VÜQAR ƏHMƏD: SƏBRIM TÜKƏNIB...
Moderator.az nəğməkar şair, AMEA-nın baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Vüqar Əhmədin yeni şerlərindən ibarət şer çələngini oxuculara təqdim edir:
SƏBRİM TÜKƏNİB
Ruzu atlı olub, mən də piyada,
Qürurum yol vermir əl açım yada.
Arzuma əl çatmır – sahilsiz ada,
Səbrim tükənibdir, dözüm yox daha.
Göylər qulaq asır, verməyir cavab,
Qəmi dağıtmaqçün içmirəm şərab.
Kabab yeməyirəm, ciyərim kabab,
Səbrim tükənibdir, dözüm yox daha.
Bəd rüzgar qəhqəhə çəkir, seyr edir,
Mənim zülmlərim qəlbimi didir.
Görəsən ümidlə haraya gedir,
Səbrim tükənibdir, dözüm yox daha.
Cahan yuxusuzdur, yoxsa oyaqdır,
Nə yaxşı Allahım bizə dayaqdır.
Mənim taleyim də tənha qayıqdır.
Səbrim tükənibdir, dözüm yox daha.
.
MƏN ÇƏKƏN
Çoxluq içində təkəm,
Necə tənhayam,təkəm.
Bu dünyanın qəmini
Sən çəkəsən,mən çəkəm.
Dünyanı qəm alıbdır,
Göyləri çən alıbdır.
Yerin,göyün dərdini
Sən çəkəsən,mən çəkəm.
İtirib əzizini,
Dünyanın ləzizini,
Haqqın tərəzisini
Sən çəkəsən,mən çəkəm.
İtirib hər vüqarı,
Düz sözü,düz ilqarı,
Qəlblərdəki qübarı
Sən çəkəsən,mən çəkəm.
OLMADI
Kimsə məni bir duyacaq,duyamadı!
Kimsə mənə zəng vuracaq,vurmadı!
İstədiyim gün olacaq,olmadı!
Qəmli günlər şad olacaq,olmadı!
Xoş yuxular çin olacaq,olmadı,
Gecə-gündüz,səhər-axşam ömürdə
Zühur edən qəm öləcək,olmadı!
Olan oldu,arzularım olmadı!
Şükr elədim olacağa,səbr məndə,
Dözəmmədim,məndə səbr qalmadı.
Olanda da çox gec oldu,usandım,
Bu şad gündə sevinməyim olmadı.
Bu dünyada istədiyim olmadı,
Heç olmasa o günlərdə olaydı.
Məndən artıq zülm çəkən olmadı,
Son günlərim kaş zülmsüz olaydı.
QAZAN YOX
Qəlblərdəki qəm-kədərin
Səbəbini araşdıran, yazan yox.
Kasıbların yeməyi yox,
Süfrəsində, ocağında qazan yox.
Dərd gətirən, dərd yaradan
Necə çoxdu, dərdi qəlbdən pozan yox,
Şən nəğmələr, şıdırğılar
Oxuyan çox, qəm hayqıran ozan yox.
Vüqar Əhməd dərddən çələng
Hörür, yazır, faydası yox, baxan yox,
Kim qazıdı özü düşdü,
Daha ona gizli qəbir qazan yox!
- Yorum yapmak için giriş yapın