YENI IL TƏBRİKİ
ƏZIZ SOYDAŞLAR VƏ HƏMVƏTƏNLƏR!
Bəşəriyyət 2019 ci ilin astanasına qədəm qoymaqdadır. Əlbəttə, 2018 ci il özünün gərginliyi və sarsıntıları ilə bəşəriyyətin həyatında həyacanlı izlər qoymaqla yanaşı, müxtəlif insanların taleyində şadlıq və sevinc məqamları da vurğulamışdır. Elə dunyamız yaranandan, Günəş göylərdə şəfəq saçandan, yer kürəsinin ən böyük vurğunu olan nazənin Ay səmalarda cilvələnəndən bəri işıq - zülmələ, gündüz- gecə ilə, xeyir- şərlə və yaxşı - pislə mübarizədə olmuş və beləcə də həyat davam etmişdir. Dünya min – min müharibələrdən keçmiş, insan nəslinə fəlakətlər gətirmiş, lakin yüksək zəkalar, ağıl sahibləri, müqərrəm insanlar həmin yaraların böyük Loğmanına dönərək bəşəriyyətin yaralarını müalicə edib, sağaltmışlar. Biz yəqin edirik ki, Qarabağ yarası da gözəl Azərbaycanımızın həyatından beləcə silinib gedəcək, bayrağımız, dövlətimiz hər zaman yüksələcək, himnimiz zaman – zaman yer üzündə səslənəcəkdir.
Məramımızın fövqündə həyatın obyektiv tərənnümü, ədəbiyyatımızın, poeziyamızın Rusiya ellərində tanınması, dilimizin, tariximizin və mədəniyyətimizin yaşadığımız və çalışdığımız ölkədə inkişaf tapması olmuşdur.
Əziz soydaşlar! Biz bütün gücümüzlə çalışacayıq ki, dünyanın siyasi xəritəsində digər ölkələrlə birlikdə adı həmişəyaşar olan Azərbaycanımızı yüksək məhəbbətlə tərənnüm edə bilək. Bu bizim Vətən borcumuz, analarımızın beşik başında bizlərə həzin səslə dediyi “laylay” nəğməsinin iliyimizə, canımıza ötürdüyü əbədi vicdan səsidır.
Biz “Şəhriyar” ədəbi – mədəni cəmiyyətinin bütün üzvləri adından öncə Azərbaycan xalqını, Rusiyada yaşayan xalqları, bütün Azərbaycan diaspor cəmiyyətlərini Yeni il münasibətilə səmimi qəlbdən təbrik edir,onlara möhkəm can sağlığı, firavanlıq və işlərində nailiyyətlər arzu edirik. Arzu edirik ki, 2019 ci il bəşəriyyət üçün böyük sülh və əminamanlıq ili olsun!
Hörmətlə,
“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov
Cəmiyyətin ədəbi – bədii şurasının rəhbəri Əşrəf Hüseynli
- Yorum yapmak için giriş yapın