Zülfüqarova Dilşad
Həkim, gənc şair
Zülfüqarova Dilşad 1994-cü il sentyabrın 10-da Moskvada anadan olmuşdur.
2009-cu ildə musiqi məktəbini əla qiymətlərlə, 2012-ci ildə isə ortya məktəbi qızıl medalla bitirmişdir.
Müxtəlif mövzulara həsr olunmuş onlarla şeirin müəllifidir.
2015-ci ildə Moskvada keçirilən Gənc Aərbaycanlı Şairlər müsabiqəsinin qalibi olmuşdur.
Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin üzvüdür.
A.İ. Yevdakimov adına MDTU-nun sonuncu kurs tələbəsidir.
Çevirdi: Afaq ŞIXLI
ANAMA
Əllərin qucaq yerimdir,
Ürəyin ocaq yerimdir.
Baxışların - sakit dəniz.
Oxşayışın necə əziz!
Duaların qalxan kimi
Hər bəladan qorur məni.
Təkcə sənsən can həmdəmi,
Sənsiz həyat yorur məni.
İncidirəm səni hərdən, -
Gah yaxınam, gah da uzaq.
Mələk üzlüm, küsmə məndən,
Uşağam da, hələ, uşaq.
2015
***
Sevginizi dilinizə almayın,
Eşidərlər, nəzər dəyər sevgiyə.
Sözgəzdirən kəmfürsətlər nə çoxdur,
Hərə gəlib bir söz deyər sevgiyə.
Sevginizi dilinizə almayın,
Görməsinlər aranızda ülfəti.
Duyğuları aşkar etmək asandır,
Bir sirr kimi bəsləməksə çox çətin.
Sevgi gizli dəfinəyə bənzəyər,
Nişanıdır o, günəşin, həm ayın.
Sevənlərə körpə kimi göz dəyər,
Sevginizi dilə-dişə salmayın.
2015
***
Sənə yenə rastlayacam
Uca dağın zirvəsində.
Ürəyimiz döyünəcək
Şəfəqlərin istisində.
Gecə boyu şərq nəğməsi
Oxuyacaq bizə quşlar.
Əziz, doğma diyarımda
Sübh çağının öz yeri var.
Yel qanadlı buludları
Seyr edərik tələsmədən...
Bir cənnətdi biz tərəflər!
Bir cənnətdi Ana Vətən!
2013
BAKI
Könlümün saz nəğməsi, ürəyimin səsidir
Xəzriylə nəfəs alan Bakı – qədim şəhərim!
Al şəfəqli Günəşi sahilləri isidir,
Geri səsləyir məni Abşeron küləkləri.
Burada necə doğma, nur üzlüdür adamlar,
Ulu tariximiz tək insanlar da uludur!
Milyonların içində Bakının öz yeri var,
Bakıya gedən yollar – xoşbəxtliyin yoludur!
Vidalaşa bilmirəm gözəl şəhərimlə mən,
Xəzəri ürəyimdə aparıram qürbətə.
Uşaqlıq ətri gəlir şirin xatirələrdən,
Bakım üçün hər zaman duaçıyam qismətə!
2015
***
Sənə bir şərf toxuyaram,
Şaxtalarda qorur səni.
Həm ətrimi salar yada,
Həm sarar çiyinlərini.
Üzərində yol çəkərəm
Sənin üçün, bəyaz sapla...
O saxlasın səni dardan,
Sən qəlbində məni saxla.
Sarı rənglə - nurlu səhər,
Mavi rənglə - firavanlıq.
Həyatında olmasam da,
Yada düşüm qoy bir anlıq.
Günəş kimi isti, zərif
Şərf hörərəm sənə yundan.
Qalxan olar hər ilməsi
Sərt küləklər əsən zaman.
2015
***
Nə öz məktublarımla, nə də şeirlərimlə
Kiminsə yuxusunu istəmirəm dağıdam.
Bilirəm ki, qəlbində həmsöhbətdir mənimlə
Varlığını sirr kimi gizlədiyim o adam.
Bir-birinə bağlısa sevənlərin ürəyi
Əlavə eyhamlara, söhbətlərə nə hacət?
Gözlərimə baxınca anlayacaq hər şeyi,
Bütün sükunətlərə güc gələcək məhəbbət!
2014
ULDUZLARI SAYA-SAYA...
Ulduzları saya-saya
Unutma ayı, əzizim!
Kim yoluna işıq çilər,
Nur paylayar, uğur dilər
Ondan savayı, əzizim!
İtirmə etibarını,
O sənə Tanrı payıdır.
Keçilməz ki, belə yardan, -
Simurq kimi alovlardan
Dönüb yanına qayıdır.
Sənə açmış ürəyini,
Onu oxşa, əzizlə sən.
Gülüşünə canından keç,
Ömrün boyu ayırma heç
Əllərini əllərindən!
2014
- Yorum yapmak için giriş yapın