DÜNYA SƏNDƏN KİMLƏR KÖÇDÜ...
Görkəmli alim, şair, publisist və içtimai xadim mərhum Yaqut Neymətovu bizdən 8 illik bir zaman kəsiyi ayırır. Ürəyi elm, mərifət, vətən sevgisi və yazıb-yaratmaq eşqi ilə döyünən şair təbiətli Yaqut Neymətov 12 iyun 2013-cı ildə ömrünün 60-cı ilinə az qalmış qəfil gələn ölümdən vəfat etdi.
O, həmin ilin yay günlərində iki gəncin xoşbəxtlik anlarının iştirakçısı olmaq üçün Moskvadan Bakıya toya dəvət olunmuşdu. Yaqut toyda iştirak etdikdən sonra oradan doğma yurdu Qardabaniyə getmək və ATA yurdunu ziyarət etmək istəyində idi. Lakin onun həyatına gələn qəfil ölüm, sonsuz arzularla yaşayan alimin bu arzularını yarımçıq qoydu. Deyilənə görə, toy yerində öz həmyerliləri ilə görüş zamanı Yaqut Neymətov Qarayazı elləri barədə soraqlaşmış, məmnunluqla gülümsəyərək başını yanında oturan masa yoldaşının çiyninə qoymuş və gözlərini yummmuşdur. Sən demə, bu Yaqutun əbədiyyət yuxusuymuş. İndi o vaxtdan düz səkkiz illik bir zaman kəsiyi ötüşür...
Həyat ən müdrik müəllimdir. İllərlə münasibətdə olduğun adamlar arasında elələri olur ki, onunla əlaqə qırılan təki, haqqında olan xatirələr də onunla birlikdə yaddaşdan və hafizədən tezliklə silinib gedir. Yaqut Neymətov isə, varlığı milli düşüncələrlə elə işıqlı, elə məntiqli və elə məhəbbətlə dolu bir şəxsiyyət idi ki, onu yaddaş və xatirədən qaçırmaq mümkün olan iş deyildi:
Həzin hüzn tutdu bir anda aləm,
Qara çadra çəkdi üzünə Ay da.
Min-min ürəkləri aldı kədər, qəm,
12 İyunda – o isti yayda...
O gün bir ney idi, ələm simiydi,
Tarzanı fələkdi – susan ürəkdi.
Yaqutla bu cahan cənnət kimiydi,
Yaqutsuz bu cahan nəyə gərəkdi?
Yaqut müəllim hər şeydən öncə, təbiətən şair bir insan idi. Onun “Könül naləsi” kitabında dərc olunmuş şeirlərini oxuduqda, məlum olurdu ki, Yaqutun daxili dünyası mənən yaqut daşlardan hörülmüş üç təməl daşlarından ibarətdir: - Ana dilinin müqəddəsliyinə bağlılıq, milli-mənəvi dəyərlərə böyük ehtiram və bir də yüksək vətənpərvərlik! Bu üç amilin vəhdətindən günəşə boylanan amalı isə Vətən eşqi, insana məhəbbət, Elm və Dinə hörmət, İlahi sevgi, əbədi harayı isə - doğma vətəni Azərbaycanın ərazi bütövlüyü, qədim türk dünyasının yenilməz əzəmətiydi.
Gürcüstanın Qardabani şəhərində müəllim ailəsində döğulan Yaqut Neymətov kiçik yaşlarından zəhməti və oxumağı ömrünə yol-yoldaşı seçmiş və bu amal da onu orta məktəbi bitirdikdən sonra Bakıya, oradan isə Moskvaya gətirib çıxarmışdı. Yaqut təhsil aldığı bütün ali məktəblərdə özünün yaddaşı və məntiqli düşüncəsi ilə fərqlənmiş və elm adamlarının nəzər diqqətini cəlb etmişdir. Elə bunun nəticəsi idi ki, o, Pedaqoji elmləri doktoru, professor, Rusiya Təbiyyət elmləri Akademiasının akademiki, Beynəlxalq Pedaqoji təhsil Akademiyasının akademiki zirvəsinə qədər yüksələ bilmişdi. Yaqut Neymətov həm də Rusiya Yazıçılar İttifaqının, Moskvada fəaliyyət göstərən “ŞƏHRİYAR” ədəbi-mədəni cəmiyyətinin və bir neçə yaradıcı birliklərin üzvü idi.
O, 1992-ci ildən Böyük Pyotrun adına Rusiya Federasiyasının Müdafiə Nazirliyinin raket qoşunlarının strateji təyinatlı Hərbi Akademiyasının aparıcı mütəxəssisi olmuşdu. 2001-ci ildə pedaqoji elmlər sahəsində dissertasiya müdafiə edərək, pedaqoji elmlər doktoru, alimlik dərəcəsi almış və Prezident yanında Rusiya Federasiyasının dövlət qulluğu akademiyasında müəllim vəzifəsində çalışmışdı. 2002-ci ildən isə effektiv təhsil fondunun rəhbəri vəzifəsində çalışrdı. O, 70-dən artıq elmi məqalənin, monoqrafiyaların, şeir kitablarının müəllifi kimi, həm də birliyin, milli vəhdətin və mədəniyyətin qorunub saxlanmasının alovlu təbliğatçısı idi.
Yaqut Neymətov nəinki Rusiya məkanında, eyni zamanda btün Avropa məkanında ən qüdrətli alimlərdən biri di. O, özündən sonra dünya təhsil sistemi üçün elə bir nəzəriyyə qoyub getmişdir ki, mübaliğəsiz demək olar ki, onunla yalnız fəxr etmək olar. Həmin nəzəriyyə adi insanlar üçün deyil, təhsil nəzəriyyə sistemi ilə məşğul olan məhz alimlər, pedaqoqlar, siyasətçilər və dövləti idarəetmə sistemində çalışan mütəxəssislər üçün yazılmışdır. Təsəvvürə gətirmək o qədər də çətin deyil ki, həminn qlobal nəzəriyyənin öhtəsindən gəlmək üçün nə qədər fiziki zəhmət, dünya məxəzlərini və ədəbiyyatlarını araşdırmaq gərək olmuşdur. Bəli, XXI əsrin qarşıya gətirdiyi həmin nəzəriyyənin İLK nəzəriyyəçisi və ilk daşıyıcısı məhz Böyük Azərbaycan alimi Yaqut Neymətov idi.
O, «Образование в XXI веке» adlı monoqrafiyasında yazırdı ki, «Культура начинается там, где возникает правило». Həmin fikri böyük fransız etnoloqu və antropoloqu Levi Stross da əvvəllər müdafiə etmişdi.
Yaqut Nemətov təkcə şair və alim deyildi. O, eyni zamanda lətifələri, zarafatı, çay süfrəsini, xüsusilə də samovar çayını xoşlayan söhbətcil bir insan idi. O, bizi həmişə samovar çayına dəvət edər və çay süfrəsi arxasında ədəbi mühitdən, dilimizin zənginliyindən, tarixi keçmişimizdən, Türk dünyasının gələcək taleyindən, qlobal dünyamızın indiki mənzərəsindən söhbətlər açardıq. Onun güclü yaddaşı, söhbətdaşına qulaq asması və məntiqli mühakimələri bizdə həmişə heyrət doğurardı. Yaqut müəllim eyni zamanda dostluqda sədaqətli, sözündə möhkəm, həyatı fəaliyyətində son dərəcə ədalətli bir insan idi. O, sözün əsl mənasında əsl bəşəriyyət övladı və bəşəriyyət üçün doğulmuş əsl şəxsiyyət idi. Yaqut bəşəri ideyalarla yaşayan böyük bir alim, onu tanıyanlar üçün isə unudulmaz bir insan idi. O, mənən vətən cəfakeşi və dünyanın yaqut gözü olan Azərbaycan fədaisi idi. Yaqut şeirlərinin birində yazırdı:
Amansız ayaqda, ağır illərdə,
Könlümün həmdəmi yalnız vətəndir!
Nə qədər yaşasam qürbət ellərdə,
Ömrümün hər dəmi yalnız vətəndir!
Çox təəsüflər olsun ki, qlobal vətən düşüncələri ilə fikirləşən, həssas qəlbə malik alim və şair Yaqut Neymətov, namərd ermənilər tərəfindən 30 ilə yaxın bir müddətdə işğal olunmuş Azərbaycan torpağlarının işğaldan azad olunan xoşbəxt məqamlarını görə bilmədi. Ruhun şad, məqamın cənnətdə olsun yaqut xislətli Yaqut Neymətov! Allah Sənə rəhmət eləsin. AMİN!
ƏŞRƏF HÜSEYNLİ - Tarix elmləri doktoru, professor,
VASİF MƏMMƏDOV – “ŞƏHRİYAR” ədəbi-mədəni Cəmiyyətinin sədri, publisist.
- Yorum yapmak için giriş yapın