Afaq Shıxlı: ŞƏHID QARDAŞ
20 yanvar şəhidi şair, publisist Ülvi Bünyadzadənin xatirəsinə
Bir qiyamçı ömrü düşüb taleyimə...
Qiyamçıyam!
Haqsızlığa, rəzalətə,
dayanmıram...
Üsyançıyam!
Baxan yoxdur gileyimə,
üzülürəm.
Haqq yolunda əzilirəm!
Susammıram -
saxtakarlar həqiqəti danan yerdə.
Susammıram -
insanların ürəkləri dərd əlindən yanan yerdə.
Haqsızlığa çoxlarıtək
mən də baxıb keçəmmirəm!
Cəlladların qan qoxulu əllərindən
badə alıb içəmmirəm.
Bir qiyamçı ömrü düşüb taleyimə...
Tapdaq olmuş torpaqlarım
qan ağlarkən
mən toy-büsat qurammıram.
Haqq yolunda ölənlərin məzarına
yan çevirib durammıram.
Sakit-sakit baxammıram
solğun şəhid balasının üzünə mən.
Bu millətin dərdlərinə dözəmmirəm,
sarsılıram ürəyimdən.
Sən də rahat yatammırsan,
Şəhid qardaş!
Günahsızca ölənlərin qanlarına
şahid qardaş!
İntiqamı alınmayıb daş məzarda yatanların!
Başlarına çevrilməyib sarayları
Vətənini satanların,
torpaq, torpaq deyə-deyə
sinəsinə döyənlərin,
üstü bəzək, altı təzək işlər görüb
özlərini öyənlərin!
Arzuları, diləkləri nakam qalan
Şəhid qardaş!
Mənim ilə yaşıd qardaş!
Mən sənin də əvəzindən yaşayıram...
Acılarla tar-mar olan bu sinəmdə
iki ürək daşıyıram.
Rahat uyu!
Yazacağam ikimizin yerinə mən!
Yazacağam Vətənimdən,
millətimdən...
Hər nə yazsam düz yazacam...
Namərdlərin sinəsinə basacağam köz, yazacam!
Dönməyəcəm öz yolumdan!
Elə mən də şəhid olum - söz yolunda!
Qoy, bir kimsə deyəmməsin
hisslərimdə yalançıyam.
Bilsinlər ki,
Nizamilər kökündənəm,
Nəsimilər soyundanam,
Üsyançıyam!
Üsyançıyam!
- Yorum yapmak için giriş yapın