UĞURLU YOL!
XII yüzillikdə Şeyx Nizaminin oğluna nəsihət şəklində dediyi kəlmələr əslində bütün söz adamlarına aid idi:
Şeirlə ucalmaq umma dünyada,
Çünki Nizamiylə qurtardı o da!
Lakin dahi şairin bu nəsihəti sanki odun üstünə yenidən yağ tökmüş, söz sənətinin maneə çəpərini bir xeyli də yüksəltmişdi. Zaman-zaman sayı hesabı bilinməyən söz adamları bu estafeti inadla davam etdirmişlər. Şairlər adi dərvişlikdən hökmdarların sarayında yüksək dövlət adamları səviyəsinə qədər ucalmışlar. Bəzən hökmdarların özləri də şairlik eşqinə düşmüşlər. Bu haqdqa ən nikbin sözü XX əsr poeziyamızın qısa ömürlü ulduzu Mikayıl Müşfiq demiş:
Kainat olduqca şeir olacaq.
Şair yeni-yeni sözlər bulacaq!
Hər aşiqin bir dövranı olduğu kimi, hər dövranın da öz aşiqi, şairi, sənətkarı olur. Bu qırılmaz zəncir kimi silsilə zaman boyu davam edir. Bunun ən mühüm amili gələnəyin olmasıdır, nəsildən nəsilə ötürülməsidir, minillikləri aşan işartının, odun qorunmasıdı. XX əsr kosmik əsr sayılırdısa, XXI əsr artıq bəşəriyətin ictimayi inkişafında kosmik sürət əsridir. Millətlərin və xalqların elmdə, mədəniyətdə, texnologiyada yeni yarışma əsridir.
Xalqı xalq, milləti millət edən cəhətlərdən biri də onun mədəniyətidi. Zahirən adi görünən Söz sənəti də milli özünütəsdiqin mühüm bir şərtidi. Minilləkləri yarıb gələn bu sənət adi göründüyü qədər mürəkkəbdi, asanlığında çətindir, sirli və sehrlidi.
Haqqında söz açmaq istədiyim, oxuculara təqdim etdiyim qələm sahibi, uşaqlıqdan yeniyetməliyə addım atan, şeir-sənət yoluna çıxan gənc özü öz haqqında qısaca bunları yazıb:
“Mən Təyyar Şərif. Bakı şəhərinin Binəqədi qəsəbəsində yaşayıram, 14 yaşım var. 50 saylı məktəbin 7 sinif şagirdiyəm.” Bu qısa kəlmələrin arxasında nələr durur?!
Soykökü bu gün düşmən tapdağında qalmış Qərbi Azərbaycanın Amasaiya mahalından, tarixlər, əfsanələr şahidi, başı qarlı-dumanlı Ağrı dağı ətəyindən. İllərin, bəlkə də əsrlərin sağalda bilməyəcəyi yurd ağrısı, vətən həsrəti, babaların tapdanmış heysiyyəti, damarlarında qaynayan qanın harayı, səsi... Budur yeniyetmə qəlbinin gələcəyə daşıdığı yük, sevgi, ağrı, ümid.
“On dördündə yavan girər duşuna, On beşində sevda yenər başına, Çünki yetdin iyirmi beş yaşına, Boz-bulanıq axan selə bənzərsən!” – Dədə Koroğlu belə demiş...
“Əkiblər yemişik, əkirik yesinlər!”- bəlli məsəli var. Bu babalarımızın bugünlə, sabahla ayaqlaşan strateji düşüncəsidir, əbədi dəyərlərdi. Vaxtı ilə mənim də haqqımda Ustad Bəxtiyar Vahabzadə “Uğurlu yol” arzulamışdı. O zaman mən 29 yaşında, universitet təhsilli, həyat görmüş, 10 ildən artıq ədəbi təcrübəsi olan, nüfuzlu dərgilərdə imzası tanınmış bir ədəbiyyat adamı idim.
Təyyar üçün bəlkə də bu yaşda təqdim olunmaq hələ zamanı yetməmiş, tez hesab oluna bilər. Lakin ağacı bir yarpağından, meyvəsini nübarından tanımaq olar. Mənim də zəndim onda sönməyəcək bir ilham duyur, formalaşmış şair təbi görür. Onun gənc ruhu söz arxasınca qoşmaqdadır. Kiçik sinəsində böyük arzular çağlayır, otaylı-butaylı vətən çırpınır:
Vətən Baba əmanəti,
Vətən əzmim, dəyanətim,
Vətən arzum, həm niyyətim,
Sən yoxsansa yansın hər yan,
Ata yurdum, Azərbaycan!
Yaxud:
Təbrizin çiçəyi, gülü bizimdi,
Təbrizin avazı, dili bizimdi,
Təbrizin oymağı, eli bizimdi,
Açıb qucağını gözləyir bizi.
Təyyarın yazılarında təkcə yaşından qoca hisslər, duyğular deyil, elə öz yaşının yaşıllığından çiçəklənən arzular görünür. Yazılarındakı səmimilik, sadəlik, təravət və folklordan gəlmə oynaqlıq var. O uzun və asan olmayan bir yola çıxdığını özü də bilir:
Bir yol var uzaqda gözləyən məni,
Bu yola ad qoyub, adla gedəcəm,
İgidin muradı atdı deyirlər,
Gözündən cin çıxan atla gedəcəm.
Yəqin ki, gözdən cin yox, od çıxa bilər, cin gözə görünə bilər.
Təyyar hər kəsə tanış olan məktəbli duyğularını belə ifadə edir:
Məni az məzəmmət eylə müəllimə,
Neyləyim, mənim də bildiyim budu.
Ağlıma yerləşən gəlmir eynimə,
Sandım bu günkü dərs üzdən oxudu.
Bu bənddə bir kələkötürlk də olsa, səmimidir, gerçəkdi, yaşadğını ifadə etməkdi.Təbii ki, Təyyarın şeirlərində hamıda olan nöqsanlar da var, bəzən qafiyə axarına düşmək, loru dil ifadələri, şeirdə fikir dağınqlığı, qafiyə xətaları, şablon ifadələr də olur.
Kamilliyin zirvəsinə çıxanlar özlərini yeni bir əlifbanı öyrənənlərə bənzətmişlər. Riyaziyyatda ciddi bir teoremin isbatı üçün zəruri və kafi şərtlər olur. Təyyarın da şairliyi üçün təb, ilham, “şairlik vergisi” kimi deyilən zərurri şərtlər var, amma bunlardan əlavə şübhəsisz ki XXI əsrin şairi olmaq üçün əvvəlkilərdən daha yüksək intellektual səviyyə gərək. Bu da ömür boyu bitməyən təhsil, mütaliə, zəhmət və güzgü kimi ləkəsiz qəlb qoruyub saxlamaqdır.
Tutaq uşaqlığın əlindən gedək,
Gedək gəldiyimiz yollara doğru.
Bir əlimdə əlin, birində çiçək,
Gedək, görünməsin yolların sonu!
Gənc dost! Sonu görünməsə də işıq dolu yollarında yorulmayasan!
Yolun, uçuşun adın kimi şərəfli və Uğurlu olsun!
Sultan Mərzili,
Beynəlxalq Yazıçılar və Publisitlər Assosasiyasının, Azəbaycan Yazıçılr Birliyinin üzvü,
“Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin poeziya və nəsr üzrə katibi,
Moskva, 24.06.2011.
TƏYYAR ŞƏRİF
(şeirlər)
BU MƏNƏM
Dağlarmı, başında duman,
Arzumu, qarışıq güman,
Bu kimdi inciyən, uman?
Bu mənəm deyəsən, Tanrı.
Baxışı gözündən böyük,
Sözləri özündən böyük,
Ləpiri izindən böyük,
Bu mənəm deyəsən, Tanrı.
Cismi hissə cəm elədim,
Biri yüzə cəm elədim,
Dağı düzə cəm elədim,
Bu mənəm deyəsən, Tanrı.
Bulud mənəm, dolan sənsən,
Satan mənəm, alan sənsən,
Gedən mənəm, qalan sənsən,
Bu mənəm deyəsən, Tanrı.
O nurdu qarına düşən,
Qürurdu zoruna düşən,
Təyyardı toruna düşən,
Bu mənəm deyəsən, Tanrı!
AZƏRBAYCAN
Vətən Baba əmanəti,
Vətən əzmim, dəyanətim,
Vətən arzum, həm niyyətim,
Sən yoxsansa yansın hər yan,
Ata yurdum, Azərbaycan!
Dağlarımda qarımsan sən,
Damarımda qanımsan sən,
Bədənimdə canımsan sən,
Yaşamasın sənsiz bu can,
Ata yurdum, Azərbaycan.
Bozqurdam mən, bəlli törəm,
Düşmənə məzaram, goram,
Xan Arazam, Dəli Kürəm,
Sənsiz donar damarda qan,
Ata yurdum, Azərbaycan.
Çıxacağam Kirs dağına,
Enəcəm Nurs oylağına,
Eşitsin fars, bir dığa,
Çıx yurdumdan bu yazacan,
Ata yurdum, Azərbaycan.
Təyyaram mən, imanım sən,
Tükənməyən gümanım sən,
Küsənim sən, umanım sən,
Əsgərinəm bu gün sabah,
Ata yurdum, Azərbaycan.
GEDƏCƏM
Bir yol var uzaqda gözləyən məni,
Bu yola ad qoyub, adla gedəcəm,
İgidin muradı atdı deyirlər,
Gözündən cin çıxan atla gedəcəm.
Atlanıb minəcəm bir kəhər ata,
Çapacam qan-tərə at bata-bata,
Sinəcəm yalına mənzilə çata,
Yəhərsiz-yüyənsiz atla gedəcəm.
Təyyaram, bu yola yatdı ürəyim,
Yormaz yollar məni, atdı dirəyim,
Bağla qanadını gözlə, mələyim,
Dırnağı yer qazan, Atla gəlirəm...
KİMİ
Çiçəyi alçaymış bu gələn yazın,
Bu mənəm əlləri ətəkdən uzun,
Qaldı, çiçəyimdə qaldı əl izin,
Özün uçub getdin kəpənək kimi.
Çıx yeddi qatına, bax göy üzündən,
Cilvən qaçaq düşüb quru sözündən,
Çiçək toplayırdım ulduz gözündən,
Sən şübhə toxumu səpənə kimi.
De, hara gedirsən tüstülü başla,
Çəpəki baxışla, bir ürək daşla,
Yenilə zövqünü, yenidən başla,
Xəyalım gözündən itənə kimi
VƏTƏN
Bu torpaq yurd yeri, məzar yerimiz,
Əkilmir-biçilmir nədən, görəsən,
Müqəddəs ruhlardı göylərimizdə,
Səsləyir bizləri hardan biləsən?
Hardan biləsən ki, mən də bir ruham,
Bir ağac cildində bitmişəm yurdda,
Bir ağac dərdimlə tənhayam, təkəm,
Qisas qiyamətə qalmasın, ruhla...
Tək ağac dərdini hardan biləsən,
Sənin ki kökün yox torpaq altında,
Uzağı bir qarğa ola bilərsən,
Hansısa qurumuş budaq qatında.
Tənha ağac kimi bitəcəm orda,
Sənin acığına düşmən, biləsən,
Kökümdən güc alıb haraylayacam,
Eloğlu,Vətənə imdad elə sən.
Təyyaram, elimə-obama bağlı,
Bir qollu-budaqlı ağacam, Vətən,
Nə qədər əsirsən, azad deyilsən,
Ağac tək bu yurdda bitəcəm,Vətən!
TƏBRİZİN
Bilnmir tarixi, ili Təbrizin
Gözləri yol çəkir ulu Təbrizin,
Yolları qar, yağış, dolu Təbrizin,
Açıb qucağını gözləyir bizi.
Təbrizin çiçəyi, gülü bizimdi,
Təbrizin avazı, dili bizimdi,
Təbrizin oymağı, eli bizimdi,
Açıb qucağını gözləyir bizi.
Gör neçə zamandı gözləyib, dözüb,
İncidib dərdləri, inciyib, küsüb,
Oğlundan, qızından əlini üzüb,
Yenə qucaq açıb gözləyir bizi.
Yollar aparaydı üzü Güneyə,
Yollar neyləyəcək üzü dönüyə,
Kaş zaman milləti bir də dənəyə
Biləydik düşməni kimdi Təbrizin.
Təbriz ağır eldi, asta basardı,
Təbrizin içi dərd, üstü azardı,
Biləydik bu bazar, hansı bazardı,
Keçi qiymətinə, - gözləyən bizi.
İlməsi xalıya aralı düşüb,
Buludu göyünə qaralı düşüb,
Zamanla vuruşub, yaralı düşüb,
Yenə gözdə həsrət, gözləyir bizi.
Yetər, həsrətlərə son deyək, millət,
Düşmən bir deyəndə, on deyək, millət,
Barışa son deyək, qan deyək, millət,
Qurtaraq düşməndən, ulu Təbrizi!
TUTAQ UŞAQLIĞIN ƏLİNDƏN GEDƏK
Tutaq uşaqlığın əlindən gedək,
Gedək gəldiyimiz yollara doğru.
Bir əlimdə əlin, birində çiçək,
Gedək, görünməsin yolların sonu.
Gedək addımların boy göstərdiyi,
Addımın yürüyüb durduğu yerə.
Gedək, baxışlara təbəssüm qonan,
Ürəyin gizlicə vurduğu yerə.
Yenə də gizlən-qaç olsun işimiz,
Yenə tənha qovaq gizlətsin səni.
Özümü axtaran kimi göstərim,
Gecikmiş addımım gözlətsin səni.
Bir zaman nə qədər dərdsiz olmuşuq,
Bir zaman nə qədər sevimli idik.
Qürur duyurduq biz bir-birimizlə,
Bir zaman nə qədər güvənli idik.
Quşdan qanad alan illər ötüşdü,
İndi nə sən varsan, nə o balaca.
Xatirəyə döndü xoş günlərimiz,
Gizlənib, gözümü yumub açınca.
Sənin bildiyini bilmirəmmiş mən,
Mənim bildiklərim bir nağıl imiş.
Mənim bildiklərim quş dimdiyində,
Sünbül zəmisində bir taxıl imiş.
Tutaq uşaqlığın əlindən gedək,
Gedək gəldiyimiz yollara doğru.
Bir əlimdə əlin, birində çiçək,
Gedək, görünməsin yolların sonu.
- Yorum yapmak için giriş yapın