Elçin SULEYMANOV: Arzular Arazda qaldı...
Bir kitabın ilhamıyla yola çıxarkən
Uşaqlığımı xatırlayıram. Evimizdə olan bir “Yalan Dünya” kitabını! O kitabı ki, orda Azərbaycan mədəniyyətinin və ədəbiyyatının salnaməsi uyuyur. Bu, Şəhriyar yaradıcılığıdır. Bəs kimdir Şəhriyar və Azərbaycan türkçülüyü üçün nələr edib?
O şəxs ki, ölməz kitablarıyla, düşüncələriylə 50 milyonluq xalqın qəlbində taxt quran, Vətən səadəti ilə çırpınan ürək, Bakı həsrəti ilə yaşayan və qovrulan,Təbrizə getmək həsrəti ilə yaşayan Şərqin ölməz ədəbiyyat lideri! Bu ilhamverici kitabın həsrətiylə yola çıxıb Təbrizə yollandım. Ölməz şairin məzarının ziyarətinə gəldim.
Xuşginabda doğulan düha
1906-cı ildə qədim Təbrizin Qaraçəmən oylağının Xuşginab kəndində bir Azərbaycan türkü dünyaya göz açdı. Uşaqlığı ruhu və cismi qədər sevdiyi Xuşginabda keçdi. O Xuşginabda ki, orda kənd həyatı, təbii mühit vardı və şübhəsiz ki, bu təbiət onun uşaqlıq illərində böyük izlər buraxdı. Kənd həyatının enişli-yoxuşlu yolları, Heydərbaba dağı Məhəmmədhüseynin həyatında ədəbi çalarlar yaratdı, Vətən və torpaq sevgisinə bağladı! Şərqin şah üsülunun tüğyan etdiyi və hərc-mərcliyin baş verdiyi dönəmdə kiçik Məhəmmədhüseyin ərəb dili və ədəbiyyatıyla maraqlanır, “Ədəb” jurnalında şeirlərini dərc etdirirdi.
Ancaq bununla yanaşı Azərbaycan ədəbiyyatının ölməz dahilərinin kitablarından qidalanaraq Vətən və yurd eşqi ilə zamanının yazarına doğru yol alırdı. Bəli, Şəhriyar təxəllüsü ilə yaradıcılığını davam etdirən bu şəxs 1924-cü ildə Tehran Tibb İnstitunun tələbəsi olur. Ədəbi fəaliyyətləri ilə tamamilə fərqlənir. Çünki o, dahi idi. Dahilərsə 100 ildə bir doğulur və şübhəsiz ki, fərqli düşüncəyə sahib olurlar. Beləliklə, Şəhriyar yaradıcılığının mühüm atributları gənclik çağlarında muşahidə olunur və eyni zamanda coşğun gəncliyinin unudulmaz şah əsəri-Sürəyyası da...
Unudulmaz və ağrılı sevgi
Bəzən yazar dostlarımla söhbət düşəndə çox eşidirəm ki, şair, yazıçı, sənətçi sevgisi heç vaxt unudulmur, onların həyatında Məcnun-Leyli rolunu oynayır. Mən Şəhriyarın həyatıyla maraqlandıqda bunu aydın şəkildə görürəm. Şairin unudulmaz sevgisi ağrılı-acılı və bəzənsə hekayələrdə, nağıllarda danışılan şəkildə əfsanəvi, dramatik keçib. Bəlkə də buna görə şair vətəninə, millətinə bağlı olub təmiz adıyla Şərqdə düha hesab edilir. O sevdi, könül verdi Sürəyya adlı bir qıza, amma Şah hökumətinin barmağı burda da göründü. Həqiqətən də nağıllardakı, dastanlardakı kimi...
Təbrizdən sürgün və ya bir sevginin qurbanı
Məhəmmədhüseyin Şəhriyar yoxsul, gücsüz Məcnun oldu həyatında... Sevgisinə əl uzadan şah hökümətinin məmuru onun bu sevgisinə əngəl törətdi. Çünki ağbəniz Sürəyya onun da qəlbini almışdı. Məmur Şəhriyarı bir zaman doğulub boya-başa çatdığı doğma ocağı, bir zamanlar Azərbaycan səfəvilərinin paytaxtı olmuş qədim Təbrizdən sürgün etdi. Həyatı, payız yarpaqları tək soldu. Çünki sevgisindən və ata ocağından, ailəsindən ayrılmaq yolu onu daha da həsrət şairi, vətən şairi adlandırmağa imkan verir...
Bir yanda şah üsul-idarəsinin amansız təhdidi, bir yanda Şimal həsrəti onu həyatın amansız yollarında çətin sınağa çəkdi. O isə bu sınaqdan adını tarixə və milli mentatiletimizin epistomelyar irsi kimi yazmaqla, dahi kimi əfsanəvi qəhrəmana çevirdi. Məhz elə onun şeirlərindəki nisgil ölməz yazarlar - mühacir Əli Tudəylə, Süleyman Rüstəmlə və Bəxtiyar Vahabzadə ilə yazdığı şeirlərində görünür. Nədənsə uşaqlığımı, həsrətlə bu dahi şəxsiyyətin həyatını oxumağımı və oxuduqdan sonraysa Ordubaddakı həyətdə samovar çayını içə-içə, həsrətlə Araza baxıb Savalanı seyr edə-edə qədim Oğuz diyarına olan məhəbbətimi Şəhriyarın düşüncə və şeirlərilə həsrətimi boğurdum. Eynilə bu həsrət Əli Tudənin şairin ölümü ilə əlaqədər yazdığı şeiri də məni çox təsirləndirmişdi:
Əyər o yerlərdə görsən Səhəndi
Soruş Ərdəbili, Xoyu, Mərəndi,
De ki, söz süfrəmiz güldü, çəməndi
Nə yanan, nədəki solandı şair...
Arazın həsrəti xəyalımdan çəkinmirdi və ondasa xəyalımın simasında tarixçilərin bəzən gündəmə gətirdiyi “Vətən haradan başlanır” sualına cavab tapırdım ki, Vətən nəsildən, kökdən və ən önəmlisi millətinin soykökünün yaşadığı və o torpaqda əziyyətə qatlaşıb zamanının dühasına çevrilən Azərbaycan dahisinin yaşadığı torpaqdan başlanır...
Təbrizdən uzaqlarda - həsrət illəri
Şairin ən böyük dramatik həyatı isə Təbrizdən uzaqlarda keçməyə məcbur olur. O, doğma vətənindən uzaqlarda ailə həyatı qurur və yaşayır. Tehranda fəaliyyətini davam etdirir. Şah hökümətinin amansız və SSRİ-nin soyuq siyasəti sonucunda Şəhriyar varlığı qədər sevdiyi Quzey Azərbaycanına gələ bilmir və eləcə də doğma Təbrizinə... Bunu biz Şəhiryarın Bəxtiyar Vahabzadəyə və Əli Tudəyə yazdığı şeirlərində də görürük. Bəlkə də Təbriz və Azərbaycan həsrəti onu “həqiqətin carçısı” olmağa vadar etdi. O, Azərbaycançılıq ideologiyasında, milli şüur və mentalitet irsini həsrətində olduğu Təbrizindən - “Heydər Baba”sından, nisgilində olduğu Bakısından ilham aldı, yazdı, yaratdı və yaşatdı... Digər bir yandan televizyaya müsahibəsi zamanı “tələbəliyimdə aldığim pencəyi 21 ildir geyirəm” söyləməsi onun bir məhsuldar şair və dahi kimi qiymət verilməməsinin göstəricisi idi...
“Heydərbabaya salam’’ və Vətənə mənən bağlılıq
Azərbaycan tarixi mühitinin formalaşmasında, mədəni dəyərlərin qorunub saxlanılmasında Məhəmmədhüseyin Şəhriyarın zamanın ağrılı-acılı sınaqlarından çıxmış milli mühitimizi, adət və ənənələrimizi özündə cəmləşdirən “Heydərbabaya salam” adlı şah əsərinin böyük tərbiyəvi əhəmiyyəti olan rolu vardır. Əsər Şəhriyarı nəinki quzeyli-güneyli Azərbaycanda və eyni zamanda bütün dünyada tanıtdırdı. Ömrünün son çağlarında şah hökümətinin devrilməsi zamanında Şəhriyar doğma diyarı Təbrizin Qaraçəmən kəndini ziyarət etmiş, doğma adət-ənənələrimizin “Heydərbaba” dağının ətəyinin timsalında şeir formasına çəkmişdi. Pisixoloji düşüncəmə dayanaraq söyləyə bilərəm ki, Şəhriyar Təbrizdə varlığını qoyub getmişdi və qohum, el-elat sevgisini olduğu kimi hər zaman xatirələrində canlandırmışdı.
Amma Qaraçəmənə döndükdə o bu hissi nədənsə görmür və zəmanədən şikayətlənirdi. Çünki zaman artıq öz işini görmüşdü. Bir vaxt xəyalında qoyub getdiyi yerlər dəyişilmiş, qoyub getdiyi o yaxın türk qohumları artıq dünyadan köçmüş və Şəhriyarın düşüncəsində tamam məyusluq yaratmış və bu məyusluqsa onu zamana qarşı üsyan etməyə təhrik etmişdi. Biz bunu Şəhriyarın “Heydərbabasında” aydın şəkildə görürük:
Heydərbaba, gəldim səni yoxlayam,
Bir də yatam, qucağında yuxlayam,
Ömrü qovam, bəlkə burda haxlıyam,
Uşaqlığa deyəm: bizə gəlsən bir,
Aydın günlər, ağlar üzə gülsən bir!
Zaman keçir, üfüqlərə yol salır,
Karvan kimi uzaqlarda toz qalır,
Duman gəlir, ürəkləri çulqayır,
Ürək deyir: “Zaman, keçmə, aman dur,
Keçənlərdə gözüm var, bir dayan dur”.
“Heydərbabaya salam” eyni zamanda Azərbaycan və Şərq mədəniyyətinin təzahürüdür. Çünki əsər o zamankı Azərbaycanın güneyində və quzeyində yaşayan xalqı qəflət yuxusundan ayılmağa, milli adət-ənənələrimizi yaşatmağa çağırır, eyni zamanda isə xalqımızın ümummilli türküsü olan “Sarı gəlin”i ifadə etməklə ismətli Azərbaycan gözəlinin namusunu, Azərbaycan gəncinin isə həsrət sevgisini aşılayırdı:
Heydərbaba, dağın daşın sərəsi,
Kəhlik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.
Heydərbaba, sulu yerin düzündə,
Bulaq qaynar çay-çəmənin gözündə,
Bulaqotu üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.
Oğuz salnaməsinin mədəniyyət atributlarını özündə cəmləşdirən əsərdə şair Azərbaycan Novruz adət- ənənələrini Xuşginabin timsalında dünyaya tanıtdırırdı. Məsələn, Ordubad rayonunun Dəstə kəndində Axır çərşənbədə şal sallayıb qapı-qapı gəzərlər. Amma maraqlısı budur ki, onlar şala qursaq deyər və bir ucuna ip bağlayar və qapını açıb qəflətən şalı atarlar. Sonra ev sahibi içərisini doldurduğu şalı qəflətən ipi tərpədər və şalı bayıra atar. Şal sahibi iplə şalı dartar və sovqatını kisəsinə doldurub başqa qapıya yollanar. Bu adət-ənənənin o tayda yaşayan soydaşlarımızla eyniliyi bir daha göstərir ki, onların bizlərdən heç bir fərqi olmayıb. Eyni zamanda bayramqabağı evlərin təmizlənməsi və açar salıb qapıda pusma kimi adət-ənənələr də hələ də bir sıra bölgələrimizdə davam etməkdədir ki, bu da Şəhriyar şeirinin xəlqiliyindən xəbər verir:
Bayram idi, gecə quşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış vurub, otaqları bəzərlər,
Taxçalara dizmələri dizərlər
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası
“Çoban, qaytar quzunu”
Bəzən siyasətdə saray şairliyini qəbul edənlər cəmiyyətin hər təbəqəsinə özlərini qəbul etdirə bilmədilər. Amma Şəhriyarsa hər bir şəxsin qəlbində taxt qurdu.Onun fəryadı xalqın səsinə çevrilib dillər dastanı ola-ola İranın yüksək kürsülərinə də eşidildi. “Heydərbaba şairi” onların hüzuruna belə getmədi. Onlar Heydərbaba şairinin məqamını ziyarət etdilər, çünki ədəbi fəaliyyətinin sədası bütün Şərqə səs salmışdı...
Çoxları onu milliyətçi yazar kimi qələmə vermir. Amma o dövranından şikayətlənən bir vətənpərvər milliyətçi həsrət şairidir. Bunu anlamaq üçünsə şeirlərində olan ədəbi-fəlsəfi düşüncələri izləmək və şairin Türkmənçay müqaviləsinə, şimal həsrətinə zəmanəsindən şikayətlənən, bəzən də əziyyət çəkən şəxsiyyət olmasını görürük:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Dəfn və anım günü
Şəhriyar 1988-ci ilin payızına təzəcə qədəm qoyacağı bir zamanda - 18 sentyabrda həyatdan köçür. Bu gün eyni zamanda milli şeir günü kimi elan edilib. Çünki bu gün bütün Azərbaycan şairləri onun ölümü ilə barışa bilməyib şeir yazırdılar. Qəlbi hər zaman Bakıya gəlmək həsrəti ilə yaşayıb qovrulan nisgilli şairin ölümünə mühacir güneyli yazar, şairin dostu Əli Tudə də kədərlənərək şeir yazmışdı;
Nə etmək, hər zaman təmtəraq olmur,
Sən vüsal gəzirsən, bir soraq olmur...
Nisgilli ürəklə bacarmaq olmur,
Yol çəkən gözlərim sulandı, şair.
Təbrizdə izi qalan - bizi özündən ayrı görməyən Şərqin sönməz günəşinin məzarını ziyarətə getdim. Təbriz insanı bizi orda isti qarşıladı. Təbriz bazarında bir yaşlı babayla söhbət etdim. Şəhriyardan danışdı, məndən arzuları olduğunu söyləmişdi. Bir məqalə yazıb Şəhriyarı gənc gözüylə araşdırmalıydım. Bu sohbətdən bəlkə də iki il keçir. Təbrizdə Şəhriyarın məzarını ziyarətdən sonra taksi məni Arazın sahilinə aparırdı. Ayrılığın vaxtı idi...
“Heydərbaba şairi”
Mənsə Təbrizli babanın mənə dediklərini fikirləşirdim.Fikirləşirdim ki, bu babaya söz vermişəm və onu edəcəyəm. Araz üstə körpünü o sahildən bu sahilə keçərkən yenə də dönüb güneyə baxaraq öz-özümə “Mütləq, baba arzuların gerçəkləşər” deyib xəyallardan ayrıldım. Sonra nədənsə vaxt olmadı. Xəyallar və babanın ümidləri Arazda qaldı...
Təsadüfən adada kitablarıma baxdıqda, “Yalan Dünya”nı gördüm və baba ilə aramızda keçən o söhbəti xatırladım. Bu gün bəlkə də o insan həyatda yoxdur, amma mənim xəyallarım və borcum vardı. Hərçənd mən xəyallarımı gerçəkləşdirərək borcumdan çıxdım. Mənəvi borclarını vətən və xalq qarşısında ödəmiş Şəhriyarları unutmamaq diləyi ilə...
Elçin SULEYMANOV
Şimali Kipr
- Yorum yapmak için giriş yapın