMRÜN - AĞA BÜRÜNMÜŞ QIŞ...
20 yanvar şəhidi ÜLVIYE!
Biz yaşlandıq..
Sənsə elə əvvəlkitək gözəl qaldın!
Surətində o məsumluq..
Dalğalanan qara saçın...
Heç bilmədin,
sən gedəli
yetimləmiş dəftərinə, kitabına layla çaldı
anan, bacın...
Səni geri qaytarmadı
Nə ağılar, nə yalvarış..
Bir tarixə sığışmayan ömrün - ağa bürünmüş qış!
Günlər ötdü,
İllər keçdi,
Biz dəyişdik...
Gah yükləndik günahlarla,
Gah da günah təmizlədik!
Sənsə,
elə aydan arı-sudan duru gözlərinlə gülümsədin...
Nə bir könül yaraladın,
Nə bircə yol yalan dedin.
Adın kimi amalın da ülvi oldu, təmiz oldu,
Xəyalların yelkən kimi,
Arzuların dəniz oldu.
Şeirlərin sevilərək dildən-dilə dolandıqca
Səmalarda məmnun qaldın,
Ilham aldın.
Özü üçün yaşayanlar unuduldu,
Sənsə, əziz Vətən oğlu,
hər ürəkdə
məhəbbətlə xatırlandın!
20.01.14.
SƏSSIZ LAYLALAR...
- Gün olub ömrünə işıq saçsaydım!
Quş olub göylərdə azad uçsaydım!
Sədaqət bağında çiçək açsaydım,
Məni qoparmazdı yel, şəhidəm mən!
- Kaş, külək olaydım tellərin üçün,
Bir çiçək olaydım əllərin üçün.
Mənsiz yaşanacaq illərin üçün
Ağlama, gözünü sil, şəhidəm mən!
- Bəxtimiz yazılıb ağlı-qaralı...
Səni qoyub getdim qəlbi yaralı.
Torpaq altındayam... səndən aralı!
Aparacaq məni sel, şəhidəm mən!
- Elə bil min ildir öz yaşım mənim...
Torpağa qarışıb göz yaşım mənim...
Bir məzar daşıdır - yoldaşım mənim,
Son dəfə üzümə gül, şəhidəm mən!
- Dünyanı kim tutmuş... hamı qonaqdır...
Gördüyüm əzablar bəlkə sınaqdır?
Həsrətə dözənin sevdası haqdır!
Səni sevdiyimi bil, şəhidəm mən!
- Yorum yapmak için giriş yapın