SULTAN MƏRZILI "HARDAYAM ALLAH,HARDASAN, ALLAH"
Sultan Mərzili 1948-i ildə Dağlıq Qarabağda Xocavənd raynunda doğulub.1971-ci ildə ADU-nun fizika fakültəsini bitirib. 1974-cü ildə sərbəst güləşmə üzrə Qarabağ çempionu olub. 1971-ci ildən mətbuatda dərc olunur. Şair, nasir, tərcüməçi, ədəbi tənqidçi kimi çıxış edir.AYB-nın, Beynəlxalq Şairlər və Publisistlər Assosasiyasının üzvü, Moskvada fəlaiyyət göstərən” Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin təsisçilərindən biri, poeziya və nəsr üzrə katibidir.Bir neçə şeir kitablarının müəllifidir, azərbaycan və rus dillərində nəşr olunub.Moskvada yaşayır.
*********************
Həsrətimə bənzər dəniz,
bir sahili gözlərimdə,
bir sahili
görünməz.
Ümidimə bənzər ağaclar,
əlləri göydə,
ayaqları torpaqda
baharı gözlər.
Sevgimə bənzər torpaq,
ölməyincə,
gözlərimə səpilməz.
1976
*********************
GÜLÖYŞƏ NAR KİMİ
(Moskvada yaşayan qələm dostlarıma)
Bu da bir ömürdu, yaşadıq, getdi,
Yoxdur bundan başqa hekayətimiz.
Biz ki, yad ellərə baş aldıq getdik,
Yoxdur Tanrıya da şikayətimiz.
Ayağımız burda, qəlbimiz orda,
İkili bir ömür yaşarıq belə.
Bir ömrə sığmayan bu intizarla,
Qaynayarıq belə, daşarıq belə.
Bir ovuc kəkotu, əvəliyilən
Dəlisov dağların qoxusu gələr.
Ömür-gündən gedən, qopan ilinən
Yad torpaqda yatmaq qorxusu gələr.
Səpilib yollara gəncliyin izi,
İlbəil yaşlaşıb sinnlənmiєik.
Həsrət parçalayıb ürəyimizi,
Gülöyşə nar kimi dənələnmişik...
12.01.2004. Moskva
*********************
QƏRİBSƏYƏR
Nə tez ötub keçir bu ömür belə?!
Zamandan sızılan il qəribsəyər.
Ala buludlarım sıxar gözünü,
Dərələrdən axan sel qəribsəyər.
Nə tez bəyaz gəlir qara tellərə,
Talan ömrə düşur, qarət illərə.
Oğullar perikir qürbət ellərə,
Baxar arxasınca, el qəribsəyər.
Yad eldə yad olar Vətən nəğməsi,
Yad olar ləhcəsi, yad olar səsi.
Dəydikcə qəlbinə yadın nəfəsi,
Söz sözə söykənməz, dil qəribsəyər.
Kərəmtək alnımda Əslimin nazı,
Nə qədər yazsam da bitməz bu yazı.
Özüm külə dönsəm, alışar sazım,
Pərdələr yandıqca tel qəribsəyər.
2.01.2005
***************
ÖZÜMƏ
Bəzən öz-özümə gülməyim tutur,
Əsrə şair olmaq istəyənə bax!
Kirədə qalmağa ev tapa bilmir,
Dünyanın dərdini düşünən qoçaq.
İndi iynə ilə gor qazır hamı,
O isə, bel gəzir, kürək axtarır.
Bir məşhur naşirlə dil tapa bilmir,
Adi oxucuda ürək axtarır.
O dərdə tablayır, kədərə dözür,
Çarmıxa çəkilir, yenə kefdədir.
Dünyanın qəribə işləri varmış,
Arzu pulladırsa, xəyal müftədir.
Günəştək, işıqtək, sutək, havatək,
Əlində, dilində, ürəyində şeir.
Nar çubuğu kimi cığırlar salıb
Üzündə-gözündə, kürəyində şeir.
Sıxılır bir ömrə günbəgün, an-an,
Sıxılır, polad yay sıxılan kimi.
Gülüşə sığmayan bir taleyi var—
Kainat zərrədən doğulan kimi!
5.11.76
*********************
BİR OVUC TORPAQ
Səyyahlar deyir ki,
düşsən qürbətə,
Orda qəriblər var -- həsrət dustağı.
Dönər ziyarətə,
dönər türbətə,
Aparsan bir ovuc vətən torpağı.
Apar,
əvəzini minqat alarsan,
Kimi qızıl verər,
kimi də daş-qaş.
“Bir ovuc” söyləmək dilində asan,
Vətən torpağı çox ağırdır, qardaş...
Bir ovuc götürdüm,
əllərim əsdi,
Torpaq zaman kimi axdı, töküldü…
Ovcumdan Kür keçdi, Araz tələsdi,
Gözümdə Savalan, Kəpəz dikəldi.
Gördüm bir dünyadır; sığmayır ələ,
Onundur hər arzum, ümidim, barım.
Mən özüm bir ovuc borcluyam hələ,
Mən ondan bir ovuc necə aparım?!
15.05. 1977
*********************
BİLİNMƏZ...
Nuhun gəmisi də batar,
Kirpiyindən asılan
Bir damla göz yaşında.
Təzəcə dil açan körpəsən,
Ya dünyanı yorub-yortmuş
Qocasan, yüz yaşında?!
Gözundə yaşın bilinməz,
Üzündə yaşın bilinməz.
Bilinməz ürəyin,
Bilinməz sirrin,
Seçilməz biləndən,
Naşı bilinməz.
Milyon-milyon
Gəldi-gedərlərin sən də birisən.
Alar qoynuna torpaq,
Başının üstünün daşı bilinməz,
Bilinməz,
Gözünün yaşı bilinməz.
1981.
*****************
Bəlkə bir çəməndə
bitən ğül oldum,
Qəlbimin kül altda odumu qalmış?!
Səməndər quşutək yanıb
kül oldum,
Yenidən dirilmək umudu qalmış...
Nə peyğəmbər eylə,
nə də mələk bil,
Tanrım, imtahana çəkmə gəl məni!
Adi bir insanam, günahkar,
xəcil,
Düzüb qoşa bilsəm iki kəlməni...
Göstər möcuzəni, göstər sirrini,
Yaşamaq deyilən görək nə imiş?!
Boşalt ürəyimdə qalan şeirimi —
Ömür bir söz imiş, əfsanə imiş...
Daş edə bilmədim mən öz qəlbimi,
Bilsəm də hardandır bəla başıma.
Tanrım,
səndən ötru İbrahim kimi
Necə bıçaq çəkim bala başına?!
10.01. 2005
*********************
DAĞLARDA QAR UÇQUNU
Ürəyim uçundu səndən ötəri,
Elə bil dağlarda qar uçqunuydu.
O bir ötüb keçən andan ötəri,
Sevgi uçqunuydu, yar ucqunuydu.
Həsrətin başıma səpildi dən-dən,
İllərin şaxtası yandırar məni.
Xatrən daş atar ötən günlərdən,
Şüşə pəncərətək sındırar məni.
Sənin gözəlliyin solmaz gözümdə,
Ürək gəncliyimə ötmə, qal deyir.
Bilmirəm heç kiməm indi özüm də,
Kimlər əmi, dayı, ağsaqqal deyir...
Daha ötüb keçir ömrün baharı,
Payıza bürünür gül-çiçəyim də.
Üz tutub getdikcə Tanrıya sarı,
Qaldı qiyamətə eşq ürəyimdə.
Ötdü gözlərimdən bir gözəl pəri,
Sənə bənzəməklə könlümü oydu.
Ürəyim uçundu səndən ötəri,
Elə bil, dağlarda qar ucqunuydu...
2008
*********************
SEVGİ BAHARI
Gəl quzum,
gəl sevim, oxşayım səni,
Sənin sevilməyə ehtiyacın var.
Mənə ver titrəyən o əllərini,
Yox olsun nə qədər ağrın-acın var.
Qövsi-qüzeh asım kipriklərindən,
Kahkəşan açılsın yolların üstə.
Uyqusuz, yuxusuz yorulmusan sən,
Yat dincəl bir ömür qollarım üstə.
Sənə layla deyim, nağıl danışm,
Ay ilə saralım, günlə alışım,
Nə fərqi ağlatsan neçədir yaşım,
İllər calanacaq illərim üstə.
Yumub gözlərini baş qoy sinəmə,
Həyat da bir yuxu, ya da sinema,
Sevgiyə əmin ol, qəmlə sınama,
Uzan bahar kimi güllərim üstə...
22.02.2010.
*********************
YE MƏNİ, DÜNYA!
Bir gün gözlərimi yaşlayacaqsan,
Haçanda mıxladıb daşlayacaqsan,
Bilmirəm, haramdan başlayacasan,
Ye məni, ye məni, ye məni dünya!
Doğuldum mən səni bir nənni bildim,
Ərəb-fars, urus-türk, erməni bidim.
Sual qarmağında mən anı bildim,
Ye məni, ye məni, ye məni dünya!
Acı dərdlərimdən şirin sözüm var,
Alma-buğda demə, qara üzüm var.
Dəyirman daşından çıxan dözüm var,
Ye məni, ye məni, ye məni dünya!
Boy atdım, başımın ağılı gəldi,
Saldım sevdalara, sığalı gəldi.
Şəngülüm, şüngülüm nağılı gəldi.
Ye məni, ye məni, ye məni dünya!
Canımda nə qədər qəmin dadı var,
Əlif kafi nunla, mimin odu var,
Qarabağ adlanan qara cadu var,
Ye məni, ye məni, ye məni dünya!
2010
*********************
MƏNİM YİYƏSİZ ÇÖLLƏRİM...
(Qarabağın qara ildönümünə)
Nə qoyun otara billəm,
Nə quzu,
Nə gül-çiçəyini qoxlaram,
Nə keçmişimdən qalan izi.
İllərim orda qalıb,
Güllərim orda qalıb,
Ellərim pərən-pərən,
Çöllərim orda qalıb.
Qıçım sınıb,
Əllərim kəsilib,
Qollarım orda qalıb!
Dağları qəm əridib,
Dərd-bəla qum eyləyib.
Mərzili çöllərini,
Minalar şum eyləyib.
Bir çəngə işıq ola,
Haqqın çırağı gələ!
Bir cəngi səsi qalxa,
Ellərin tuğu gələ!
Bir igidin yumruğu,
Dağı nağara bilə!
Qalxa
ölülər
ayağa,
Allahım, məhşər ola!
Ey Vətən torpağına,
Al qanını tökənlər!,
Dizin-dizin yer şumlayıb,
Parça-parça qələm kimi,
Əl-qolunu, ayağını,
Ürəyini əkənlər!
Bu zülüm, bu dərd,
Yox, boşa gedə bilməz,
Mərd bilər, gəda bilməz!
Yenidən, yenidən, yeni dən,
Əkilər, səpilər!
Göyərər!
O dağlardan, o çöllərdən
bir zaman,
Hər zaman,
Hər bir zaman!
Başımız üstə
Fələklər göyərər,
Ürəklər göyərər,
Əl bitər, ayaq bitər!
İnşallah,
Qeyrət dikələr
Bayraq bitər!
20.04.2009.
*********************
RƏSSAMA BİR MİSRA
Bir misra pıçıldamaq
İstədim,
Van Qoqun qanlı qulağına.
Hirslənmə qardaş,
Otağın kəsif havasına,
Pəncərənin xəsis işığına,
Kətanın qıtlığına.
Fırçandan qaçan kölgələr
Sığınmış
Ömrün qıvırcıq çağına.
Günəş ürəyindən doğular,
Ay qara ciyərində batar.
İçdiyin şərabların xumarı,
Çəkdiyin gözəllərin intizarı
Böyrəklərində uyuyub
Daş kimi yatar.
Sevgi qoxusu gələr,
Söndürülən hər şamın nəfəsində,
Zülmət yandırar səni
Kibrit çəkib
Bir siqaret alışdırmaq
Həvəsində.
Bir az da döz,
Görürsənmi səma necə deşik-deşik,
Ulduz-ulduz, köz-köz...
Qaranlıqlar sıxılıb
tumladacaq dünyanı,
Kəndli baba şumlayacaq dünyanı,
Günəbaxanlar səpiləcək kətana,
Bitəcək,
boylanacaq arxanca
Gündoğandan Günbatana.
07.04.2012.
*********************
ATILDIM
Dəlisov bir çayam mən,
Qayalardan atıldım...
Ayasız ayəyəm mən
Ayalardan atıldım.
Nə gerçəyəm, nə yalan,
Nə küfrəm, nə də iman,
Bir ümidəm, yüz güman,
Röyalardan atıldım...
Yarı mələk, yarı cin,
Yarı yalan, yarı çin,
Bir sevgili yar üçün,
Dünyalardan atıldım...
22.01.14.
*********************
GÜZGÜ
Darıxdım,
Güzgüyə baxdım —
Bir kimsəni görmədim.
Hardayam Allah,
Hardasan, Allah?!
2012.
*********************
QƏBUL EYLƏ
Hərdən yanıb sönər olsam,
Çıraq, məni qəbul eylə!
Kəlmərə sinər olsam,
Varaq, məni qəbul eylə!
Saç ağartdım ar əlindən,
Yaralandım yar əlindən,
Üşümüşəm qar əlindən,
Ocaq, məni qəbul eylə!
Şehə döndüm gül üstündə,
Mehə döndüm tel üstündə,
Aha döndüm, el üstündə
Soraq, məni qəbul eylə!
Ölməklərdən hünər olsa,
Cismim sənə dönər olsa,
Canımda can sönər olsa.
Torpaq, məni qəbul eylə!
Günahlardan kənar olsam,
Paklığında yanar olsam,
Bir gün sənə dönər olsam.
Ey Haqq, məni qəbul eylə.!
20.04.2011.
Mənbə: http://analoq.az
- Yorum yapmak için giriş yapın