Sultan MƏRZİIİ Ot və su (hekayə)
Dağətəyində yerləşən Musallı kəndi gözəl mənzərəli bir yer idi. Qışı nisbətən sərt olsa da yazı, yayı cənnət kimi olurdu. Kəndin meyvə və üzüm bağları, əkini-biçini, heyvandarlıq təsərrüfatı da vardı.
Baytar Tağı Şuşada kənd təsərrüfatı texnikumunu bitirmişdi. Kolxozun baytarı idi. Qana düşən heyvandan qan almaq, dabax düşənlərin ayağına kreolin çəkmək, erkək dana və qoyunları axtalamaq onun peşəsi idi. Dağa, arana getdiyindən, çölçü adamlara məxsus sağlam, qarayanız, qırmızıyanaq bir kişi idi. Zarafatçıllığı, deyib-gülməyi, yetənə yetib, yetmədiyinə də bir daş atmağı vardı. Kənddə heç kim onun sözündən, zarafatlarından inciməzdi. Bircə, Əliş müəllimdən başqa. Bunun da bir səbəbi vardı. Kəndçisi Əliş müəllim dil-ədbiyyat müəllimi idi, azdan-çoxdan ərəb-farsca da bilirdi. Kəndin ən çox qəzet oxuyanı, televizora baxanı da o idi. Əliş müəllim olmasa bəlkə də bu kənddə heç məktəbə gedən də olmazdı, amma uşaqlar onu çox sevirdilər. Dərsi adamı yormurdu, əksinə, dərs bitəndə şagirdlər heyifsilənirdilər ki, dərsi nə tez qurtardı. Çünki dərsdə Əliş müəllim öz uşaqlığından, cavanlığından, əsgərlik və tələbəlik çağlarından şirin hekayətlər danışar və dərsin sonunda şagirdlərinə 4-5 qiymət yazar, junalını qoltuğuna vurub gedərdi. Kəndin bütün cavanlarına “mənim tələbəm” demək onun şakəri idi. Onu özünə tələbə saydıqlarından biri də Tağının oğlu Ramil idi. Ramili atası öz yolunun davamçısı kimi görmək istədiyindən uşaqlıqdan onu həkim olmağa məcbur etmişdi, amma əla qiymətlərlə oxuyan Ramil dədəsinin sözündən çıxmasa da, bir növ, Əliş müəllimin təsirinə düşmüşdü, onu özünə ustad sayırdı və Əliş müəllim də bundan çox xoşhaldı. Qəzet və jurnallarda gah şeirləri, gah da hekayələri çıxan Ramil Musallıda əfsanəvi bir adam olmuşdu. Kəndə gələn kimi axsaqqal və ağbirçəklər başına toplaşar, xoşgəldin və hal-kef edər, pürsələkdə qan təzyiqlərini də müftə ölçdürərək, sanki Loğmanın özü ilə görüşmüş kimi bu təmasdan xoşbəxt olardılar.
Kəndlərdə kolxozlar dağılanda, elə bil, hər şey dağıldı. Nə müəllimlərin maaşı dolanmağa yetirdi, nə də təsərrüfatda çalışanların əmməkhaqqısı. Amma zirəng tərpənib torpaq götürənlər, əkib-becərənlər, mal-qoyun saxlamağa imkanı olanlar dirçəlirdi. Və bu yenidənqurma və dağılhadağılda məlum oldu ki, millət din üçün bərk acıbmış. Kimi Məşhədə, kimi Kərbəlaya, kimi də Həcc ziyarətinə üz tuturdu. Qarabağ müharibəsi olmasaydı, bəlkə də musallıların hamısı hacı-kərbəlayi olmuşdu. Nədənsə, məşədiliyi burda bir o qədər də sevmirdilər. El şellənib karvana qoşulanda, aşağı-yuxarı var-gəl edib, Əliş müəllim də qapısındakı danasısını, qoyun-keçilərini satdı və Həcc ziyarətinə gedib Hacı Əliş rütbəsini qazandı.
Bundan sonra Hacı Əliş müəllimliyin daşını birdəfəlik atmasa da, mollalıq da edirdi. Güzəranı da heç pis keçmirdi. Kənddə onun kefinə soğan doğrayan təkcə bir nəfər vardı, o da Baytar Tağı idi. Həmişə istər yas, istər toy məclislərində onu görən kimi soruşurdu: “Ay Hacı Əliş, bax bu dünyadakı bütün məxluqat var ha, bunnar Allaha dua edir ki, ha, ona ruzi yetirsin. Elədirmi? De görüm, bəs bu mollalarınan qaişniklər, nə deyir?! Ya adam ölsün, ya da avariya olsun?!”
Bu sual Hacı Əlişi həmişə çətinə salır, pərt edir, qızardıb bozardırdı. Az qalırdı desin ki, ə, manqa bunun nə dəxli var, mollayam, ya qaişnikəm?! Amma görürdü yox, mollalıq onun çörək ağacı olub və Baytar Tağının daş atıb saldığı bu ağacın kal meyvələrini də yeməlidi... Bu sözdən sonra buxara papağını çıxarıb stolun üstünə qoyar, cibində gəzdirdiyi ağ torlama fəsini başına taxar və əlindəki uzun həcc təsbehini bir-iki dəfə şıqqıldadaraq hirs və pərtliyini üzə vurmadan əsl hacı, müəllim kimi təmkinlə, aramla cavab verərdi.
- Əvvəla, ay Tağı, sən də elə molla kimi bir şeysən! – Bu cavabdan Baytar Tağı intəhasız bir zövq alardı və təəccübünü bir az da qabarıqlaşdırmaq üçün gözlərini bərəldər, lopa bığlı nazik dodaqlı ağzını da aralı tutardı. Bu vaxt onun ağzı qızıl-gümüş mədəni kimi metal dişlərinin parıltısı ilə dolardı.
Hacı Əliş müəllim eynəyini gözündən çıxarıb gözlərini bir az qıyar, qaşlarını dartar və sanki salavat çevirirmiş kimi əli ilə alnını, üzünü ovub sözünə davam edərdi. Hacı Əliş müəllimin xət saxladığı, yaxud unudub qırxmadığı üzündə qəzəb və mehribançılığın qəribə bir atəşkəs, sülh meyli görünərdi. Eynən Qarabağ cəbhəsindəki kimi. Sonra da məclisə ağsaqqalyana bir nəzər salaraq deyərdi. “Qoy bir fatihə verim, yaxşı sualdı, sonqra ona da cavab verəjəm.” Və mütləq Baytar Tağını da öz hökmünə alıb əllərini qarşısında qoşa tutmağa məcbur edərdi. Duanın yarısını eşidiləcək şəkildə, yarısını da öz-özünə danışırmış kimi vird edərək, “Ləmyəlüd vələmyüləd”i ucadan deklamasiya edib “faaatihə!” möhrünü vurardı. Sonra ahəstə suala qayıdardı:
- Hə, həkim, indi gələk sənin sualına! – Həkim sözündən Baytar Tağının gənəliyi gicişər, xoş bir qıcıq alardı. Günlüklü kepkasını əvvəl qabaqdan arxaya, sonra da arxadan qabağa itəliyərdi. Keçi qulağına bənzər uzun, qəribə bir əyriliyi də olan qulaqlarını bir az da şəkləyib, üzündə yağlı bir təbəssüm dinşəyərdi. – Əvvəla, molla, mövla sözündəndir. Mövləna Cəlaləddin Urumlunu tanımayana nəhlət! Müqəddəs bir adam olub. İkincisi, Mövləna Məhəmməd Füzuli. Canım sanqa desin, Molla Pənah Vaqif, Molla Vəli Vidadi... Molla təkcə yas üçün deyil ki? Hərçəndi yas da vacibdi, ölənin üstündə Allah kəlamı oxunmasa, o hara düşər? Həlbəttə, cəhənnəmə! – Bu kəlamlar Baytar Tağını bir az xoflandısa da o qatı ateist olduğundan vecinə almazdı. İmkanı olsa elə bu rəqibini də axtaladığı danalardan buirinin gününə qoyardı. -- Hacı Əliş müəllim adətkəranə özünü şagirdlər önündə müəllim kimi duyar, sanki şuluq edəni “iki” ilə qorxuzan müəllim kimi davam edərdi: - Molla kəbin kəsir, dua yazır, Quran oxuyur, gərək mınnarı da nəzərə alasan!
- Hajı, o molla dediyin Vaqif var ey, deyillər yaman şorgöz oluf haa, öləndə şuşalılar sevinirmiş... Texnikumda oxuyanda qoja şuşalılardan eşitmişəm. – Deyə Baytar Tağı Şuşadaki tələbəlik illərinin həcc ziyarətindən əskik olmadığını bir daha nəzərə çarpdırar, hacını aşağılayıb, özünü yüksəltəmk istərdi. Çünki onun dünyasında Hacı Əlişdən başqa bir adam yox idi və sanki onu aşağılayıb özünü yüksəltmək elə bu kənd adamının həyatının əzəli və axır qayəsi idi. - Yayda Məkkənin isitisi adamı bişirir, vallah cənnət Şuşadaydı, hayıf oldu... – deyərək, cavanlığına qayıdar və özünü Cıdır düzündə, İsa bulağının üstündə duyardı. Sonra xəyallarından ayrılıb yenidən geriyə, öz vuruş meydanına, yəni, öcəşməyinə dönərdi. - Yox ey, bu mənim sualımın cavabı dəyil! – Baytar Tağı qalib bir görkəmlə məclisi tərk edər və öz həmfikirləri ilə müxalifətçi bir partiya başqanı kimi öcəşəmkdən aldığı ləzzəti bölüşərdi. Kənardan qır verənlər, “yaman dedin ha!”- deyib ara qızışdıranlar bu kənd teatrının rejissorları və aktyorları idilər.
***
Baytar Tağı ötən ildən bir kələni bordağa bağlamışdı. Əvvəl istəmişdi ki, axtalasın ki, çox kökəlsin, sonra ömründə ilk dəfə heyvana qıymamışdı, kələ çox qəşəng idi, əli gəlməmişdi. Qalsın, deyə düşünmüşdü, bəlkə gələn ilin payızında oğlu evlənər, toyda kəsər. Elə bil kələ də bunu hiss etmişdi, içində sahibinə minnətdarlıq və kin hissi bir birinə qarışmışdı. Gah quzu kimi dinc, gah da canavar kimi qəzəbli olurdu. Ətirli biçənək otlarından, arpa və kəpəkdən yeyib səmrimiş kələnin burnunun tanası yox idi. Baytar Tağı onu bugün-sabaha salırdı və əslində qıyıb heyvanı incitmək istəmirdi. Kənd adamlarının şəhər adamlaranın anlamadığı fərqli, qəribə bir düşüncəsi olur; onlar öz heyvanlarına insan kimi, doğmaları kimi baxır, yad insanları isə heyvanalara oxşadırlar. Bu Topçax kələ də baytar Tağının dostu, qardaşı, hərdən də sanki elə özü olurdu. Cavanlığı yadına düşəndə onu gizli bir həsədlə qaşovlayır, tumarlaylırdı. “Kopolun kələsi, inəyin-düyənin üstünə əzrayıl kimi sıçraryır!” - deyib kələsi ilə fəxr edir, amma hər yetənin də inəyini sürdürmürdü ki, bu toxumluq deyil, toyluqdu. “Ramilin toyunda kəsəjəm!” - deyirdi. Əslində arıq, qoca inəklərdən zəhləsi gedirdi, qıymırdı kələsinə. Gözəl və yaraşıqlı düyələrdən keçə bilmirdi. Yazıqdı, heyvan olanda nə olar, qoy Topçax tarçığını götürsün, düşünürdü.
Və bir dəfə Hacı molla Əliş müəllim camaatın içində girəvələyib ona irad tudu:
- Ay Tağı həkim, adam “allah qoysa!” deyər, e, ateistiyinə salma! - Baytar Tağı Allahdan daha çox, Hacı Əlidən acığı gəldiyindən öcəşməyi tutdu və dedi:
- Ə, allah qoysa da kəsəjəm, lap qoymasa da! Oğlumun toyuna bəsdiyirəm! Heş kim də sürdüməyə heyvan gətiməsin, inciməsin də! Kələlik deyil Topçax, toyluqdu!
***
Yaz ağzı Gülnisə qarı qartımış inəyini çatılayıb qapısına gətirəndə, Baytar Tağı lap hövsələdən çıxdı:
- Əşi, bura hırrıxanadı, nədi?! Mənim kələm döllük deyil, toyluqdu, yüz dəfə demişəm! Yenə bu camaatda bir abır-haya yoxdu dayna!
Gülnüsə qarı tək arvad idi, əslində ona qarı da demək olmazdı. Oğlanlarından biri Qarabağda itkin düşmüşdü, birini də Urusetdə vurub öldürmüşdülər. Əri dərddən ölmüşdü. Sonbeşik qızını Bakıya ərə vermişdi, özü kənddə tək yaşayırdı. Gülnisə Tağının sözündən pərt oldu, öz-özünə söylənə-söylənə geri döndü:
- Ay başına dönüm, ferma uzaqdı dayna, tək arvadam, nətər aparım bunu? Dedim indi buğasın alsa, erkən də doğar, qatıxdan-süddən olar.
- Aaz, onun buğa halı var, görmürsən güjün yeriyir? Rəhmətliyin qızı, qış indi çıxıb hələ, hara tələsiyisən...
Baytar Tağı Gülnisənin arıx, suyumsuz inəyi xoşuna gəlmədiyindən onu heç Topçağa yaxın buraxmadı, amma inək yedəyində uzaqlaşandan sonra arvada yazığı gəldi, bir az peşmanladı.
O gecə Tağı kişi yuxusunu bərk qarışdırdı. Gördü ki, Topçax düzəngah bir yerdə, yaşıl otluqda bir sürü malın içində otlayır. Bura Cıdır düzü kimi bir yerdi. Qəşəng-qəşəng erməni düyələri var. Topçax birinin belindən düşüb o birisinin belinə sıçrayır. “Ə, bu oğraş nağayrır belə, ətin tökəjək, sümüyü qalajaq!” düşünərək Topçağı sürüdən ayırmaq istədi. Amma Topçaq qızışıb onun üstünə yürüdü. Tağı qaçmağa başladı. Topçax onu haxladı və buynuzuna qaldıırıb dərəyə atdı...
Hövlanak öz qışqırtısına ayılaraq taxtdan yerə yıxıldığını gördü və səsə alatorandan həyətdə toyuq-cücələrə dən səpən arvadı Fatma evə girdi.
- Noolub, ay kişi, niyə qışqırırsan, məni çağırırdın?
- Yox, yuxumu qarışdırmışam, qoy gedim bir Topçağa baxım gəlim, sonqra danışaram.
Tağı kişi şalvarını dizidyinin üstündən əyninə çəkərək qalınçasını çiyninə atdı, həyətə düşüb tövləyə girdi. Və bir azdan boğuq qışqırıq səsinə, tappıltı-guppultuya tövləyə cuman Fatma arvadın tükürpədici harayı kəndi başına götürdü. Topçax Tağını buynuzlayıb öldürmşdü.
***
Tabutu yerə qoyub üstündən xəlçəni götürdülər. Mart ayında oyanmaqda olan torpaq hələ nəm idi. Rahatca qazılsa da əriyib torpağa höpmuş qarın və yağan yağışların suyu süzülüb qəbir yerinin içində göllənirdi. Çömçə kürəklə suyun bir hissəsini kənara boşaltdılar. Ağsaqllardan biri bir qucaq ot gətirtdi. Otu yerə döşədilər. Qışdan qalan quru ot suda isandıqca sanki qışın iyi baharın iyinə qarışaraq ətrafa yayılırdı. Su az olsa da sızmaqda davam edirdi. Tağının oğlu da yasa gələn camaatın içindəydi. Şəhər havasında rəngi bozarıb ağarmış, iri eynəkli, arğaz vücudlu Ramilin gözləri yaşla dolmuşdu. Günəşin şüaları eynəyində əks olunub qəbrin içindəki suyun güzgüsünə düşürdü.
Hacı Əliş fatihə verib cavanlara işarə etdi. Baytar Tağını tabutdan çıxarıb kəfəndə qəbrə salladılar və yanı üstə qoyub, üzünü qibləyə tərəf çevirdilər. Dolmuş gözlərilə atasının son mənzilinə baxan Ramil Hacı Əlişə yaxınlaşıb pıçıltı ilə soruşdu:
- Hacı, sizcə kişinin yeri narahat olmaz ki? – Qəbir sükutunda bu pıçıltını nəinki Hacı Əliş, bütün qəbristanlıqda olanlar, bəlkə də elə Baytar Tağının özü də o dünyada eşitdi.
Hacı özünə ağsaqqalyana təmkin verərək son mənzilə yola saldığı rəqibinə bir də nəzər saldı, sinə daşlarının necə düzüldüyünə, ağ kəfənin əbədi qaranlığa bürünməsinə baxa-baxa hamının eşidəcəyi şəkildə aydln səslə dedi:
- Oğlum, Allah rəhmət eləsin! Bundan gözəl nə ola bilər ki?! Otu da yanındadı, suyu da!
Qəbristanlığın sükutu bir az da artdı, son sinə daşını düzüb qurtaranlar kürəkləri torpağa sancmış vəziyyətdə donub qaldılar. Sonra hardansa yerin təkindən uğultuya bənzər şeytani bir gülüş özünü yetirib insanların içinə doldu, adamlr dişlərini-dodaqlarını bir-birinə nə qədər möhkəm sıxsalar da fısıltılı bir pıqqıltıya çevrildi...
Baytar Tağının oğul toyuna bəslədiyi Topçax kələ vayına qismət oldu.
Mənbə: http://shahbulaq.az
04.01.2013.
- Yorum yapmak için giriş yapın