Sultan Mərzili
Məmmədov Sultan İsgəndər oğlu
şair, 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
-
RUSİYADA YAŞAYAN AZƏRBAYCANLI ŞAİRLƏRİN ŞEİRLƏRİNDƏN (www.mediaforum.az)
-
Sultan Mərzili "Şapşaplar, yaxud araq haqqında saqa" (www.azadliq.org)
-
Moskvada Qarabağ ovqatlı poeziya məclisi. Tanınmış şair, həmyerlimiz Sultan Mərzilinin Rusiya paytaxtında adına layiq yubileyi keçirildi (www.tezadlar.az)
-
Əlipənah Abuşov (Xocavarlı): ATILMIŞ ADDIM. Sultan Mərzilinin "Bir addımlıq ömür" ktabı haqqında düşüncələr...(www.adalet-az.com)
-
Sultan Mərzili "Çiçəkli xanım" (Fantastik hekayə) (www.azadliqradiosu.az)
-
Sultan Mərzili "Korun dastanı" (Hekayə) (www.origin.azadliq.org)
-
Anton Pavloviç Çexov. Sevinc (Tərcümə edəni: Sultan MƏRZİLİ)
Sultan Mərzili 1948-ci il iyulun 1-də Dağlıq Qarabağın Hası kəndində kolxozçu ailəsində anadan olmuşdur. Söy kökü Ağdamın Mərzili kəndindəndir. Orta məktəbi bitirdikdən sonra ADU-nun fizika fakültəsində təhsil almışdır (1965-1971). Təyinatla Dağlıq Qarabağın Əmiranlar kəndinin səkkizillik məktəbində dərs hissə müdiri işləmişdir (1971-1972). Sonra Qaradağlı kənd orta məktəbində fizika və riyaziyyat müəllimi (1972-1975), Sumqayıt şəhərində 4 saylı orta məktəbdə müəllim (1975-1976), Moskvada sənaye sahələrində qaynaq texnologiyası laboratoriyasında mühəndis (1976-1980), SSRİ Dövlət Təchizat İdarəsində usta (1980-1981), tikinti idarəsində usta (1981), orada təhlükəsizlik texnikası üzrə mühəndis (1981-1986), polad və dəmir-beton konstruksiyalarının quraşdırıcısı (1986-1989) olmuşdur. Bədii yaradıcılığa orta məktəbdə oxuduğu illərdən başlamışdır. Lakin ilk mətbu şeri 1971-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. "Dünya bir pəncərədir" adlı ilk şeirlər məcmuəsi 1984-cü ildə "Yazıçı" nəşriyyatında çıxmışdır. "Bir addımlıq ömür..." (2006) "Bəyaz vərəq içində" (2009) kitabının müəllifidir.
Klassik və modern şeirlər, hekayələr, ədəbi-tənqidi və elmi-publisistik məqalələr də yazır.
Şeirləri Azərbycan və rus dillərində çap olunmuşdur.
Sultan Mərzili 1978-ci ildən Moskvada yaşayır.
HƏR DƏFƏ
Hər dəfə vətənə dönəndə,
Gözlərimdən
Qövsi-qüzeh asılır,
Sonra yağışlar yuyur,
Rənglərini aparır,
Dünya bomboz qalır...
Hər dəfə,
Son ümid son damlada
Gözlərimdə sönəndə,
Ürəyimin odu keçir,
Dünya bumbuz qalır.
Əyilir göylər,
Əyir belimi.
Qalxır torpaq,
Tutur əlimi,
Dartır arxasınca
Şərəfli ölümün.
Ot basmış yollarından öpüb,
Babəkin qanı qurumamış
Qollarından öpüb,
Xocalının hay əlində
Şəhid olan körpəsinin
tellərindən öpüb,
Üzümü göylərə tutub
Deyirəm,
gözləyin yenə bir az...
Ağlama, Göyçə gölü,
Qarğama Qar-qar çayı,
Hönkürmə Həkəri,
Darıxma, Xan Araz!
Alnımız xışla qazılır,
Yeni tale yazılır,
Az qalır,
Belə qalmaz...
AZADLIQ!..
Azadlıq -
Nə şirin söz imiş bu?!
Bal yanında acıdı.
Min illərdi ki, bəşər
Azadlığın acıdı!
Azadlıq nədir qardaşım,
Yetimin yalın ayağımı,
Ya şahların qızıl tacıdı?!
Dənizlərin maviliyinə,
Atılan qarmaqdımı?!
Qəməri göy üzündə
Şəqq edən barmaqdımı?!
Bəlkə də əzan çəkib,
Namaza durmaqdı,
Azadlıq?!
Ya bəlkə,
mahnı oxuya-oxuya,
Pəncərələrə daş atmaqdı,
Vitrinləri qırmaqdı?
Kazinolarda,
Gecə barlarında,
Özünü yormaqdı?!
Ya meydanda sağa-sola,
Gərdiş edib,
Doyunca anqırmaqdı?!
Bəlkə,
səhərlər işə getmək,
Axşamlar evə dönmək,
Lap olsun pendir-çörək,
Lap olsun, göy-göyərti,
Yeməkdi?!
Sinədə
arxayın bir ürəkdi?!
Yaşamaq,
övlad böyütmək,
Sonra da rahatcana,
Torpağında ölməkdi,
Azadlıq?!
Heyif,
çox dedik bu sözü,
qiymətini azaltdıq!
SƏTTAR BƏHLULZADƏNİN XATİRƏSİNƏ
Gözlərim önündə mavi gözləri,
Xəzərmi dolmuşdu baxışlarına?!
Abşeron torpağı, cığır izləri,
Qonmuşdu alnının qırışlarına.
Quru barmaqları nar çubuğuydu,
Saçları Xəzrinin donmuş küləyi.
Kətanda səslənib rəng oxuyurdu,
Fırça ucundaydı çiçəklənməyi.
Ömrü yaxım-yaxım kətan üstündə,
Rənglər də dərdini deyə bilmədi...
Qövsi-qüzeh oldu çəmən üstündə,
Çəməni qəlbinə geyə bilmədi.
Hər kəsin taleyi Allahın əmri,
Xəzər dalğasında,
Xəzri əsimdə.
Onun sevgisitək ölçüsüz ömrü
Qaldı rəsmlərin çərçivəsində...
UTANAR
Zurnanı kəs, çalma neyi,
Oxuma, mahnım utanar.
Neyləyirəm mən gileyi,
Ah çəksəm, ahım utanar.
At minib ordu basmadım,
Qayadan bir hay asmadım,
Əlimdə tutdum atmadım,
Oxum, kamanım utanar.
Ötdü keçdi, zaman keçdi,
Sünbül oldu saman, keçdi,
Ömür-gün də yaman keçdi,
Bəxti yazanım utanar.
Tapdalandı duz-çörəyim,
Torpağa endi kürəyim,
Nəyə gərək boş ürəyim,
Dinim, imanım utanar.
İlahi, sən ver köməyi,
Yaşayıb şanlı ölməyi,
Qismət et qanlı köynəyi,
Kəfəndə canım utanar.
HEYKƏLTƏRAŞ
Sən mənim heykəlimi
Ucaltdın hara, daşdan?
Mən bir kövrək şüşəyəm,
Yarım da qara daşdan.
Sən məni yonma belə,
Söz ver ki, ayıq qalım.
Sevgimi daş eləmə,
Başaçıq, ayaqyalın...
Başımda saçım daşdan,
Gözümdə yaşım daşdan.
Üstümə daş yağdıran,
Mən hara qaçım daşdan?!
Özümü heykəl sanım,
Harda desən dayanım.
Kaş bir sevgi səsinə
Daş olmayım, oyanım!
Məni daş etmə, canım,
Daşı incitmə, canım!
ÖLMƏZƏM ARTIQ
Nə qəm, bundan belə min dəfə ölsəm,
O ölüm sayılmaz, ölməzəm artıq.
Yunus İMRƏ
Yetişdim, bağlandım sirri-xudaya,
Bundan artıq nə var, bilməzəm artıq.
Ağladım doyunca, güldüm doyunca,
Artıq ağlamazam, gülməzəm artıq.
Yandım, haqqın şamı, çırağı oldum,
Yazıldım, haqq sözün sorağı oldum.
Gəldim, bu torpağın qonağı oldum,
Daha bundan belə gəlməzəm artıq.
Məkkəm, Mədinəmdir torpağım, daşım,
Kirsdən, Savalandan ağ tutub başım.
Ağrı, Alagözdür mənim sirdaşım,
Sirrimi kimsəyə bölməzəm artıq.
Düşübdür haqq yolun canım dalınca,
Axıb sel-sel olar qanım dalınca.
Düşmədim yar deyib, xanım dalınca,
Mən Vətən eşqində ölməzəm artıq.
Həzrəti Əlidən soyum var, tanı,
Dalğayam, içimdə türkün ümmanı.
Tanrının quluyam, sözün Sultanı,
Ol deyib olmuşam, olmazam artıq.
«Azərbaycan» jurnalı № 10, 2010, Bakı
- Yorum yapmak için giriş yapın