Yazıçılar Birliyində növbəti “dəyirmi masa” Moskvada yaşayan azərbaycanlı ədiblərin yaradıcılığına həsr olunmuşdur
Mayın 4-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda “Moskvada yaşayan Azərbaycan yazıçıları” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AzərTAc xəbər verir ki, AYB-in Moskva bölməsinin sədri Tofiq Məlikli mövzu ilə bağlı məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, Moskvada yaşayan yazıçılarımızın yerli mətbuatda əsərləri dərc olunur. Bu ədəbi nümunələr rus oxucusunda Azərbaycan ədəbiyyatı haqqında müəyyən təsəvvür yaradır.
Natiq bildirmişdir ki, ədəbiyyatların dostluğu xalqların dostluğunu möhkəmləndirən əsas amil olaraq qalır. Moskva mətbuatı bizim yazıçılara kifayət qədər yer ayırır, vaxtı-vaxtında “Drujba narodov” jurnalında həmyerlilərimizin yaradıcılığından maraqlı nümunələr dərc olunur. Daha keyfiyyətli və maraqlı ədəbi əsərlər hətta Rusiya mətbuatında təbliğ olunur, onların haqqında xoş sözlər söylənilir.
T.Məlikli AYB-in Moskvadakı üzvlərindən İlham Bədəlbəyli, Əbdül Hüseynov, Nəsib Nəbioğlu, Rafiq Qafarov, Zümrüd Quliyeva, Əliş Əvəzli, Sultan Mərzili, Afanasi Məmmədov və başqalarının kifayət qədər tanındıqlarını demiş və onların yaradıcılıqları haqqında məlumat vermişdir.
Sonra tədbir diskussiya şəklində davam etmişdir.
“Dəyirmi masa”da AYB-in sədri, Xalq Yazıçısı Anar, qurumun katibi Xalq Şairi Fikrət Qoca, yazıçı-publisist, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şairlər Mahirə Abdulla, Balayar Sadiq, kulturoloq Aydınxan Əbilov və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Bakı, 4 may (AzərTAc).
- Yorum yapmak için giriş yapın