YUNUS NOVRUZUN İKİNCİ GÖRÜŞÜ
Ötən əsrin 70-ci illərində öz səsi, öz nəfəsi ilə imzasını tanıdan gənc şairlərdən biri də Yunus Novruzov idi. Ədəbiyyata dabanqırma gələn nəsillər arasında həmişə cıdır kimi yarış, bəhsəbəs olur. Hər qələm götürən öz tay-tuşları ilə və hətta özündən əvvəl və sonra gəlmişlərlə də yarışa çıxır. Beləcə, sənət yarışı uzun bir marafona, nəsillərin yarışına çevrilir. Bu yarışlarda yorulub yolda qalanlar da olur. Əsl sənət isə adiliklərdən yuxarıda dayanır, başımız üstündəki kəhkəşan kimi qaranlıqlar içindən işıq saçır və hər kəsin öz işığı öz yerini göstərir. Sənət həm də zamanın sınağından çıxmaqdır.
Bugünkü ədbiyyatımızda artıq ağsaqqallaşmış, imzaları ədəbiyyatsevərlər arasında tanınan, ədəbi tənqidin nəzər-diqqətində olan, 70-cilər kimi tanınan şairlər - Vaqif Bayatlı, Vaqif Bəhmənli, Sabir Sarvan, Musa Ələkbərli, Zəlimxan Yaqub, Ağacəfər Həsənli, Paşa Qəlbinur və başqaları arasında adı çəkilməsə də, Yunus Novruz bu cərgənin ön sıralarında olanlardan biri idi və oxuculara təqdim olunan “Dünya elə o dünyadı” kitabı da göstərir ki, o, yaradıcılığında nəinki poetik səviyyəsini qoruyub saxlayıb, hələ bir xeyli də qabağa gedə bilib. Qaynar paytaxt həyatından, ictimai konfliktlərin qaynayıb daşdığı mühitdən kənara düşsə də, şair yaradıcılığında insan qəlbinin tədqiqatçısı kimi çıxış edir, kiçik kainat olan insan aləminə baş vurur, araşdırır, yeni bir aləmin, insan qəlbinin bitib-tükənməz dərinlik və dayazlıqlarını üzə çıxarır.
Rus ədəbiyyatı Qoqolun “Şinel”indən çıxdığı kimi, XX əsrin yeni Azərbaycan şeirini yaradan şairlərin, xüsusən 70-ci illərdə şeirə gələnlərin, demək olar ki, hamısı Əli Kərimin poeziya bulağından su içib. Əli Kərim poeziyası, xüsusən son şeirləri və poetik araşdırmaları şeiri tarladan, partiyadan, mədhiyyətçilikdən qopararaq sadə insanın özünə, daxilinə, qəlbinə yönəltdi.
Yunus Novruz da öz şeirlərində yaşadığı kənd həyatını, keçirdiyi ömrü saf-çürük edir, sanki zamanın yavaşıdığı, lakin öz böyük və kiçik problemləri ilə dramatik bir həyatı incə müşahidələr, orjinal deyimlərlə ifadə edir:
Bürünüb bir kəndin sakitliyinə
Elə yuxulamaq istəyir adam.
Kəsilir səs-küyü uçan quşların,
Günlər yavaşıyır, donur saatlar.
Onun şeirlərində yeni qafiyələr, yeni mövzular, özünəməzsus görmə və dərk etmə, poetik mənalandırmalar var. “Xokkey”, “Kosmonavtlar”, “Tutulma” və sairə şeirləri bu qəbildəndir. Ənənəvi onbirlik heca şeirindən əlavə, onluq və doqquzluq bölgüsündə olan orjinal axtraış və tapıntılar, incəliklər var.
Ömrünün dəli-dolu duyğulu çağından müdriklik çağına qədəm basmış şair həyatın, ömrün əbədi cavab axtarılan suallarını çözür: “İnanmıram mən dünyanın puçluğuna” deyir.
Doğulmuşuq, baxmamışıq çoxa-aza,
Ömür ki, var, bir əl boyda qələm-kağız.
Dünya əgər təsadüfən yaranıbsa,
Onda niyə növbələşir bahar-payız?
Çiçəklərin nə zamansa solmağına,
Uçub gedən günlərə də mən yanmıram.
Ömrümüzün otub keçən olmağına,
Və həyatın puçlğuna inanmıram.
Yunus Novruzun şeirlərinin böyük bir qismində, doğulub boya-başa çatdığı torpağa məhəbbət, el-obasına sevgi tərənnüm olunur. O, yüzlərlə, minlərlə, indiki zamanda isə tarixi vətənlərindən uzaq düşmüş milyonlarla soydaşımızın Azərbaycanla bağlı istək və duyğularınını belə ifadə edir:
Axır ürəyimdən Kür də, Araz da,
Kim bilər, nələrdir könlümdən keçən?
Mən sənin qoynunda doğulmasam da,
Dilim də, qəlbim də sən olmusan, sən!
Yaxud da paraçalanmış vətən dərdi belə təsvir olunur:
Harda çay görürəm, elə bilirəm,
Arazdı, bir xalqı bölüb yarıya.
Harda çay görürəm, gəlir qəfildən,
Yüz həsrət, yüz nisgil düşür araya.
Sonda Yunus Novruzun lirik şeirləri içərisində yer tutan sevgi-məhəbbət lirikasını xüsusi qeyd etmək istərdim. Sevginin gənclikdən ayrılmaz olduğu bəllidir, lakin şair gənclikdən başlanan sevgi duyğularına həyatı boyu sadiq qaldığını, onu yeni-yeni keyfiyyət və mənalarla zənginləşdirdiyini, sevginin ürəkdən, qəlbdən ayrılmaz olduğunu öz lirikasında əks etdirir.
Yunus Novruzun şeirlərinə bələdçiliyimizi burda yekunlaşdırıb oxucuları yormadan söhbətimizi bitirək. Qoy onun öz şeirləri sizin bələdçiləriniz ölsun. Sizi işığa, halallığa, paklığa və bütün bunların təcəssümü olan sevgilərə səsləsin! Bu şeirləri poeziya sevənlərin yeni bir hadisə kimi qarşılayacağına inanıram. Uzun müddət tanıdığm, dostluq etdiyim, mənəviyatı ilə istisna insanlardan olan Yunus Novruzun müasir şeirimizi hər yanda təmsil edə biləcək istedadlı şairlərimizin ön sıralarında layiqli yeri var.
Sultan MƏRZİLİ
2012-02-02 - 15:20:00
- Yorum yapmak için giriş yapın