Vasif Məmmədov: Rafiq Qurbanov Fenomeni
“Hər xalq öz ictimai tarixinin gözəl səhifələri ilə, insan mədəniyyətinin xəzinəsinə bəxş etdiyi incilər, hadisələr, verdiyi böyük şəxsiyyətlər və dühalarla qanuni olaraq fəxr edir.” - Səməd Vurğun.
Xalqımızın yetirdiyi böyük şəxsiyyətlərdən biridə 67 il ömür sürüb, bu dünyadan vaxtsız gedişi ilə hamımızı intizarda qoyan, gözəl insan, ləyaqətli vətən evladı Rafiq Qurbanovdur. O, dünyanı dərk etdiyi vaxtdan həyati problemləri, yaşadığımız cəmiyyətdə baş verən bütün obyektiv gerçəklikləri filosof gözləri ilə görə bildi.
Rafiq Qurbanov yuxusuz gecələrin, gərgin çalışqanlığın hesabına zaman-zaman sanballı filosofların səviyyəsinə yüksəldi. O Rusiyada yaşayan bütün Azərbaycanlıların dostu, sirdaşı və yolgöstərəni idi. Rafiq müəllimi sevdirən böyük filosof alim olması ilə yanaşı, həm də, təbiətindəki humanizm, sadəlik və hər kəsə qayğı ilə yanaşması idi. O bircə anda olsa mənsub olduğu azərbaycan xalqının adət-ənənəsindən, soykökündən ayrı yaşamadı. Dilimizi ürəkdən sevib və yaşadırdı.Xalqımızın üzləşdiyi qarabağ problemlərinin həlli naminə curətlə və qətiyyətlə çalışdı. Bu münaqişə ilə bağlı əsil həqiqətləri dünya dövlətlərinə çatdırmaq üçün heç nədən çəkinmirdi.
Rafiq müəllim Rusiyada yaşayan soydaşlarımızın yaratdıqları müxtəlif cəmiyyətlərin işində yaxından iştirak edir, köməklik göstərir, onların arasında körpü rolunu oynayırdı. Rusiyada ilk dəfə olaraq milli ruhumuza köklənən “Şəhriyar” ədəbi-ictimai məclisini yaratdı.Bu məclis tezliklə bütün ziyalıları ətrafında topladı və hamının rəğbətini qazandı. Heç kəsə sirr deyildir ki, bu məclis məhz Rafiq müəllimin sayəsində belə böyük nüfuz qazandı.Çoxları elə ona görə bu məclisə üz tutdular.Məclisdə dilimizin saflığı qorundu, milli müsuqimizin təmizliyi ön plana çəkildi,müxtəlif məzmunlu məsələlər müzakirəyə çıxarıldı, görkəmli şəxsiyyətlərlə maraqlı görüşlər keçirildi. Məclisin gördüyü işlər barədə Rusiya və Azərbaycan mətbuatında yazılar dərc olundu. “Şəhriyar”ın ünvanına Rusiyanın ayrı-ayrı vilayətlərindən və xarici ölkələrdən müxtəlif məzmunlu məktublar gələrdi. Ədəbiyyatımızı, folklorumuzu hədsiz dərəcədə sevən Rafiq müəllim xalq yaradıcılığından söz düşəndə həmişə ən çox sevdiyi bu bayatını söyləyərdi.
Əzizim kəs aranı,
Doldur ver kəsaranı,
Olsan ol könül dostu
Olmasan kəs aranı.
Beləliklə, o məclis üzvülərindən də bayatı söyləmələrini həmişə xahiş edərdi.
Rafiq müəllim ensiklopedik biliyə malik olsa da olduqca təvazökar, saf, səmimi və vətənpərvər idi. Fəxr etməliyik ki, Moskvada “XIX-XX əsr filosofları” ensiklopediya kitabında onun haqqında məlumat verilmişdi.
Rafiq müəllim böyük bir ədəbi mühitin içərisində doğulub böyüdüyü üçün Azərbaycan ədəbiyyatını və tarixini, xüsusən klassiklərimizi, ustad aşıq şerlərini, çox zəngin poeziyamızı çox sevirdi. Özü də şerlər yazır, ingilis dilini gözəl bildiyi üçün, ingiliscədən tərcümələr edərdi. O yenilikçi şair olmaqla, məclis üzvülərindən də həmişə yeni şerlər yazmağı tələb edərdi.
Müxtəlif tədbirlər zamanı, məclis üzvülərini və qonaqları böyük həvəslə dinləyər, yeni deyimləri, xoşuna gələn sözləri xüsusilə qeyd edərdi. Həmişə də fəxrlə deyərdi ki, “Şəhriyar”ın digər cəmiyyətlərdən fərqi ondadır ki, burada başqa dillər müstəsna olaraq Azərbaycan dilində danışılır.
Uzun müddət Rusiyada yaşamasına baxmayaraq bu yerlərin təbiətinə uyğunlaşa bilmirdi. Onun bu hissləri “Ürək yanılmayır, yad torpağıdır” şerində öz əksini tapır.
Rəfiqim, nədəndir qaynamır qanın,
Burda səsi gəlmir tarın kamanın,
Harda ruhu yoxsa Azərbaycanın,
Ürək yanılmayır, yad torpağıdır.
Rafiq müəllim xarici ölkələrə tez-tez dəvət olunurdu. Belə səfərlərindən qayıdanda təəsuratlarını məclis üzvləri ilə bölüşərdi. O saz havalarını dinləməkdən doymaz, bu sənətin daşıyıcıları olan Dədə Qorqud yadigarı aşıqlarımızı milli varlığımız hesab edərdi. Odur ki, bir çox Aşıqlarla məclis üzvülərinin görüşləri keçirilərdi.
Rafiq müəllimdə olduqca böyük yumor hisləri var idi.
Ömrünün son vaxtları xəstəxanada yatanda bir neçə dəfə yanına getdim.Axırıncı dəfə dedi ki, mən gedirəm, amma “Şəhriyar” yaşamalıdır.
Hazırda “Şəhriyar” cəmiyyəti yaşayır və Rafiq müəllim cismən olmasada ruhən daim bizimlədir. Onun parlaq xatirəsi, sözü- söhbəti cəmiyyətin üzvülərinin qəlbində əbədi yaşayacaqdır.
Vasif Məmmədov
“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri.
- Yorum yapmak için giriş yapın