Sultan MƏRZİLİ: XUDU MƏMMƏDOV HAQQINDA XATİRƏLƏRİM
İdeal insan yoxdur, ideallaşdırmağa layiq insanlar var.
Xudu Məmmədov
Xudu Məmmədova onun yaşıdları da, ondan yaşca böyük, yaxud kiçik olanlar da hörmət əlaməti olaraq Xudu Müəllim deyərdilər. Amma layiq olduğu hörmətdən əlavə universitet illərimdə onun tələbəsi olmaq, uzun müddət ünsiyyətdə olmaq şərəfi mənim də payıma düşüb.
O, həqiqətən mənim müəllimim olub, Xudu müəllim, Xudu Məmmədov Surxay oğlu bizə maddə qurluşundan mühazirələr oxuyub.
İlk tanışlığımız 1965-ci ilin avqust ayında başlanmışdı. Universitetin hüquq fakültəsinə qəbula gəldiyim bir vaxtda sənədlərimin qəbulundan imtina etdilər, çox məyus oldum. O zamanki Mərkəzi Komitənin qərarına görə orta məktəbi bitirikdən sonra ən azı 2 il əmək stajı olanlar hüquq və jurnalistika fakültəsinə sənədlərini qəbul üçün verə bilərdilər. Əslində bu adi fəhlə-kəndli balalarını hüquq sistemindən uzaqlaşdırmaq üçün düşünülmüş yol idi. Çünki həmin ili orta məktəbi bititmiş uşaqlardan ora saxta əmək kitabçaları, yaxud arayışlarıyla sənəd verənlər çox idi. Mən kor-peşman sənədlərim qoltuğumda geri dönüb iki il əmək stajı qazandıqdan sonra qəbula gəlməyi qərara almışdım...
Bu əhvalatdan xəbər tutan Xudu müəllim sifariş göndərib, mənimlə görüşmək istəyib. Atamla birlikdə onlara getdik. Biz əslən Mərzildən olsaq da mən orta məktəbi Ağdam rayonu ilə qonşu olan Xocavənd rayonunda bitirmişdim. O vaxta qədər hətta qohum da olsaq Xudu müəllimin ancaq adını eşitmişdim, hələ heç üzünü də görməmişdim.
Xudu müəllim Bakıxanov küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişdiyi tindəki binada birotaqlı mənzildə yaşayırdı. O zaman Moskvada aspiranturada oxuyan həyat yoldaşı Maya xanımı da ilk dəfə orada gördüm. Mən uşaqlıqdan kitab hərisi olduğumdan ilk diqqətimi çəkən onların evində çoxlu kitabların olması idi.
Xudu müəllimin həmişə yana daradığı gur saçlarına onda hələ təzəcə dən düşmüşdü. Mənə çox ciddi, təmkinli və dərin düşüncəli bir insan təsiri bağışladı. Sonralar onun bir çox keyfiyyətləri kimi incə, zərif yumor hissi olması bizi daha da mehriban etdi.
Bir az söhbət etdik, niyə məhz hüquqşünas olmaq istəyimlə maraqlandı. Mən səbəbini tam açıb deyə bilməzdim, amma dedim ki, dörd ildir bu sahənin imtahanlarına hazırlaşmışam, tarix və ədəbiyyat fənnlərini də çox sevirəm.
Əslində o zamanlar hüquqşünaslığa gedənlərin arasında pul qazanmaq, vəzifə tutmaq məqsədi güdənlər çox olduğundan və xalqın yaddaşında 37-ci illərin repressiya hadisələri hələ unudulmadığından sadə adamlar buna pis baxırdılar və mənim valideynlərim də həmçinin. "Onlar mərdimazar olur, adam tuturlar!" - deyə narazıçılıqla hüquqşünasları ancaq “adamtutan” kimi təsəvvür edirdilər. Mən uşaqlıqdan yumoru və hazırcavablığı sevdiyimdən, əsl məqsədimi gizlədərək deyirdim ki, niyə mərdümazar olur, məsələn, bir cinayətə 2 ildən 8, 10 ilə qədər iş düşür. Pulunu alıb 2 il verirsən, o da sənə dua oxuya-oxuya gedib yatır, verməyəndə də 8-10 ilini nallayırsan, çala-çala gedir! Hamısı qanun çərçivəsində. Əlbəttə, bunu sadəlövcəsinə və savadsız adamları yola gətirib inandırmaq üçün deyirdim, amma görünür, həqiqətdən çox da uzaq deyilmişəm, əslində, bütün dünyanın hüquq sistemi belədir, axı qanunları hüquqşünasalar hazırlayır, onlar da öz qrup marağını üstün tutur. Adi bir cinayətə də biri 10 il tələb edir, o birisi 2 il verir, yaxud açıb buraxırlar... nə isə, vəbalı öz boyunlarına. Mənim məqsədim başqa idi və tək deyildim, bir orta məktəb yoldaşımın da belə məqsədi vardı. Mən şikayət üçün atamla birlikdə Ali və Orta ixtisas təhsili naziri olan xanımın qəbuluna da düşdüm. Gərək ki, Züleyxa, ya da Solmaz Hüseynova idi, yadımda deyil. O da dedi ki, MK-nın qərarı var, ora bir də jurnalistikaya olmaz, amma bu ağsaqqal kişinin də xatirinə (atamı göstərdi) qalan hansı fakültəyə desəniz, lap köməklik də edərik. Attestatımı aldı, qiymətlərimə baxıb kimya, fizika kimi ixtisaslardan birini seçməyi məsləhət bilərək həm də “bir tikə çörək sahibi” ola biləcəyimi də dedi.
Mən utancaq və həyalı kənd uşağı olsam da onun bu sözünə qarşı sərt şəkildə dedim: "Solmaz xanım, bir tikə çörəyi mən gedib fəhlə də işləyib qazana bilərəm, mən xalqıma fayda vermək üçün hüquqşünas olmaq istəyirəm!” Böyük vəzifəli xanım bu yekəxana sözümdən qızardı, çünki yanında köməkçiləri də var idi. Xanım üzə vurmasa da bir az əsəbləşdi və köməkçilərindən birinə dedi: “bir bunu yoxla gör bir şey bilirmi?" Durub qonşu kabinetə keçdik. Mənə triqonometriyadan bir neçə orta çətinlikli suallar verdi, cavab verdim. Geri qayıtdıq. "Elementar şeylər soruşdum, cavab verdi"- dedi. Bununla da məsələ bitdi. Kor-peşman geri qayıtdıq.
Bu məsələni də qısaca Xudu müəllimə bildirdim. O, daha hansı fənnləri sevdiyimi soruşdu. “İctimaiyyəti, fəlsəfəni də sevirəm” - dedim. "Universitetdə fəlsəfə fakültəsi yoxdur" - dedi. "Bu necə universitetdi ki, fəlsəfə fakültəsi də yoxdur?" - dedim. Güldü, sonra ciddiləşdi: "Əvvəllər var idi, sonradan bağladılar" - deyərək ciddiləşdi. O vaxt mən hələ Heydər Hüseynovun faciəsini bilmirdim. Həyatımda ilk dəfə canlı alimlə danışdığımdan həyacnlanırdım, sıxılırdım da.
"Gəl belə eləyək, sən fizikanı oxu qurtar, fəlsəfə üzrə aspiranturan məndən." – dedi. O, bu sözləri elə bir inandırıcılıqla və sanki məni neçə ildir tanıyırmış kimi dedi ki, razılaşdım.
Fizika və riyaziyyatdan özümlə Bakıya heç bir dərslik gətirmədiyim üçün sanki imtahanlara hazırlaşmaqdan da azad idim. Orta məktəbdə vicdanlı bir şagird kimi bütün fənnləri səylə oxuduğumdan fizika fakültəsinə də xüsusi hazırlıq olmadan yarıkönül imtahan verməklə qəbul oldum.
Sonralar yaxın və ərkyana dostluğa çevrilən tanışlığımz belə başladı.
Tələbəlik illərində ən azı hər həftə görüşdüyümüz bu adam mənim dünyagörüşüm böyüdükcə gözlərimdə böyüyür, hərtərəfli biliyi, o taylı-by taylı vətən sevgisi dolu böyük qəlbi, türk dünyası, islam mədəniyyəti anlayışı olan, geniş dünygörüşlü bir insana çevrilirdi.
Neçə-neçə daxili də zahiri də kələkörür kənd uşağının cilalanıb ziyalıya, mütəxəssisə, vətəndaşa çevrilməsində onun böyük əməyi var idı. Həyat yoldaşı mədəni və savadlı qadın olan Maya xanımın da mənim kimi neçə-neçə cavan uşaqlara qarşı zəhmət və xidmətlərini xüsusi qeyd etmək istərdim. Qonaqpərvər bir adam olan Xudu müəllim evinə gələn bir adamı çay-çörək kəsməmiş çətin buraxardı. Bu da onun milli keyfiyyətindən və əsilzadəliyindən irəli gəlirdi.
Mən onun dahiliyini də elə o vaxtlardan bilirdim.
Bir dəfə ikilikdə ədəbiyyatdan, İslam mədəniyyətindən (bu anlayışıı da ilk dəfə Xudu müəllimdən eşitmişdim) söhbət edirdik. Mən ona orta məktəbdən vərdiş etdiyim gündəlik xatirələr yazdığımı söylədim. Maraqlandı, gətir görək nə yazmısan dedi? Mən utana-utana aforizmlər şəklində yazdığm yazılardan oxudum. Biri təxminən belə idi. "Qarınqulu adamları və dahiləri nəinki danışığından, zahiri görkəmindən, hətta çölə atılan zibillərindən də tanımaq olar, birininki sür-sümük, yemək-içmək qırıntıları, o birisininki isə, kağız-kuğuz, yazılıb-pozulmuş vərəqlər olar..."
Güldü,"məni nəzərdə tutmusan?” - deyib qıp-qırmızı qızardı.
İndi dəbdə olan Şərq-Qərb qarşı qoyulmasını da ilk dəfə ondan eşitmişdim. Orta əsrlərin Əl Fərabi, İbn Sina, Biruni kimi böyük şərq alimlərinin əsas keyfiyyətlərini, onların hərtərəfı biliyə malik olmasını, universallıqalarını diqqətə çəkən Xudu müəllim özü də elə bir alim idi və tələbələrinə də bunu aşılamağa çalışırdı.
“Qoşa qanad” əsəri də belə bir harmonik düşüncənin, elmlə sənətin qoşa dayanması idi. Və o kitabın yazılmasında bizimlə də olan söhbətlərinin müəyyən təsirləri olub. Xudu müəllim mübahisələrində və mühakimələrində filosof Sokratı xatırladırdı və onun əsas məqsədi müsahibini məğlub etmək deyil, həqiqəti aşkara çıxarmaq idi. Və bu işdə mənim də, indi Rusiyanın əməkdar rəssamı olan qardaşım Əsgər Məmmədovun da müəyyən rolu olub. İlk dəfə söhbətlərimizin birində Əsgər ona belə dedi ki, Xudu müəllim, bir belə gözəl sözlər danışılır, çoxu havaya uçur, bunları yazmaq lazımdır, hamı oxusun. Sonralar silsilə məqalələr və nəhayət, kitab meydana çıxdı. Ordakı hər bir cümlənin cilalanması, fikirlərin dəqiqləşdirilməsi, coxmənalılıq və birmənalılıq kimi anlayışlar sonralar mənim də yaradıcılığımda müəyyən, xüsusən öz kitablarımın tərtibində əhəmiyyətli rol oynayacaqdı. Burda müəllim tələbə, ustad şagird və bəzən də sənət məsləkdaşları səviyyəsinə gələcəkdi.
Xudu Məmmədov bizim kompasımız, həqiqətin istiqamətini göstərən bələdçimiz idi.
Rəssamlığı, musiqini, arxitekturanı, poeziyanı, fəlsəfəni və gözəlliyin bir elm kimi qanunlarını çox gözəl bilən Xudu Məmmədov sənətkardan alimlik, alimdən isə sənətkarlıq tələb edirdi. Mənim ədəbiyyata həvəsimi, şeir yazmağımı da bilirdi və hərdən şerlərimi oxutdurub qulaq asır, bəzilərini tərifləyir, bəzilərini də özünəməxsus bir şəkildə lağa qoyurdu. Bu da belə olurdu ki, şeirin həmin yerini təkrar oxuyurdu və adam özü özünə gülməyə məcbur olurdu. Mən Xudu müəllimə ilk dəfə oxuduğum və onun xoşuna gələn rübai şəkilli şeirim ikinci kitabımda belə gedib:
Ey dost! Gül-çiçəkli yazdı cavanlıq,
Qədrin bil, tez keçir, azdı cavanlıq.
Gənc ikən məhəbbət mahnısı çal ki,
Bir dəfə köklənən sazdı cavanlıq!
Məzmunca pis olmasa da, görürəm ki, bu şeirdə indi bir çoxlarına da xas olan qüsurlar var, o da ədəbi dilin qanunlarına əməl olunmamasıdır. Əslində qüsursuz olması üçün, şeirdə qafiyə kimi işlənən sözlər “yazdır, azdır, sazdır” və ikinci misrada “qədrini bil” kimi yazılmalı idi. Bu rübaini əzbərdən bütün dostlarına misal kimi deyir və məni də populyarlaşdırırdı.
İndi də onun lağa qoyduğu bir şeiri nümunə verirəm:
Alimlər həyatı: duy!- dedi, getdi,
Duymasan, torpaqda uy!- dedi, getdi.
Dərdi unutmaqçün, dərd çəkənlərə,
Yalnız Ömər Xəyyam: mey!- dedi getdi.
“Duy!”, “uy!” qafiyələrini sanki ayağna tikan batmış adamı yamsılayırmış kimi oxuyurdu.
Ən çox sevdiyi şair isə Füzuli idi. Şeirə ciddi marağımı görüb bir dəfə Füzulinin "Leyli və Məşnun" əsərini müasir Azərbaycan dilinə çevirməyi məsləhət gördü ki, tək-tək ədəbiyyat adamlarından başqa əslində onu əməlli-başlı başa düşən yoxdur. 1971-1975-ci illərdə bu işi bitirdim. Xırda redaktə işləri qaldı. Sonralar Moskvaya gəlişim və ailə-məişət qayğıları bu işin kitab kimi üzə çıxmağına mane oldu.
Şeirlərimdən xoşuna gələnləri, mətbuatda çap olunanları şair və yazıçı dostalrına göstərir, "mənim belə bacıoğlum var"- deyə fəxr edərdi. Özünün də təbi vardı. Hərdən ciddi, hərdən də lağlağı şeirlər yazırdı. Amma, bir çox sahələrdə istedadı olan Xüdu müəllim ən başlıca istedadı, alimliyi, mütəfəkkir və filosof olması idi.
Onun həm də müəllim kimi, pedaqoq kimi böyüklüyü var idi. Xüdü müəllim özünün əli çatmadığı yüksəkliklərə tələbələrinin, davamçılarının əli çatanda öz sevinci kimi qəbul edir, fəxr edir, sevinirdi. Yaşından asılı olmayaraq onun çoxlu əqidə, elm və sənət dostları vardı.
Xudu müəllimin şairlik təbi də vardı. Bu onun aforizmlərində, bayatılarında da özünü göstərir. Yazdığı bir qoşmadan təəssüf ki, ikicə misra yaddaşımda qalıb.
Yadındamı, a sevglim, dodağına bal dedim,
Çatışmayır yanağında təkcə sənin xal dedim...
Aşıq sənətində “ustad silləsi” deyilən bir məqam, bir anlayış var, bu da ondan ibarətdir ki, şagird yetkinləşib sənətin müstəqil yoluna düşərkən, son xeyir-dualarını verdikdən sonra ənənəyə görə ustad ona bir sillə də vurur. Deyilənə görə Şirvanlı aşıq Bilal iki şillə qazanmışdır, biri saz çalmağına, biri də oxumağına görə.
Təxminən 1977-ci ildə Moskvaya gəlməyim ərəfəsində Xudu müəllimlə görüşlərimizin birində həmişəki kimi hal-kef soruşduqdan sonra söhbətimiz cəmiyyətdən, elmdən, sənətdən dolanıb nəhayət söz sənətinin, poeziyanın üstünə gəldi. Bu zaman mən artıq Xudu Məmmədov məktəbi ilə bərabər Füzuli məktəbini də keçmişdim. Özümü poeziyada peşəkar kimi hiss edir, 15 illik poetik təcrübəmin təxminən 5-6 ilini ciddi və məqsədli şəkildə poeziyaya həsr etmişdim.
İnadlı və məqsədli zəhmətim bəhrəsini verirdi. Qəzet və jurnalların demək olar ki, hamısında çap oluna bilirdim. Hətta S. Rüstəm, R. Rza kimi zamanının nəhənglərini də partiyaya qəsidə yazmaqda ötməyə çalışırdım.
Xudu müəllimin çox incə poetik zövqü var idi, şeirdə poetik misranı dərhal seçirdi. Məsələn, çap olunmamış şeirlərinmin birinin ona xoş gələn misrası belə idi. “Təzəcə doğulan körpələr ilə təzəcə doğulan körpədir vətən.” Yaxud başqa bir şeirimdən belə misra: “Otlar baş qaldırıb ayaq izindən, Baxır tənha gedən yolçuya sarı... ”
Biz forma və məzmun vəhdətindən, şeirdə bütövlükdən, tamlıqdan, misraların və bəndlərin bir-biri ilə qırılmaz əlaqəsindən söhbət edirdik. Mən bir neçə şeirimi oxudum və bir neçəsini də ona verib onun yaxın dostu Bəxtiyar müəllimlə görüşəndə onun fikirlərini bildirməyini xahiş etdim. Xudu müəllim dedi: “Bəxtiyar müəllim də şeirlərini mənə oxuyur də”. Mən: “Doğrudur, o şeirlərini sizə oxuyur, amma mən istəyirəm ki, şeirlərim haqqında alim deyil, şair fikrni söyləsin”.
Bu əsnada o bir daha şeirin mətninin məzmunca bütöv olmasından, divarda kərpic kimi hər sözün öz yerində olmasından söz açdı. Prinsipcə, o dediyi tamamilə doğru idi. Amma hər halda mən poeziyada özümü daha təcrübəli hesab edirdim. Bitirdiyim fizika fakültəsi, uzun müddətli çalışmaqla Azərbaycan və dünya ədəbiyyatından xəbərim yetərincə idi. Mən heç nə demədən sakitcə gözlədim. Xudu müəllim sözünü bitirdikdən sonra ayağa durub onun kitab rəfindən Füzulinin divanını götürdüm və dedim:
- Xudu müəllim, siz Füzulini bir şair kimi, ustad kimi qəbul edirsinizmi?
- Edirəm, nə olsun ki? – deyə Xudu müəllim cavab verdi.
- Baxın, mən indi onun hördüyü divardan bir kərpic çıxaracağam, yəni qəzəllərinin birinin içərisindən bir beyt çıxarmaq şərti ilə oxuyacağam, görün o hiss olunacaqmı?
Xudu müəllim bir xeyli susub ara verdi. Sonra özünə məxsus, həm ciddi, həm dalğın, həm də sanki tam tənhalıqda düşünürmş kimi dedi:
- Bəxtiyar müəllim elmlər doktorudur, Universitetdə dərs deyir, Hüseyn Arif aşıqlar evində müdirdir, şeirlə ailə saxlamaq olmaz. Sən gəl gir aspiranturaya, oxu, müdafiə elə, şeirni də yenə yaz də, əlindən alan yoxdur ki! – dedi.
Bu elə bir növ ustad silləsi idi.
70 manatlıq aspirant güzəranı, adi bir diploma sərf edəcəyim vaxt və enerji məni qane etmədi. Düşündüm kü, sonda mənə də deyə bilərlər, “sən şair ola bilərdin Mərzili, amma professor oldun!”
Mən poeziyanın Məcnunu olduğumdan Nofəlin qoşununa qarşı vuruşdum. Amma müəllimimin nəsihətlərini də unutmadım, “XXİ əsrdə milli məsələ”, “Azərbycan poeziyasının struktural analizi”, “Bayatılar bu günün işığında”, “Tanrımın xalqıma bəxş etdiyi dil” kimi tədqiqat işlərim namizədlik və doktorluq monoqrafiyaları kimi tədqiqat işləridir.
Ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə övladına əsl türk soyadı, Toğrul Məmməd yazdıran da Xudu Məmmədov idi. O, öz zamanını qabaqlayanlardan idi.
Xudu Məmmədov məktəbi yaşayır.
Biz ondan daha nələr öyrəndik? Bu dediklərimdən əlavə, mən Xudu müəllimin sayəsində poeziyanı fizika, riyaziyyat kimi dəqiq bir elm sahəsi kimi dərk edib sevməyi, eyni zamanda onun gözəlliyin qanunlarına tabe olan bir sənət olduğunu öyrəndim.
Sultan MƏRZİLİ,
MOSKVA
- Yorum yapmak için giriş yapın