MÜSAHİBƏ
Əliş Əvəz:«Heydər Əliyevin Moskvaya gəlişini böyük təmtəraqla qeyd etdik» Jurnalist, yazıçı, publisist və şair Əliş Əvəz (Qasımov Əliş Əvəz oğlu) əslən Bərdə rayonunun Piyadalar kəndindəndir. 1956-cı ildə bu kənddə doğulub. Rayonun Kətəlparaq kənd orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universiteninin jurnalistika fakültəsinə daxil olub. Təhsilini Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində davam etdirib. Sonra Azərbaycana qayıdıb. Maraqlıdır ki, ümumittifaq miqyasında ən nüfuzlu təhsil ocağının məzunu adını qazanmış Əliş müəllim Vətəndə qərarlaşa bilməyib. İndi bunun özündən asılı olmayan səbəbləri barədə danışmaq istəmədiyini deyir. Ancaq Əliş müəllim bir çox məsələlərdən söz açır. Məlum olur ki, hazırda Moskvada Dövlət Tarix Muzeyində çalışan həmyerlimiz Rusiyada azərbaycanlıların ilk mətbu orqanının yaradıcılarındandır. Həmçinin Rusiyada latın qrafikalı Azərbaycan əlifbası ilə ilk qəzet məhz onun jurnalistlik fəaliyyətinin məhsuludur. - Əliş müəllim, Moskva həyatına doğru uzanan yol tələbəlikdən başlamışdı. Tələbəlik yaşantınızın bu taledəki payından bəhs etmənizi istərdik. - Təbii ki, bu pay böyükdür. Moskva Dövlət Universiteti kimi nüfuzlu elm ocağında təhsil almaq kəndli övladı üçün çin olmuş yuxu sayılırdı. Mənim kimi onlarla, yüzlərlə gənc həyatının o anıyla fəxr edə bilər. Burada təkcə universitetin nüfuzu əsas deyildi. Bildiyiniz kimi, ötən əsrin 70-80-ci illərində Ümummilli Lider Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Rusiyanın müxtəlif ali təhsil ocaqlarında təhsil almalarına şərait yaranmışdı. Bu, Ulu Öndərin müdrikliyinin nəticəsiydi. Ulu öndər, Azərbaycanın müstəqilliyini görür və yeni yaranacaq dövlət üçün yüksək ixtisaslı kadrların hazırlanmasını həyata keçirirdi. Təsadüfi deyil ki, həmin dövrdə təhsil alanların əksəriyyəti indi məsul vəzifələrdə çalışırlar. Biz də o vaxt özümüzü Heydər Əliyevin əsgərləri hesab edirdik və fəxarət duyurduq. |