Mahirə Əliyeva: Şeirlər
Şair İsmayıl İmanovun durnalar haqqında yazdığı belə bir misraları yaddaşıma həkk olunub: “Durnalar bəlkə də oxumazdılar, Qürbətdir onları belə oxudan”.
Uzun müddət ana vətəndən uzaqda, qürbətdə yaşayan hər bir insanın qəlbində nisgil yaranır, hər bahar payız arası başı üstündən ötən durnalara həsrətlə baxır, onlara qoşulmaq, ötən günlərə, uzaq uşaqlıq və gənclik aləmlərəinə tərəf qanadlanmaq istəyir. Taleyin qəlbinə ilham odu saldığı insanlar o nisgili sözə, musiqiyə, rənglərə, bəzən də daşa-dəmirə də pıçıldayır, nəsə bir şəkildə, formada üzə çıxarır.
Mahirə Əliyeva da taleyin qismətini qürbətlərə saldığı soydaşlarımızdan biridir. Xeyli vaxtdır ki Moskvada yaşayır. Moskvada çox sayda ziyayalılarımızın, şair və yazıçılarımızın, hətta Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsi olsa da, ədəbi mühit, ədəbi məclislər yox dərəcəsində, pərakəndə bir halda idi. “Şəhriyar” cəmiyyəti məhz Moskvada, Rusiyda yaşayan ədəbi mühitə can atan soydaşlarımız üçün doğma bir ocaq olmağa çalışır. Müəyyən kütləvi tədbirlərdə olan görüşlər rəsmi xarakterli olur, yaxın ünsiyyət qurmaq, adamlarla isinişmək çətin olur. Lakin şeir və sənət adamları, mənəviyyat adamları bir-birlərinə tez isinişə bilirlər, çünki onları yaradıcılıq deyilən ilahi bir qüvvə yaxınlaşdırır, birləşdirir.
Moskvada yaşayan, ədəbiyyatı sevən soydaşlarımızdan biri də Mahirə xanımdır. O bir neçə kitab müəllifidir, əsl istedad sahibi kimi çox təvazökardır. Ona görə onun şeirlərini əldə etməyə, saytımızda yerləşdirməyə xeyli təkid etməli olduq.
***
Mahirənin çox zərif və incə şairlik təbi var, onun şeirləri özünə çox bənzəyir, çünki təbiətində bir həlimlik, səmimiyyət, zəriflik var:
Üşüdüm könlümün səssizliyindən,
Yazın çiçəyi də, qar gəldi mənə.
Moskvanın gec gəlib tez ötən baharında yazılmış bu misralarda şairin iç dünyası, yaşadığı ovqat necə də dəqiq təsvir olunub. Yaxud:
Baharın könlünə soyuq qar düşüb,
Dağların könlünə çən düşən kimi.
Bülbülün könlünə, gülüzar düşüb,
Mənim də könlümə sən düşən kimi.
Bu misralarda gecikən baharla gecikən sevginin müqayisəsi, paralelləri duyğuların ifadəsini necə də təbii etmişdir.
Məni də ağladır bu qarlı bahar,
Necə qovuşarıq bilmirəm ey yar.
Bəlkə də gələrəm, bir çarəsi var,
Əriyər həsrət də, gün düşən kimi.
Sanki bu misralarda Məhsəti ruhunun çırpıntıları duyulur.
Şairin xəyalı doğma yerlərdən, Xəzərdən, onun qumlu sahilərindən ilham alır:
Dəniz yenə pıçıldaşır...
Götür məni o yerlərə.
Gah püskürür, gah da daşır,
Götür məni, o yerlərə.
Mahirənin şeirlərində saf sevgi hissləri, insanın sevgisindən doğulan sevinc və kədəri, intizar və dəyanəti, şıltaqlıq və inamı, təssüf və gileyi incəliklə tərənnüm olunur.
Saraldı çiçəklər, qoxusu qaçdı,
Bülbülün qəlbində yaralar açdı.
Bütün sevənlərin yuxusu qaçdı,
Heyif ki, sən məni sevə bilmədin.
Onun şeirlərində hərdən incik və küskün notlara da rast gəlinir. Amma bun hisslər elə zərif, elə incə ifadə olunur ki, insanın qəlbini riqqətə gətiri. “Həyat fani imiş” şeiri kimi.
Ürəklər titrədi, nəfəs-nəfəsə
Biri sevgi dedi, biri bəs dedi.
Yaxud:
Gedişim peşiman etməsin səni,
Üzülmə, bir daha görməsən məni.
Tənha məzar üstə görsən rəsmimi,
Nə olar bircə yol, gəl önündən keç.
Əlbəttə gənclik və gözəllik də bahar kimi ötücüdür. Amma yradılan əsər, böyüdülən övlad kimi, nəvə nəticə kimi insanın həyatını davamına çevrilir. Yeri gəlmişkən, Mahirə xanım bu yaxınlrda nənə olmuş, həyatın daha bir şirin meyvəsi olan nəvə payı görmüşdür. Yəqin ki, ona da nəsə gözəl bir şeir, nəğmə, layla qoşar şairə nənəsi...
Bu nikbin notlarla bələdçiliyimizi burda dayandırıb şeirləri oxucularımızın diqqətinə çatdırırıq. Mən qələm dostumuz, şairə xanıma uğurlar və yeni-yeni gözəl şeirlər yaratmağı arzulamaqla sizi onun şeir dünyasına dəvət edirəm. Bu şeirlərdən, söz çiçəklərindən bir dəstəni oxuculara təqdim edirik.
Sultan Mərzili,
“Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin
Poeziya və nəsr üzrə katibi.
Moskva, 10 noyabr, 2013.-cü il.
Mahirə Əliyeva
Unutmağı öyrət mənə
Öyrətdin sevməyi sən bilə-bilə,
Indi unutmağı öyrət sən mənə.
Gəl sil ürəyimdən bacarsan hələ,
Indi unutmağı öyrət sən mənə.
Hər gün sevgi dolu durub önümdə,
Sevda anladardın eşqin dilində.
Qoymusan könlümü hicran əlində,
Indi unutmağı öyrət sən mənə.
Bilirsən unutmaq deyildir asan,
Eşqini qəlbimdə dərin salmısan.
Necə yaddaşıma həkk olunmusan,
Indi unutmağı öyrət sən mənə.
Artıq gəl unudaq dedik sevgini,
Inan unutmuşam küsməyi, kini.
Sevməyi öyrədə bildiyin kimi,
Indi unutmağı öyrət sən mənə.
Kar eləmir
Yuxumu da qaçırmışam,
Utanmır heç, ar eləmir.
Qarşımdakı yanan bu şam,
Niyə məni kor eləmir?
Qurtulmuram gecələrdən,
Gələ gecə yarım hərdən.
Səsi gəlir küçələrdən,
Qulağımı kar eləmir.
Sübh açılır gözümdə yaş,
Əriyirəm yavaş-yavaş.
Dərdim boyda sinəmdə daş,
Boşluğuna kar eləmir.
Ömrümü bitirmişəm
Darıxdım hər şeyin gedəri üçün,
Sevincin ölçüsü, qədəri üçün.
Sevginin şirini, zəhəri üçün,
Yaşamın gücünü, itirmişəm mən.
Nə gülə bilirəm, nə ağlayıram,
Sabahın dərdini qabaqlayıram.
Nəyi aparıblar, nə saxlayıram,
Baxıram zərrəni götürmüşəm mən.
Sığışmır heç nəyə qüssənin sayı,
Hələ verilməyib, bəxtimin payı.
Günləri vururam, çıxıram ayı,
Görürəm ömrümü bitirmişəm mən…
Gecə
Nə gözəl bəzənib gecə, ay çıxıb,
Intizar günəşə, o da pay çıxıb.
Bəlkə də acıyıb mənə, tay çıxıb,
Qoy bu gün dünyanın dərdin, mən çəkim.
Neyləyim, həsrətə yer-göy çökməsin,
Buludlar nalədən, leysan tökməsin.
Istəmirəm, gecə də dərd çəkməsin,
Qoy bu gün dünyanın dərdin, mən çəkim.
Gecənin də gözlərində yuxu var,
Ayılınca sübh qoynuna yıxılar.
Sən uyu ay gecə, şirin yuxular,
Qoy bu gün dünyanın dərdin, mən çəkim.
Bircə yol gəl önümdən keç
Alışa bilmədim mən sənsizliyə,
Bəlkə də alışmaq istəmədim heç.
Yoxluğun həsrətdən bitirdi məni,
Nə olar bircə yol gəl önümdən keç.
Qoyma xəyallarla ovunum yenə,
Mürgülü xəyallar bəs etməz mənə.
Düşüm ayağına, yalvarım sənə,
Nə olar bircə yol gəl önümdən keç?!
Bilsəm qayıdarsan, diz də çökərəm,
Bilirsən, önündə bel də bükərəm.
Gərəksə gözümdən yaş da tökərəm,
Nə olar bircə yol gəl önümdən keç.
Bəlkə görüşmədik qoy vidalaşım,
Uzaq xəyalınla bir az ağlaşım.
Istərəm səninlə son qucaqlaşım,
Nə olar bircə yol gəl önümdən keç.
Gedişim peşiman etməsin səni,
Üzülmə, bir daha görməsən məni.
Tənha məzar üstə görsən rəsmimi,
Nə olar bircə yol, gəl önündən keç.
Yollar
Nə qədər yollar var, yolumda azıb,
Hərəsi önümdə bir çığır qazıb.
Neynirəm bəxtimə, dar cığır yazıb,
Dağlara, daşlara salıbdı məni.
Külüngüm də yox ki, sındıra, yara,
Vura dağın, daşın köksünə yara.
Götürüb apara sevgili yara,
Bərklərə, boşlara salıbdı məni.
Dağılsın, sökülsün, bitsin yol, cığır,
Hər yolun sonuna ayrılıq yağır.
Nədəndi, həsrətin yükü də ağır,
Hicran da çiyninə alıbdı məni.
Dəniz
Dəniz yenə pıçıldaşır...
Götür məni o yerlərə.
Gah püskürür, gah da daşır,
Götür məni, o yerlərə.
Xoş anları xatırlayaq,
Həsrətinə bir az doyaq.
Başı açıq, yalın ayaq,
Götür məni, o yerlərə.
Ayrı düşüb, ikimizdən,
Bəlkə dəniz, küsüb bizdən?
Danışacaq eşqimizdən,
Götür məni, o yerlərə.
O intizar, mən də xəstə,
Çırpınıram dar qəfəsdə.
Götür məni son nəfəsdə,
Götür məni o yerlərə.
Yadına mən düşəcəm
Çəmənlər yaşıllaşıb, gül-çüçəklər açanda,
Bülbüllər cəh-cəh vurub, güldən-gülə uçanda,
Tənhalığın qorxusu bir gün səni qucanda,
Yadına mən düşəcəm.
Gecələr gilə-gilə, gözündən yaş tökəndə,
Ayrılığa dözməyib, dərd önündə çökəndə,
Həsrətim ürəyini, dağıdanda, sökəndə,
Yadına mən düşəcəm.
Fırtınalar qopanda, ildırımlar çaxanda,
Soyuq səssiz otaqda, qaranlıqlar sıxanda,
Qəm-qüssə sürüyəndə, kədər səni yıxanda,
Yadına mən düşəcəm.
Sevgililər gülüşüb, aralıdan ötəndə,
Gülə-gülə astaca, qucaqlaşıb öpəndə,
Məhəbbətin şərbəti, dodağında bitəndə,
Yadına mən düşəcəm.
Qocalıq asta-asta, dizlərini əyəndə,
Xəyalım kölgə kimi, gözlərini döyəndə,
Xatirələr canlanıb, eşqimizdən deyəndə,
Yadına mən düşəcəm.
Ar gəldi mənə
Bu yerlər yenə də, dar gəldi mənə,
Dedim gedəcəyəm, ar gəldi mənə.
Üşüdüm könlümün səssizliyindən,
Yazın çiçəyi də, qar gəldi mənə.
Qaldırdım çiynimə dərdin yükünü,
Yetmədi kimsəyə qəlbimin ünü,
Bəlkə sənsizliyə yas da tutardım,
Bağlandı, tutuldu gözümün önü.
Keçdi o bahar da, o cilvə, naz da,
Zamanı dondura bilsək, bir az da.
Sənin yollarına düşüb gələrdim,
Heyif ki, şaxtaya dönüb ayaz da.
Bu yerlər yenə də, dar gəldi mənə,
Dedim gedəcəyəm, ar gəldi mənə.
Üşüdüm könlümün səssizliyindən,
Yazın çiçəyi də, qar gəldi mənə.
Heyif ki
Saraldı çiçəklər, qoxusu qaçdı,
Bülbülün qəlbində yaralar açdı.
Bütün sevənlərin yuxusu qaçdı,
Heyif ki, sən məni sevə bilmədin.
Susdu buz bulaqlar, qurudu getdi,
Sevgisiz həyatın anlamı itdi.
Sənsiz, bu sinəmdə ürək də bitdi,
Heyif ki, sən məni sevə bilmədin.
Bu sevda ömrümə qüssəni tökdü,
Məhəbbət əzabı könlümə çökdü.
Həsrətin qocaltdı, belimi bükdü,
Heyif ki, sən məni sevə bilmədin.
Xəstə ürəyimi azar da sevdi,
Halımdan, dərdimdən bezar da sevdi,
Aldı qollarına məzar da sevdi,
Heyif ki, sən məni sevə bilmədin.
Könlümə sən düşən kimi
Baharın könlünə soyuq qar düşüb,
Dağların könlünə çən düşən kimi.
Bülbülün könlünə, gülüzar düşüb,
Mənim də könlümə sən düşən kimi.
Bürünüb çiçəklər ağappaq qara,
Vurublar bülbülün qəlbinə yara.
Tökür göz yaşını o bəxti qara,
Çəməndən, çiçəkdən gen düşən kimi.
Məni də ağladır bu qarlı bahar,
Necə qovuşarıq bilmirəm ey yar.
Bəlkə də gələrəm, bir çarəsi var,
Əriyər həsrət də, gün düşən kimi.
Bahar da naz edir, yenə bar deyir,
Gəl mənim köksümü, yenə sar deyir.
Könlünə qış düşüb yenə qar deyir,
Mənim də könlümə sən düşən kimi.
Həyat fani imiş
Qəlbim sevdalandı, yandı, alışdı
Beyin düşün dedi, könül sus dedi.
Sevgim dərdə düşdü, qəmə qarışdı,
Sevinc barış dedi, kədər küs dedi.
Ağlımı, fikrimi qoydum qəfəsə,
Biri ümid verdi, biri kəs dedi.
Ürəklər titrədi, nəfəs-nəfəsə
Biri sevgi dedi, biri bəs dedi.
Bəxtimi, taleyi kəfənə bükdüm,
Biri qismət dedi, biri bağladı.
Eşqi ürəyimdən dağıdıb sökdüm,
Biri qəmə batdı, biri ağladı.
Vüsalın, hicranın yoxdur qədəri,
Biri qüssə verdi, biri güldürdü.
Həyat fani imiş, ömür gedəri,
Biri yaşam verdi, biri öldürdü.
- Yorum yapmak için giriş yapın