ÇINGIZ ABDULLAYEV: “QIZLAR DRONQONU MƏNDƏN ÇOX SEVIRLƏR...”
Tanıdığım tək-tük müəlliflərdəndi ki, yaratdığı qəhrəmanını qısqanır. Bunu yalnız bütün güclü adamlar kimi özünə gülməyi və incə yumoru ilə ətrafındakıları da güldürməyi bacaran müəllif – Xalq yazıçısı Çingiz Abdullayev edə bilər: “Oxucularım, xüsusilə də qızlar Dronqonu daha çox sevirlər, nəinki məni. Buna görə də Dronqonu qısqanıram”. Təbii ki, şərti qısqanmadır, düşünürəm ki, bu, çox uğurlu müəllifin daxili iftixarından doğan bir etirafdır. Axı özü də əksər müsahibələrində vurğulayır ki, yazıçı təvazökar olmamalıdır, hər bir yazan istəyir onu oxusunlar. Və o, bu arzusuna çatıb.
Ötən gün Kitabevim.az mağazasında ayb.az saytının dəstəyi ilə keçirilən imza günündə buna bir daha şahid olduq. Qısa vaxt ərzində mağazaya yüzdən artıq oxucunun toplaşması bunun sübutu idi. Gənclərdən ibarət oxucu kütləsi usanmadan xeyli müddət ayaqüstə öz kitab imzalatmaq növbələrini gözlədilər. Sevimli yazıçıları ilə görüş onlar üçün bir bayrama çevrilmişdi. Hətta yazıçıya fanat səviyyəsində sevgi bəsləyən xanımlar da onunla qol-boyun foto çəkdirmək fürsətini əldən vermədilər. Deməli, uzun zamandan bəri səslənən “Azərbaycanda kitab oxunmur, kitaba maraq ölüb” fikri bu məqamda təsdiqini tapmır.
Hərçənd ki, Çingiz Abdullayevin olduğu bütün tədbirlərdə hər kəsə, xüsusilə gənclərə ünvanladığı bir çağırışı var: “Mənim kitabımı oxumasanız da, ümumiyyətlə, kitab oxuyun”.
Fikrimcə, xalq yazıçısının uğurunun bir neçə əsaslı səbəbi var: əvvəla, uğurun qarantı olan zəhmət. Bir söhbətimizdə Xalq yazıçısı 27 saat dayanmadan işlədiyini vurğulamışdı. İkincisi, oxuculara hansı mövzularla üz tutmağın sehrli formulunu tapmasıdır. Həm də onun əsərlərində hər bir yazıçı üçün vacib şərt olan yetərincə səmimiyyət və inandırma gücünün olmasıdır. Bundan başqa, Çingiz Abdullayev, dünyanın 29 dilində milyonlarla tirajla 2 mindən artıq adda kitabı çap olunmasına baxmayaraq, ulduz xəstəliyinə tutulmayan unikal bir yazıçıdır. Nəinki öz ölkəsində, dünya çapında imzasını təsdiqləmiş yazıçı olsa da, o hələ də imza günlərində, görüşlərdə debüt kitabının sevincini yaşayan gənc müəllif kimi sevinir, məmnun olur.
Bu imza günündə də o, təkcə kitab imzalamadı, həm də maraqlı fikirləri ilə bir daha diqqət çəkdi: “Yalnız, qadın Tanrıya yaxın hisslər keçirə bilər. Çünki ona ana olmaq qabiliyyəti bəxş edilib, o, dünyaya yeni bir dünya gətirə bilir”.
Çingiz Abdullayev yumoru ilə iştirak etdiyi tədbirlərdə ətrafa pozitiv enerji yayır: məsələn, o, oxucularının 80 faizinin qadınlar olmasından qürur hissi keçirən yazıçıdır və bunu parlayan gözləri ilə sezdirən kişidir: “Elə bilirdim ki, detektiv ilə daha çox kişilər, oğlanlar maraqlanırlar, ancaq əksər vaxtlarda görürəm ki, mənə yaxınlaşan 100 insandan 80-85 nəfəri xanımlardır. Başa düşmürəm niyə?”
Yaradıcılığını daimi izlədiyi Azərbaycan yazıçılarından Natiq Rəsulzadənin adını çəkdi, həmçinin bu yaxınlarda İlqar Fəhminin Koroğlu haqqında yazdığı detektivi oxuduğunu və bəyəndiyini dilə gətirdi.
Onun oxucularından gizli sirri yoxdur, onlarla ilk məhəbbəti haqqında söz açacaq qədər səmimidir: “İlk məhəbbətim 8-ci sinifdə oxuyanda olub. Çox gözəl qız idi. Bu yaxınlarda onu odnaklassniki.ru saytında gördüm. Kaş ki, heç görməyəydim, yəqin, o da məni görmək istəməzdi, çünki o vaxt yaxşı saçlarım vardı...”
Xalq yazıçısının “Cənnət, cəhənnəm varsa və mənə seçim təklif olunsa, cəhənnəmi seçərəm, çünki ordakı auditoriyanın daha maraqlı olacağını duşünürəm” – fikri oxucularını ürəkdən güldürdü.
Artıq Çin dilində də kitablarının çap olunduğunu deyən Çingiz Abdullayev bu arada Konfutsini də yada saldı: “Konfutsi deyir ki, pisliyə yaxşılıqla cavab versəniz, bəs yaxşılığa nə ilə cavab verərsiniz? Yaxşılığı qiymətləndirmək, yaxşılıqla cavablandırmaq lazımdır, ancaq pisliyə qarşı ədalət hissini də unutmaq olmaz”.
Onun fikrincə, yazıçının işi kitab yazmaqdır, fikir bildirmək deyil. Arzusu – çox və sağlam yaşamaqdır. Biz də bu diləyə qoşulur, eyni zamanda, kitablarının ömrünün fərdi ömründən dəfələrlə artıq olması arzumuzu da bu diləyin gözünə qatırıq.
Sevinc MÜRVƏTQIZI
- Yorum yapmak için giriş yapın