AFAQ ŞIXLI VƏ TOFIQ MƏLİKLİ “DƏDƏ QORQUD OCAĞI” FONDU TƏRƏFINDƏN MÜKAFATLANDIRILDILAR
Bitməkdə olan 2013-cü ilin sonu Moskva Ədəbi mühitindəki iki soydaşımıza çox önəmli mükafatlar gətirdi.
Dekabrın 26-da AYB Moskva şöbəsinin sədri alim, şair Tofiq Məlikli və Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü şairə Afaq ŞIXLI “Dədə Qorqud ocağı” fondu tərəfindən mükafatlandırıldılar. Afaq Şıxlı “MEHRIBAN ANA” ordeninə, Tofiq Məlikli isə “VƏTƏN övladı” medalına layiq görüldülər.
Mükafatlandırma mərasimi Moskvada, Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanasının nəzdində təşkil olunmuş Azərbaycan mədəni və ədəbi mərkəzində keçirildi
Tədbiri Azərbaycan Yazıçılar birliyi Moskva şöbəsinin rəhbəri, “Ocaq”ədəbi cəmiyyətinin sədri, alim-türkoloq professor Tofiq Məlikli açdı..
O, gələn bütün qonaqları Dünya Azərbaycanlılarının Beynəlxalq həmrəylik günü və Yeni il münasibətilə təbrik etdi; bu günkü tədbirin məqsədlərini açıqladı. Tofiq Məlikli, qeyd etdi ki, Dədə Qorqud ocağı fondu artıq neçə illərdir ki, görkəmli şəxsiyyətləri layiqincə qiymətləndirərək, onlara mükafatlar təqdim edir.
“14 ildir ki, “Azərbaycan dünyası” jurnalı və Dədə Qorqud ocağı fondu Azərbaycan xalqının mənafeyinə çalışır. Bizim xalq hər zaman istəmişdir ki, dünya onu olduğu kimi tanısın. Mən qürur duyuram ki, bu çətin işin öhtəsindən gələ biləcək cəmiyyətlərimiz və qurumlarımız vardır. Bu yolda böyük əməyi olan, fondun prezidenti və “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov cənablarına öz dərin minnətdarlığımı bildirirəm.
Bütün analar mehribandır. Amma Azərbaycan anaları mehribanlığı, qayğıkeşliyi ilə seçiləndir. Bizim hamımızın tanıdığı və sevdiyi şairə Afaq bir örnəkdir. Biz belə qadınlarımızla fəxr edirik. Afaq Şıxlıya bu “Mehriban ana”ordeni çox yaraşır!”
Sonra Tofik Məlikli sözü Eldar İsmayılova verdi. “Biz bu mərasimə çoxdan hazırlaşırdıq. Çox sevindiricidir ki, mükafatları kimə vermək lazım olduğunu cəmiyyət özü seçir. Hər bir dövlətin dayağı – onun ləyaqətli nümayəndələridir və onları layiqincə qiymətləndirmək lazımdır. Mən Rusiyaya da bağlı bir insanam. Burada mənim soydaşlarım – Azərbaycanımın bir parçası yaşayır. Ziyalı kimi, yaradıcı insan kimi Vətənini dünyaya tanıtmaqda böyük rol oynayan insanlar... Onlardan biri də, dərin hörmət bəslədiyim və şeirlərini sevə-sevə oxuduğum şairə Afaq Şıxlıdır. Bu xanım həm istedadlı şairə, publisist, tərcüməçi, həm də – gözəl Anadır. Bu çox mühüm bir faktdır. “Mehriban Ana” ordeninin dünyada tayı-bərabəri yoxdur. Bu ordeni ilk olaraq azərbaycanın birinci xanımı - Mehriban xanım Əliyeva və yeddi şəhid anaları almışıar. İndi isə, mən büyk fəxrlə bu ordeni Afaq xanıma təqdim edəcəyəm və həddən ziyadə şadam ki, bu ordeni Afaq ŞIXLIya təqdim etmək səadətinə layiqəm!”
Bu sözlərdən sonra Eldar İsmayılov ordeni şairə Afaq Şıxlıya təqdim etdi.
Afaq Şıxlı, öz növbəsində, burada əyləşən hər kəsə, ilk öncə də Dərə Qorqud ocağı fonduna və Ocaq cəmiyyətinə öz dərin minnətdarlığını bildirdi: “Mən möcüzələrə inanıram. Möcüzə - elə bir xoş hadisədir ki, biz onu gözləmədiyimiz anda baş verir və bizi heyrətləndirir. “Mehriban ana” mükafatı mnimçün 2013-cü ilin ən böyük və ən gözəl sürprizi oldu. Bu gün mənim rəhmətlik atamın – Azərbaycanın baş geoloqu Arif Şərifbəy oğlu Şixlinskinin doğum günüdür. Mən çox sevinirəm ki, bu ordeni məhz bu gün alıram və inanıram ki, mənim sevincimdən atamın da ruhu şad olur! Buna görə Eldar müəllimə və Tofiq müəllimə təşəkkür edirəm”
Şair Yaşar Süleymanlı və jurnalist Rəşid Mədətzadə də Afaq Şıxlıya hədiyyələri olduğunu söylədilər. Bunlar: Afaq xanımın şeirlərinin nəşr olunduğu “Türk dünyası şairlər ontologiyası” külliyyatı və “Xoşbəxtlik prizması” jurnalının son nömrəsi idi.
Eldar İsmayılov daha bir sürprizlə Moskvalı həmvətənlərini sevindirdi. O, gözəl alim və gözəl insan Tofiq Məlikliyə “VƏTƏN övladı” medalını təqdim etdi. Bu medalı Arif Paşayevin, Tahir Salahovun, leonid Kuçmanın və Vahid Ələkpərovun aldığını qeyd edən eldar ismaylov, Tofiq Məliklini ürəkdən təbrik etdi: “Moskvaya gəldiyimdə ilk yada düşən, azərbaycanlıları başına toplayan “Ocaq”dır. Mənim üçün və hər birimiz üçün bu belədir. Düşünürəm ki, Tofiq müəllim ən gözəl sözlərə və mükafatlara layiq insandır!”
Rusiyada fəaliyyət göstərən diaspor cəmiyyətlərinin (Ocaq, Şəhriyar Ədəbi Mədəni cəmiyyəti, Azərbaycan mədəniyyəti və həmrəyliyi mərkəzi və s...) nümayəndələrinin, eləcə də KİV əməkdaşlarının (İnteraz, Yenisəs...) iştrakı ilə keçən bu mükafatlandırma mərasimi çay süfrəsi ətrafındakı səmimi, duyğulu söhbətlərlə və xatirə fotorəsmlərinin çəkilişilə bitdi.
RİA XƏBƏRlərin müxbiri,
ÜAK saytının baş redaktoru
NİLUFƏR A.ŞIXLI
Moskva
- Yorum yapmak için giriş yapın