Sultan MƏRZİLİ: "POEZİYA ELMİ"
Poeziya tarixdən daha ciddi bir elmdir. Aristotel
1-ci məqalə, QAFİYƏLƏR
İnsanı heyvanlardan fərqləndirən əsas keyfiyyətlərdən biri nitqdir. Nitq sözlə ifadə olunur. Sözün ən gözəli bədii sözdür. Bədii sözün ən gözəli poetik söz, yaxud POEZİYA adlanır. Poeziya 3 əsas sütünda dayanır: 1. Poetik fikir; 2. Ahəng, yaxud ritm; 3. Uyarlıq, yaxud qafiyə.
Bu üç tələbdən ən sadəsi qafiyədir. Qafiyə şeirin inkişafında yaranmışdır. İlk şeirlər qafiyəsiz olmuşdur. Lakin qafiyə anlayışı qədim Şumer dövründən bəri məlumdur. Hərçəndi “Kitabi Dədə Qorqud” dastanında qafiyənin hələ şeirin əsas tələbi kim tam formalaşmadığı aydın olur. Bu məsələni burda beləcə qoyub ötək. İndimizə qayıdaq.
Poetik söz qafiyə ilə daha yaxşı yadda qalır. Qafiyə - sözlərin tələffüzcə bir-birinə uyarlı olmasıdır. Qafiyəli sözlər nəzm sayılır, amma hələ şeir deyil. Şeirin tələbi daha yüksəkdi. Qafiyə şeirin elementar tələblərindən biridir. Ona görə söhbətimizi də ondan başlayaq.
Məsələn: ay – çay; dağ – bağ; yar – nar və s.
Qafiyələri öz növbəsində iki bölümə ayırmaq olar; a) ismi qafiyələr; xal – nal - bal; çiçək – ürək və s. b) feli qafiyələr: al – qal; aç – qaç; açıldı –saçıldı və s. Qeyd edək ki, ədəbiyyat aləmində ismi qafiyələr feli qafiyələrdən üstün sayılır. Bundan əlavə, cinas qafiyələr, kök qafiyələr, şəkilçi qafiyələr, rədifli qafiyələr, qulaq qafiyələri və s. var. Bu dediklərimiz şeirdə müxtəlif şəkildə kombinə oluna bilir.
Bundan əlavə, qafiyələri başqa cür də təsnif edə bilərik. Məsələn, klassik qafiyələr. Bu ədəbiyyatımızda Qətran Təbrizi, Xaqani, Nizami, Nəsimi, Füzuli və nəhayətdə Vahid tərəfindən işlənib qəlib şəklinə düşmüş qafiyələrdir. Nümunə üçün: pərvanə, əfsanə, divanə, şanə, xanə... və s. və i. Yaxud köhnəlmiş qafiyələr: səhər – şəhər, axşam – şam – ağ şam, camal – kamal, vəfa – cəfa – səfa və s.
Həvəskarlar təcrübə qazanana qədər belə qafiyələrdən istifadə edə bilərlər, peşəkarlar üçün təqdir edilmir.
Kök qafiyələnməsində sözün kökü bir-birinə qafiyələnir. Məsələn: namaz – avaz – pərvaz və s. Adamlar – kitablar qafiyələnmir, sözün kökündəki adam – kitab qafiyə deyil. Kitab – qutab, adam - badam qafiyədi. Şəkilçi qafiyələrdən şairlər texniki məhdudluq olan halda istifadə edirlər, bir növ, məzmun xatirinə formanın gözəlliyini aşağı tutmaqdı. Məsələn: mən (sən) – nəzərlərindən; biz – yerimiz və s.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz. (Qabil)
Rədif – misranın sonunda qafiyədən sonra eyni sözün təkrarıdır. Məslən:
Canım dağlar, gözüm dağlar,
Sizə vardır sözüm, dağlar. (S.Vurğun)
Burda: gözüm – sözüm qafiyədir, dağlar – rədifdir. Rədif şeirin təsir gücünü artıran vasitələrdən biridir. Rədif söz məzmunu diqqətə çəkmək üçündür. Klassik ədəbiyyatımızda Molla Pənah Vaqifin “Durnalar” rədifli şeiri bəllidir. Yaxud Nəsiminin məşhur “sığmazam” rədifli qəzəli klassik misaldır.
Rədifli qafiyələr ən çox aşıq şeirinin qoşma, gəraylı və s. formalarında istifadə olunur. Lakin onun adi şeirlərdə də, qəzəl, rübai, qitə və bayatı kimi kiçik şeir formalarında da istifadə olunması şeirin təsir gücünü artırır.
Bu dağlar ulu dağlar,
Çeşməli, sulu dağlar.
Burda bir igid ölmüş,
Göy kişnər, bulud ağlar. (bayatı)
Göründüyü kimi: ulu – sulu – bulu qafiyələr, dağlar – rədif, sulu dağlar – bulud ağlar - cinas elementidir.
Bahar vaxtı, yaz ayları gələndə,
Süsənli, sünbüllü, lalalı dağlar.
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən aralı dağlar. (Aşıq Ələsgər)
Burda: lalalı – aralı qulaq qafiyəsidir, dağlar – rədifdi.
Deməli, rədifdən istənilən qafiyə formasında istifadə etmək olar.
Poeziya elmi şairlik sənətinin əsas sirlərini özündə əks etdiridiyinə görə, biz ümumiyyətlə, sənətə bir təyin (opredeleniye) verək. Yəni, SƏNƏT nədi?!
Bu hamıya bəlli kimi görünən anlayışın məna çevrəsi aydın cızılmalıdır. Biz sənət deyərkən, İNCƏSƏNƏTİ nəzərdə tuturuq. Ümumiyyətlə, sənət və sənətkarlıq haqqında fikrimizi formula kimi ifadə etsək, belə demək olar: Sənət - məhdud şərtlər daxilində qeyri-məhdud bədii-estetik, funksional imkanlar axtarışdı. Bu birinci yaxınlaşmadı. Mövzünun əhatəsindən çıxmamaq üçün hələlik bununla kifayətlənək. Çünki hər bir sənətin də belə ümumi tələbindən əlavə, xüsusi tələbləri də var. Rəssamlıq, heykəltəraşlıq, musiqi, memarlıq və s. kimi.
Ümumiyyətlə, məhdudluqda qeryri-məhdudluğa can atmaq kimi paradoksal tələb təbiətin fundamental prinsiplərindən biridi. Kainat cəmi-cümlətanı 100-ə yaxın elementdən yaranmış, canlı aləm 20-yə yaxın üzvi maddələrdən, bütün fikir və düşüncələrimizi ifadə edən dilimiz 34 səsdən, 9 sait, 25 samitdən yaranmışdır.
Daha əyanilik üçün bir misal çəkək. Məhdud şərt nədi? Məsələn, insanın yeriməsi adi bir haldı. O müəyyən məkanda yol ilə hərəkət edir. Bu məkanda yolun enini məhdudlaşdıraq, onu kəndirlə əvəz edək. Bu artıq kəndirbazlıq sənətidir... Kəndirin yüksəyə qaldırılması risqin artırılmasıdır. Naşı kəndirbaz yuxarıdan aşağı yıxıldığı kimi naşı söz adamı da eyni qaydada sözündən donbalaq aşır.
Beləliklə, qafiyə də sözə qoyulan ilkin məhdudiyyətlərdən, onu sənətə çevirən şərtlərdən biridir. Burda qısaca bir haşiyə çıxım ki, müəllimim, dahiyanə alim Xudu Məmmədov “Qoşa qanad” kitabında elm və sənəti bir qoşa qanada bənzətmişdi. Elmin mahiyyətinin təkmənalılıq, sənətin mənasının çoxmənalılıq olduğunu söyləmişdi. Elm təkmənalılıqla Aristotel məntiqinə, sənət isə çoxmənanlılıqla Lütfü Zadənin qeyri-səlis məntiqinə uyğun gəlir. Mən ona cəsarət edib, qeyri-səlis deyil, geniş məntiq deyərdim. Çünki Aristotel məntiqi bütün uğurlu cəhətlərinə baxmayaraq, məhdud məntiqdi.
Dediklərimizə nümünə, yaxud babalarımz olan, qədim albanlar sayılan qarqar türkləri kimi desək, örnək. Elmlərin ən dəqiqi sayılan riyaziyyatdan bir postulata baxaq: Müqstəvi üzərində verilmiş iki nöqtədən yalnız bir düz xətt keçirmək olar. Bu - elmdi.
Sənət incisi sayılan bayatılarımızdan bir örnək, yaxud nümunə:
Əzizim qara neylər...
Burda qara neylər ifadəsi cinasdı. Qara ney - böyük ney, yəni əslində döyüşlərdə, yaxud böyük təntənələr vaxtı çalınan musiqi alətidir ki, buna bəzən gərənay da deyilirdi. Deməli, yaddaşda assosativ şəkildə çox mühüm hadisələr canlanır; toy şənliyi, yaxud müharibə kimi faciəvi hadisə, yaxud böyük təntənəli başqa bir tədbir. Çünki qara nelər yalnız belə hallarda çalınırdı.
İkinci mənada söhbət qardan gedir. Əzizm, qara neylər? Burada qara – rəng kimi deyil, ismin yönlük halıdı, neylər sualdı. O biri tərəfdən, qar bəyazlıq, təmizlik, həm də soyuqluq rəmzidi. Bu mənaların hamısı yaddaaşın alt qatından üzə çıxan variantlardı.Göründüyü kimi ilk misrada çoxşaxəlilik var, mənaların bir neçə yozumu var. Sənətin çoxmənalılıq prinsipi də elə budu.
Məşhur bayatının o biri misralarını da yada salaq. Ay doğar, qara neylər? Səma cismi olan Ay doğmaqla qara neylər? Əlbəttə, heç nə edə bilməz, soyuq şüalarla qarı ancaq işıqlandıra bilər, başqa təsir edə bilməz.
Daha sonrakı misralar: Mən ki nəzər salmışam, Yad nəzər yara neylər?
Deməli, əslində söz-söhbət müharibədən, təmtəraqlı mühüm ictimayi hadisədən deyil, eşq və qısqanclıqdan, adi bir insanın ürək çırpıntılarından gedir. Məhz ədəbiyyatın da əsas vəzifələrindən biri adi insani problemləri diqqətdə saxlamaqdı.
Əvvəldə qeyd etdik ki, sənətin əsas prinsiplərindən biri verilən təbii imkanların məhdudlaşdırılması, yəni azaldılması ilə başlanır.
Burda daha bir haşiyə çıxa bilərik ki, Azad Cəmiyyət deyilən qurumda AZADLIQ tələbi, birgə yaşam zəruriliyində, fərdin yüksək əxlaqi tələblər baxımından hərəkət seçiminin könüllü olaraq məhdudlaşdırılmasıdı. Bu fərdin mütləq azadlığını heç də azaltmır, əksinə keyfiyyətcə yüksəldir.
İndi yenə də şeir sənətimizə qayıdaq və bu məhdudlaşmaları hansı yolla, necə dəf etməyin örnəklərinə baxaq. Yəni, gördüyümüz kimi qafiyə cümlə şəklində fikrin ifadəsini çətinləşdirir, məhdudlaşdırır. Bunu necə azaltmaq olar? Poetik sözün yaranması adi cümlədə sözlərin müəyyən yerdəyişmələrindən başlanır. Bu qafiyənin yaratdığı məhdudluğu azaldan şərtlərdən biridir. Sözlərin yerini dəyişməklə qafiyələndirmə imkanı bir neçə dəfə artır. İkincisi: Tutalım bizə “maral” sözü verilib, onu qafiyələndirmək gərəkdi. İlk ağla gələn qafiyələr xaral – saral və s. olacaq. İndi bu sözü hallandıraq: “maralı” olsun, bu halda, “aralı – yaralı – haralı” və s. qafiyələr yarana bilir.
Başqa bir misal. Tutalım, “zərif” sözünə qafiyə tələb olunur. İlk baxışdan tərif – şərif – hərif və s. ağıla gəlir. Bu problemi şairlərimiz necə həll edir?
Qızlar, mələk qızlar məhsul toplayır,
Günəşin odundan közərib əllər.
Görən bu zəhmətə necə tablayır,
O zərif barmaqlar, o zərif əllər. (S.Mərzili)
Göründüyü kimi sözün hallandırılması yolu ilə rədif şəkilli qulaq qafiyəsi yaradılmış və həm də burda cinas əlamətləri var.
Yaxud başqa bir misal: “gözəl” sözünə qafiyə. Adətən şairlər, gözəl – xəzəl - əzəl və s. işlənmiş qafiyələrdən istifadə edirlər. İndi yeniliyə baxaq:
İllər bu təhrifə dözər, bilirəm,
Mən uşaq dilini gözəl bilirəm. (Yunus Novruz).
Göründüyü kimi rədif işlətməklə müəllif orjinal qulaq qafiyəsi yaratmışdır.
Bir neçə kəlmə də cinas qafiyələr haqqında. Bayatılarımız, aşıq şeiri bu növün zəngin xəzinəsidi. Cinaslar çoxmənalılıq, məzmunda yığcamlıq imkanına görə əvəzsizdi.
Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı?!
Bu da, göründüyü kimi həm cinas, həm də qulaq qafiyəsidi.
Bir dəfə zarafat üçün qafiyələri misraların ayaqqabısına bənzətmişdim. Ayaqlarında köhnə, nimdaş, yırtıq ayaqqabılar gəzdirincə ayaqyalın olmaq ondan yey olduğu kimi, ol səbəbdən qafiyəsiz şeir ondan yaxşıdı. Sərbəst şeir məhz ayaqyalın misralı şeirdi.
Qafiyə üçün tələb olunan əlavə şərtlər nədi?
Şeirdə sözlərin adi danışıq qaydasından fərqli olaraq yerdəyişməsi olur, bu xüsusi ritm, ahəng yaradır, həm də qafiyələndirmə imkanını artırır. Qrammatik tələbə görə dilimizdə cümlə mübtəda ilə başlanıb xəbərlə bitməlidirsə, şeirdə cümlə üzvlərinin yeri istənilən şəkildə dəyişilə bilər. Bu zaman əsas tələb deyilişin təbiiliyindədir, yəni sözlərin yerinin qafiyə xatirinə dəyişdiyi hiss olunmamalıdır. Bu həm də ritm, ahəng tələbidir. Bu haqda ahəngdən söhbət gedəndə ayrıca danışacayıq.
Klassik şeirn ən sadə qafiyələndirmə forması məsnəvidir. Məsnəvidə iki misra ardıcıl qafiyələnərək qoşalaşır, yəni beyt yaranır. Örnək (nümunə):
Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır gerçək. (Nizami)
Çiçək – gerçək qafiyədir. Məsnəvidə qafiyələr: a - a, b - b, c - c və s. şəklində olur. Qəzəl və qəsidələrdə ilk beyt: a - a, o biriləri b – a, c – a və s. şəklində olur. Bayatılarımızın qafiyə formulu: a - a - b – a şəklində, qoşma və gəraylılarda: a - b – c – b; d – d – d – b və s. şəklində olur.
Müasir heca şeirimizdə ən çox işlənən çarpaz qafiyələnmə: a –b –a –b şəklində, yaxud a – a –b – a qoşma bəndlərinə bənzər şəkildədir. Şairlər bu şeir qəliblərindən istənilən kombinasiyalar qurmaqla qafiyəli, yaxud yarısərbəst, tam sərbəst, bəyaz şeir formalarından da istifadə edirlər. Burda əsas məzmun olduğundan forma ona tabe edilir. Lakin öz sənətkarlıq səviyyəsini göstərmək üçün şairlər müxtəlif mürəkkəb formalardan da istifadə edirlər. Bu haqda bölgü və məzmunla bağlı söhbətlərdə əhatəli söz açacağıq.
Deməli, şairin nəzəri biliyi və əməli təcrübəsi nə qədər çox olarsa, bir o qədər də yaradıcılıq imkanı artır, yaratdığı əsərin bədii və estetik keyfiyyəti də yüksək olur. Necə ki, Füzuli demişdir: “Elmsiz şeir əsassız divar olur və o da qayətdə bietibar olur”.
Nəticədə onu deyə bilərik ki, çeynənmiş, naftalin qoxulu qafiyıələr istər-istəməz köhnə, deyilmiş fiirlərin təkrarına gətirib çıxarır, şairin şeir texnikasının yoxsulluğunu göstərir. Qafiyələr təkcə misraların sonunda işlədilmir, onlar həm də misranın əvvəlində, ortasında da işlədilə bilər. Bu şeirin bədiiliyinə xidmət edir, harmoniyasını artırır. Daxili qafiyələrdən əlavə şeirdə səs düzümü, alliterasiya, axıcıllıq deyilən texnika da var ki, bunlar haqqında şeirin harmoniyasından danışanda söhbət gedəcək.
Yazı qısa nəzərdə tutulduğundan biz klassik və müasir şairlərimizin qafiyə sistemindən, bu sahədə şairlərimizin yaratdıqaları yenilikdən ətraflı bəhs etmədik. Qısaca onu deyim ki, Əli Kərimlə başlanan yeni Azərbaycan şeirində bu sahədə çox maraqlı yeniliklər edən şairlərimiz var. Onlardan Məmməd Araz, Çingiz Əlioğlu, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Yunis Novruz, Sultan Məzili, Sabir Sarvan və sonrakı nəsildən Murad Köhnəqala, Salam Sarvan, Elxan Zalın və b. adını çəkmək olar. Daha sonra gələnlər postmodernist cərəyanın təsiri ilə artıq buna o qədər əhəmiyyət vermirlər. Lakin güman edirik ki, şeir sənəti yenə də öz minilliklərin sınağından çıxmış yoluna qayıdacaq və bu zaman şübhəsis ki, yeni nəsl də öz yenilikəriylə gələcək. Gəncliyin əbədi yaşdaşı olan M.Müşfiq demişkən: “Kainat olduqca şeir olacaq, Şair yeni-yeni sözlər bulacaq.” Şeir Yaradıcılığı elə məhz yeni sözün bulunmasıdır.
Deməli, qafiyə şeirin elementar tələblərindən biri olmaqla həm də şairin sənətkarlıq səviyyəsini göstərən əlamətlərdən biridir. Yeni qafiyə yarada bilməyən şairin yeni fikir söyləyə biləcəyinə güman çox azdır.
20.02.2013, Moskva
- Yorum yapmak için giriş yapın